Zaqatalanın əks-sədası...

 

 ...Yenə yazı masamın arxasındayam və yenə də Zaqatala barədə yazmaq, bu dağlar diyarının təbiəti, insanları, tərəqqisi, üstəlik, qonaq-qarası barədə söz açmaq istəyirəm. Amma yenə də yazının əvvəlinə çıxarılmalı məqamlar çox olduğuna görə seçim etmək çətinləşir.

 

... Bəlkə də sərlövhəyə çıxartdığımız əks-səda məsələsinin fərqinə varmayacaqdıq. Eləcə rayonun sosial-iqtisadi həyatındakı tərəqqidən, tikinti-quruculuq, abadlıq işlərindən, yəni bugünkü Zaqatala həqiqətlərindən yazmaqla kifayətlənəcəkdik. Ancaq rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bir söhbəti  bu yazının istiqamətini tamamilə  olmasa da, kifayət qədər başqa səmtə yönəltdi. Mübariz müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın sonunda  Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumundakı  nitqini yada salaraq qeyd etdi ki, dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanda bu məsələyə verilən xüsusi önəmin göstəricisi idi:  - Diqqət yetirdinizmi, forum çərçivəsində xarici qonaqlar tərəfindən dönə-dönə xatırladıldı ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti əksər ölkələr üçün nümunə ola bilər. Doğrudan da cənab Prezident də ulu öndərimiz kimi, gənclərlə işə, əhalinin bu təbəqəsinin daha mükəmməl vətəndaş kimi yetişməsinə çox böyük önəm verir. Mən çox şadam ki, dövlət siyasətimizin bütün sahələri kimi,  cənab Prezidentin gənclər siyasəti də Zaqatalada özünəməxsus  əks-sədasını tapır.

Sonra Mübariz müəllim bir neçə faktı yada saldı. Məsələn, qeyd edildi ki, bu ilin  aprelindən  etibarən Zaqatalada  150-dən çox   gənc ailənin nikahı  rayonun Heydər  Əliyev  Mərkəzində qeydə alınıb.  Keçirilən hər bir nikah yüksək səviyyədə  təşkil  olunub,  mərasimlərin  foto və video görüntüləri mərkəzin fondunda saxlanılıb ki, bu da gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində  mühüm əhəmiyyət kəsb edir.  Yaxud, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Nə? Harada? Nə zaman? intellektual oyununun zona mərhələsində Zaqatala gənclərinin  komandası I yerə layiq görülərək fəxri fərman və qızıl medalla təltif edilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təhsildə fərqlənən  40 nəfər IX-XI sinif  şagirdi  Quba-Xaçmaz  rayonlarına səfər edərək xoş təəssüratlarla geri dönüb. Eləcə də Zaqatalada Gənclərin VII Forumu çərçivəsində rayon gənclərinin toplantısı keçirilib, Bakı şəhərində keçirilən Azərbaycan Gənclərinin VII Forumunda Zaqataladan 14 gənc iştirak edib. İyunun ilk günlərində Bakıda  keçirilən “Mənim Azərbaycanım” tanıtım festivalında Zaqatala gənclərinin iştirakı təmin edilib. Festivalda  Zaqatalanın sosial-iqtisadi inkişafı və turizm imkanlarını əks etdirən videoçarx nümayiş etdirilib. Yəni bu gün Zaqatalada dövlət gənclər siyasətinin çox böyük əks-sədasını görə bilərsiniz.

Daha bir məqamı  yada salaq. Dövlət başçımız son çıxış və nitqlərində Azərbaycanın çoxsaylı uğurlarından, əldə edilən nailiyyətlərdən söz açır, konkret rəqəmlər səsləndirir. Həmin tendensiyanı uğurla davam etdirən zaqatalalılar isə fəxrlə deyirlər ki, təkcə bu ilin geridə qalan aylarında   rayonda bütün maliyyə mənbələri hesabına 31,8 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Şəhərdəki  Heydər Əliyev Mərkəzi üçün inşa edilən yeni binanın tikintisi başa çatdırılıb.  Fikrət Əmirov və Vidadi küçələrinin kəsişməsində yeraltı piyada keçidinin tikintisinə başlanılıb. Aşağı Tala, Yuxarı Tala və Kürdəmir kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün yeni binalar tikilərək  istifadəyə verilib. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının yeni binasının, Yuxarı Tala kəndində 2 nömrəli tam orta məktəb üçün 450 şagird yerlik yeni binanın, maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, Dövlət yanğın xidmətinin rayon şöbəsinin depo binasının tikintisi davam etdirilib.

 İndi isə Zaqatalanın ümumi sosial-iqtisadi göstəricilərinin ildən-ilə deyil, aydan-aya yaxşılaşması barədə öyrəndiyimiz bəzi faktlara müraciət edək. “Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası  zamanı bu ilin əvvəlindən bəri  176,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul buraxılışı əvvəlki illə müqayisədə kənd təsərrüfatında 3,1, sənayedə 36,6,  rabitədə 22,9,  nəqliyyatda 10,3, ticarətdə isə 3,2 faiz  çox olub. Pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz artıb, 1131-i daimi olmaqla 1186 yeni iş yeri yaradılıb.

Məlum olduğu kimi, Zaqatala həm də respublikanın aqrar rayonlarından biridir. Ona görə də təkcə bu ilin geridə qalan aylarında  rayonda 87,1 milyon manatlıqdan çox  kənd təsərrüfatı məhsulları istehsal edilib.  Konkret rəqəmlərlə desək,  16,7 min ton buğda, 31,6 min ton qarğıdalı,  320 ton günəbaxan, 244 ton lobya, 15,1 min ton kartof, 18,9 min ton  tərəvəz, 8,2 min ton  bostan məhsulu, 871 ton tütün, 18,6 min ton meyvə, 188 ton   üzüm, 16 ton yaşıl çay yarpağı istehsal olunub.

Ölkə Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamının icrası olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən qazılacaq 17 ədəd subartezian quyusunun yeri mütəxəssislər tərəfindən müəyyən edilib və artıq 14 kənddə (Əliabad qəsəbəsi, Danaçı, Kəpənəkçi, Aşağı Çardaxlar, Çobankol, Yuxarı Tala, Dombabinə, Aşağı Tala, Mosul, Göyəm, Sumaylı, Yeni Suvagil, Bazar və Gözbarax) subartezian quyularının qazılması tamamlanıb, 26 ədəd subartezian quyusu təmir edilib, iki pilləli Alazan nasos stansiyasında təmir bərpa işləri davam etdirilib.

Rayon həyatının digər sosial sahələri barədə öyrəndiyimiz faktlarda göstərilirdi ki,  Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının tikintisinə və  Azərbaycan prospektindəki yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahələrində yenidənqurma işləri aparmaqla yeni 100 yerlik uşaq bağçası kimi uyğunlaşdırılması işlərinə başlanılıb. Bundan başqa, rayonda ümumi sahəsi 10 min 382 kvadratmetr olan 69 fərdi yaşayış evi tikilərək istifadəyə verilib, yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilib.

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  2013-cü il avqustun 23-də imzaladığı sərəncamı ilə Zaqatala şəhərinin tarixi görkəminin bərpası və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin Heydər Əliyev və Azərbaycan prospektlərində, 28 May, Ü.Sadıqov, Şəhriyar, Qarabağ və V.Qurbanov küçələrində binaların fasadlarında 1568 kvadratmetrlik  bərpa, dam örtüklərində 4200 kvadratmetrlik  əsaslı təmir işləri aparılıb, küçələrə 4000 metr uzunluğunda bardür, səkilərə 14000 kvadratmetr  asfalt, 2800 kvadratmetr  tamet örtüyü döşənilib, 1200 metr su xətti çəkilib , 1700 metr uzunluğunda yağış suyu arxı tikilib , 45 ədəd yeni işıq dirəyi quraşdırılıb  və 4000 kvadratmetr  yaşıllıq zolağı salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Çox təəssüf ki, bu bölgədə baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması  barədə tez-tez  yazmalı oluruq. Məsələn, bu il sentyabrın 5-də,  gecə saatlarında rayon ərazisində baş vermiş güclü külək və leysan nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün fövqəladə hallar üzrə rayon komissiyasının işçi qrupları tərəfindən yerlərdə müayinələr aparılıb, ilk növbədə rayonun daxili imkanları hesabına 9281 kvadratmetr mənzil istismar idarəsinin balansında olan və digər binaların və digər çoxmənzilli evlərin, ümumtəhsil məktəblərinin, uşaq bağçalarının, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı keçmiş internat məktəbinin ziyan dəymiş dam örtükləri bərpa edilib. Belə ki, təbii fəlakət nəticəsində dam örtüyü uçmuş 67 binanın 4340 ədəd şifer dam örtüyü, 1180 kvadratmetr dəmir örtük yenilənib. Hazırda bu sahədə təmir-bərpa işləri davam etdirilir.

Bölgə  müxbiri kimi şahidi olduğum məqamlardan biri də budur ki, rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsinin icrası olaraq gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirklı su təmizləyici qurğular kompleksinin tikintisi artıq başa çatdırılıb. Hazırda sazlama, yaşayış evlərinə yeni xətlərin qoşulması və sayğacların aktivləşdirilməsi işləri davam etdirilir. Artıq Zaqatala Sukanal İdarəsi tərəfindən 6529-dan artıq abonentə yeni istifadəyə verilmiş şəbəkədən içməli su xidməti göstərilir.

Digər bir xidmət sahəsində– rayonun yaşayış məntəqələrinin  enerji təminatı sahəsində də kifayət qədər   işlər görülüb. 110 kv-luq yarımstansiyada təmir işləri aparılıb,  12,35 kilometr  uzunluğundakı hava elektrik verilişi xətləri, 25 ədəd transformator məntəqəsi əsaslı və cari təmir edilib, 1324 ədəd yeni elektrik sayğacı quraşdırılıb, 8,5 kilometr  uzunluğunda SİP kabel xətti çəkilib. 35 ədəd istismara yararsız dayaq yeni tipli dəmir-beton dayaqla əvəz edilib.

Eləcə də rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib. Makov kəndinə 1732 metrlik  daşıyıcı qaz xətti çəkilib, Qəbizdərə kəndinə xətlərin çəkilişi başa çatdırılaraq əhaliyə təbii qazın verilməsi təmin edilib. Yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Aşağı Tala kəndi ərazisində 9 ədəd, Muxax kəndində 17 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırılıb. Əliabad qəsəbəsində 190 mənzilə, Makov kəndində 125 mənzilə qaz sayğacı quraşdırılaraq qaz xətləri çəkilib. İstismar müddəti başa çatmış 2313 ədəd qaz sayğaçı SOCAR tipli sayğaclarla əvəz edilib, 1753 abonentin mənzillərinə yeni qaz xətləri çəkilərək təbii qazla təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədilə Prezidentin Ehtiyat Fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayırmış vəsait hesabına avtomobil yolunda tikinti işləri davam etdirilib, ilin əvvəlindən 9,5 kilometr olmaqla, ümumilikdə 23,5 kilometr  uzunluğunda asfalt örtüyü döşənib.

Rayonun  ümumtəhsil  məktəblərində  təlimin  keyfiyyətinin  yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə və yeni mexanizmlərlə işləməsinə diqqət artırılıb,  Əliabad qəsəbə 1 saylı , Yolayrıc kənd tam orta , Danaçı kənd 4 saylı ibtidai məktəblərində kurikulum nəzəriyyəsi öyrənilib, eyni zamanda Qandax kənd tam orta, Şəhər 5 saylı, Car 2 saylı ümumi orta  məktəblərində riyaziyyatın tədrisi vəziyyəti öyrənilərək rayon təhsil  şöbəsinin Şura iclasında müzakirə edilib.

Bu il  rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 1214  məzundan 475 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib  və onlardan 341 nəfəri  tələbə adını qazanıb. Rayon üzrə 18 nəfər 600-dən yuxarı,  37 nəfər isə 500-dən yuxarı bal toplayıb. Sonuncu  tədris ilində  orta məktəbləri bitirən 4 nəfər məzun qızıl medala layiq  görülüb,  Prezident İlham Əliyevin sərəncamı ilə Humanitar Fənlər Gimnaziyasının ibtidai sinif müəllimi   Məhsəti Qazıyeva “Tərəqqi” medalına, şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Səadət  Bilal  qızı Baqqayeva “Əməkdar  müəllim” fəxri adına layiq  görülüblər.

Daha bir mühüm məsələ. Rayon rəhbərliyinin qayğı və diqqəti nəticəsində  səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilir. İlin geridə qalan ayları  ərzində mərkəzi  xəstəxana 307 min 920  manat dəyərində dərman və sarğı materialları  ilə təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, rayon icra hakimiyyətinin şura yığıncağında qəbul edilmiş qərar əsasında xəstəxanada hələ mart ayında xüsusi   qərargah yaradılıb və əhalinin müayinəsi başa çatdırılıb. Görülən işlərin nəticəsində   80 min 665 nəfər tibbi profilaktik müayinədən keçirilib.

Bax belə. Kiçik bir yazıda Zaqatala həqiqətləri haqqında çox söz açmağa çalışdıq. Bəli, məhz çalışdıq, aça bilmədik. Çünki Zaqatala haqqında həqiqi təsəvvürün yaranması üçün  bir, iki, beş yazı kifayət etməz. Bu sahədə tam təsəvvürə malik olmaq istəyənlər mütləq Zaqatalanı öz gözləri ilə görməlidirlər. Xüsusən, təbiətin indiki çoxrəngli dövründə. Bu diyarın payızının baharına nisbətən daha  çox “palitralıq” olduğunu deyən rəssamla mən tamamilə razıyam. Gəlsəniz, siz də mənim kimi həmin rəssamı alqışlayacaqsınız...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 5 noyabr.- S.5.