Bakı metropoliteni ən
yüksək
standartların tətbiqi erasına keçir
8 noyabr - Bakı metropoliteni
işçilərinin peşə bayramı günüdür
Azərbaycan iqtidsadiyyatının özünəməxsus modelinin daha bir nümunəsi 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu. Elə həmin gün növbəti sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu “Bakı Metropoliteni” QSC-nin sədri təyin etdi.
Metropolitenin qapalı
statuslu səhmdar cəmiyyətə çevrilməsi
zamanın tələbi idi. Çünki təşkilatın
bazar iqtisadiyyatının əsas tələblərinə
cavab verməyən əvvəlki formatının daha
çevik variantla əvəzlənməsinə ehtiyac
yaranmışdı. Eyni zamanda, 2011-ci ildə imzalanmış
sərəncamlarla başlayan böyük inkişaf
perspektivini əngəlləyə biləcək səbəblər
vaxtında aradan qaldırılmalı idi. Axı,
qarşıdakı 20 il ərzində nəzərdə
tutulmuş inkişaf planına əsasən, yeraltı dəmiryol
xətlərinin ümumi şəbəkəsinin 2 mövcud və
3 əlavə yeni xətdən ibarət olması müəyyənləşdirilib,
depoların sayı 5-ə, stansiyaların sayı 76-ya
çatdırılmalı, xətlərin ümumi uzunluğu
119 kilometr olmalıdır. Bir sözlə, 53 yeni stansiya, 4 yeni
depo və 84,3 kilometr metro xətləri inşa edilməlidir.
Buna görə inkişaf sürətlə aparılmalı və
ən müasir standartlara uyğun texnologiyalar tətbiq edilməlidir.
İndi metronun inkişafı ilə bağlı bütün
məsələləri vahid mərkəzdən kompleks şəkildə
idarə etmək və yönəltmək, eyni zamanda dünya
təcrübəsinin ən yaxşı nümunələrini
birbaşa və maneəsiz tətbiq etmək, sosial
yönümlü qərarları rahatlıqla vermək
mümkün olacaq.
Yeni infrastrukturun
yaradılması ilə bağlı verilmiş qərardan
ötən 9 aya yaxın müddət də bunu əyani surətdə
nümayiş etdirir. 9 ay böyük işləri həyata
keçirmək üçün çox qısa müddət
olsa da, ölkə başçısı İlham Əliyevin
verdiyi konkret tapşırıq və tövsiyələrə
uyğun olaraq prinsipial mahiyyət
yenilikləri edilərək, bu gün metropolitenin sabit
inkişafı üçün zəmin yaradılıb. Bu cəhətdən həm iqtisadi, həm də sosial tədbirlərin
həyata keçirilməsi baxımından ötən 9 ay ərzində
metropolitenin fəaliyyətində iki vacib istiqamət
qabarıq şəkildə özünü göstərir.
Bunlardan birincisi, texnoloji innovativ yeniləşmənin sürətləndirilməsi,
ikincisi isə sosial tədbirlərin
dərinləşdirilməsidir. Onların hər birini
xüsusi qeyd etmək lazımdır.
Metropolitenin
inkişafı dedikdə, əlbəttə, ilk növbədə
metro tikintisindən də söz açmaq lazımdır. “Bu
gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda,
Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki
təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin
daha da böyük səmərə ilə görülməsinə
xidmət göstərəcək, həm də maksimum keyfiyyət
təmin olunacaqdır” deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biri hazırda
metronun həm tikintisində, həm də istismarında ən
müasir və qabaqcıl texnologiyaların tətbiqidir.
Məlumdur ki, birinci
dövlət proqramının icra dövründə yeni bənövşəyi
xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Əvvəlcə,
xəttin ilk iki stansiyası - “Avtovağzal” və şərti
adı “Memar Əcəmi-2” olan stansiyaları, sonrakı
dövrdə isə digər 3 stansiyası istismara veriləcək.
Xəttin
inşası zamanı metropolitendə ilk dəfə müasir
tunelqazma qurğularının tətbiq edilməsi məlumdur. Məhz bunun sayəsində
qarşıya qoyulan vəzifənin sürətlə yerinə
yetirilməsinə xüsusi təkan verilib. Stansiya tikintisində
də yeni üsullar artıq
özünü tam doğrultmuşdur. “Memar Əcəmi-2”
stansiyasında tətbiq edilən “Qruntda divar” üsulu iqtisadi
səmərəsi ilə yanaşı, sosial mahiyyəti,
texniki özəllikləri və uyğunluqları ilə
seçilir, ekoloji üstünlükləri ilə fərqlənir.
Belə tədbirlər və yeniliklər gələcəkdə
yerindən və şəraitindən asılı olaraq hər bir stansiyada tətbiq olunacaq.
Artıq yeni
düşüncə tərzinin, müasir dünya
standartlarının tələblərinə cavab verəcək,
bu gün üçün ən yüksək təhlükəsizlik
və sərnişin rahatlığı meyarlarının təmin
olunduğu stansiyaların istifadəyə verilməsinə
çox qalmayıb. İstər
“Avtovağzal”, istərsə də “Memar Əcəmi-2”
stansiyalarında tikintinin əsas mərhələsi
yekunlaşıb, quraşdırma və təchizat məsələləri
uğurla davam etdirilir. Stansiyalarda müasir eskalator sistemləri
ilə yanaşı, “Avtovağzal”da ilk dəfə uzun dəhlizləri,
keçidlərdə hərəkəti asanlaşdıracaq
travolatorlar tətbiq ediləcək. Onların
quraşdırılması başa çatdırılıb.
Yeni xətlərdə əlillər
və fiziki qüsurlu vətəndaşların istifadəsi
üçün nəzərdə tutulmuş liftlər
quraşdırılır. Bu təcrübəni nəzərə
almaqla, ölkə başçısının tövsiyələrinə
uyğun olaraq əlillərin
mövcud stansiyalardan da rahat istifadə etmələri
üçün çıxış yollarının
araşdırılmasına başlanılıb.
Yeni stansiyalarda təhlükəsizlik
məsələləri optimal səviyyədə qurulacaq, sərnişin
rahatlığı mümkün qədər yüksək səviyyəyə
çatdırılacaq. Bu məqsədlə istər
stansiyalarda, istərsə vaqonlarda kondisionerləşdirmənin
tətbiqi, mikroiqlim sistemləri, havalandırmanın yeni
üsullarından istifadə
olunması nəzərdə tutulub.
Metropoliten tarixində
ilk dəfə müasir yanğın təhlükəsizliyi
sistemləri tətbiq ediləcək. Onlar texniki imkanları ilə
seçilməklə yanaşı, həm də yanğın
siqnalizasiyası rolunu oynayaraq, xəbərdaredici vasitə
kimi, məlumatlandırma, eyni zamanda, təxliyənin daha
sürətlə aparılması
və s. kimi üstünlükləri ilə seçiləcək.
Əlbəttə, ən
vacib məsələlərdən biri məhz sərnişinlərin
metropolitendən rahat istifadə etmələrini təmin edən
vasitələrin tətbiqidir. Bu mənada, hətta ilk dəfə
metrodan istifadə edən sərnişinin səmti asanlıqla
müəyyən etməsi, bir sıra informasiyalarla
tanışlığı və s. nəzərdə tutan
vasitələrlə təchizat mühüm yer tutur. Bu və
digər informasiya təyinatlı elektron və digər vasitələrin
tətbiqi geniş miqyasda təmin ediləcək.
Birbaşa əlaqəsi
olmadığından sərnişin üçün bir qədər
maraqlı görünməsə də, əlbəttə yeni
xətlər və stansiyaların idarəetməsi də
çox vacibdir. Metropolitendə qurulacaq SCADA sistemləri bu mənada
yeni nailiyyətlərdən
sayılır və onun ən son modellərinin tətbiqi
üzərində işlərə də artıq
başlanılıb. Bununla əlaqədar məşhur “Thales”
şirkəti ilə müqavilə imzalanıb. Bu isə
sistemlər müasir proqramlaşdırma imkanları ilə
stansiyada bütün şəbəkənin idarəetməsinin
vahid mərkəzdə cəmlənməsinə kömək
edir. Bu həm də işin təşkili
və yönləndirilməsini asanlaşdırır, sərnişinlərə
xidmət səviyyəsini artırmağa kömək edir, həmçinin
avadanlıqlara texniki xidməti də yüksək standartlar səviyyəsinə
qaldırır.
İdarəetmə
sistemlərindən söz düşmüşkən,
metropoliten üçün ən vacib sahə olan qatarların
hərəkətinin təşkili və idarə
olunmasını qeyd etmək lazımdır. Onlar da mövcud
sistemlərdən əsaslı şəkildə fərqlənəcək.
Qatarların hərəkətinin idarəetməsi və ona nəzarət
sistemləri müasir elmin ixtirası olan radiokanal idarəetməsi
ilə təşkil ediləcək. CBTC adlanan bu sistemlər
qatar hərəkətinin təhlükəsizliyi ilə
yanaşı, intervalın ən optimal həddə
çatdırılmasını, gələcəkdə idarəetmə
təhlükəsizliyinin ən yüksək həddi
sayılan maşinistsiz idarəetməni də təmin edəcək.
Belə sistemlərin quraşdırılmasını da
“Thales” şirkəti təmin edəcək.
Bu il mayın 12-də
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri
çərçivəsində keçirilən Azərbaycan-Fransa
biznes forumu “Bakı Metropoliteni” QSC üçün də əlamətdar
olub. Forum çərçivəsində metropoliten
Fransanın müxtəlif şirkətləri ilə 5
anlaşma memorandumu imzalayaraq onlarla gələcək əməkdaşlığın
təməlini qoydu. Bu memorandumlar əsasında göründüyü kimi, “Thales”
şirkəti ilə metropolitendə müasir idarəetmə
sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq yüksək
səviyyədə təşkil edilib.
Şübhəsiz, metropolitenin yeni xətlərdə həyata
keçirdiyi yeniliklər
müasir standartlara cavab verən vaqonlarsız natamam olar. Xəttin
yeni tipli vaqonlarla təchizatını da Fransa şirkəti
yerinə yetirəcək. Artıq məşhur vaqon
istehsalçısı “Alstom”la müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığına əsasən yeni xətlərdə
stansiyaların platformalarının uzunluğu 7 vaqon
üçün və ya 144 metr nəzərdə tutulub. Təzə
xətlərdə istismar
olunacaq qatarlar ən yüksək və təhlükəsiz
idarəetmə tələblərinə cavab verməsi ilə
seçiləcək. Vaqonlar müxtəlif sosial qruplardan olan
sərnişinlərin maraqlarını təmin edəcək
müasir informasiya sistemləri ilə təchiz edilməklə
yanaşı, həm də əlil
arabaları üçün yerlərlə də təmin ediləcək. Beləliklə,
metropolitendə əhalinin bu sosial qrupunun maraqları yeni xətlərin
stansiyalarına daxil olandan onları tərk edənə qədər
tam təmin edilmiş olacaq. Bundan savayı, bu vaqonlar kondisionerləşdirilməsi,
mikroiqlim təminatı, havanın təmizlənməsi,
germetikliyi və s. üstünlükləri ilə seçiləcək.
Əlbəttə, təkcə
yeni xətlər deyil, dövlət proqramına uyğun
olaraq mövcud xətlərin
inkişafı da unudulmayıb. Proqramın icra olunacağı
müddətdə yaşıl xəttin daha 3
stansiyasının inşası da planlaşdırılıb.
Hazırda şərti adı “Həzi Aslanov-2" olan
stansiyanın, eləcə də Köhnə və Yeni Günəşli
qəsəbələri istiqamətindəki tunellərin
qazıntısı aparılır. Bir sözlə,
qarşıdakı illərdə iki xətt üzrə, ən
azı, 8 stansiya istismara veriləcək.
2014-cü il oktyabrın 15-də “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə
“Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni
tunelin tikintisi (qırmızı və yaşıl xətlərin
ayrılması) işlərinin görülməsi ilə
bağlı müqavilə imzalanıb. Qeyd edək ki,
qırmızı xətlə (“Həzi Aslanov” - “İçərişəhər”
stansiyaları arası) yaşıl xətt (“Dərnəgül”
- “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir
və bu da öz növbəsində qatarların hərəkət
təhlükəsizliyi baxımından mühüm əhəmiyyət
kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni
zamanda qatarlar arası intervalın azaldılmasına xidmət
edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov”
stansiyasından hərəkət edən qatarlardan biri
“İçərişəhər”, digəri isə “Dərnəgül”
istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” - “28
May” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə
olsa da, bu özünü “28 May” - “Dərnəgül”
stansiyaları arasında 4 dəqiqə kimi göstərir. Xətlərin
ayrılmasından sonra isə “28 May” – “Dərnəgül”
istiqamətində hərəkət intervalını 2 dəfə
azaltmaq imkanı yaranacaq.
Xətlərin
ayrılması ilə yanaşı, sovet dövründən
metropolitenin həllini gözləyən problemlərinin aradan
qaldırılması istiqamətində əsaslı layihələrin
həyata keçirilməsi də nəzərdə tutulur. Bu
mənada dərin özüllü stansiyaların ikinci giriş-çıxışlarının
istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir.
2009-cu ildə ölkə başçısının
iştirakı ilə açılmış “28 May”
stansiyasının ikinci giriş-çıxışından
sonra daha birinin də istismara verilməsi istiqamətində fəal
işlər aparılır. Sərnişin sıxlığı
baxımından seçilən “Elmlər Akademiyası”
stansiyasının ikinci giriş - çıxışı fərqli
inşaat üsulunun tətbiqi ilə aparılır. Burada əsas
yeraltı inşaat işləri demək olar ki, tamamlanıb.
Qalan mərhələdə vestibülün,
giriş-çıxışların inşası və təchizat
işləri görüləcək.
Metropolitençilər
üçün böyük əhəmiyyət kəsb edən
yeni texnoloji korpusun istismara verilməsi xüsusi qeyd edilməlidir.
Bu korpus metropolitenin müxtəlif xidmət və sahələrinin
işini vahid mərkəz prinsipi ilə qurmağa şərait
yaradıb. O, xətlərin fəaliyyətinin təmin edilməsi
ilə bağlı bütün sistemlərin, o cümlədən
hərəkətin təşkili və digər funksional sahələrin
mərkəzləşmiş qaydada idarə olunmasını,
fərqli dispetçer mərkəzləşməsini tətbiq
etməyə imkan verəcək. Hazırda inşa olunan və
gələcəkdə tikintisi nəzərdə tutulmuş xətlərin
hər birinin müstəqil idarə olunması
üçün lazım olan bütün şərait indidən
qurulur. Dövlət başçısının
tapşırığına əsasən burada dünyada mövcud ən
müasir sistemlər tətbiq olunacaq. Artıq enerji, eskalator və
sanitar sahələrin dispetçer mərkəzlərinin
işi buradan idarə olunur. Hərəkətin təşkili
üzrə dispetçer mərkəzində sınaqlar və
yoxlama işləri davam etdirilir.
“Metro tikintisi çox
çətin məsələdir, çox böyük texniki
imkanlar, peşəkarlıq və maliyyə resursları tələb
edir. Biz isə bu işi görməklə şəhər
sakinlərinin rahatlığını təmin etmək istəyirik.
Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki,
metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək
olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri,
yəni gediş haqları çox aşağıdır.
Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən,
ona görə ki, metro tikintisi, demək olar, həmişə
daha çox sosial xarakter daşıyır. Ona görə ki,
buraya qoyulan vəsait və növbəti illərdə yeni
stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların
rahatlığı üçündür” deyən ölkə
başçısının tövsiyələrinə
uyğun olaraq ötən 9 ay ərzində müəssisənin
fəaliyyətinin təmin edilməsi baxımından
metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində əhəmiyyətli yeniliklər edilib.
Böyük problemləri aşkarlanmış “Nərimanov”
elektrik deposunda ehtiyat hissələrin tədarükündə,
maşın və mexanizmlərlə təchizatında
köklü dəyişikliklər edilərək,
günün tələblərinə uyğun iş norması
və prinsiplərinin qurulmasına başlanılıb. Bunun nəticəsində
qatarların nasazlığına görə xətdən
çıxarılması halları kəskin surətdə
azalıb.
Ən mühüm
işlər sırasında vaqon parkının müasir
standartlar səviyyəsinə qaldırılmasıdır.
Uzun müddət istismar olunan vaqonların əsaslı təmiri vaxtının yetişməsi barədə
qəbul edilmiş qərara əsasən onların modernləşdirilməsi
də aparılır. 4
qatarı təşkil edən 20 vaqon Tbilisi eletrik
qatarlarının təmiri zavodunda yeniləşdirilib.
Onların əsas elektrik və mexaniki hissələri
mümkün olan müasir standartlara uyğun tərzdə ən
yeniləri ilə əvəzlənib və bununla istismar,
qulluq və cari təmirlə bağlı əsas problemləri
aradan qaldırılıb.
Təhlükəsizliyin
təminatında əhəmiyyətli rol oynayan metroloji
ölçü vasitələrinin yenilənməsi istiqamətində
önəmli addımlar atılıb. Bu mənada yeraltı
polad magistralımızın tarixi üçün ən əhəmiyyətli
tədbirlərdən biri metropoliten infrastrukturunun
diaqnostikası kompleksinin qurulması olacaq. Artıq bununla
bağlı Rusiyanın “Tvema” şirkəti ilə müqavilə
imzalanıb və işə başlanılıb. Müasir
dünya metropelitenləri üçün də nadir yenilik
olan bu kompleks 1935-ci ildə istehsal olunmuş və əvvəlcə
Moskva metropolitenində istismar edildikdən sonra Bakı metrosuna verilmiş və mənəvi
cəhətdən ömrünü başa
çatdırmış yolölçən vaqon
anlayışını gündəlikdən
çıxaracaq, yol təsərrüfatı əsas olmaqla daha
bir neçə aparıcı sahədə yoxlamaların
aparılaraq təhlükəsizliyin təminatında həlledici
vasitəyə çevriləcək.
Metropoliten xətlərdə
ən müasir sistemlərlə təchiz edilmiş daha bir
motovozu istismara verməklə bu sahədə maddi-texniki
bazanın əhəmiyyətli dərəcədə yenilənməsi
ilə bağlı mühüm addım atılmış
oldu. Həm də gündən-günə edilən yeniliklər
sayəsində metropolitenin rəvan və təhlükəsiz
fəaliyyətini təmin edən gecə növbəsində
çalışanların əmək şəraitinə,
tunellərə material və avadanlıqların
daşınmasına daha bir töhfə verilmiş oldu.
Sürətlə
müasirləşən, ən yeni texnologiyaların geniş
tətbiq edildiyi məkana çevrilmiş metropolitendə
kadrların hazırlığı da aktuallıq kəsb edir.
Buna görə də metropolitendə təlim-tədris mərkəzi
yaradılıb. Artıq mərkəzdə “Thales” şirkətinin
təlimləri başlayıb. Onu da əlavə edək ki, bu
mərkəz ölkənin aparıcı elm və tədris
ocaqları ilə sıx əməkdaşlıq qurmaqla, həm
də kadr probleminin geniş miqyasda və əvvəlcədən həllinə nail olmağa kömək
edəcək, eyni zamanda müəssisəni metropolitendə tətbiqi
mümkün olan elmi-texniki, texnoloji innovasiyaların mərkəzinə
çevirməklə alimlərin, ixtiraçıların, səmərələşdiricilərin
də marağına səbəb olaraq onların həvəsləndirilməsinə
və çeşidli əməkdaşlığa yol
açılmasına gətirib çıxaracaq. Bununla da
metropoliten ölkə elmi, təhsili qarşısında əhəmiyyətli
xidmət göstərmiş olacaq.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrini əsas tutan
QSC rəhbərliyi ilk günlərdən sərnişin
rahatlığının təmin edilməsi ilə
bağlı xüsusi addımlar atıb. Bu mənada əksər
sərnişinlərin də bildirdiyi kimi metropolitendə ticarətin ləğv
edilməsi qeyd olunmalıdır. Həm sərnişinlərin,
həm də metropolitençi mütəxəssislərin qeyd
etdiyi kimi, məhz ticarət köşklərinin
yığışdırılması ilə stansiyalarda hava
sirkulyasiyasının normal təmin edilməsi mikroiqlim şərtlərini
dəyişdirdi, havalandırmanın keyfiyyətinə əhəmiyyətli
təsir göstərdi. Həmçinin ən vacib sahələrdə
ventilyatorların yenilənməsi və modernləşdirilməsi
işləri davam etdirilir.
Aparılan
araşdırmalara görə, həm metropolitenin estetik
görkəminə, həm də sərnişinlərin
psixoloji ovqatına mənfi təsir göstərən rəngbərəng
və məzmunsuz reklam lövhələrinin ləğvi də
xususi qeyd oluna bilər. İndi metropolitenin stansiyaları
istismara verildiyi illərdəki görkəminə
qaytarılaraq sənət əsəri kimi diqqəti cəlb
etməyə başlayıb.
Ötən müddət
ərzində işçilərin əmək şəraitinin
yaxşılaşdırılması baxımından əhəmiyyətli
dəyişikliklərə nail olunub.
“Nərimanov” elektrik deposu ərazisində yerləşən
yeməkxana əsaslı təmir edilərək ən
müasir məişət avadanlığı ilə təmin
edilib, dizayn tərtibatında erqonomik təsirlərə
xüsusi diqqət yetirilib. Lakin bu zahiri yeniləşmə ilə
iş bitmir. Metropoliten İşçiləri Həmkarlar
İttifaqı Birliyi ilə əldə olunmuş ümumi
razılığa əsasən
naharın qiymətlərində əsaslı güzəştlər
tətbiq edilib. Pulsuz yemək talonları təqdim edilən
xüsusi ağır sahələrdə
çalışanların sayı artırılıb. Eyni
qayda yeni texnoloji korpusun yeməkxanalarında da tətbiq edilib.
Metropolitenin elektrik
deposu il ərzində simasını büsbütün dəyişib.
Buradakı səliqəsiz çəpərlənmiş
bağların yerində əsaslı yenidənqurma və
abadlıq işləri aparılaraq yerində gözəl
istirahət parkı salınıb. Parkın mərkəzi hissəsində
ümummilli lider Heydər Əliyevin büstü qoyularaq ətrafında
memarlıq və dekorativ işləri yerinə yetirilib.
Quraşdırılmış fəvvarə fasilə vaxtı
burada dincələnlərin zövqünü oxşayır.
Metropolitençilər
Vətən uğrunda canlarını fəda etmiş həmkar-qəhrəmanlarını
da heç vaxt unutmurlar. QSC sədrinin
təklifi ilə depo qarşısındakı ikinci parkda
metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən
lövhənin yeni məzmunda tərtib edilməsi onların əziz
xatirəsinə ehtiramın əlamətinə çevrilib.
Deponun girişində
salınmış geniş, səliqə-sahmanlı avtomobil
parklama sahəsi metropolitençilərin daha bir
qayğısını aradan qaldırıb. Bütün bu
addımlar yeni rəhbərliyin işə və
işçiyə yaxşı münasibətinin təzahürü
kimi rəğbətlə qarşılanıb.
Sosial rifah, mədəni
istirahət dedikdə, metropolitençilər
üçün ilk növbədə,
Bilgəhdəki sanatoriya-profilaktoriyada və istirahət
zonasında yaradılan şərait daha maraqlıdır.
İldən-ilə simasını dəyişən sanatoriyada
bu il böyük yeniliklər edildi. Köhnə müalicəvi
və tibbi avadanlıqların
yeni mövsümdən daha müasir avadanlıqlarla əvəz
olunması qərara
alınıb. Kotteclərin
ardıcıl qaydada əsaslı təmir olunaraq yenidən
qurulması prosesi bu il bir qədər fərqli olacaq. Gələn
mövsüm istirahət zonasında yenidən
qurulmamış kottec qalmayacaq. Bu isə işçilərə
istirahət üçün daha yeni imkanlar açacaq.
Ümumiyyətlə, həyata keçirilən sosial tədbirlər
nəticəsində işçilərin sanatoriyadan istifadə
müddəti xeyli artırılıb. Metropoliten tarixində
ilk dəfə istirahət müddəti 6 aydan 8 aya qədər
uzadılıb.
Daha bir yenilik də
xüsusi qeyd olunmalıdır. Metropoliten rəhbərliyinin həmkarlar
təşkilatı ilə birgə qərarına əsasən cari ilin
yayında müstəqillik tarixində ilk dəfə
metrpolitençilər qrup şəklində xarici ölkəyə
turist səyahətinə göndərildilər.
Gürcüstanın Kobuleti şəhərinə 376 nəfər
turist səyahətinə göndərildi. Ölkə daxilində
isə 468 nəfər Nabranda 3 günlük həftəsonu
istirahət imkanı qazandı. Bilgəhdə yerləşən
istirahət mərkəzindəki evlərdə 1000-dən
artıq işçi istirahət edib. Sanatoriya-profilaktoriyada
dincəlmək üçün 800-ə yaxın
işçiyə yollayış verilib.
Əlbəttə,
sosial rifahının yaxşılaşdırılmasından danışarkən əməkhaqlarının
artırılmasını da unutmaq olmaz. Metropolitendə
aparılmış struktur islahatları nəticəsində
işçilərin əmək haqlarında hiss olunacaq dəyişikliklər
də nəzərə çarpmağa başlayıb. Bu
artım qarşıdakı müddətdə də davam
etdiriləcək. Metropoliten rəhbərliyinin əlamətdar
günlərdə işçiləri
mükafatlandırması təqdirəlayiq ənənələrin
davamıdır.
Ümumiyyətlə,
əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan və onun layiqli davamçısı İlham Əliyev
tərəfindən uğurla irəli aparılan iqtisadi-siyasi inkişaf
kursunun təməlini məhz hər şeyin insanların, Azərbaycan
xalqının rifahı və rahatlığı
üçün olması təşkil edir.
Bütün bunlar ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrin icrasında hələ ilk addımlardır. Qarşıda metropolitençiləri böyük işlər gözləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeraltı magistralın inkişafı sahəsində qarşıya qoyduğu vəzifələr metropolitençilər üçün hər zaman yüksək ruh və etibarlılıq rəmzidir.
“Bakı
Metropoliteni”
QSC-nin
“Metro” qəzeti redaksiyası
Xalq qəzeti.-
2014.- 7 noyabr.- S.7.