Xəzəryanı
ölkələr dənizin ekoloji
problemlərinin həllinə xüsusi
diqqət yetirməlidirlər
Zəngin təbii sərvətləri olan Xəzər dənizinin qayğıları da az deyil. Onun əsas problemlərindən biri dənizin səviyyəsinin tez-tez qalxıb-enməsidirsə, digər dərdi suyunun çirklənməsi və ekoloji şəraitin dəyişməsidir.
Xəzər dənizi
tarixən insanları cəlb edib və
onların öz ətrafında məskunlaşmasına
səbəb olub. Xəzərin çirklənmə
mənbələri onun hövzəsində,
sahillərində və akvatoriyalarında yerləşən
şəhərlərin və sənaye obyektlərinin
çirkabının dənizə axıdılmasıdır.
Eyni zamanda, dəniz nəqliyyatından
və neft mədənlərindən daxil olan müxtəlif
çirkləndiricilər də Xəzərə ciddi ziyan vurur.
Xəzərətrafı
zonalarda 15 milyon nəfərə
kimi əhali yaşayır. Onların da həyat və fəaliyyəti bilavasitə
dənizlə bağlıdır. Dünyanın ən məhsuldar
su hövzəsi olan Xəzər
yeganə dənizdir ki, nərə
balıqlarının böyük
ehtiyatı (təxminən 95 faizi) burada cəmləşmişdir. Nərə cinsli balıqlar da dünya bazarında çox
qiymətli sayılan qara kürünün
“istehsalçısıdır”. Məhz buna
görə də həmin balıqların Xəzərdəki
genofondu ciddi şəkildə
qorunmalıdır.
Digər tərəfdən,
Xəzər neft-qaz ehtiyatı
potensialına görə də dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən
biridir. Balıq təsərrüfatı
və sanitar-toksiki xüsusiyyətləri
baxımından Xəzərin durumu hələ
Sovetlər Birliyinin sonlarında böhran dövrünün
başlanğıcı kimi qiymətləndirilirdi.
1992-ci ildə Volqa hövzəsi və Xəzərin
sahil zonası “ekoloji
fəlakət zonası” adlandırılmışdı.
Xəzəri
çirkləndirən əsas mənbələr təmizlənməmiş
sənaye məhsulları və kənd təsərrüfatı
tullantıları, çay və dəniz
gəmiçiliyi, quruda, dəniz sahillərində,
habelə suyun dərin qatlarında qaz və neft
buruqlarının istismarı, dəniz dibinin
dərinləşdirilməsi işləri, atmosferdən və çaylar
vasitəsilə uzaq zonalardan
çirkli və zəhərli maddələrin
gəlməsi və sairdir. Yeri gəlmişkən, qeyd
edək ki, təkcə çaylar
vasitəsilə hər il Xəzərə
40-45 kubkilometr çirkab
daxil olur. Onun da 60 faizi Volqa
çayının payına düşür.
Əgər bu çirkli
sular dənizin üst
qatında bərabər paylansaydı, onda
il ərzində həmin qatın
qalınlığı 10-11 santimetrə çatardı. Xəzərin
çirklənməsində Kür və
Ural çayları da
az rol oynamır.
Tbilisi, Rustavi şəhərlərinin
və sənaye müəssisələrinin çirkabı, həmçinin
kənd təsərrüfatında işlədilən müxtəlif
toksiki maddələr Kür
çayı vasitəsilə Xəzərə daxil
olur.
Dənizin sahillərində
yerləşən Bakı, Sumqayıt, Mahaçqala,
Həştərxan, Türkmənbaşı, Rəşt,
Ənzəli şəhərlərindən dənizə
axıdılmış məişət
tullantıları da əsas çirkləndirici
mənbə hesab edilir.
Bundan əlavə, dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması,
dəniz nəqliyyatı da Xəzərin
çirklənməsinə səbəb olur.
Dəniz dibi qruntlarından
götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar,
bəzi rayonlarda isə civə olması
müəyyən edilmişdir. Ən çox çirklənmiş sahə Bakı
buxtası olmaqla, burada
dib qruntlarının çirklənməsi
bentosun azalmasına, bəzi yerlərdə
isə faunanın məhv olmasına gətirib
çıxarır. Dəniz sularının çirklənməsi
Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində
ekoloji böhran
yaratmışdır.
Dənizin ekoloji şəraitinə Volqa
və Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Dənizin
səviyyəsi aşağı düşdüyü
zaman şorluğu
artır, balıqların sahil
zonalarında qidalanma bölgələrinin
məhsuldarlığı və sahəsi azalır. Dənizin
səviyyəsi qalxdıqca suların, xüsusilə böyük çayların delta
bölgələrinə yanaşan sahələrdə
şorluğu azalır, balığın
yem ehtiyatı artır.
Dənizin ən çox çirklənmiş sahələri ekoloji böhran sahələridir.
Xəzərin çirklənməsindən
danışarkən bunlar nəzərə
alınmalıdır: çirkabın qeyri-
bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin
ciddi şəkildə çirklənməsinə
səbəb olur. İkincisi,
sahilboyu yaranan
çirklənməni bir zonadan
başqa yerə aparır.
Tullantılar isə əsasən suyun
üzündə - üst qatında toplaşaraq “su – atmosfer” zonası yaradır. Onda
yığılmış çirkab
qatı hesabına dənizin bioloji əhəmiyyətli
sahələrinə çox ciddi ziyan dəyir.
Xəzər üçün ən təhlükəli
çirklənmə tərkibində zərərli kimyəvi
maddələr olan tullantıların dənizə
axıdılmasıdır. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri,
karbonukleidləri, xlor üzvi
birləşmələrini və ağır metalları
göstərmək olar. Abşeron
yarımadası və Manqışlağın
yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft
boruları vasitəsilə axan
karbohidrogenlər buna misaldır.
Xəzəryanı
ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli
münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Məsələn,
1991-ci ildən başlanan rus-çeçen
müharibəsi dənizin ekosistemində müəyyən
problemlər yaradıb. Hövzədə il
ərzində 20-30 hərbi tullantı qeydə alınır. Burada texnogen qəzaların
sayı da artıb. Belə ki, Xəzərin Rusiya
sahillərində karbohidrogenlərin miqdarı
Çeçenistandakı münaqişə ilə əlaqədar
xeyli çoxalmışdı.
Azərbaycanın
yataqlarının birgə istismarı ilə əlaqədar
“Əsrin müqaviləsi” (1994) adlı saziş
imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları bu saziş ölkəmizin
xam neftini dünya bazarına çıxarmaq məqsədi
daşıyır. Regiondakı digər neft
istehsalçıları da eyni maraqdan
çıxış edirlər. Qazaxıstan və Türkmənistanda
da, Abşeronda olduğu kimi, neft-qaz istehsalı mərkəzləri
açılıb. Dənizin ekologiyası nə qədər
nəzərə alınsa da, baş verən bəzi qəzalar zamanı
çirklənmələr baş verir.
Xəzərin ekoloji problemləri onun səviyyəsinin
vaxtaşırı dəyişməsi ilə də əlaqədardır.
1978-ci ildən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə
səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin
2,5 metr qalxması sahil
zolağının il ərzində 1-2 kilometr məsafəsinin dənizin altında
qalması ilə nəticələnmişdir.
10-15 il əvvəl ölkəmizin cənub bölgəsində
– Lənkəran-Astara zonasında sahil
zolağında yerləşən bir
sıra yaşayış məntəqələri və təsərrüfat
sahələri fəlakətlə üzləşdi, əhaliyə,
dövlətə xeyli ziyan
dəydi. Burada
bir məsələni xatırlatmaq yerinə
düşər. Keçmişdə ulu
babalarımız heç vaxt
hövzə kənarında məskunlaşmayıblar.
Yalnız mövsümi xarakter
daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar yarana biləcək təbii
hadisələri düzgün qiymətləndiriblər.
Müasir insanlar isə
keçmişdən öyrənmək əvəzinə, sanki, təbiəti ram
edirmişlər kimi dənizin
qırağında möhtəşəm sənaye obyektləri,
neft-qazçıxarma qurğuları, çoxmərtəbəli
yaşayış binaları və s. inşa edir, fermer təsərrüfatları yaradırlar.
Xəzər həm də
hidrodinamiki təhlükəyə məruz
qalır. Bunlardan başqa,
dənizin dibi palçıq
vulkanlarına meyillidir. Kükürd
tərkibli neft çıxarılan sahələr
daha təhlükəlidir. Güclü
zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə
milyon ton kükürd tərkibli karbohidrogen
daxil ola bilər. Bu da qlobal
fəlakətdir. İri tankerlərlə neftin daşınması da
Xəzərin çirklənməsinə səbəbdir. Yeni limanların tikilməsi, gəmi
istehsalı, neft və neft
məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir.
Xəzərin çirklənmə mənbəyini yalnız
fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək
olmaz. Problemin əmələ
gəlməsində bioloji çirklənmənin
də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn
yad orqanizmlərdən gedir.
Belə ki, bu
yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə
çoxalaraq vətəgə əhəmiyyətli
iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə
qidalanırlar. Kilkənin azalması onlarla
qidalanan müxtəlif su
heyvanlarının tükənməsi ilə nəticələnir.
Neft-qaz istismarına geniş
yer verilməsi balıqçılıq təsərrüfatına
mənfi təsirini göstərir. Suyun ifrat çirklənməsi balıq sənayesinə
ciddi ziyan vurur. Hesablamalara əsasən,
bu səbəbdən nərə
balığı təsərrüfatına dəyən zərər
6 milyard, kürü
biznesinə dəyən ziyan isə 10 milyard dollar təşkil edir. Xəzərə yalnız bir
dövlətin yox, 5 sahilyanı ölkənin
qayğı göstərməsi vacibdir. Xəzərin
statusu tam müəyyənləşmədikcə
dənizin nərə balığı ehtiyatı,
canlıların rəngarəngliyi, ekosistemi
tənəzzülə uğraya bilər.
Bir sözlə, Xəzərin ekoloji problemlərinə kompleks
yanaşmaq çox vacibdir.
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.5.