“Hər şey qələbə üçünkitab-albomu

Sumqayıtda təqdim olunub

 

Sumqayıtın Tarixi Muzeyində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanan “Hər şey qələbə üçün” kitab-albomunun təqdimatı keçirilib. Kitab ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

 

Tədbirdə  ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri, ziyalılar və gənclər iştirak edirdi.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev ulu öndərin Azərbaycanda müstəqil dövlət quruculuğu ilə bağlı fəaliyyətinə həsr olunan nəfis tərtibatlı yeni kitab-albom barədə ürək sözlərini söylədi. O bildirdi ki, Azərbaycanın otuz ildən artıq bir dövrü əhatə edən inkişaf tarixi məhz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu illər ərzində respublika həyatının bütün sahələrində sürətli tərəqqi baş verib. Hələ sovetlər dönəmində Azərbaycanda ixtisaslı hərbi kadrların hazırlanması, gənclərin hərb elminə dərindən yiyələnməsi ulu öndərin əsas məqsədlərindən idi. Məhz onun qətiyyəti nəticəsində bu yöndə mühüm addımlar atılmış və hərbi məktəblər fəaliyyətə başlamışdı. Müstəqillik illərində Heydər Əliyev nizami ordu quruculuğunda böyük nailiyyətlərə imza atıb. Bu gün möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Milli Ordumuz Qafqazın ən güclü ordusu səviyyəsinə yüksəlib. A. Quluyev yeni əsəri ərsəyə gətirənlərə təşəkkürünü bildirdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sumqayıt şəhər şöbəsinin rəisi Natiq Qarayev və digər çıxışçılar da ulu öndərin ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən söz açdılar. Bildirildi ki, ötən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanda peşəkar zabit ordusunun formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Unudulmaz böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərbçilərlə görüşlərini əks etdirən foto və məqalələrin yer aldığı bu kitabın gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağı vurğulandı.

Fərəh doğuran haldır ki, Azərbaycan ordusunun şöhrətinin artmasında sumqayıtlı igidlərin də əvəzsiz xidmətləri olub. Şəhərdəki “Şəhidlər xiyabanı” abidə-kompleksinin ən müasir səviyyədə yenidən qurulması Vətən uğrunda həlak olanların ruhuna böyük ehtiram əlamətidir.

Sonda tədbir iştirakçılarına “Hər şey qələbə üçünkitab-albomunun nüsxələri paylandı və şəhərin gənc fəallarından bir qrupuna hərbi paradlardakı nümunəvi çıxışlarına görə hədiyyələr təqdim olundu.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.5.