Cəmiyyətin həyatında

multikulturalizm və inteqrasiya

 

(Forum sonrası düşüncələr)

 

 Qloballaşma və yaxud qlokallaşma (qloballaşma şəraitində milli və etnik mədəniyyətlərin spesifikasının etiraf edilməsi) hamı tərəfindən artıq qəbul olunmuş sayılan fenomenlərin bir çoxunu kəskinləşdirərək, cəmiyyətin həyatında bəzi şeyləri dəyişdirib.

 

 Multikulturalizm və inteqrasiya yeni yanaşma, izah və anlayışlar, dərketmə və yenidən mənalandırma tələb edən elə məhz  bu cür fenomenlərdir, çünki onların əvvəlki anlamı və  mənası  ilə hazırkı mahiyyəti arasında artıq uyğunluq yoxdur.  Buna görə də alimlər yeni multikulturalizm siyasətinin etik əsaslarının və prinsiplərinin axtarışındadır.

Bəzi siyasətçilər isə “multikulturalizmin süqutu”, digər inteqrativ siyasətlərin zəruriliyini sübut etməyə çalışırlar. Bir-birinə zidd fikir və mülahizələrin bu şəkildə toqquşması, mahiyyət etibarilə, Bakı Beynəlxalq Humanitar Forumu və onun “Multikulturalizm” bölməsinin populyarlığı və əhəmiyyətini əvvəlcədən müəyyən etmiş oldu.

Bu il forumda aydın oldu ki, dünya ictimai rəyi onu artıq ənənəvi sayır,  Bakıdakı müzakirələrə can atır,  onun təşəbbüskarı, Azərbaycan Prezidenti İlham Əliyevi isə təkcə irimiqyaslı iqtisadi layihələri həyata keçirməyə qadir lider kimi deyil, həm də müasir şəraitdə mədəni və humanitar problemlərin əhəmiyyətini dərindən dərk edən yeni dövr, yeni istiqamətlər sahəsində qlobal düşüncəli siyasətçi kimi qəbul edir. Əslində, o yalnız ölkə və bölgə üçün deyil, bəşəri problemlərə yeni məna verdi. Belə ki, IV Forumun açılışında Prezident İlham Əliyev Azərbaycanın hər bir müasir ölkə üçün təbii olan multikulturalizm siyasətini  həyata keçirdiyini diqqətə çatdırdı və həmçinin bildirdi ki, hər hansı bir dövlətin  belə siyasətinin olmaması bizi  narahat edir. Bununla bərabər, hər hansı bir mədəniyyətin çoxəsaslılığının  etirafı  heç də inteqrasiyadan imtina edilməsini nəzərdə tutmur, bu yalnız milli identiklik (eyniyyət, kimlik), mənafe və inteqrasiya arasında bir ölçü tapmağı bacarmağı tələb edir. Forumun bir çox qonaqlarının Azərbaycanda bu ölçünün  tarixən tapıldığını və ona əməl  olunduğunu etiraf etməsi heç də  əsassız deyil.

Əlbəttə,  ölkə Prezidentinin bu tövsiyəsi  alimlərdən həmin istiqamətdə ciddi və dərin  tədqiqatlar aparmağı tələb edir. Beynəlxalq Humanitar Forumuna əvvəllər təqdim etdiyimiz mətnlərdən birində biz multikulturalizmin etnik və milli mədəniyyətlərdə fərqli başa düşüldüyündən bəhs etmişdik. İnteqrasiya məfhumu da heç də birmənalı (tək anlamlı) şəkildə tətbiq edilmir. Bir yerdə qlobal dövrdə dövlət sərhədlərinin olmayacağından çıxış edirlər, başqa bir yerdə isə inteqrasiya assimilyasiya kimi dərk olunur və s. Biz bu problematikanın metanəzəri kontekstini təşkil edən mədəniyyət, etnos və millət anlayışlarının müxtəlif cür təfsir edildiyini hələ demirik.

Buna görə də belə çoxmənalı məfhumlardan istifadə olunması  hələ o demək deyil ki, biz bir  fenomen kimi onların nə ifadə etdiyini, nəyin onların məzmununda dəyişikliklərə səbəb olduğunu, qarşılıqlı əlaqələrinin məntiq və tarixini və s.  meydana çıxartmış oluruq. Həm də ki,  dərketmə,  nəzəri mühakimə yeritmə çətinlikləri müəyyən dərəcədə bununla bağlıdır ki, Böyük Britaniya və ABŞ kimi  metropoliyalarda və kifayət qədər uzun müddət imperiyaların tərkibində olmuş  ölkələrin  (Kanada, Ukrayna və ya Azərbaycan kimi) yerləşdiyi ərazilərdə bunlar tarixən fərqli başa düşülür və onlara müxtəlif tərif verilir. Yeri gəlmişkən,  əhalisi  çox vaxt həm öz ölkəsində, həm  də xaricdə mühacir olan, vaxtilə imperiya olmuş dövlətlərin (Çin, Türkiyə, Rusiya) də təcrübəsi vardır. Onların da təcrübəsi maraqlıdır  və araşdırma, müqayisə obyekti olmalıdır. Bu da aydındır ki, müxtəlif təcrübələrin mövcud olması müzakirə və müqayisə aparmağa mane olmamalıdır. Bu kontekstdə bizim forumlarda xeyli iş görülür: Rusiya, Ukrayna, ABŞ, Türkiyə və ərəb ölkələrindən olan alim, siyasətçi və  ictimai xadimlər problemlərə müxtəlif yanaşmaları müzakirə etməyə, başqalarına öz fikirlərini çatdırmağa və fərqli mövqedən deyilənləri eşitməyə çalışırlar. Və bu zaman  aşkar olur ki,  alimlər nəinki ümumi nəzəri dil tapır, hətta mədəniyyətlərarası ünsiyyət və dialoq üçün  əlaqələr yaradırlar.

Amma, bir sıra dövlətlərin siyasətçi və alimləri, demək olar ki, bütün cəmiyyətlərin gözlənilmədən getdikcə artan və özünü elə onların öz vətəndaşlarının bir qisminin adəti dəyərləri qəbul etməməsində göstərən heterogenlik (qeyri-yekcinslilik, müxtəlif tərkiblilik) təhlükəsi ilə üzləşməsindən narahatdırlar. Həmin vətəndaşlar artıq bərqərar olmuş  norma və qaydaları ikili standart, hüquqlarının pozulması və s. kimi başa düşərək onları rədd edirlər. Fəqət onlar bununla hadisələrin təbii gedişini, sabitliyi pozurlar. Bu isə, başqa amillərlə yanaşı, dünyada müəyyən münaqişə, qarşıdurma və müharibələrə səbəb olur. Bu cür problemlər hələlik sakitliyin müəyyən qədər hökm sürdüyü Avropada da mövcuddur, amma orada da mümkün destruksiya haqqında siqnallar vardır (Şotlandiya, Kataloniya, İtaliyanın şimalı ilə bağlı hadisələr). Dünyanın qeyri-Avropa hissəsində, keçmiş postsovet məkanında, Yaxın Şərqdə də problem az  deyil. Şiə və sünnilərin birgə yaşadığı və yaxud qonşu olduğu ölkələrdə, demək olar ki, əmin-amanlıq yoxdur və s. Buna görə də, fikrimizcə, Bakı forumunda iştirak edən siyasi liderlərin çıxışları, bu beynəlxalq tədbirin bütün materialları üzərində dərindən düşünmək vacibdir. Humanitar Forumun materiallarında nə qədər böyük siyasi, mədəni və elmi potensialın olduğunu bir  təsəvvür edin!

Bakı Forumunun təcrübəsindən multikulturalizm və inteqrasiya problemlərinin öyrənilməsində aşağıdakı məsələləri qeyd etməyi  vacib bilirik:

Birincisi, onlar çoxfənli, çoxistiqamətli xarakter daşıyır və bir-biri ilə sıx bağlıdır. Bu məsələlərin tədqiqi fəlsəfə, mədəniyyət, iqtisadiyyat, politologiya, sosiologiya və s. elmlərin təmas müstəvisində aparılmalıdır. Bu tədqiqatların əməli sahəyə çıxışı olmalıdır, yəni onların nəticələri  praktikada tətbiq edilməlidir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, alimlər öz tədqiqatlarında ictimai şüurun yanılmalarının təsirindən xali deyillər, amma, eyni zamanda, özləri də ona  təsir göstərirlər. Alimlərin bu xüsusiyyəti siyasətçi, ictimai xadim, media nümayəndələrində onların əsərlərinə böyük maraq doğurur. Bir çoxları əmindir ki, bu problemlərin həllindən  dünyanın taleyi, inkişafı və ya tənəzzülü,  texnologiyaların mükəmməl olduğu halda,  məhdudiyyət, maneə və şərtiliklərin uzaq keçmişdən geri döndüyü “yeni Orta əsrlər” dövrünə qayıda bilməsi  asılıdır. Bizcə,  adi, tanış anlayış, adət-ənənə və qaydalar həyati  gerçəkliklər qarşısında get-gedə daha səmərəsiz, təsirsiz olduğundan, təsəvvürlər, şüur və reallıq arasında uyuşmazlıq, ola bilər, ziddiyyət formalaşdığından müasirlik bütün cəmiyyətləri, onların ayrı-ayrı qrup və birliklərini bir-biri ilə toqquşdurur.

İkincisi, XX əsrin sonlarından etibarən bu günə qədər mədəni müxtəlifliyə marağın bir neçə mərhələsini  fərqləndirmək olar: bir çoxlarının tezliklə assimilyasiya və inteqrasiyanın baş verəcəyinə (F.Fukuyama), vahid, universal qlobal mədəniyyətin təsbit ediləcəyinə əmin olması ilə  səciyyələnən mədəniyyətə diqqət mərhələsindən plüralizm və çoxnövlülüyün prioritetinə, müxtəlifliyin vəhdətinə (qlokallaşma) qədər. Belə ki, S. Hantinqton 2004-cü ildə “multikulturalizm və müxtəlifliyə pərəstiş”dən bəhs edirdi. Eyni zamanda, bunu da qeyd etməmək olmaz ki, bəzi rus tədqiqatçılarının fikrincə,  multikulturalizm amerikalılar tərəfindən dünyaya sırınır.

İndi  aydın olur ki, söz plüralizm, müxtəliflik və inteqrasiyanın mənəvi və maddi ehtiyatlarının uyğunlaşdırılması ölçüsü və ya ölçülərindən gedir. Mütləq vurğulamaq  istərdik ki, kollektiv inteqrasiyanın bir çox, o cümlədən millətüstü, milli, qrup və  yerli səviyyələri  vardır. Fikrimizcə, onun  ictimai şüurda dünya mədəniyyətinə, birliyinə inteqrasiyaya xüsusi pərəstiş edilməsində ifadə olunmuş dominantlığı dövrü  ictimai elmlərdə ona maraq oyatdı və mədəniyyət haqqında (kulturologiyanın), demokratik siyasi mədəniyyət haqqında elmlərin və s. üstünlük (prioritet) təşkil etməsi ilə nəticələndi. Daha sonra “müxtəliflik mədəniyyəti” dövrü etnotarix, etnomədəniyyət, etnososiologiya və etnopolitologiya üzrə tədqiqatların aktuallaşmasına səbəb oldu. Digər araşdırmaların aktuallığını ləğv etmədən  cari “ölçü axtarışı” mərhələsi müqayisəli və fənlərarası tədqiqatları, fəlsəfə, məntiq və metodologiyanı, mədəniyyət və etnik mədəniyyətlər haqqında məlumatların tənqidini, anlayışların məzmununun dəqiqləşdirilməsini, multikulturalizm və inteqrasiya üzrə konkret araşdırmaların qarşılıqlı  asılılığını aktuallaşdırır.

Üçüncüsü, Avropadan kənar arealda həmhüdud məkanların öyrənilməsi, Avropa mədəniyyəti, tarixi və fəlsəfəsi ilə müqayisələrin aparılması böyük əhəmiyyət kəsb etməyə başlayır, xüsusilə söhbət postsovet məkanından gedəndə. İdeallaşdırmaqdan  imtina etmə və  çoxsahəli və təkrarlanan,  kompleks, müqayisəli və sistemli tədqiqatlara keçmə. Eyni zamanda, bizcə, Avropada onunla həmsərhəd bölgələrin problemlərinin təhlilinə maraq artmalıdır.  Avropa millətlərinin (Fransa və İtaliyanın), milli dövlətlərin, assimilyasiya siyasətinin (məsələn, “Qallikanism”) təşəkkül etmə tarixi  bir problem olaraq, milli dövlət formalaşmasının yalnız XX əsrin sonlarında aktuallaşdığı ölkələrdə ciddi maraq doğurur. Bizcə, bu məsələlərə maraq belə bir tədqiqat problemin aktuallığını şərtləndirir: Nə üçün Avropada müxtəlif qrup azlıqların görünməmiş hüquqları bu sosiumların konkret olaraq, hər birində həyatda sağqalma xüsusunda təhlükəyə çevrilir və yubanmış modernləşdirmə ölkələrində buna necə münasibət bildirilməlidir?

Dördüncüsü, qloballaşma əsrindən qabaqkı dövrün  hər bir ölkəsində milli dövlətin formalaşması zamanı tarixdə (həm proses, həm də  elm kimi) mifologiya (böyüklük, əzəmət  haqqında miflər) mühüm bir yer tutmuşdur. Bu kontekstdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mifin müasir Ermənistanın tarixi və siyasətinə təsirinə həsr olunmuş tədqiqatlarının əhəmiyyətini vurğulamaq lazımdır. O, tamamilə haqlı olaraq yazır ki, qloballaşma və texnologiyalar dünyanı “kəşf” edən  zaman mifologiya ilə bağlı olan hər bir şey  ciddi surətdə yenidən gözdən keçirilməsini, yenidən mənalandırılmasını tələb etdi. Özü də yalnız Ermənistanda və ya  “yubanmış”  modernləşdirmə ölkələrində deyil, həm də   qlobal dünyaya   daxil olmuş  bütün ölkələrdə. Bu barədə İngiltərə və Fransada çox maraqlı əsərlər yazılıb, onların qarşılıqlı əlaqələrinin tarixinə dair  bir çox stereotiplərə  yenidən baxılır. (Bax:  Klark S. Anqliya i Fransiya: mı lyubim nenavidet druq druqa, “RİPOL klassik”, M. 2013). Fəqət, əgər Avropa ölkələrinin keçmişinin tarixinə aid  miflər yenidən mənalandırılırsa, onda bu, postsovet məkanı dövlətləri, müsəlman dünyası  xüsusunda “yeni-köhnə” miflər formalaşdırıldığını heç də  istisna etmir.     Miflər həqiqətən də identikliyin ayrılmaz bir hissəsi olub. Onlar həm  xeyir, həm də şər işlərdə istifadə oluna bilər, yəni onlar ambivalentdir. Onlar inteqrativ, lakin həm də  dezinteqrativ ola bilər. Miflər insanın şüuruna təsir göstərərək, fərdin onu əhatə və həyati aləmini, mənəviyyatını təşkil edən bir çox şeylərə münasibətini şərtləndirir. Uşaqların tərbiyəsində (nağıl, folklor), vətəndaş yetişdirmə işində müəyyən dərəcədə istifadə olunur. Fikrimizcə, məsələn, sosial psixologiyada istifadə olunan “yaddaş müharibələri” termini, mifin neqativ konnotasiyasına (əlavə məzmununa) üstünlük verir. Əslində, onun bu cür istifadə olunması mifin situasyon (durum) siyasətində əhəmiyyətini təsbit edir, amma elm üçün isə, əksinə, belə istifadə edilməsinin səbəblərini araşdırmağın zəruri olduğunu göstərir.

Çox hörmətli akademik Ramiz Mehdiyev yenə də haqlıdır:  bir elm kimi tarix mifə münasibətdə müəyyən qədər müxalif mövqedə olmalıdır. Akademik həm də bunda haqlıdır ki, mifə bu cür yanaşmanı tələb edənlər çox vaxt yalnız köhnə mifləri -  başqa xalqların, bəzi birliklərin mədəniyyətlərinin geriliyi və s. haqqında mifləri -  yeni miflər sifətilə canlandırırlar. Bir çoxları ingilis və fransızlar, fransız və almanlar, fransız və bretonlular, normanlar, lotaringiyalılar arasında, prussiyalı və bavariyalılar arasında “yaddaş müharibələri”ndən halidir. Amma indi onlar vahid sosial orqanizm, millət olublar. Fəqət, təhlükə hələ sovuşmayıb, yalnız indi, onların fikrincə, fransalı, isveçrəli və s. müsəlmanlardan gözlənilir. İlk baxışdan, burada  yeganə vasitə keçmişin (onun bütün komponentlərini  nəzərə almaq və yoxlamaqla) obyektiv tarixi tədqiqindən, keçmişin  hər hansı bir tarixi dərkinin şərti və məhdud olduğunun başa düşülməsindən,  başqalarına hörmətlə yanaşmaqdan ibarətdir. Lakin, misal üçün, daha gec müstəqil dövlət olmuş, indi isə öz qonşularını hədələyən ölkələrin proses kimi götürülən tarixi ilə bağlı vəziyyət heç də  birmənalı deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında düşünərkən bəzi Qərb alimləri bu aspekti düzgün, lazımi qədər qiymətləndirmir. Belə ki, IV Forumda italiyalı alimlərdən biri onun həlli üçün  İtaliya və Avstriya sərhədində yerləşən və  İtaliyaya məxsus, amma əhalisi avstriyalılardan ibarət olan Boltsano şəhərinin  təcrübəsindən  istifadə etməyin mümkün olduğunu deməyi caiz saydı. İtalyan sosioloqu onu nəzərə almadı ki, Ermənistandan fərqli olaraq, Avstriya  heç bir zaman Boltsano sakinlərini müharibəyə sövq etməyib.

Beşincisi, bizim üçün vacib olan bir də odur ki, “multikulturalizm” mədəniyyətinin bütün kontenti (məzmunu) ilə bağlı olan anlayışlar hələ də müəyyənləşdirilməyib və o, nəinki müxtəlif ölkə və elmi ənənələrdə, hətta ayrı-ayrı sahə alimləri arasında müxtəlif cür təfsir edilir. Onu da qeyd edək ki, mədəniyyət, etnos, millət anlayışları məfhumları hələ də qeyri-müəyyənlik və çoxmənalılıqdan xali deyil. Bir məfhum kimi multikulturalizm çox vaxt identiklik, fərqlilik siyasəti, plüralizm, azlıqlara münasibət və s. ilə əvəz olunur. Multikulturalizmin həm gerçəklikdə, bu və ya digər  cəmiyyətin həyatında, həm də məfhumi  qarşılıqlı təsir və konseptual dərketmə səviyyəsində inteqrasiya ilə qarşılıqlı əlaqələri dəqiqləşdirilməyib. Onu da nəzərə almaq lazımdır ki, bizim fikrimizcə, inteqrasiya həm ayrıca bir fərdin həyatına (ictimailəşmə, tərbiyə), həm də onun müxtəlif səviyyəli birliklərin həyatında iştirakına dərindən nüfuz və təsir edir, buna görə identikliyin ayrılmaz bir hissəsidir. Bu mənada araşdırmalarda  anlayışların  qarşılıqlı təsir və istifadəsinin dialektikasını (məntiqini) nəzərə almaq lazımdır.

Sonda qeyd etmək istərdik ki, bütövlükdə multikulturalizm problemləri təhlil obyekti olmalıdır. Lakin yalnız mədəniyyətlərin müxtəlifliyinin etirafı ilə  məhdudlaşdırılmamalı, onun komponentlərindən birinin dominantlığına müncər edilməməlidir. Fikrimizcə, elə məhz inteqrasiya onun  bütün problematikasına zəruri əlavə olur və əksinə, çoxmədəniyyətliliyin bütün formalarını qəbul edərkən başa düşmək lazımdır ki, inteqrasiyasız onlar dövlət və ictimai əsasların parçalanmasına gətirib çıxaracaq. Çoxmədəniyyətliliyin müsəlman komponentinin ictimai həyat üçün  təhlükə yaratdığının  bu cür intuitiv dərki Avropada da (Fransa), postsovet məkanı dövlətlərində də, Ukraynada, Moldovada və s. mədəniliyin Avropa və ya rus tərkib hissəsi kimi gözə çarpır. Bu təhlükə həm də ona görə duyulur ki, inteqrasiyanın xalqın, şəxsiyyətin mədəni identikliyinə hörmət ilə birlikdə həyata keçirilməli olduğu və əksinə, “öz” identikliyinin  tanınmasının cəmiyyətdə inteqrasiyadan imtinaya bəraət qazandırmadığı unudulubdur.

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə və Hüquq İnstitutunun  direktoru,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.3.