Azərbaycanın elektroenergetika
sənayesinin
inkişafında yeni mərhələ
Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək edir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın mövcud milli elektroenergetika sisteminin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. XX əsrin 70-ci illərində ulu öndərin birbaşa təşəbbüsü və tapşırığı ilə Azərbaycanda iki böyük elektrik stansiyası inşa edilmişdir ki, həmin stansiyalar bu gün də ölkəmizin milli elektroenergetika sistemi üçün əvəzsiz rol oynayır.
1975-ci ildə
inşasına başlanılmış Azərbaycan DRES və
Şəmkir SES-in tikilməsi hesabına
respublikanın enerji sisteminin
gücü iki dəfədən
çox artdı.
Həmin
illərdə ümummilli lider
Heydər Əliyevin göstərişi ilə bir
neçə vacib qovşaq
yarımstansiyaları istismara verildi. 70-ci illərin sonunda
onun təşəbbüsü və rəhbərliyi
ilə Kür çayının
üstündə yeni bir
obyektin-Yenikənd Su Elektrik
Stansiyasının təməli qoyuldu. Onu da qeyd edək
ki, ümummilli liderin rəhbərliyi altında 1970-ci ildə
ümumi gücü
22 MVt olan Araz SES, 1976-cı ildə ümumi
gücü 50 MVt olan Tərtər SES (bu su elektrik stansiyası erməni
silahlı birləşmələrinin işğalı altındadır),
1982-ci ildə isə ümumi gücü 380 MVt olan Şəmkir SES inşa
edildi.
Ulu öndər sonralar
həmin hadisələri xatırlayaraq demişdir:
“Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin
böyük bir hissəsində
bilavasitə iştirak etmişəm və
1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə
müstəqil elektrik enerjisi
potensialının yaradılmasına nail olmuşam”. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə
yanaşı, elektrik şəbəkələri
də sistematik inkişaf
etdirilmiş və respublikamızın
dayanıqlı enerji sistemi
formalaşdırılmışdır.
Respublikamıza ikinci rəhbərliyi dövründə də
Heydər Əliyev bir sıra strateji sahələrlə yanaşı, elektroenergetika sisteminə də öz qayğı və diqqətini əsirgəməmişdir.
Məhz onun bu
sahəyə olan diqqətinin nəticəsi
kimi 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri
zamanı Yenikənd SES-in tikintisi
üçün Avropa
Yenidənqurma və İnkişaf
Bankından 53 milyon ABŞ dolları həcmində
kreditin ayrılmasına nail
olundu və ümumi gücü 150 MVt olan Yenikənd SES inşa
edildi.
Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında qalan
“Ağdam” yarımstansiyası və 330 kV-luq Azərbaycan İES-Ağdam-İmişli
EVX (elektrik verici xətləri)
əvəzinə 330 kV-luq Ağcabədi,
110 kV-luq Bərdə
yarımstansiyalarının və 330 kV-luq
Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti
yaranmışdı. Avropa Yenidənqurma və
İnkişaf Bankından və İslam İnkişaf
Bankından ayrılmış kredit
hesabına Mingəçevir SES-in yenidən
qurulması, bir çox
yarımstansiyaların və EVX-lərin inşası həyata
keçirildi. Ümumiyyətlə, ulu öndərin rəhbərliyi
dövründə Azərbaycanda 3500 MVt-a
yaxın generasiya gücü
işə salınmışdır.
Heydər
Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi
dövründə ölkəmizin enerji
sistemində qanunvericilik bazasının
formalaşdırılması, bu sahəyə
dair hüquqi əsasların
təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. “Energetika
haqqında”, “Enerji resurslarından istifadə
haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik
stansiyaları haqqında” qanunların qəbulunun məhz bu dövrə təsadüf etməsi buna sübutdur.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi
strateji xəttin həyata keçirilməsi
və hazırda bu xəttin ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə
çevirmişdir. Ölkə
iqtisadiyyatının inkişafında elektroenergetika
kompleksinin vacibliyini nəzərə
alan dövlətimizin
başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin
inkişafı (2005-2015-ci illər) Dövlət
Proqramı”nı təsdiq etmişdir.
2003-2013-cu illərdə həyata keçirilən tədbirlər
nəticəsində respublikanın elektrik
enerjisi sistemində 2000 MVt-dan
artıq əlavə generasiya gücü işə salınmış və
ölkənin bütün elektrik
stansiyalarının ümumi gücü 7000 MVt-ı ötmüşdür.
Azərbaycan Prezidenti cənab İlham
Əliyev demişdir: “Bu
gün biz nəinki özümüzü elektrik
enerjisi ilə təmin edirik,
böyük həcmdə ixrac
da edirik. Azərbaycan bütün qonşu
ölkələrə - Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana
elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş
işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və
indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi
bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə
verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz
yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi
ilə məşğuluq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə xüsusi diqqət altındadır və
artıq ilkin işlər
başlanmışdır”.
Son illərdə elektroenergetika
sisteminin inkişafı ilə
bağlı Azərbaycanda həyata keçirilmiş
silsilə tədbirlər nəticəsində onun
maddi-texniki bazası daha
da möhkəmləndirilmiş, yeni müasir elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsi,
ölkəmizin enerji təhlükəsizliyinin
təmin olunması sahəsində ciddi
nailiyyətlər qazanılmışdır.
Şirvan şəhərində 2013-cü ildə
istismara buraxılmış gücü 780 MVt olan “Cənub” Elektrik
Stansiyası böyük regional
infrastruktur layihəsi olmaqla
ölkəmizin enerji təhlükəsizliyinə
mühüm töhfə vermişdir.
Stansiyanın faydalı iş əmsalı
52 faiz, bir kilovat -saat elektrik
enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə
237 qramdır. Burada üç
yanacaq növündən - qaz,
mazut və dizel
yanacağından istifadə etmək imkanı vardır.
Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi
ilə seçilir.
İsmayıllı rayonunda tikintisinə 2011-ci ildə
başlanılmış İsmayıllı Su
Elektrik Stansiyası qısa müddətdə
inşa edilərək 2013-cü ildə istismara buraxılmışdır. Stansiya ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç
hidrogeneratordan ibarətdir. Layihəyə
görə, təmizlənmiş su tikilməkdə
olan su elektrik
stansiyasına daxil olacaq
və yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik
su elektrik
stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli
və əhəmiyyətlidir. Derivasiya tipli su elektrik
stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən
təmiz elektrik enerjisi
istehsal etmək imkanına malikdir.
Ötən il sentyabr ayında
Naxçıvan Muxtar Respublikasının
Şərur rayonunda gücü
20,5 MVt olan Arpaçay Su Elektrik Stansiyası istismara
buraxılmışdır. Bu stansiya Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə təsdiq olunmuş
“2009-2013-cü illər üzrə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
inşa olunmuşdur. Stansiya il ərzində 60 milyon kilovat- saat elektrik enerjisi
istehsal edəcək və muxtar
respublikanın enerjiyə olan tələbatının
təxminən 15-17 faizini ödəyəcək.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi
çərçivəsndə ötən il
Şabran rayonu ərazisində
inşa edilən Taxtakörpü
su anbarı və Taxtakörpü-Ceyranbatan
su kanalı ilə yanaşı, 25
MVt-lıq Taxtakörpü Su
Elektrik Stansiyası da
fəaliyyətə başlamışdır.
Məlum
olduğu kimi, elektrik enerjisinin
ötürülməsi sisteminin
müasirləşdirilməsi və yenidən qurulması da vacib məsələdir.
İndiyədək ölkədə ümumi
gücü 2000 meqavoltamperə yaxın
500-dən artıq yeni transformator
quraşdırılmış və ümumi
uzunluğu 30 min
kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə
verilmişdir. İqtisadiyyatı gündən-günə
inkişaf edən və elektrik
enerjisi sisteminin
dayanıqlığı təmin olunan Azərbaycanda
yeni generasiya güclərinin
tikilib istifadəyə verilməsi nəticəsində
respublikamız elektrik enerjisi
idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan qonşu
dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.
Rusiya Federasiyası ilə Azərbaycan
Respublikası arasında “Rusiya
Federasiyasının vahid enerji
sistemi və Azərbaycan
Respublikasının enerji sisteminin
paralel işinin təmin
edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanmışdır. Bu mühüm sənəd üzrə nəzərdə
tutulmuş tədbirlərin həyata
keçirilməsi Rusiya Vahid
Enerji Sistemi ilə Azərbaycan
enerji sisteminin paralel işinin texnoloji xüsusiyyətindən irəli gələn
texniki məsələləri tənzimləməklə
yanaşı, tərəflərə öz
enerji sistemlərinin
etibarlılığını və
dayanıqlığını yüksəltməyə imkan verəcəkdir. Rusiya-Azərbaycan-İran
arasında dövlətlərarası yeni
ötürücü elektrik
veriliş xətlərinin
quraşdırılması hesabına Rusiya-Azərbaycan istiqamətində
350 MVt, İran-Azərbaycan istiqamətində
isə 700 MVt gücü
artırmağa imkan vermişdir.
Elektrik enerjisinin ixracı
üzrə regionda həyata keçirilən
ən əsas layihələrdən biri Azərbaycan-Gürcüstan-Türkiyə
enerji körpüsü
layihəsidir. Bu layihə çərçivəsində
500 kV-luq “Samux-Qardabani”
elektrik verilişi xəttinin
tikintisi Azərbaycan tərəfindən
2013-cü ilin ortalarında başa çatdırılmışdır. Adıçəkilən layihənin tərkib hissəsi
olan “Qara dəniz
ötürmə şəbəkəsi layihəsi” çərçivəsində
Gürcüstan tərəfindən
500/400/220 kV-luq yarımstansiya və
Gürcüstanı Türkiyə ilə birləşdirən
yüksək gərginlikli 400 kV-luq EVX-nin tikintisi başa çatdırılmış və
keçən il istismara
buraxılmışdır. Bu layihə Azərbaycanın
Gürcüstan və Türkiyə, gələcəkdə
isə Avropa elektrik enerjisi bazarına inteqrasiya
olunmasını və bu istiqamətdə
elektrik enerjisinin
ixracını təmin edəcəkdir.
Yeni generasiya güclərinin
yaradılması, sistem əhəmiyyətli
elektrik verilişi xətlərinin
və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni
mərhələnin başlanğıcını qoymaqla, sənaye mərkəzlərinin enerji təchizatında hökm
sürən disproporsiyanı hiss ediləcək
qədər aradan qaldırdı. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda elektroenergetika
sahəsində sahibkarlar üçün
yaratdığı əlverişli şərait dövlət
və özəl elektrik
stansiyalarının birgə və sərbəst fəaliyyətinə
geniş imkan
açır. Hazırda “Muğan”, “Şəki”
SES-ləri və “Azərsun” İES müstəqil fəaliyyət
göstərir. Alternativ enerji mənbələrindən
istifadə üzrə yeni yaradılan
müstəqil generasiya mənbələri
də nəzərə alınarsa, mövcud
şərait energetika sahəsində sərbəst
rəqabət mühitinin
formalaşdırılması və son nəticədə
elektrik enerjisinin
istehsalında xərclərin azaldılması və xidmət
keyfiyyətinin yüksəldilməsi üçün
islahatların aparılması üzrə yeni
qanunların tətbiqini zəruri edir.
Məlum
olduğu kimi, cənab
İlham Əliyevin yeni
iqtisadi strategiyasının ana xəttinin əsas prinsipi
ondan ibarətdir ki,
neftə məqsəd kimi yox,
vasitə kimi baxmaq
lazımdır. Çünki neft hasil edən, ancaq heç də hərtərəfli
tərəqqiyə nail ola
bilməyən ölkələrin iqtisadi
vəziyyəti əsas
götürülərək hərtərəfli təhlillər
aparılmış, Azərbaycan iqtisadiyyatının neftdən
asılılığının minimuma
endirilməsi üçün qeyri-neft sektorunun sürətli
inkişafı prioritet kimi
müəyyənləşdirilmişdir. Elə bu məqsədlə də neftdən əldə
edilən gəlirlər Azərbaycan iqtisadiyyatının digər
sahələrinin inkişafına yönəldilməkdədir.
Bu da ölkə
iqtisadiyyatının şaxələndirilməsini sürətləndirən
mühüm amil kimi qiymətləndirilir.
Qeyri-neft sektorunun
aparıcı sahələrindən olan elektroenergetika sisteminin
inkişafında əsas məqsəd ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun
üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsidir.
Ötən əsrin 70-80-ci illərində ulu
öndər Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə yaradılan möhkəm potensial əsasında
Azərbaycanın müstəqil enerji sistemi formalaşmışdır. Bu strateji xətt indi də böyük uğurla davam etdirilir, Azərbaycanın elektrik
enerjisi sistemində geniş
miqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə Prezidenti
cənab İlham Əliyev demişdir:"
Azərbaycanın dünyadakı rolu
artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü
artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu
siyasət bəhrəsini verməkdədir. Biz
bu siyasətdən əldə edilmiş gəlirləri bütün
başqa sahələrə yönəldirik".
Bütün bunlar onu ğöstərir ki,
hazırda Azərbacan iqtisadiyyatı yeni neft strategiysı üzərində hərtərəfli
və sürətli inkişafını davam
etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha böyük vüsət alır və güclü sənaye potensialı
formalaşdırır. Öz milli sərvətlərinin
sahibi olan Azərbaycan
hazırda təkcə cənubi Qafqazda deyil, dünyada yüksək
sürətlə inkişaf edən demokratik dövlət imici
qazanmışdır.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.3.