Milli jurnalistikamızın Azərbaycanı dünyaya, xarici aləmi
isə
ölkəmizə yüksək peşəkarlıqla
təqdim etməsi perspektivləri
Azərbaycan Mətbuat Şurasının “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinə start verməsindən bir il keçir. Bu müddətdə mövzu ilə bağlı silsilə tədbirlər təşkil olunub. “Heydər Əliyev və Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda jurnalist yazıları müsabiqəsi mediada diqqətçəkən hadisə kimi yadda qalıb. Müsahibimiz layihənin rəhbəri, AMŞ beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
– Cavanşir müəllim, sizin təşəbbüsünüzlə gerçəkləşdirilən bu önəmli media layihəsi hansı zərürətdən yarandı və necə ərsəyə gəldi?
– Azərbaycan
Mətbuat Şurasının mediada himayə
etdiyi məsələlərdən biri də jurnalistlərin peşəkarlığının
yüksəldilməsi, ölkənin daxili
və xarici siyasətinin prioritetlərinin
professionallıqla işıqlandırılması, dünya ilə geniş inteqrasiyaya, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə hərtərəfli informasiya
dəstəyi yaradılmasıdır. Bu məqsədlə
müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər,
tematik müşavirələr, seminar, konfrans və “dəyirmi
masa”lar keçirilir. Bu sırada mediada beynəlxalq münasibətlər mövzusuna verilən önəm də təbiidir.
Ondan başlayaq ki, hər hansı sahənin gündəmə
gətirilməsini zəruriləşdirən obyektiv
və subyektiv səbəblər var. Bunlardan kifayət qədər
söz açmaq mümkündür. Məsələn,
jurnalistlərin hərbi- vətənpərvərlik
mövzusunu, hüquqi
məsələləri necə qələmə almalarına
diqqət yetirsək, kəm- kəsirlərin mövcudluğunu
görərik. Eləcə də digər istiqamətlərlə
bağlı qeyri- peşəkarlıq göz önündədir. Kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının zəifliyi, jurnalistlərin spesifik
sahələr üzrə peşəkar biliklərinin istənilən
səviyyədə olmaması kimi səbəbləri
başa düşmək olar.
Ancaq biz heç
də o anı gözləməməliyik
ki, Azərbaycan jurnalisti
BBC-nin əməkdaşı qədər
məvacib alandan sonra onun kimi peşəkara çevrilsin. O biri
tərəfdən, bizim elə jurnalistlər
var ki, bir
çox hallarda
hazırladıqları mateirallarla hər hansı qabaqcıl dünya media qurumunun əməkdaşlarından nəinki geri qalmırlar, hətta onları üstələyirlər.
İstənilən qədər olmasa da gerçəkdə belə nümunələr
var. Deməli, peşəkarlıq heç də həmişə maddi- texniki durumla ölçülmür
və bu zaman
dövriyyəyə subyektiv amillər girir.
Jurnalisti hazırlamaq, çağdaş
anlamda maarifləndirmək, onun fəaliyyətini müəyyən mənada
stimullaşdırmaq lazımdır. Artıq neçə ildir ki, “Azərbaycan
Respublikasında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası” qəbul olunub. Onun işləkliyini təmin etmək üçün Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu o deməkdir ki, ölkəmizdə
KİV-in problemlərinin həllinə
diqqət, media işçilərinə
qayğı dövlət siyasəti səviyyəsində kompleks, sistemli səciyyə
daşıyır. Azərbaycan Mətbuat
Şurasının medianın
faəliyyət dairəsinə daxil olan bir çox
istiqamətlərdə əlaqələndirici rolu,
xüsusən jurnalist
peşəkarlığının artırılmasına
yönələn səyləri də KİV-in
problemlərinin həllini sürətləndirir.
Beynəlxalq
münasibətlər mövzusundakı layihəyə gəlincə,
Azərbaycanın bu sahədəki siyasi, iqtisadi, elmi və mədəni əlaqələri daim kütləvi informasiya
vasitələrimizin maraq dairəsindədir.
Mövzuya, insafən, əksər qəzet,
jurnal, informasiya agentliyi və xəbər portalı
çoxsaylı material həsr edir. Lakin bir
çox hallarda məsələyə
yanaşma səthi, birtərəflidir.
Beynəlxalq mövzulu materiallar,
əsasən, xronika şəbəkəsindən
götürülür, jurnalist
araşdırmasına, təhlillərə, oxucunun
gözlədiyi milli təfərrüatlara
və yanaşma incəliklərinə o qədər də diqqət yetirilmir.
Layihə çərçivəsində ilkin
olaraq aparılan monitorinqin
nəticələri də bunu göstərir.
Mətbuat
Şurası problemin həlli yolunu, ilk növbədə,
Azərbaycanın beynəlxalq əlaqələrini KİV-lərdə
işıqlandıran jurnalistlərimizin
ixtisaslaşmalarında, qazanılan peşəkarlıq vərdişlərinin
inkişafı üçün
stimullaşdırıcı kompleks tədbirlərin
həyata keçirilməsində görür. Qeyd etdiyim
kimi, mövcud layihə
Azərbaycanın beynəlxalq nüfuzunun
və xarici əlaqələrinin daim yüksəlişdə olduğu
indiki məqamda müstəsna önəm
daşıyır. Düşünürük
ki, jurnalistlərin beynəlxalq siyasət
sahəsində ixtisaslaşması qlobal
proseslərin ölkə oxucusuna daha səriştəli
çatdırılmasına, bu sahədə
obyektiv və faydalı ictimai
rəyin formalaşdırılmasına kömək edə bilər.
Dünyada, xüsusən regionda
baş verən hadisə, proseslərə
doğru- düzgün,
sistemli jurnalist
yanaşması, ilk növbədə, Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ədalətli mövqeyinin
dünya ictimaiyyətinə
çatdırılmasını, həmçinin Qarabağ məsələsində daxili ictimai rəyin monolitliyini
təmin etməyi hədəfə almalıdır. Layihə bu kimi məsələlərə
fəal təsir göstərməyi, medianın səfərbəredici
missiyasını məhz Azərbaycanın beynəlxalq əlaqələri
müstəvisində gücləndirməyi nəzərdə
tutur.
– Ötən bir ildə layihə hansı yeniliklərə yol açıb, jurnalistlərin beynəlxalq münasibətlər mövzusuna yanaşmasında müsbət meyllər müşahidə olunurmu?
–
Düşünürəm ki, hələ
konkret, ciddi dəyərləndirmə
aparmaq tezdir. Layihə
çərvivəsində monitorinq davam edir. Ötən
müddət ərzində beynəlxalq mövzudakı
materialların təqdimatında janr
müxtəlifliyinə görə “Xalq cəbhəsi”,
“Olaylar” qəzetlərinin seçildiyini
demək mümkündür. Eyni zamanda, “Xalq qəzeti” və
“Azərbaycan” qəzetində verilmiş
materiallarda peşəkarlıq səviyyəsinin
yüksək olduğunu qeyd
etmək olar. Elektron media resurslarından APA-nı və AzərTAc-ı
fərqləndirmək mümkündür.
Əlbəttə, qənaətbəxş
meyillər az deyil. Bu yaxşılaşma özünü
təkcə Azərbaycanın beynəlxalq münasibətlərdəki
fəallaşan mövqeyinin
işıqlandırılmasında deyil, dünyada baş verən
hadisələrin təhlili ilə bağlı da
göstərir. Belə materiallar komissiyada qruplaşdırılır və
mütəxəssislər onları dəyərləndirirlər.
Jurnalistlər arasında keçirdiyimiz
müsabiqədə qaliblərdən əlavə, beynəlxalq
münasibətlər mövzusunu daha çox diqqətdə
saxlayan KİV-lər də
mükafatlandırıldı. Bununla belə,
arzuladığımız nəticələrə çatmaq üçün
hələ çox iş
görməliyik.
Biz beynəlxalq prosesləri də, bununla bağlı dünyanın
aparıcı KİV-lərində gedən şərhləri
də izləyirik. Bəzən hansı fikirlərin
nə məqsədə kökləndiyi aydın görünür. Əslində, ictimai rəy də məhz belə
formalaşdırılır. Əksər hallarda
aparıcı xarici ölkələrin
mediasında formalaşdırılan ictimai
rəy nəticə etibarilə hədəfə alınan
ölkə və regionlara yönəlik
ikili standartların formalaşmasına gətirir.
Azərbaycan da ikili standartlar siyasətindən əziyyət
çəkən ölkədir.
Jurnalistikamız məhz bu kimi məqamlar
üzərində düşünməlidir. Digər bir cəhət proseslərin özünün
dərindən öyrənilməsidir. Bu,
iki baxımdan vacibdir:
birincisi, xaricdən olan
təsirlərə zəruri reaksiyanın verilməsi, ikincisi, daxili ictimai rəyin yanlış yönləndirilməsinin
qarşısının alınması.
Daha bir məqam isə nəhəng xarici media
korporasiyalarının apardıqları məqsədəyönlü
təbliğatdakı stereotiplərin aşkarlanmasıdır.
Göründüyü kimi,
bütün bunların həyata
keçirilməsi məsələlərə sistemli
yanaşan jurnalistika istitutunun mövcudluğu
şəraitində mümkündür. Hələlik
bu iş media tədqiqatları üzrə ixtisaslaşan ayrıca mərkəzlər tərəfindən
koordinasiya edilməlidir. Amma
hər halda öyrənilməli və jurnalist fəaliyyətində tətbiq
olunmalı cəhətlər çoxdur.
Layihə
çərçivəsində aparılan aylıq monitorinqlərin
nəticəsi göstərir ki, kütləvi
informasiya vasitələrinin
materiallarında əhatəli jurnalist
araşdırmasına, dərin, obyektiv təhlillərə
və oxucunu ayıq- sayıq qənaətə
gətirən məsələlərə az
rast gəlinir. Bu baxımdan qəzetlərdə
vəziyyət nisbətən yaxşıdır. Onlarda analitik məzmunlu
materialların təqdimatına xüsusi yanaşma mövcuddur. Beynəxalq
hadisə və proseslərlə əlaqədar analitik müsahibələr verilməsi
baxımından da qəzetlər
seçilirlər. Hazırda ənənəvi mediadan
onlayn mediaya keçidin sürətlənməsini nəzərə
alsaq, əlbəttə, internet
üzərindən yayımlanan KİV-lərin beynəlxalq məsələlərə
daha çox önəm
verməsi xüsusilə vacibdir.
– Bütün bunlar kifayət qədər dərin məzmun daşıyır, əhatəlidir. Azərbaycanın hazırkı media reallıqları baxımından bu hədəflərə çatmaq o qədər də asan deyil.
– Elədir, amma, gözləməkdənsə, nəyəsə
başlamaq lazımdır. Heç kəs
bizə BBC-ni və ya
CNN-i bağışlayan deyil.
Amma hədəfimiz
o olmalıdır ki, bizdə də bunlara bənzər
qurumlar, orada
çalışan mütəxəssislər səviyyəsində
kadrlar olsun. Əlbəttə,
bu təşkilatların arxasında dayanan dövlətlər həm ərazisinə,
həm əhalisinə həm də iqtisadi
imkanlarına görə nəhəng dövlətlərdir.
Bu isə həmin media
qurumlarının beynəlxalq nüfuzunu
artıran əlavə amildir. Lakin unutmaq lazım deyil ki, onlar
da bir zaman
sıfırdan başlayıblar, nüfuzu
və etimadı, eləcə də iqtisadi
imkanları zaman- zaman
peşəkarlığı artırmaqla qazanıblar.
Azərbaycanda KİV-in hazırkı maddi
durumu nüfuzlu media
korporasiyalarının iqtisadi imkanları
ilə müqayisə oluna bilməz. Mediamızın bu gün beynəlxalq siyasi
proseslərdə ölkəmizin mənafeyini ifadə edən avanqard rolunda
çıxış etməsini gözləmək də sadəlövhlük
olardı. Bununla belə, bu
prioritet mövzunu diqqətdən kənarda qoymaq da düz olmazdı. Çünki bir ölkənin
müəyyən maraqlarının müdafiəsində
bəzən jurnalistlər siyasətçilərdən də
üstün söz sahibi olurlar. Bu xüsusda siyasətçilərin
jurnalistlərlə birgə fəaliyyət praktikası da var.
Belə birgə mövqe nəticəsində bir
çox hallarda rəsmi
səviyyədə açıqlanması mümkünsüz
görünən məsələlər incə jurnalist qələmi ilə çox
aydın şəkildə bəyan olunur.
Qarşı tərəf də məsələnin hansı nəticələrə
səbəb ola biləcəyinin mümkünlüyünü qabaqcadan
görür. Biz də
bu cür xidmət
missiyasını üzərinə götürə bilən
jurnalistikanın yetişməsinə
çalışmalıyıq. Baxışlarını,
mülahizələrini dünya ictimai rəyinin nəzərə
alacağı jurnalistikamızın formalaşması olduqca vacibdir. Bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin çıxışlarında da
ifadə olunub. Dövlət
başçısı 2010-cu ildə Mətbuat
Şurasının yeni binasının
açılışı zamanı idarə heyəti üzvləri
ilə görüşdə “biz imkan verməməliyik ki,
Azərbaycan hansısa qüvvələrin, xarici
dairələrin qarşıdurma arenasına çevrilsin”
söyləyərkən mütəşəkkil ictimai institut kimi məhz jurnalistikamızın milli maraqlara sadiqliyini önə çəkmişdi.
O zaman ölkə rəhbəri xarici
qüvvələrin sifarişi ilə
hansısa mövzu ətrafında
yanlış rəy formalaşdırmaq cəhdlərinə son qoyulmasının vacibliyini
ifadə etmiş, jurnalistləri vətənpərvərliyə
çağırmışdı. Göründüyü
kimi, cənab Prezident prinsipial olaraq məsələnin həllini vətənpərvərlik
üzərinə yönləndirib. Əlbəttə, bu onun jurnalist
peşəsinə verdiyi yüksək dəyərdir.
Digər tərəfdən, belə yanaşma
milli jurnalistikamız qarşısında yeni vəzifələr qoyur.
Aydındır ki, regionda
və ya dünyada
müəyyən siyasi dairələrin əli
ilə ölkəmiz barədə yanlış rəy
formalaşdırmaq istəyənlər var.
Bu tendensiyaya
qarşı mübarizədə isə yenə də beynəlxalq
proseslərin mahiyyətini anlayan vətənpərvər
qələm sahiblərimizin çox
olması vacibdir.
– Layihə çərçivəsində gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?
– Beynəlxalq
münasibətlərin strukturu olduqca çoxşaxəlidir. Qərb dövlətləri
ilə əməkdaşlıq, MDB ölkələri ilə əlaqələr,
Türk dünyası, Asiya
regionu ilə işbirliyi
və sair yönlərdə ölkəmizin
maraqları mediadan həssas,
ardıcıl, çevik ynaşma
tələb edir. Bu və
ya digər istiqamətlərdə həm
Azərbaycanın strateji mənafeyini dəqiq
ifadə edə bilən, həm də həmin areallardakı siyasi proseslərin mahiyyətini dərindən
bilən və oxucuya anlatmağı bacaran jurnalistlərimizin çoxalmasına ehtiyac var. Bu
isə öz növbəsində beynəlxalq
münasibətlər mövzusunu
işıqlandıran qələm sahiblərinin özlərinin
də konkret istiqamətlər üzrə
ixtisaslaşmasını labüdləşdirir. Layihənin gələcək
mərhələlərində məhz bu
cəhətə diqqət yetirəcəyik.
Mövzunu diqqətdə saxlamaq
məqsədilə bundan sonra
da müxtəlif tematik
tədbirlər təşkil olunacaq.
Aylıq monitorinqlər isə davam etdiriləcək
və beynəlxalq münasibətlər mövzusunu
ən çox işıqlandıran
KİV-lərin siyahısı mütəmadi olaraq
açıqlanacaq. Daha çox
oxucu rəğbəti qazanan
fəal jurnalistlərin gələcəkdə qabaqcıl
ölkələrdə təcrübə kurslarına göndərilməsi
də nəzərdə tutulur. Xarici media mütəxəssislərinin
treninqləri təşkil olunacaq. Beynəlxalq
münasibətlər mövzusunda yazı
müsabiqələrini davam etdirmək də
faydalı olacaq.
Komissiya layihəni davamlı şəkildə icra
edəcək. Ümumən, çalışacağıq ki, beynəlxalq münasibətlər mövzusu, xüsusən Dağlıq Qarabağ münaqişəsi bütün
spektrləri ilə daim milli
mediamızda ən yüksək səviyyədə
işıqlandırılsın.
– Maraqlı müsahibəyə görə sağ olun. Komissiyanızda yeni- yeni layihələr gerçəkləşdirilməsini arzu edirik.
Söhbəti hazırladı:
Əvəz RÜSTƏMOV
media eksperti
Xalq
qəzeti.- 2014.- 2 noyabr.- S.3.