Ermənistanın
Dağlıq Qarabağda və
Azərbaycanın işğal altındakı digər
rayonlarında
apardığı “erməniləşdirmə” siyasəti
“Erməniləşdirmə”nin
tarixi kökləri
“Dağlıq Qarabağ haradadır?”
sualına çağdaş coğrafiya elminin birmənalı
cavabı belədir”: “Bu bölgə Azərbaycanın mərkəzində
yerləşir və digər
Azərbaycan bölgələri, ilk növbədə isə
Aran Qarabağla minbir tellə bağlıdır”. Bəs tarix
nə deyir?
Rus
işğalından az sonra Qarabağ xanlığı 1822-ci
ildə ləğv edilib əyalətə çevrilmişdi.
1836-cı ildə Sankt-Peterburqda nəşr edilmiş
“Obozreniye”də Qarabağ əyalətinin sərhədləri
və sahəsi (13 min kvadratverst) verilmiş, onun xeyli hissəsinin
dağlarla örtüldüyü qeyd olunmuşdu.
Çarizmin
apardığı işğalçı müharibələr
nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən
Cənubi Qafqaza köçürülərək yerləşdirilmiş
ermənilər bir müddət sonra silahlı dəstələrini
yaradaraq azərbaycanlıları təhdid etməyə,
böhranlı anlarda onlara qarşı kütləvi
qırğınlar həyata keçirməyə
başladılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir
zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Azərbaycanlılara
qarşı terror və soyqırımı Ermənistanda
dövlət siyasəti səviyyəsinə
qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan
bolşevik Rusiyası tərəfindən işğal edilib
sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara
məxsus torpaqlara yerləşdirilməsi, onların
sıxışdırılması, Azərbaycan ərazilərinin
Ermənistana verilməsi siyasəti davam etdirildi.
Bununla əlaqədar
olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud
ağa Şahtaxtlı Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi
Komitəsinə (RK(b)P MK) yazırdı ki, Zəngəzurda 123
min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər
erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da
Zəngəzur qəzasının qərb hissəsi Ermənistana
verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan
bölgəsi ilə, Türkiyənin isə türk
dünyası ilə quru əlaqəsi kəsildi. Sovet Ermənistanında
yaşayan azərbaycanlılara qarşı yürüdülən
siyasət Daşnaksütyunun hakimiyyəti illərindəkindən
o qədər də fərqlənmirdi.
Sayca Azərbaycandakı
ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda
tarixi ərazilərdə yaşayan azərbaycanlılara
muxtariyyət verilmədi. Azərbaycanda isə ermənilər
üçün muxtariyyət yaradıldı. RK(b)P MK Qafqaz
bürosu plenumunun 1921-ci il iyulun 5-də keçirilən
iclasında Dağlıq Qarabağ məsələsi müzakirə
edildi. Azərbaycanlılarla ermənilər arasında milli
sülhün zəruriliyi, Yuxarı və Aran Qarabağın
Azərbaycan ilə iqtisadi əlaqəsi nəzərə
alınaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanıldı.
Azərbaycan SSR 1922-ci
ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının
Basarkeçər bölgəsi Rusiya imperiyasının müəyyənləşdirdiyi
sərhədlərində və Şərur-Dərələyəz
qəzasının üçdə iki hissəsi artıq Ermənistana
verilmişdi. ZSFSR-ə qəbul edildikdən sonra isə Qazax qəzasının
bir hissəsi, Cəbrayıl qəzasının və
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi
kəndləri Ermənistanın tərkibinə
qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın
113895, 97 kvadratkilometr ərazisindən sovet dövründə
yalnız 86,6 min kvadratkilometr qaldı. “Dağlıq
Qarabağ” ifadəsi Birinci dünya müharibəsinin
sonlarında terminləşməyə, yəni konkret siyasi məna
kəsb etməyə başlayıb. Muxtar vilayətin ərazisi
4,4 min kvadratkilometrdir. 1970-ci ildə
DQMV-də 150 mindən bir qədər artıq əhali
yaşayırdı. Vilayətin tərkibinə Xankəndi
şəhəri, Əsgəran, Hadrut, Ağdərə,
Martuni, Şuşa rayonları daxil idi.
Öz
saxtakarlıqlarından əl çəkməyən ermənilərin
və Ermənistanın bu və ya digər formada Azərbaycana
qarşı təcavüzü bu gün də davam edir. Azərbaycanın
işğal edilmiş ərazilərindəki qondarma rejim Ermənistan
Respublikası tərəfindən bölgənin azərbaycanlı
icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində
yaradılmış qanunsuz strukturdur. Müasir dövrdə
özünü “sivil” dövlət kimi qələmə verən
Ermənistanın Azərbaycana qarşı təcavüzü,
soyqırımı, öz mənfur niyyətlərinə
çatmaq üçün həyata keçirdikləri,
törətdikləri hər bir əməl təkcə Azərbaycana
deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə
meydan oxumaq deməkdir. Bu işğal nəticəsində Azərbaycanın
20 mindən artıq insanı həlak olmuşdur, 20 faiz ərazisi
işğal edilmişdir.
Dağlıq
Qarabağa və çevrəsindəki 7 Azərbaycan rayonuna
ermənilərin yerləşdirilməsi fəaliyyətinə
ötən əsrin 90-cı illərinin ortalarından
başlanılmışdır. Münaqişə zamanı
keçmiş muxtar vilayətin rayon və kəndlərindən
çıxarılan 50 mindən artıq azərbaycanlının
evi talan edilmiş, yağmalanmışdı. Şuşa kimi
mədəni səviyyəsi çox yüksək olan bir
şəhərə ermənilər divan tutdular. Burada Azərbaycan
adına hər şeyin məhv edilməsinə, türk izinin
itirilməsinə başlandı . Böyük bir mədəniyyət
mərkəzi məhv edildi.
Barbar ermənilər
Qarabağ xanlığının paytaxtı olmuş
Şuşa şəhərinin qiymətli tarixi abidələrini
dağıdır, milli arxitekturasını silib, istədikləri
kimi yenidən qurmağa cəhd edirlər. Nadir
tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri,
yaşayış binaları, hətta məzarlıqlar
dağıdılmış, zəngin kitabxanalar, muzeylər
talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə
görə “Qafqazın cənnəti” adlandırılan yerlər
xarabazara çevrilmişdir.
Şuşa şəhərində
azərbaycanlıların tarixi izlərini silmək məqsədilə
vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o
cümlədən Pənahəli xanın sarayını,
Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini,
Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə-yeksan etmişlər. Quldurlar 7 məktəbəqədər
uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif və kənd təsərrüfatı
texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət
evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən
Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin
filialını və xalq tətbiqi sənəti muzeyini,
Qarabağ dövlət tarix muzeyini, turist bazasını,
Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini
dağıtmış, buradakı nadir sənət incilərini
talamış və məhv etmişlər.
İşğal
olunmuş ərazilərdə erməni
işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması “Silahlı münaqişə baş verdikdə mədəni
dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa
Konvensiyasına, “Ümumdünya mədəni və təbii
irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il
Konvensiyasına ziddir. Şübhəsiz ki, bu üsullarla
şəhər və kəndləri işğal altında
saxlamağı əsas məqsədi sayan Ermənistan burada
süni surətdə demoqrafik durumu dəyişdirmək istəmişdir.
Ermənistan ya
birbaşa öz silahlı qüvvələri, ya da onun hərbi,
yaxud digər dəstəyi sayəsində mövcud olan
separatçı rejim vasitəsilə Dağlıq Qarabağ
və digər işğal etdiyi ərazilərə “nəzarəti”
həyata keçirir. Ermənistan hərbi təcavüzün nəticələrindən
yararlanaraq, hazırkı status-kvo vəziyyətini
qoruyub-saxlamağa, möhkəmləndirməyə və
öz doğma yurd-yuvalarından didərgin salınmış
azərbaycanlı əhalinin geri qayıtmasının
qarşısını almağa çalışır. Onlar
bu işin irəli getməsi üçün atəşkəsdən
dərhal sonra buranı erməniləşdirmək
üçün müxtəlif üsullara baş
vurmuşdular. İlk illərdə erməni diasporuna müraciət
olundu ki, buraya əhali köçürülməsinə nail
olsunlar. Diaspor təbii səbəblər üzündən
bunu gerçəkləşdirə bilmədi. Azərbaycanlı
əhaliyə məxsus mal- mülkün pay-püş edilməsi
də işi irəli aparmadı və apara da bilməzdi.
Qarabağa əhalinin yerləşdirilməsindən imtina
edilmədi.
Erməni mənbələri
də daxil olmaqla, bir çox informasiya vasitələrinin məlumatına
görə, Azərbaycanın Dağlıq Qarabağ və
digər işğal olunmuş ərazilərinə, o cümlədən
Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl
rayonlarına on minlərlə sakin
köçürülmüşdür. Ermənistan işğal
olunmuş ərazilərdə erməni əhalisinin
sayını 143 000-dən 300 000 nəfərədək
artırmaq niyyətindədir. Faktlar sübut edir ki,
bütün bu fəaliyyət işğal olunmuş ərazilərin
ilhaqı məqsədilə mütəşəkkil qaydada həyata
keçirilir. İşğal olunmuş ərazilərindəki
bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən
ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin
BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi.
Bu təşəbbüs
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli, tam və hərtərəfli
nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa
tam və birmənalı hörmət əsasında nail
olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr
2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət”
adlı bəndi özünün 59-cu sessiyasının
gündəliyinə salmağı qərara aldı. 11 noyabr
2004-cü il tarixində Azərbaycanın işğal
olunmuş ərazilərinə əhalinin
köçürülməsi barədə məruzə
(A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki
bu bəndin BMT Baş Məclisində müzakirə
olunması Azərbaycanın işğal olunmuş ərazilərində
qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin
cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə
son qoyulması üçün təcili tədbirlərin
görülməsinə başlanmasında mühüm rol
oynadı.
ATƏT-in
faktaraşdırıcı missiyasının 30 yanvar – 5 fevral
2005-ci il tarixlərində işğal olunmuş ərazilərə
səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu
sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki
vəziyyət barədə məsələ daxil etməsinin
məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas
nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və
bölgədə vəziyyətin
araşdırılmasından əldə olunan ətraflı
faktlara söykənən məruzə oldu. Missiya işğal
olunmuş ərazilərdə yeni yaşayış məntəqələri
salınması faktını təsdiqləyərək, Azərbaycanın
narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun
həmsədrləri öz növbəsində
faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq,
bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin
yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq
təşkilatları işğal olunmuş ərazilərdə
yerləşdirilmiş əhalinin köçürülməsi
və öz yurd-yuvalarından didərgin salınmış
insanların doğma yurdlarına qayıtmaları
üçün lazımi tədbirləri görməyə
çağırdı.
Faktaraşdırıcı
missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin
ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi
və həlli üçün əsas oldu. Azərbaycanın
işğal olunmuş ərazilərindəki vəziyyət
BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə
olmuşdur. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi
işğal olunmuş ərazilərdə baş vermiş
kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın
təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul
etdi. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə
bağlı təcili əməliyyatların həyata
keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların
bölgənin ətraf mühitinə qısa və
uzunmüddətli təsirinin qiymətləndirilməsinə
və aradan qaldırılmasına çağırdı.
Bu məqsədlə,
qətnamə tərəflərin əməkdaşlığa
hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və
proqramlarını, xüsusilə də BMT-nin Ətraf
Mühit Proqramını ATƏT-lə əməkdaşlıq
etməyə çağırdı. ATƏT-in 4-12 oktyabr
2006-cı il tarixlərində həyata keçirdiyi
faktaraşdırıcı missiyası yanğınların zərər
çəkmiş ərazilərin ətraf mühitinə
qısa və uzunmüddətli ziyanını dəyərləndirdi
və “yanğınların ətraf mühit və iqtisadiyyata
zərər verdiyini və insan sağlamlığı və
təhlükəsizliyinə təhlükə
yaratdığını” təsdiq etdi.
14 mart 2008-ci il tarixində
BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyətə
dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsi və
ətrafındakı silahlı münaqişənin beynəlxalq
sülh və təhlükəsizliyə təhlükə
törətdiyindən ciddi narahatlıq keçirən BMT
Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq
edərək, erməni qoşunlarının Azərbaycan
Respublikasının bütün işğal olunmuş ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb etdi.
Baş Məclis, eyni
zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin
öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq
etdi. Qətnamə həmçinin Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin
erməni və azərbaycanlı icmalarına Azərbaycan
Respublikası tərkibində səmərəli demokratik
özünüidarə sistemi yaratmağa imkan verəcək
normal, təhlükəsiz və bərabər əsaslarda
yaşama şəraitinin təmin edilməsinin zəruriliyini
dilə gətirdi. Baş Məclis Azərbaycan
Respublikasının ərazilərinin işğalı nəticəsində
yaranmış vəziyyəti heç bir dövlətin qanuni
hesab edə bilməyəcəyini və işğal
olunmuş ərazilərə heç bir dövlətin
yardım göstərə bilməyəcəyini də qeyd
etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal
hallarında olduğu kimi, Ermənistan işğal olunmuş ərazilərdə
“seçkilər” və “referendumlar” keçirərək,
işğal etdiyi ərazilərdə baş verənlərlə
bağlı öz rolunu ört-basdır etməyə
çalışır. Buna misal olaraq 10 dekabr 2006-cı il
tarixli “Konstitusiya referendumu”nu və 19 iyul 2007-ci il tarixli
“prezident seçkiləri”ni və sonrakı illərdə
edilmiş qanunsuz seçkiləri göstərmək olar. Beynəlxalq
ictimaiyyət bu kimi qeyri-qanuni hallar və onların sülh
prosesinə mənfi təsiri ilə bağlı
özünün birmənalı və prinsipial mövqeyini
ifadə etmiş, eləcə də Azərbaycanın ərazi
bütövlüyünə hörmətini bir daha təsdiq
etmişdir.
(ardı var)
Qafar ÇAXMAQLI,
Müstəqil Araşdırmaçı Jurnalistər Liqasının rəhbəri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 6 noyabr.- S.6.