Qarabağ atları üzərində çövkən
oyununun
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs
Siyahısına
salınması mühüm hadisədir
Babalarımız tarixən at belində bu torpağın düşmənlərilə üz-üzə dayanıb. Dünyaca məşhur olan Qarabağ atları Azərbaycanımızı çox döyüşlərdən qalib çıxarıb. Bu atlar qorunub, nəsli artırılıb, tarixən idman oyunlarının da iştirakçısına çevrilib. Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları üzərində çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Bu atlarla yaxından tanışlıq üçün “Qarabağ atları” filminə baxmaq kifayətdir.
Elə bu yaxınlarda Parisdə təqdimatı
keçirilən “Qarabağ atları”
kitabı da
oxuculara olduqca
maraqlı məlumatları
çatdırır. Qarabağ
atları haqqındakı bu kitabı Azərbaycan Respublikası
Atçılıq Federasiyasının maliyyə və təşkilatı
dəstəyi ilə
atçılıq və onun tarixi üzrə ixtisaslaşmış
fransız yazıçı və tarixçisi,
2014-cü ilin “ Beynəlxalq At Oyunları səfiri” tituluna
layiq görülmüş
Jan-Lui Quron
yazmışdır. Kitabda Qarabağ atlarının xüsusiyyətləri,
beynəlxalq yarışlarda qazandığı uğurlar, habelə Ermənistanın ölkəmizə
təcavüzü nəticəsində, demək olar ki, yer
üzündən silinmək təhlükəsi ilə üzləşməsi barədə məlumatlar öz əksini tapıb.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Komitəsinin
Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ
atları ilə çövkən
oyununun bu nüfuzlu beynəlxalq təşkilatın
təcili qorunmaya möhtac
Qeyri-Maddi Mədəni İrs
Siyahısına salınması
milli-mənəvi dəyərlərimizdən birinə çevrilmiş bu oyuna verilən yüksək qiymətin nəticəsidir. Söz yox ki, bu,
ilk növbədə mənəvi dəyərlərimizin
hamisi, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın milli mədəniyyətimizin qorunması, inkişafı və təbliği
ilə bağlı apardığı davamlı
və gərgin işin nəticəsidir.
Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin də müstəsna xidmətləri
var. Həmin
sessiyada nazir Əbülfəs Qarayev demişdir: “Ümid edirik ki, bu qərar beynəlxalq
ictimaiyyətin bu oyuna
marağını artıracaq, oyunun
praktikasını davam etdirməyə və
onu gələcək nəsillərə
ötürməyə imkan verəcək”.
Çövkən oyunu xalqımızın milli-mənəvi dəyərlərinin tarixən
formalaşmış nümunələrindəndir.
Çövkən oyununun adı oyunda işlədilən alətin adı ilə
adlandırılıb. Bu da
ağacdan hazırlanan, çövkən
adlandırılan alətdir. Yeri gəlmişkən, bu
söz ulu kitabımız “Kitabi-Dədə Qorqud”da da Qaraca çobanın dilində işlədilib.
Oyunçular
çövkəni at belində bu alətin köməyi ilə oynayırlar.
Qeyd edək ki, Şərqdə
təşəkkül tapmış
başqa idman
növləri kimi, çövkən oyununun da dünyanın daha uzaq regionlarına
yayılmasında və inkişaf etdirilməsində
ingilislərin rolu olub.
Belə ki, XIX əsrdə Hindistandan
İngiltərəyə gətirilən bu
oyun getdikcə inkişaf
etdirilərək, yeni qaydalar
əsasında Amerika və Avropa ölkələrində yayılmağa
başlayıb. Məhz ingilislərin təşəbbüsü
ilə bu oyun “polo” adı altında ilk dəfə
1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə,
Qərb sivilizasiyasında bu adla təsbit edilib.
Tədqiqatçıların
fikrinə görə, onun yaranma tarixi eramızın I minilliyinin
ortalarına təsadüf edir. Müxtəlif ölkələrdə
bu idman növü əsl əyləncə mərasimlərinə
çevrilərdi. Azərbaycanda da çövkən oyunu tarixən qədim dövrlərə gedib
çıxır. Bunu təsdiq edən çoxsaylı mənbələr var və bu gün onlara istinadən
demək olar ki, çövkən oyunu milli-mənəvi dəyərlərimizin ən qədim
nümunələrindəndir. “Dədə Qorqud”
dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda belə bir ifadə var:
“Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə
gəlməz mənə”.
Klassik şairlərimiz Qətran Təbrizi, Xaqani
Şirvani, Zülfüqar
Şirvani, Nizami Gəncəvi,
Nəsimi, Xətai və digərlərinin əsərlərində
də çövkənlə
bağlı müəyyən məlumatlara rast
gəlinir. Əgər şairlər bu oyunu belə ətraflı təsvir ediblərsə,
deməli, onlar çövkən barədə yetərincə bilgilərə sahib olublar. Əgər belə olmasaydı, bunu kağız üzərinə
köçürməzdilər. Nəsimidə belə bir misra var:
“Başımı top eylədim, meydana girdim oynaram”. Məmməd Dadaşzadənin özünün
“Azərbaycan xalqının orta əsrlər
mənəvi mədəniyyəti ” əsərində yazdığı kimi Örənqalada, yəni indiki Beyləqan ərazisində şirə qablar
üzərində çövkən oyunçusunun təsviri onu
göstərir ki, bu milli oyun, həqiqətən
də, Azərbaycanda yaranıb və yayılıb.
Çövkən oyunu ilə
bağlı I Şah Təhmasibin “Kuh və çövkən”, yəni top və çövkən əsəri var. XVII əsr türk səyyahı
Övliya Çələbinin
yazılarında da oyun
barədə məlumatlara rast gəlirik.
Təbrizdə mərkəzi yerlərdə oyun
meydanları barədə məlumat
verilib. Bu faktın özü də belə göstərir ki,
qədim Azərbaycanda bu oyun
çox məşhur olub.
Azərbaycanın dahi şairi Nizami Gəncəvi
tarixi hadisələr əsasında
yazdığı “Şərəfnamə” əsərində
çövkən oyunu haqqında məlumat
verir. Azərbaycanda çövkən oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin
“Xosrov və Şirin”
poemasında Şirin çövkən
meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri
qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir
edilmişdir.
Tarixi roman janrında yazan yazıçımız Məmməd Səid
Ordubadinin “Qılınc və qələm
” romanında xüsusi bir
fəsil çövkən oyununa həsr olunub. O bölümdə göstərilir ki, ərəb xilafəti dövründə bu oyun ən təntənəli
bayramlar, xüsusi
günlər zamanı keçirilirdi və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora
aparılırdı.
Çövkənin qədim
Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində
bu oyunun dönə-dönə
təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat
verilməsidir.
Qarabağ xanlığı dövründə
çövkən oyunlarına maraq daha da artmış, Şuşa şəhərindəki
Cıdır düzündə, Xankəndi və Xocalı
arasındakı ərazidə, Ağdamda
cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən
yarışları keçirilmişdir. Vaxtaşırı keçirilən bu yarışlarda Qarabağın müxtəlif
yerlərindən gəlmiş gənclər öz
məharətlərini göstərirlər.
Ancaq bütün bunlara
baxmayaraq, yazılı və arxeoloji mənbələrə heç
bir məhəl qoymayan
bəzi dövlətlər
çövkəni bizim digər mədəni
sərvətlərimiz kimi mənimsəmək
niyyətindədir. Çövkən oyununun
təkcə Azərbaycana yox, bütün türk dünyasına aid olduğunu sübut edən
çoxlu sayda mənbələr
mövcuddur. Belə ki, qazax, özbək,
türkmən, qırğız
xalqlarında bu oyunun
növləri mövcuddur.
Mədəniyyət və
Turizm Nazirliyinin beynəlxalq
əlaqələr şöbəsinin müdiri
Vasif Eyvazzadə
yazır: “Elə oyun və mədəni
elementlər var ki, onlar çoxmillətli xarakter
daşıyır. Yəni, bir çox ölkə və xalqlar
tərəfindən bu adət və ənənələr
icra edilir, ancaq hər xalqın öz
spesifik xüsusiyyətlərinə
görə fərqlənir. Komissiyanın şərtlərindən
biri də ondan ibarətdir
ki, hər kəs öz
xalqına məxsus elementləri, mədəniyyət nümunələrini
UNESCO-nun siyahısına təqdim edə
bilər. Yəni bu, digər ölkənin
eyniadlı elementi təqdim etməsinə
maneçilik törətmir. İran tərəfindən bəzi
qurumların etdiyi narazılıqların hüquqi əsası yoxdur.
Yəni UNESCO-nun konkret
konvensiyası var. Bu
konvensiyanın da müəyyən
kriteriyaları və təlimat sənədləri var. Azərbaycan tərəf olaraq,
aidiyyatı qurumlarla birgə bütün bu
konvensiyanın şərtləri, beynəlxalq hüquqi
normaları nəzərə alınaraq Qarabağ
atları üzərində çökən oyunu UNESCO-ya təqdim
olunub”.
Əsrlər ötsə də, çövkən oyunu
xalqımızın milli-mənəvi
sərvəti kimi unudulmayıb, müxtəlif dövrlərdə bu oyuna maraq artıb. Qeyd edək ki, yaşı
min illərə söykənən
çövkənin Azərbaycanda tədqiqatı SSRİ
dövründə də aparılıb. Sirr
deyil ki, 1000 il keçdikdən sonra milli atüstü
oyunların bərpası gərgin axtarış və əmək
tələb edirdi. Nəhayət,
1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin
çıxacağında kiçicik
Cıdır düzü təşkil edən
respublikanın əməkdar məşqçisi Fikrət Hüseynov 4 kolxozdan
atları yığır və gəncləri öz
ətrafına toplayır. Həmin dövrə qədər Azərbaycan
milli atüstü oyunlar üzrə ittifaqmiqyaslı
yarışlarda iştirak edə bilmirdi. Bu geriliyi aradan
qaldırmaq üçün Gəncə ətrafındakı
4 kolxozda 10-a yaxın xüsusi
komanda yaradıldı, məşqlər
başlandı. Bu sahədə aparılan
işlər, elə qeyd etdiyimiz
bu faktın özü
də çövkənin mənsubiyyətindən xəbər
verir.
XX əsrin
sonlarında Ermənistanın Azərbaycana təcavüzü
Qarabağda azərbaycanlıların
kütləvi soyqırımı, yüz
minlərlə qaçqın və məcburi köçkün kütləsinin yaranması ilə yanaşı,
xalqımızın maddi və qeyri-maddi mədəni irsinə də
ağır zərbə vurmuşdur. Buna baxmayaraq, çövkən oyunu
Aran Qarabağın işğal
olunmamış yerlərində,
həmçinin respublikamızın bir çox bölgələrində bu gün də
yaşamaqdadır. Atüstü milli oyunlarımızın qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin
bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması
məqsədilə artıq üçüncü
ildir ki, Prezident Kuboku uğrunda çövkən milli
oyunu üzrə turnir
keçirilir. Sözügedən kubok uğrunda turnir Şəkinin Daşüz
kəndində yerləşən respublika
Atçılıq Turizm Mərkəzinin
bazasında təşkil edilir. Sayca üçüncü
olan turnirə ötən il
dekabrın 19-da start verilmiş,
dekabrın 22-də isə final oyunu ilə başa
çatmışdır. Yarışın təşkilatçısı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm
Mərkəzidir.
Bu
yaxınlarda Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Çövkən
” sənədli filmini
kinorejissor Rafiq
Əliyev yüksək səviyyədə
lentə alıb. Film “Salnamə” studiyasında çəkilib.
Rejissorla
söhbətimiz zamanı o bildirdi ki, film
Şəki şəhərində keçirilən
çövkən yarışlarından başlayır. Komandalarla söhbət və
tanışlıq zamanı “Ağdam”
komandası və komandanın rəhbəri Cəfər diqqətimi
çəkdi. Düşündüm ki, filmin qəhrəmanı
elə bu gənc ola
bilər. Onu da deyim ki, hazırda Cəfər
Oğuz rayonunun ucqar kəndlərinin birində yaşayır.
O, Qarabağda doğulub.
Çəkiliş qrupunun işi
də olduqca qənaətbəxş idi. Operatorlar atların hərəkətini, qolun
qapıya vurulmasını, çaparların zədələnməsini,
çaparların atlarla
davranışını və s. kimi maraqlı kadrları çəkdilər.
Çəkiliş çox uğurlu alındı.Çünki operatorlar mənim nə istədiyimi və film üçün
hansı kadrların lazım olduğunu
yaxşı bilirdilər. Onu da deyim
ki, “Çövkən” filmi
2011-ci ildə Bakıda keçirilən I İdman
Oyunları Festivalında nümayiş olunub.
Bu
festivala tamaşaçıların,
xüsusilə xarici
turistlərin böyük
maraq göstərməsi bir
daha sübut edir ki, Azərbaycanda
çövkən oyunu həmişə yaşayacaq və
minilliklər boyu milli
dəyərlərimizdən olan atüstü oyunları qoruyub
saxlamış xalqımız bundan sonra da ona
sahib çıxacaq. İnanırıq ki, tezliklə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
xalqımızın mənafeyinə uyğun
həll olunacaq, Qarabağ
igidləri Qarabağ atları üzərində Şuşanın Cıdır
düzündə öz məharətlərini
nümayiş etdirəcəklər.
Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.6.