Prezident İlham
ƏLİYEV: Gənclər siyasəti
öz müstəqilliyini 23 il əvvəl bərpa
etmiş Azərbaycan dövlətinin fəaliyyətində
prioritet istiqamətlərdəndir
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq və anarxiya bütün sahələrdə olduğu kimi, gənclərin də fəaliyyətini iflic vəziyyətinə salmışdı. Respublikada gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı. Gənclər təşkilatları qrup halında ayrı-ayrı adamların sifarişlərini yerinə yetirir, hərbi xidmətdən yayınır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında və hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsində fəallıq göstərmirdilər. Bunun əsas səbəblərindən biri gənclər siyasətinin hazırlanıb həyata keçirilməməsi, gənclərin vahid təşkilat ətrafında birləşməməsi idi.
Müstəqilliyin ilk
illərində ölkəyə rəhbərlik edənlərin
dövlət idarəçəliyindəki
naşılığı gənclərin
formalaşmasında, hərbi vətənpərvərlik ruhunda yetişmələrində və digər
sahələrdə də özünü
büruzə verirdi. Onlar hələ də dərk etmirdilər ki, gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi,
elmi və mədəni inkişafı ilə
sıx əlaqədədir, onun qlobal rəqabətə
davamlılığının, milli təhlükəsizliyinin
vacib şərtlərindəndir.
Ölkədə baş verən hadisələr gənclər
siyasətinin düzgün müəyyənləşdirilməsi
istiqamətində qanunvericilik
aktlarının hazırlanması zərurətini ortaya qoydu. Bütün
bunlar isə ulu
öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik
etdiyi dövrdən başlandı.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə həmişə
gəncliyin qüvvəsini, potensialını yüksək
qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və
qayğı bəsləmiş, gənclərin fiziki və mənəvi cəhətdən sağlam,
hərtərəfli biliyə malik
olmaları üçün hər cür şərait yaratmışdır.
Heydər Əliyev
müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən
gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin
mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər deyirdi: “Mənim
üçün ən əziz nemət Azərbaycanın
uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti
kimi mən bu gün haqqında yox, Azərbaycanın
gələcəyi haqqında düşünürəm. Azərbaycanın
gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından
asılıdır".
Bu
gün ölkəmizdə gənclər
siyasəti ilə əlaqədar həyata keçirilən tədbirlərin,
gənclərin beynəlxalq aləmə sürətli
inteqrasiyasının və azərbaycanlı gənclərin səsinin
ən yüksək tribunalardan eşidilməsinin əsası məhz ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu yaxınlarda Bakıda keçirilmiş
Gənclər Siyasəti üzrə Birinci
Qlobal Forumda səslənən
fikirlər də bunu təsdiqlədi.
BMT-nin baş katibi Pan Gi
Munun təşəbbüsü ilə
reallaşdırılan forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Belə bir nüfuzlu forumun məhz
Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə
olan inam və
etimadın nəticəsi idi. Onu da qeyd
edək ki, rəsmi Bakı bu vaxta qədər bir sıra mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi etmiş və bu sahədə
artıq böyük təcrübə
qazandığını təsdiqləmişdir. Qlobal forumda iştirak edən nümayəndələrin
sayı da bunu təsdiqləyir.
Qeyd edək
ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 80-dən çox
ölkədən 700-dən artıq nümayəndə iştirak edirdi.Forumun əsas
məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə
görüləcək işlərin müəyyənləşdirilməsi,
müxtəlif ölkələrlə təcrübə
mübadiləsinin aparılması və bu
sahədə əhəmiyyətli mövzuların müzakirə
olunmasıdır.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilmiş, gənc
nəslin hərtərfli biliyə
malik olması, beynəlxalq tədbirlərdə
fəal iştirakı üçün hər
cür şərait
yaradılmışdır.
Dövlətimizin başçısı Gənclər Siyasəti
üzrə Birinci Qlobal
Forumun iştirakçılarına
ünvanladığı təbrik məktubunda da
bu məsələləri xüsusi
vurğulamışdır: “...Gənclər siyasəti öz müstəqilliyini 23 il
əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində
prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata
keçirmək üçün ölkəmizdə
əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait
yaradılmışdır. Son illər aparılan ardıcıl islahatlar
sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm
qoymuş, əhalinin bütün
təbəqələri, o cümlədən
gənclər arasında yoxsulluğun və
işsizliyin səviyyəsi əhəmiyyətli
dərəcədə azalmışdır. Təhsil, səhiyyə, mədəniyyət və
idmanın maddi-texniki bazası möhkəmlənmiş,
cəmiyyətdə davamlı sabitlik bərqərar
olmuş, əsrlər boyu
xalqımıza xas olan
qonaqpərvərlik ənənələri və tolerantlıq
mühiti daha dərin kök
salmışdır”.
Təbrik məktubunda
daha sonra deyilir: “Gənc nəslin intellektual, fiziki və mənəvi
inkişafının təmin edilməsi, yaradıcı
potensialının üzə çıxarılması, ictimai fəallığının
artırılması, sosial-məişət və məşğulluq
problemlərinin həlli sahəsində kompleks
tədbirlərin görülməsi daim
diqqət mərkəzindədir. Bu məqsədlə
son 10 ildə müvafiq
dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər
təşkilatlarının və ayrı-ayrı gənclərin
layihə və təşəbbüslərinə dəstək
verən fond
yaradılmışdır”.
Respublikamızın rəhbəri
gənclər təşkilatlarının fəaliyyətlərinin
düzgün istiqamətləndirilməsinin
dövlətin diqqət mərkəzundə
saxlanıldığını nəzərə
çatdıraraq bildirmişdir: “Sosial-iqtisadi inkişafın
sürətləndirilməsi və mükəmməl infrastrukturun
formalaşdırılması istiqamətində həyata
keçirilən layihələr,
müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla
qurulan ikitərəfli və çoxtərəfli
əlaqələr, irimiqyaslı tədbirlərin təşkili
sahəsində qazanılmış zəngin
təcrübə son illər Azərbaycanın
region, qitə və dünya
səviyyəli forumlara, konfranslara,
zirvə toplantılarına və idman
yarışlarına ev sahibliyi etməsinə imkan
vermişdir.
Əminəm ki, bu
gün işə başlayan
Gənclər Siyasəti üzrə Birinci
Qlobal Forum da həmin tədbirlər
sırasında layiqli yer
tutacaqdır”.
Ulu öndər Heydər
Əliyev gənclərin dövlətin və cəmiyyətin
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında iştirakının təmin
edilməsini zəruri məsələlərdən biri hesab etmiş və bu məqsədlə
1994-cü il iyulun
26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması barədə sərəncam
imzalamışdır. 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü
irəli sürmüşdür. Bir il sonra—fevralın 2-də müstəqil Azərbaycan gənclərinin
ilk forumu keçirilmişdir. Forumda
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev şəxsən iştirak
etmişdir.
1997-ci il fevralın 1-də forumun
ildönümü münasibəti ilə
gənclərin bir qrupunu
qəbul edən Heydər Əliyev “2 fevral
– Azərbaycan Gəncləri Gününün
elan edilməsi haqqında” sərəncam
imzalamışdır. O vaxtdan etibarən ənənəvi
olaraq hər il həmin
gün Azərbaycan gənclərinin
bayramı kimi təntənəli şəkildə
qeyd olunur.
1999-cu ildə Heydər
Əliyev tərəfindən imzalanan
“Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə böyük
önəm verildiyinin təzahürü kimi qiymətləndirilir. Fərman
çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi,
sağlamlığı, intellektual və
mənəvi inkişafı, asudə vaxtın təşkili
problemlərinin həlli, hüquqların müdafiəsi,
respublikanın ictimai-siyasi və mədəni
həyatında iştirakı ilə bağlı məsələləri
əhatə edir. 2002-ci il aprelin 9-da isə ‘’Gənclər siyasəti
haqqında’’ Azərbaycan Respublikasının Qanunu
qəbul edilmişdir. Bu qanunda
gənclər siyasətinin əsas istiqamətləri gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı
gənclərə dövlət qayğısı, onların
sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun
təmin edilməsi, gənc ailələrə və gənclər
təşkilatlarına dövlət yardımı kimi müəyyənləşdirilmişdir.
Ulu öndərin daxili və xarici siyasətini yaradıcı surətdə,
uğurla davam etdirən
Prezident İlham
Əliyev Azərbaycan gəncliyinin hərtərəfli
inkişafı, beynəlxalq aləmə inteqrasiyası və dünya birliyində fəal iştirakının təmin
olunması üçün bütün imkanlardan
istifadə etdi. Məhz bunun nəticəsidir
ki, bu gün
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Azərbaycan
gəncliyi ictimai həyatın bütün sferalarında aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm
rol oynayır.
Ölkə
başçısı gənclərin potensialından dövlətin
mənafeyi naminə tam və düzgün istifadə olunmasını daim diqqət mərkəzində saxlayır. Gənclərin məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
ölkə başçısının 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi
Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq
edilməsi haqqında” sərəncamı gənclərə dövlət
qayğısının artırılması istiqamətində
mühüm addım idi.
Bu əhəmiyyətli sənəddə
ölkəmizdə gənclərlə bağlı dövlət
siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Proqrama uyğun olaraq, gənclərin
sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği
istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər
siyasəti üzrə Dövlət Proqramı
reallaşdırılmış və bu
proqramın 100-dən çox bəndi həyata
keçirilmişdir. Dövlət
başçısının fərmanı ilə Gənclər
və İdman Nazirliyi
2006-cı ildə yenidən təşkil edilmiş,
gənclər siyasətinin əsas icra
orqanı qarşısında yeni vəzifələr
qoyulmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.
Gənclər bu gün dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə, biznes
strukturlarında, beynəlxalq tədbirlərdə fəal təmsil
olunur və cəmiyyətin
inkişafına öz töhfələrini
verirlər. Fakt üçün
bidiririk ki, 2008-2011-ci
illərdə dövlət orqanlarına işə qəbul
edilənlərin 60 faizdən çoxunu gənclər
təşkil etmişdir. Azərbaycan gənclər təşkilatlarının
beynəlxalq təşkilatlarla əməkdaşlığı
istiqamətində də mühüm əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir.
Məhz bunun nəticəsi olaraq son illər gənclər təşkilatlarımız 11 beynəlxalq təşkilata üzv qəbul edilmişdir.
. Bakıda Gənclər Mərkəzinin, regionlarda
isə Gənclər evlərinin inşa
edilməsi üçün müvafiq addımlar atılmışdır.
Artıq 12 rayonda “Gənclər evləri”
fəaliyyət göstərir. Bakı şəhəri və
ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafı proqramı çərçivəsində
paytaxtın 5 rayonunda “Gənclər evi” tikilməsi üçün
layihələr təsdiq olunmuşdur.
Son illərdə həyata keçirilən tədbirlər
gənclərin hərtərəfli inkişafının təmin
olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati
- hüquqi şərait və təminatların
yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının
artmasına kömək etmişdir. 2011-ci
il aprelin 6-da Prezident İlham Əliyevin sərəncamı ilə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı təsdiq olunmuşdur. Gənclər
siyasətilə bağlı elm, təhsil,
mədəniyyət və digər sosial
sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə Gənclər
Fondu yaradılmışdır. Bütün bunlarda əsas
məqsəd gənclər
siyasətini daha da inkişaf etdirmək,
gənc mütəxəssislərin işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllinin təmin olunmasıdır.
Prezident İlham Əliyev Gənclər
Siyasəti üzrə Birinci Qlobal Forumun rəsmi
açılış mərasimindəki nitqində də bu barədə ətraflı məlumat vermiş və bundan sonra da gəncliyin
inkişafına öz dəyərli
töhfələrini verəcəyini diqqətə
çatdırmışdır: “...Gənclər siyasətinə gəldikdə, həmçinin
olduqca mükəmməl qanunvericilik
bazası mövcuddur. Gənclər siyasəti
ilə bağlı qanun var.
Azərbaycanda gənclərlə bağlı iki
Dövlət Proqramı qəbul edilib və
uğurla həyata keçirilib.
Bu yaxınlarda biz Gənclər
Fondunu yaratmışıq. Dövlət
büdcəsindən bu fonda
ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə
təqdim etməyə şərait yaradır. Onlar
mədəniyyət, təhsil və sosial
sahələrə, eləcə də siyasi
islahatlara aid olan layihələr üzərində işləyirlər.
Başqa sözlə desək, bu fond gənc nəslə
öz istedadını müəyyən
etməyə, özünü cəmiyyətə
təqdim etməyə və beləliklə, ölkəmizin
inkişafına töhfə verməyə yardım edir”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 6 noyabr.- S.1.