Binəqədidə
yazıçı-dramaturq
Hüseynbala Mirələmovla görüş
Bakı
şəhəri Binəqədi rayonu 276 saylı orta məktəbdə
tanınmış yazıçı-dramaturq, Milli Məclisin
deputatı Hüseynbala Mirələmovun həyat və
yaradıcılığına həsr olunmuş ədəbi-bədii
gecə keçirilmişdir. Tədbirdə
yazıçı-dramaturqun özü ilə
yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov, filologiya
elmləri doktorları Raqub Kərimov və
İslam Qəribli, Azərbaycan
Yazıçılar Birliyi bədii ədəbiyyatın
təbliği bürosunun
direktoru Nazim Əhmədli,
həmçinin respublikanın bir çox tanınmış sənət adamları
iştirak edirdi.
Tədbiri
giriş sözü
ilə açan məktəbin direktoru, Əməkdar müəllim Bəhram Şiriyev Hüseynbala Mirələmovun
həyat və yaradıcılığından geniş söz açaraq, onun istər
publisistiksının, istər nəsr əsərlərinin,
istərsə də
dramaturgiyasının gənc nəsilin milli ruhda, əsl vətənpərvər
kimi böyüməsində çox faydalı və dəyərli vasitə
olduğunu vurğuladı.
Ədəbi-bədii
gecədə yazıçı-dramaturqun
yaradıcılığından geniş söz açan filologiya elmləri doktorları Raqub
Kərimov və İslam Qəribli
bildirdilər ki, Hüseynbala
Mirələmov həyatda olduğu kimi əsərlərində də fəal vətəndaşlıq
mövqeyi ilə seçilir. Onun vətəndaşlığı
onun yaradıcılığından
ayrılmır. Xüsusi qeyd olundu ki, Hüseynbala Mirələmov daxilən
yaşadığı Qarabağ ağrılarında, torpaq itkisində, Vətəndəykən
qaçqınlıq və məcburi köçkünlük
qınağının əzablarında, bu
insanların xəcalətində oxucunun da payının olduğunu
gizlətmir, onlara da
bu hissləri yaşadır.
Hüseynbala Mirələmov
yaradıcılığında qaranlıqla
işığın, xeyirlə şərin mübarizəsi
ilə yanaşı, daha vacib
bir problemə baxış aydın duyulur- insan və inam. Bu mənada yazıçının istər “Gəlinlik paltarı”nda,
istər “Qumru yumurtaları”nda, istər
“Qırxıncı otaq”da,
istərsə digər əsərlərində
yazıçının qarşısına qoyduğu
ali məqsədlərdən biri insanın yaşadığı mühitdə
öz simasını qoruyub
saxlaya bilməsinə, içindəki
iblisə qalib gələ bilməsinə
kömək göstərməkdir.
Tədbirdə
şagirdlərin Hüseynbala Mirələmovun
yaradıcılığından səsləndirdikləri
seçmələr, dram əsərləri
əsasında hazırladıqları səhnələr, eləcə
də yazıçının “Heydər Əliyev”, “Zərifə
Əliyeva”, “İlham Əliyev”, “Gəlinlik
paltarı”, “ Yanar qar”, “Bir gecənin sehri” və
digər əsərləri
əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir
işrirakçılarının alqışları ilə
qarşılandı. Üç saat davam edən tədbirin
sonunda yazıçı-dramaturq məktəbliləri
düşündürən çoxsaylı suallara
cavab verdi.
Tədbirin
sonunda çıxış edən Binəqədi
Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov dəvəti qəbul edib məktəblilərin
görüşünə gəldiyinə görə
yazıçı-dramaturq Hüseynbala Mirələmova
təşəkkür etdi. Sonda Hüseynbala
Mirələmov “Cəza”, “Xəcalət”, “Gəlinlik
paltarı”, “Sonuncu fateh”
və digər əsərlərini məktəb
kitabxanasına hədiyyə etdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2014.- 7 noyabr.- S.6.