Prezident İlham
Əliyev: Azərbaycanın gələcək
inkişafı sənayenin inkişafı ilə
bağlı olmalıdır
Bu ilin əvvəlindən ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurlarımız daha da artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir.
Dövlət Statistika
Komitəsinin 2014-cü ilin yanvar-sentyabr aylarının
sosial-iqtisadi inkişafına dair hesabatına əsasən,
ötən doqquz ayda Azərbaycanda 44,1 milyard manat həcmində
ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz
çoxdur. İqtisadi və sosial tərəqqinin əsas
keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun
(ÜDM) 44,3 faizi sənaye sahələrinin, 11,9 faizi inşaat
kompleksinin, 5,4 faizi kənd təsərrüfatının, 9,8
faizi ticarət və pullu xidmət sahələrinin, 4,7 faizi nəqliyyatın,
1,7 faizi rabitənin, 15 faizi isə digər sahələrin
payına düşmüşdür. ÜDM-in strukturunda məhsula
və idxala görə ödənilmiş xalis vergilərin
payı 7,2 faiz təşkil etmişdir.
Hesabat dövründə
ölkənin qeyri-neft sektorunda 25 milyard 554,5 milyon manatlıq məhsul
istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq
dövrünə nisbətən 6 faiz çoxdur. Bu sahədə
əldə olunmuş əhəmiyyətli artım, heç
şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi
hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi
istiqamətində reallaşdırılan tədbirlərin məntiqi
nəticəsidir. 2014-cü ilin doqquz ayında ölkədə
adambaşına düşən ÜDM-in həcmi 4696,3 manat təşkil
etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 1,2 faiz artım deməkdir.
Göründüyü kimi, dünyanın əksər ölkələrinin
maliyyə böhranından tam qurtula bilmədikləri bir
şəraitdə Azərbaycanda sosial və iqtisadi həyatın
bütün sahələrində inkişaf tendensiyası cari
ilin ötən dövründə də davam etmişdir.
Dövlət başçısı İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında demişdir: “Doqquz ayın iqtisadi göstəriciləri
çox müsbətdir. İqtisadiyyatımız inkişaf
edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada
iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər
il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz
ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır.
Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq,
deyə bilərik ki, bu, çox müsbət göstəricidir.
Ən önəmlisi ondan ibarətdir ki, qeyri-neft sektorumuz 6
faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə
ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim
üçün əsas məsələ qeyri-neft sektorunun
inkişafıdır”.
Cari ilin yanvar-sentyabr
aylarında Azərbaycan iqtisadiyyatının əsasını
təşkil edən sənayenin inkişaf etdirilməsi
üçün ölkədə rəqabət qabiliyyətli
müasir istehsal sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələrin icrası davam etdirilmiş,
bu istiqamətdə stimullaşdırıcı tədbirlər
həyata keçirilmişdir. Bir sözlə, bu sahədə
mühüm malların istehsalının davam etdirilməsi
ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini
qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr
aylarında sənaye müəssisələri, fərdi
sahibkarlar və ev təsərrüfatları tərəfindən
25 milyard 244,6 milyon manatlıq sənaye məhsulu istehsal
olunmuşdur. Bütövlükdə isə, son yeddi ildə
ölkədə sənaye istehsalının real həcmi təqribən
üç dəfə artmışdır. Bu da heç
şübhəsiz, dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda
həyata keçirilən uğurlu sənayeləşmə
siyasətinin məntiqi nəticəsidir. Sənaye məhsulunun
71,8 faizi mədənçıxarma, 22,3 faizi emal, 5,3 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,6
faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində
yaradılmışdır.
Ölkə sənayesinin
real həcminin artmasında ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış uğurlu neft strategiyası mühüm
rol oynamışdır. Belə ki, dünyanın inkişaf
etmiş ölkələrinin transmilli şirkətləri ilə
20 il əvvəl bağlanmış “Əsrin müqaviləsi”
və digər sazişlər Azərbaycanda neft və qaz sənayesinin
sürətli inkişafını təmin etmiş,
adıçəkilən sahələrdə hasilatın rekord
səviyyəyə çatmasına səbəb olmuşdur.
Yeri gəlmişkən, Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin,
eləcə də digər nəql marşrutlarının
uğurlu fəaliyyəti Azərbaycanın ixrac
imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin
Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında
daha yaxından iştirak etməsinə imkan
yaratmışdır.
2014-cü ilin doqquz ayında Azərbaycanda 32 milyon 147
min ton xam neft və kondensat istehsal olunmuşdur. Bu isə əvvəlki
ilin müvafiq dövrünə nisbətən 2 faiz azdır.
Buna baxmayaraq, hesabat dövründə ölkə üzrə
təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə
müqayisədə 5,3 faiz artaraq 22 milyard 613,7 milyon kubmetrə
çatmışdır. Hasil olunmuş “mavi yanacağın”
13 milyard 845,1 milyon kubmetrini əmtəəlik qaz təşkil
etmişdir.
Hesabat dövründə neft sənayesindən fərqli
olaraq ölkənin qeyri-neft sənayesində əhəmiyyətli
inkişaf baş vermişdir. Bu da ondan irəli gəlir ki, son
illər ölkəmizin ayrı-ayrı yerlərində yeni
istehsal və emal müəssisələri yaradılır,
idxalı əvəzləyən rəqabətədavamlı məhsul
buraxılışının həcmi artır. İndi hətta
Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq
da getdikcə çoxalır. 2014-cü ilin doqquz ayında
ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun
80,7 faizi özəl bölmənin payına
düşmüş, ümumi istehsalın 93,2 faizi sənaye
mallarının, 6,8 faizi isə sənaye xarakterli xidmətlərin
istehsalı hesabına yaranmışdır.
Göründüyü kimi, ölkədə sərbəst
istehsal fəaliyyəti üçün yaradılmış əlverişli
şərait və azad sahibkarlığa geniş meydan verilməsi
nəticəsində sənayedə qeyri-dövlət bölməsinin
payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət
mülkiyyətində olmuş sənaye obyektlərinin
bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun
yaradılmış yeni istehsal sahələrinin işində
də böyük canlanma hiss olunur. Məhz bunun nəticəsidir
ki, cari ilin doqquz ayında ölkəmizdə qeyri-neft sənayesi
üzrə 5 milyard 243,7 milyon manat dəyərində məhsul
istehsal olunmuş, bu sahədə artım əvvəlki ilin
müvafiq dövrünün səviyyəsini 6 faiz üstələmişdir.
Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına
gəlincə isə, yanvar-sentyabr aylarında mədənçıxarma
və ya hasilat sənayesində 18,1 milyard manatlıq məhsul
istehsal olunmuşdur. Bu, əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 1,7 faiz azdır. Sahənin əsas məhsulu
olan xam neftin hasilatı (qaz kondensatı daxil olmaqla) 32 milyon 147
min ton, əmtəəlik təbii qazın istehsalı isə
13 milyard 845,1 milyon kubmetr təşkil etməklə 5,9 faiz
artmışdır. Bundan əlavə, ötən doqquz ayda mədənçıxarma
bölməsində fəaliyyət göstərən
sahibkarlar tərəfindən 1 milyon 79,6 min ton tikinti qumu, 317,8
min ton inşaat üçün əhəng daşı, 23,4
ton duz, 1345,5 kiloqram qızıl, 217,2 kiloqram gümüş və
s. istehsal edilmişdir.
Ölkə sənayesində ikinci böyük xüsusi
çəkiyə malik olan emal bölməsinin müəssisələri
və fərdi sahibkarları (ev təsərrüfatlarının
sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən
5,6 milyard manatlıq (ötən ilin yanvar-sentyabr ayları ilə
müqayisədə 1,5 faiz çox) məhsul istehsal
olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir.
İstehsalın daha çox hissəsi qida məhsullarının
və içkilərin payına düşmüşdür.
Belə ki, ilin doqquz ayı ərzində mühüm növ
qida məhsullarından sayılan ət, süd və süd məhsulları,
kərə yağı, həmçinin marqarin, qənd,
çörək və çörək-bulka məmulatları,
eləcə də üzüm şərabı, alkoqolsuz
içkilərin və tütün məmulatlarının
istehsalı xeyli artmışdır. Bütövlükdə
isə yanvar-sentyabr aylarında ölkə üzrə qida məhsullarının,
içkilərin və tütün məmulatlarının
istehsalında müvafiq olaraq 2,3 faiz, 9,2 faiz və 85,3 faiz
artım qeydə alınmışdır.
Emal bölməsinin toxuculuq, tikiş, dəri, dəridən
məmulatlar və ayaqqabı istehsalı ilə məşğul
olan müəssisələr tərəfindən ötən
dövr ərzində 62,2 milyon manatlıq məhsul
buraxılmışdır. Ötən doqquz ayda sahənin əsas
mallarından sayılan pambıq lifi, hazır pambıq
parçalar və pambıq yataq ağları istisna olmaqla digər
malların istehsalında azalma müşahidə edilmişdir.
Emal sənayenin ikinci böyük xüsusi çəkiyə
malik olan neft məhsullarının istehsalı sahəsində
ötən ilin eyni dövrü ilə müqayisədə bir
qədər azalma baş vermiş, məhsul
buraxılışının həcmi 1 milyard 962,7 milyon manat
təşkil etmişdir. Hesabat dövründə ölkəmizin
neft məhsullarının istehsalı müəssisələri
tərəfindən 911,7 min ton avtomobil benzini, 525,1 min ton
ağ neft, 1 milyon 746,5 min ton dizel yanacağı, 189,2 min ton
neft bitumu və 40,5 min ton sürtkü yağları istehsal
olunmuşdur.
Adıçəkilən bölmənin kimya sənayesində,
rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq
məhsullarının istehsalı ilə məşğul olan
müəssisələr isə ötən doqquz ayda 250,3
milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas
kimya məhsullarından propilen və polietilen, rezin və
plastmas məmulatlarından isə rezin lövhələr, təbəqələr
və zolaqlar, liflə armaturlaşdırılmış sair bərk
plastik borular, borucuqlar və şlanqların istehsalı xeyli
artmışdır.
2014-cü ilin doqquz ayında tikinti materialları sənayesində
məhsul istehsalı 19,4 faiz artaraq 328,5 milyon manat təşkil
etmişdir. Hesabat dövründə müəssisələr
tərəfindən 2 milyon 156,2 ton sement, 143,1 min ton tikinti
gipsi, 207,7 min kubmetr tikinti kərpici, 1 milyon 296,8 min ton
hazır beton qarışığı, 290,3 min ton asfalt və
s. mallar istehsal olunmuşdur.
Emal bölməsinin metallurgiya sənayesi və hazır
metal məmulatlarının istehsalı müəssisələri
isə doqquz ay ərzində 296 milyon manatlıq məhsul
istehsal etmiş və xidmətlər göstərmişlər.
Adıçəkilən bölmənin mühüm növ məhsullarından
sayılan polad tökmə, alüminium çubuqlar, millər,
metallardan qapı və pəncərə istehsalı xeyli
artmışdır. Yanvar-sentyabr aylarında Azərbaycanda
kompüter, elektron və elektrik avadanlıqlarının
istehsalı sahələrində 159,7 milyon manatlıq mallar
istehsal olunmuşdur. Hesabat dövründə ölkəmizdə
maşın və avadanlıqların, eləcə də nəqliyyat
vasitələrinin, avtomobil və qoşquların istehsalı
sahələrində isə məhsul istehsalının həcmi
274,3 milyon manat təşkil etmişdir. Bunun da hesabına
ölkədə 1014 ədəd traktor, 732 ədəd kotan,
202 ədəd yük və 1781 ədəd minik avtomobili, eləcə
də 122,6 ton fəvvarə armaturu, 4535 ədəd
ştanqlı quyu nasosu, elektrik ötürücüsü olan
110 ədəd lift və skip qaldırıcısı,
dondurulmuş ərzaq məhsullarının saxlanması
üçün 405 ədəd soyuducu vitrin, piştaxta və
s. mallar istehsal edilmişdir.
Ölkə sənayesinin digər sahəsi olan elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən
1 milyard 333,1 milyon manatlıq məhsul istehsal olunmuş və
xidmətlər göstərilmişdir ki, bu da əvvəlki
illə müqayisədə 4,3 faizlik artım deməkdir.
Yanvar-sentyabr aylarında ölkədə 16 milyard 970,6 milyon
kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 15 milyard 54,1
milyon kilovat-saatı istilik, 1 milyard 36,3 milyon kilovat-saatı isə
su elektrik stansiyalarının payına
düşmüşdür. Yeri gəlmişkən, artıq
ötən ildən başlayaraq Azərbaycanda alternativ enerji mənbələrinin
hərəkətə gətirilməsi istiqamətində
konkret tədbirlərin həyata keçirilməsinə
başlanılmış, ölkənin bir sıra yerlərində
günəş, külək və bioenerji ilə işləyən
qurğular tikilib istifadəyə verilmişdir. Bu ilin doqquz
ayında ölkəmizdə alternativ enerji mənbələri
hesabına 5,1 milyon kilovat-saat elektrik enerjisi istehsal
olunmuşdur.Yanvar-sentyabr aylarında sənayenin su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində məhsul və xidmətlərin
istehsalı 2,2 faiz artmışdır.
2014-cü ilin doqquz ayında ölkənin sənaye
müəssisələrində çalışan
işçilərin sayı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 0,7 faiz artaraq 183,3 min nəfər
olmuş, onların orta aylıq əmək haqları isə
9,4 faiz artaraq 703,7 min manat təşkil etmişdir.
Məlum olduğu kimi, iqtisadiyyatın sənayeləşməsini
sürətləndirmək, Azərbaycanın güclü sənaye
mərkəzinə çevrilməsi üçün
mövcud potensialdan səmərəli istifadə etmək məqsədilə
dövlət başçısı İlham Əliyev
2014-cü il yanvarın 10-da imzaladığı sərəncamla
cari ili ölkəmizdə “Sənaye ili” elan etmişdir.
İlin ötən dövründə ölkədə sənayeləşmənin
sürətləndirilməsi istiqamətində paytaxtda və
regionlarda bir sıra mühüm tədbirlər həyata
keçirilmiş, yeni-yeni sənaye müəssisələri
istifadəyə verilmişdir. Bakı şəhərində
“Norm” sement zavodu, Dövlət Sərhəd Xidməti Sahil
Mühafizəsinin yeni gəmi inşası zavodu, Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi
çərçivəsində bərə terminalı,
Suraxanı Günəş Elektrik Stansiyası,
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik
Stansiyası, Sumqayıt şəhərində Azərbaycan
kağız və karton istehsalat kombinatı, Gəncədə
metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və
boyama zavodları, Ağdaş rayonunda yem və meyvə
emalı zavodları, ”Ağdaş” elektrik
yarımstansiyası, Füzuli rayonunda tikiş fabriki, Lənkəranda
çörək istehsalı zavodları “Sənaye ili”nə
mühüm töhfələr sayıla bilər.
Yaxın illərdə ölkəmizdə sənayeləşmənin
daha da sürətləndirilməsi nəzərdə tutulur.
“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin
təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin 2014-cü il oktyabrın 8-də
imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətli
sənəd kimi diqqəti cəlb edir. Belə ki, sənədə
əsasən, ölkədə sənaye məhəllələrinin
yaradılması ilə bağlı tədbirlərin
reallaşdırılması, sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri
infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən
məhsul istehsalı və xidmət göstərilməsi
üçün istifadə edilən sənaye məhəllələrinin
yaradılması nəzərdə tutulur.
Göründüyü kimi, artıq Azərbaycanda sənaye
yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Bu mərhələdə ölkə
iqtisadiyyatının şaxələndirilməsi hesabına
qeyri-neft sənayesinin sürətli inkişafı təmin
olunacaq, regionlarda iri sənaye istehsalı zonaları
yaradılacaq. Bununla da, neft-qaz ölkəsi olan Azərbaycan, həm
də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin
inkişaf etdiyi bir dövlət kimi tanınacaq.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.-
2014.- 6 noyabr.- S.3.