Beynəlxalq qurumlar sığorta-pensiya islahatlarının
Azərbaycan modelini yüksək qiymətləndirirlər
Son illər dünyanı, xüsusilə, Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, nəzərdə tutulan sosial layihə ixtisar edilməmiş, əksinə, maaşlar, pensiyalar qaldırılmış, sosialyönümlü investisiyalara vəsait ayrılmış, makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etmişdir.
Ölkəmizdə
uğurlu sosial siyasət
və sürətli islahatlar həyata keçirilir və bazar
iqtisadiyyatının tələblərinə uyğun
gerçəkləşdirilən islahatlarla
əhalinin rifahının əlaqələndirilməsi
konsepsiyasının uğurlu icrası nəticəsində
sosial müdafiə sistemi
beynəlxalq standartlar əsasında
keyfiyyətcə yenidən
qurulur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət
Proqramı”na uyğun olaraq
davam etdirilən tədbirlər nəticəsində
bu ilin 9 ayında
dövlət sosial sığorta sistemində
fərdi hesaba malik olan sığortaolunanların sayı artıb. Ölkə
üzrə əmək pensiyaçılarının sayı
2014-cü il oktyabrın 1-nə 1286,2 min nəfər olub və
onların 782581 nəfəri yaşa,
363181 nəfəri əlilliyə, 140425 nəfəri isə
ailə başçısını itirməyə görə
əmək pensiyası alırlar. Yaşa
görə pensiyaçılar üzrə əvəzetmə əmsalı
43,4 faizə çatdırılmışdır. Bu artım
dinamikası MDB-nin pensiyaların məbləği
nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən
yuxarı artımdır və pensiyanın minimum
məbləğinin əməkhaqqının minimum
məbləğinə nisbətinə görə ölkəmiz
ilk yerdədir (Azərbaycan 95,2 faiz, Belarus 79,8 faiz, Rusiya 70,4 faiz).
Son on il ərzində
çox ciddi sosial-iqtisadi islahatların
aparılmasının məntiqi nəticəsi kimi 2014-cü il
oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa
görə əmək pensiyasının orta
aylıq məbləği 191,5 manat təşkil etmiş,
DSMF-nin büdcəsinə daxil
olmuş sosial
sığorta haqlarının məbləği 8 dəfə
artmışdır. Hazırda yaşa
görə əmək pensiyalarının orta
aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da
Avropa Sosial
Xartiyasının tələblərinə tam
cavab verir.
Sığorta-pensiya
sistemində aparılan davamlı islahat tədbirlərinin
məntiqi nəticəsi olaraq Şərqi
Avropa və MDB məkanında
pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
təyinatına ilk
olaraq Azərbaycanda başlanılıb. Azərbaycan Respublikası Prezidentinin
“Dövlət orqanlarının elektron
xidmətlər göstərilməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” fərmanının
icrası ilə əlaqədar DSMF tərəfindən
pensiyaçılar, sığortaedənlər və
sığortaolunanlar üçün nəzərdə
tutulan əsas xidmətlər
elektronlaşdırılmışdır. Fondun təqdim etdiyi elektron xidmətlər
“elektron hökumət” portalının
statistikasına əsasən ən çox
istifadə olunan xidmətlər sırasında
ilk yerləri tutmuş,
bu ilin 9 ayı ərzində
DSMF-nin həm öz
saytı, həm də “elektron hökumət”
portalı vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş
yararlanmışdır. İslahatlar və
elektron xidmətlərin genişləndirilməsi
nəticəsində işləyənlərin sosial
müdafiəsinin və gələcək pensiya
təminatı hüquqlarının qorunması məqsədi
ilə qeyri-leqal əmək münasibətlərinin
rəsmiləşdirilməsi və əmək
haqlarının süni surətdə
aşağı məbləğlərdə müəyyənləşdirilməsi
hallarının qarşısı alınmış və
2014-cü ilin ilk 9
ayında fondun gəlirləri 2152,2 milyon manat, məcburi
dövlət sosial sığorta
haqları üzrə daxilolmalar 1243,5 milyon manat, xərclər
isə 2138,5 milyon manat
olmuş və bunun
98,1 faizi pensiya və
müavinətlərin maliyyələşdirilməsinə
yönəldilmişdir. Dünya Bankının biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən “Doing Business 2015" hesabatına əsasən, Azərbaycan
ən çox islahat aparan on ölkə
sırasında səkkizinci yer alıb və
məcburi dövlət sosial
sığorta haqlarının ödənişi və hesabat sisteminin
avtomatlaşdırılması nəticəsində 32 pillə
irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət
istiqamətləri üzrə ən yüksək göstəricidir.
DSMF ilə
Avropa İttifaqının (Aİ) birgə
layihəsi çərçivəsində Azərbaycanın
sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət
pensiya fondlarının
formalaşdırılması və fəaliyyətini tənzimləyəcək
qanunvericilik bazasının
yaradılması ilə bağlı Aİ-nın ekspertlər qrupu Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyəti,
qanunvericilik və maliyyə sistemini öyrənmiş, təhlil və digər
araşdırmalar aparmışlar. Ötən dövr
ərzində dövlət sosial
sığorta sistemində fərdi uçotun
tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə
yetirilmiş, bu sahədə normativ
hüquqi baza
yaradılmış, zəruri infrastruktur qurulmuş və 2 milyon
800 min nəfərdən çox
şəxsə fərdi şəxsi hesab
açılaraq sosial sığorta şəhadətnamələri
verilmişdir. İşləyən şəxsin
gələcəkdə dövlət pensiya
təminatının onun sığorta
stajından və fərdi şəxsi
hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının
miqdarından birbaşa asılı olduğunu nəzərə alaraq,
vətəndaşlar öz fərdi
hesablarında məlumatların tam əks
olunmasında xüsusi maraqlı
olmalı, ölkəmizdə fərdi uçot
sisteminin tətbiqindən əvvəlki,
yəni 2006-cı ilədək olan iş stajlarının qeydiyyata
alınmasında aktivlik göstərməlidirlər.
Çünki
avtomatlaşdırılmış pensiya təyinatı
yalnız sistemdə qeydiyyata düşmüş elektron
göstəricilər əsasında aparılır.
Aparılan
islahatların nəticəsi ürəkaçandır:
2013-cü ildən pensiyalar
avtomatlaşdırılıb, “Çağrı mərkəzi”
vasitəsilə pensiya yaşına
çatmış vətəndaş 190-a zəng edib yalnız şəxsiyyət vəsiqəsinin
nömrəsini təqdim etməklə pensiya
təyin edilməsini həyata keçirir, “Pensiya
kalkulyatoru” xidməti vasitəsilə hər
kəs pensiyasının məbləği barədə məlumat
əldə edə bilir, pensiya
ödənişlərinin 99,9 faizi plastik kartlarla
aparılır, 800-ə yaxın yeni bankomat qurulub, bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada
qəbul edilir, kiçik ödəniş edən,
mühasibatlığı avtomatlaşdırılmamış
torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin
yerli şöbələrində
yaradılmış “Yardım masaları”nda
hesabatlarını elektron formada
təqdim edirlər, işəgötürənlər,
sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər,
torpaq pay mülkiyyətçiləri
və digər sığortaedənlər tərəfindən
məcburi dövlət sosial
sığorta haqlarının ödənilməsi prosesi asanlaşdırılıb, bu sahədə şəffaflıq daha da artıb,
sığortaolunanlar işəgötürənin onun üçün əmək
haqqına uyğun sosial
sığorta haqqı köçürdüyünə nəzarət
edə bilir, bölgələrdə
keçirilən “Açıq qapı günü”
– vətəndaş forumlarında pensiyaçılar üçün hər ay
yenilənən faizsiz kredit
limitindən istifadə imkanı yaradan
“Pensiya+”xidməti, habelə tətbiq edilən digər
çoxsaylı elektron xidmətlər barədə
məlumatlar verilir.
Bu gün nüfuzlu beynəlxalq qurumlar
və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modeli keçid ölkələri
üçün nümunə kimi qiymətləndirilir. Ona görə ki, əvvəla, ölkənin iqtisadi
həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı
prinsipləri əsasında əlaqələndirilməsi təmin
edilmiş, müasir əsaslı
sığorta-pensiya sistemi vasitəsilə
iqtisadiyyatdakı əməkhaqqı fondu,
sosial sığorta haqları və həmin
haqlara görə təyin olunan
pensiyalar həlqəsi
qurulmuşdur. İkincisi,
dünyada olan çox mühüm bir problem – qlobal
yaşlanma fonunda dəyişən
demoqrafik tendensiyaların pensiya
sisteminə təsirinin uğurla tənzimlənməsi
həyata keçirilmişdir. Üçüncüsü,
pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi ilə pensiya islahatlarının
eyni vaxtda aparılması
nəticəsində mövcud maliyyə
imkanlarının ölkə əhalisinin 13,5 faizini
təşkil edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunmuş və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini tapmışdır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun
elan etdiyi
“Sığorta-pensiya sistemində aktiv
iştirakınız gələcəyinizin qarantıdır” mövzusunda müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2014.- 5 noyabr.- S.5.