İnsanlıq rütbəsini vəzifədən üstün tutan adam

 

Həsən Cabbarzadə - 95

 

Azərbaycan mətbuatının tanınmış simalarından biri olan Həsən Cabbarzadə uzun illər “Kommunist” (indiki “Xalq qəzeti”) redaksiyasında çalışmışdır. Yaşlı nəslin nümayəndələri onun “Mətbuat xülasəsi”, “Son poçt”, “Rayon qəzetlərinin səhifələrində” və digər rubrikalar altında dərc edilən dərin məzmunlu məqalələrini indi də yaxşı xatırlayırlar.

 

Mətbuatımızın, bütövlükdə jurnalistikamızın əsas xüsusiyyətlərindən biri həmişə xalqla, geniş ictimaiyyətlə sıx bağlılıq olmuşdur. Redaksiya və nəşriyyatlarda, radiotelekanallarda çalışaraq öz zəngin yaradıcılıqları ilə seçilən söz və qələm sahibləri bütün dövrlərdə ictimai-siyasi, mədəni, iqtisadi həyatımızın bütün sahələri ilə, orada çalışan insanlarla daim ünsiyyətdə fəaliyyət göstərmişlər.

Bu baxımdan “Kommunist” qəzetinin özünəməxsus ənənələri var idi. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı, respublikanın bir nömrəli qəzeti idi. Beş yüz min - beş yüz səksən min tirajla çıxan, hökmü daşdan keçən bu qəzet hər gün üç-dörd saat ərzində ölkənin hər tərəfinə yayılırdı. Respublikanın bütün iqtisadi, elmi, mədəni və sosial həyatını öz səhifələrində geniş işığlandırırdı. Ümummilli liderimiz Heydər Əliyev “Xalq qəzeti”nin 75 illiyi ilə bağlı redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda yazırdı: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”.  

Həsən Cabbarzadə digər cəfakeş qələm dostları ilə birlikdə redaksiyanın bu ənənələrini ləyaqətlə qoruyanonu zənginləşdirməyə çalışan, redaksiyadakı gənc jurnalist kadrlara böyük qayğı ilə yanaşanöz zəngin qəzetçilik təcrübəsini onlara həvəslə öyrədən insanlardan olmuşdur. Həsən müəllim bütün varlığı ilə əməkdaşı olduğu qəzetə, onun kollektivinə bağlanmışdı. Onun söhbətlərindən aydın sezmək olurdu ki, Həsən müəllim bu kollektivlə nəfəs alır, onun uğurlarına ürəkdən sevinir, kədəri ilə kədərlənirdi.

Həsən müəllim çox səliqəli və intizamlı adam idi. Hər gün səhər saat doqquzun yarısında evdən çıxar, axşamlar da yeddiyə qalmış evə qayıdardı. Qəzetin oxunaqlı çıxması, nüfuzunun və tirajının artması üçün əlindən gələni əsirgəməzdi. Onun otağındakı rəflərdə respublikada nəşr edilən bütün qəzet və jurnallar səliqə ilə üst—üstə yığılardı. Həsən müəllim bütün günü həmin qəzet və jurnalları vərəqləyir, onlar haqqında vaxtaşırı mətbuat xülasələri hazırlayırdı. O, öz izini ürəkdən sevən, ona bütün varlığı ilə bağlanan bir insan idi.

... Həsən Cabbarzadənin atası Məmmədəli kişi də mətbuata bağlı insan olub. O deyərdi ki, atam mətbəədə maşınçı işləyib. Cənubi Azərbaycanda o dövrdə mətbəədə işləyənlərə maşınçı deyirlərmiş. Atası Təbrizdə “Humay” kinoteatrı ilə üzbəüz mətbəədə çap maşınında işləyib, Səttərxan, Xiyabani hərəkatının fəal iştirakçılarından olub. Seyidcəfər Pişəvəri tez-tez onun çalışdığı mətbəəyə gələrmiş və “Azərbaycan” qəzetində dərc ediləcək materialları redaktə edərmiş. Həsən Cabbarzadə XX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verən məşrutə hərəkatının, Xiyabani və “21 Azər” hərəkatlarının fəal iştirakçısı olmuş bir inqilabçının ailəsində dünyaya göz açmışdı.

O, 1919-cu il martın 28-də Təbriz şəhərində anadan olub. Dörd il təhsil alandan sonra ailə vəziyyətinə görə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1932-35-ci illərdə kitab mağazasında işləyib. Eyni vaxtda axşam məktəbində təhsilini davam etdirib 1938-ci ildə oranı bitirib. 1939-cu ildə ordu sıralarına çağrılıb. Ordudan təxris olunandan sonra Tehran şəhərinə gedib 1943-cü ildə Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Elə həmin il İran Xalq Partiyasının sıralarına qəbul olunub. 1944-cü ildə baş verən inqilabi hadisələrlə əlaqədar təhsilini yarımçıq qoyaraq Təbrizə qayıdıb. 1945-ci ilin oktyabrında Azərbaycan Demokrat Firqəsinin (ADF) sıralarına keçib ona Azərbaycan Milli Hökumətində məsul vəzifə tapşırılıb. 1946-cı ilin aprelində ADF-nin Mərkəzi Komitəsində işə qəbul olunub.

1946-cı ilin dekabrında İran şah qoşunlarının hücumu nəticəsində Azərbaycan Milli Hökuməti süqut etdi Cənubi Azərbaycanda şahlıq idarə üsulu bərpa olundu. Milli Hökumətin Azərbaycan Demokrat Firqəsinin yaradıcılarından bir qrupu SSRİ- pənah gətirməli oldu. Həsən Cabbarzadə onların arasında idi. O, 1947-ci ilin 12 fevralında Azərbaycan KP MK yanında Ali Partiya Məktəbinə qəbul olundu dörd il sonra - 1951-ci ilin avqustunda oranı bitirərəkKommunistqəzeti redaksiyasında tərcüməçi—redaktor vəzifəsinə işə götürüldü.

Həsən Cabbarzadənin əmək kitabçasında tək bir ünvan yazılıb - “Kommunistqəzeti redaksiyası. O, bu kollektivə gələn gündən qaynayıb-qarışmış, onu öz doğma evi, doğma ocağı bilmişdir. Jurnalistika çətin peşədir. Böyük zəhmət, fədakarlıq öz işinə vurğunluq tələb edən bir işdir. Jurnalistikaya çox adam həvəs göstərir. Ancaq oradakı gecəli-gündüzlü ağır zəhmətə tab gətirməyib başqa sahələrə üz tutanlar daha çox olur. Bir sözün əsl mənasında, jurnalistikanın sirlərinə yiyələnərək bu peşənin zirvəsinə yüksələnlər o qədər çox deyil. Həsən Cabbarzadə məhz o jurnalistlərdəndir ki, adını mətbuatımızın tarixinə əbədi yazmışdır.

Həsən Cabbarzadə insanlıq rütbəsini həmişə vəzifədən üstün tutan adam olub. Əslində, onun çox yüksək vəzifəsi vardı - “Kommunistqəzetinin mətbuat şöbəsinin müdiri olmaq o dövrdə çox nüfuzlu bir vəzifə idi. Respublikanın rayon çoxtirajlı qəzetlərinə, siyasi ədəbi-bədii jurnallara, nəşriyyat poliqrafiya işçilərinə ideya vermək, onları istiqamətləndirmək onun işi idi. Həm o dövrdə bu qəzetdə işləmək respublikanın bütün jurnalistlərinin ideal arzusu idi. Həsən müəllim isə insanlığı ədaləti hər şeydən üstün tuturdu. Onun tənqidi məqalələri həmişə obyektivliyi ilə seçilirdi. Təsadüfi deyildir ki, Həsən müəllimin məqalələri dəfələrlə Mərkəzi Komitənin bürosunda müzakirə olunmuş, müəllifinə onun işlədiyi kollektivə üzağlığı gətirmişdir.

Onun çox şirin Təbriz ləhcəsi vardı. Həsən müəllim Cənubi Azərbaycan mühacirlərinin ikisi ilə - filologiya elmləri doktoru Qafar Kəndli Qızılbaş ordusunun məşhur generallarından biri olan Mahmud Pənahianla sıx əlaqə saxlayırdı. Qafar Kəndli ilə onun söhbətinə qulaq asanda adam özünü Təbrizdə hiss edərdi. Onların ikisi birlikdə Bakıda Təbrizin bir parçası idi...

Elə adamlar var ki, üz-üzə gəlməkdən qorxursan, bilirsən ki, bütün ağırlığını, qəzəb nifrətini üstünə töküb gedəcək. Həsən müəllim isə həmsöhbətlərinə həmişə müsbət enerji verərdi. Çox şən, həyatsevər insan idi, həmişə üzündə xoş bir təbəssüm olardı. İncə yumoru vardı, qədər gərgin olsan da, bircə kəlmə sözü ilə eynin açılar, üzün gülərdi. Ondan ayrılanda özünü çox yüngül, gümrah hiss edərdin. Qızğın şahmat həvəskarı idi. Təkcə şahmat oynayanda ciddi, gərgin görkəm alardı. Oyun bitəndən sonra isə—fərqi yoxdu, uddu, ya uduzdu - yenə üzü gülərdi...

Xoşbəxt o insandır ki, həyatdan köçəndən sonra da onu hörmətlə xatırlayır, ehtiramla yad edirlər. Həsən Cabbarzadə belə xoşbəxt insanlardandır. Bu təvazökar pak insan onu tanıyanların qəlbində uzun illər yaşayacaqdır.

 

Söhrab TAHİR,

Xalq şairi,

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 5 noyabr.- S.6.