Milli kitabxanaşünaslığımıza yeni töhfə
Azərbaycanın çağdaş tərəqqisi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətimizin mühüm tərkib hissəsi olan kitabxanalarımızın da müasirləşməsinə və zənginləşməsinə müsbət təsir göstərmişdir.
Prezindent İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında”, “Azərbaycan
kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması haqqında” sərəncamları
və dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü
illərdə inkişafı” Dövlət Proqramı ölkədə
bu sahənin inkişafına əlverişli
şərait yaratmışdır. Dövlət
qayğısından bacarıqla yararlanan
C. Cabbarlı adına Respublika
Gənclər Kitabxanası da öz fəaliyyətini sivil
tələblər əsasında qura bilmişdir.
Bu günlərdə işıq üzü görmüş
“C. Cabbarlı adına Respublika
Gənclər Kitabxanası: dünəni, bu
günü və sabahı” adlı kitabda bütün bunlar barədə ətraflı bəhs olunur. Nəşrin müəllifi
kitabxananın direktoru,
respublikamızın təcrübəli
kitabxanaşünası Tahir Sadıqov, elmi redaktoru tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Abuzər Xələfov, məsləhətçi
tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, redaktoru isə pedaqoqika
üzrə fəlsəfə doktoru, dosent Elçin
Əhmədovdur. Nəfis şəkildə çap
edilən monoqrafiya ulu
öndər Heydər Əliyevin “Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs
bir yerdir” və Prezident İlham
Əliyevin “Azərbaycan kitabxanaları Azərbaycan
xalqının milli sərvətidir” deyimləri
ilə başlayır.
Müəllif öncə
Azərbaycanda kitabxana işinin
dünəninə qısa nəzər salır və bu tarixin dünyaca
məşhur tədqiqatçısı, milli
kitabxanaşünaslıq məktəbinin
yaradıcısı, ölkə
kitabxanaçılarının sevimli
müəllimi və ağsaqqalı Abuzər Xələfovun əməyini
yüksək qiymətləndirir. O, BMT
yanında İnformasiyalaşdırma Akademiyasının həqiqi
üzvü A.Xələfova istinad edərək, dünyada
ilk kitabxanaların şumerlərə məxsus
olduğunu, “Kitabələr evi”, “Biliklər evi” adlanan kitabxanaları da
onların yaratdığını çağdaş
oxucuya xatırlatmağı gərəkli
bilir. Nəşrdə ilk yazı materiallarından və milli yaddaşımızın əski
qaynaqları olan “Avesta”,
“Kitabi Dədə Qorqud”
və digər yazılı abidələrimizdən başlayaraq günümüzədək milli kitab tariximizə ətraflı
nəzər salınır.
“Azərbaycan
kitabxanaları müstəqillik illərində” adlanan I fəsildə müəllif göstərir
ki, müstəqilliyin ilk
illərində naşı və milli maraqlara arxa çevirən
rəhbərlərin yarıtmaz siyasəti bütün
sahələr kimi kitabxanaları da baxımsız vəziyyətə
salmışdı. Lakin xalqın çağırışı
ilə ikinci dəfə hakimiyyətə
gələn ümummilli lider
Heydər Əliyevin həyata keçirdiyi
zəruri tədbirlər nəticəsində tezliklə mədəni
proseslər də yoluna qoyulmuş,
kitabxanalarımız yeni cəmiyyətdə
layiqli yerini tutmuşdur. Müstəqillik illərində
ölkədə kitabxana quruculuğunda
baş verən demokratik
dəyişiklikləri şərh etdikdən sonra
müəllif C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanasının yaranma tarixi və müasir vəziyyəti
haqqında ətraflı məlumat verir.
1928-ci
ildən fəaliyyətə başlayan kitabxana 1957-ci ildə əlverişli şəraiti
olan yeni binaya köçürülmüş
və onun fəaliyyəti daha
da genişlənmiş, fondu
25000 nüsxəyə çatmışdır. 1968-ci ildə
4 şöbə, 3 filial
yaradılmışdır. 1976-cı ildə bu
mədəniyyət ocağı Respublika
Gənclər
Kitabxanası kimi kütləvi kitabxanaya çevrilmişdir.
Hazırda kitabxananın fondu 128 600
nüsxə, oxucuların sayı isə 13 453 nəfərdir.
Daha sonra müəllif informasiya mədəniyyəti və oxucu problemi, yeni informasiyalaşdırma tendensiyaları məsələlərinə
toxunur və kitabxanada
tətbiq edilən AZLİBNET Milli İnformasiya Resurs Mərkəzinin
fəaliyyətinə də aydınlıq gətirir. Bu mərkəz toplu kataloqu ayrı-ayrı kitabxana
şəbəkələrinə və fərdi oxucuların
istifadəsinə verməklə, ölkəmizdə ilk dəfə olaraq yeni mərkəzləşdirilmiş
kataloqlaşdırma xidmətini həyata keçirməyi
qarşıya məqsəd qoymuşdur.
“Kitabxanaların
kompüterləşdirilməsi” bölməsindən məlum
olur ki, 2009-cu ildən
Gənclər Kitabxanasında elektron informasiya sistemi tətbiq olunur. “Kitabxanaların sosial
funksiyaları bölməsində” isə ayrı-ayrı filosof, pedoqoq və sosioloqlara, o cümlədən,
görkəmli kitabxanaşünas Abuzər
Xələfova amerikalı kitabxanaşünas
C. Siray istinadən kitabxanaların tipologiya məsələsi
araşdırılır.
Kitabın
“C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında “Elmi metodik
və kütləvi işlər” adlı II fəsilində
kitabxananın son illərdə keçirdiyi kütləvi tədbirlər,
görüşlər, kitab müzakirələri,
seminar, kitab sərgiləri
ayrı-ayrılıqda təhlil edilir və onlardan nümunələr
verilir.
Son bölmələrdə kitabxananın kadr potensialı, şəxsi təhsil, kitabxana işinin hüquqi təminatı, kitabxana
üzrə beynəlxalq təşkilatlar, Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsində qanunvericilik aktları haqqında oxuculara ətraflı məlumat verilir.
Sonda bildirək ki, bu dəyərli kitabın müəllifi Tahir Sadıqov 1986-cı ildə BDU-nun kitabxanaçılıq-informasiya fakultəsini
bitirib, əvvəlcə Nizami
rayon MKS direktoru olub, 1994-cü ildən isə Respublika
Gənclər Kitabxanasına rəhbərlik edir.
Kitabçünaslığa dair bu dəyərli nəşr çoxillik
təcrübənin nəticəsi kimi meydana gəlmişdir.
Mehmanəli MƏMMƏDOV,
BDU-nun
kitabxanaçılıq-informasiya
fakültəsi dekanının müavini, dosent
Xalq qəzeti.- 2014.- 6 noyabr.- S.6.