Xatirələrdə əbədi
yaşayan
Rəşid Mahmudov – 85
Dövlətə, dövlətçiliyə həmişə sadiq olan, bütün şüurlu həyatını öz xalqının mənəvi dəyərlərinin, mənəviyyatının qorunub saxlanılmasına, eləcə də milli mətbuatın inkişafına həsr edən unudulmaz ziyalımız Rəşid Mahmudov mənim yaddaşımda nəcib bir insan, gözəl şəxsiyyət kimi qalıb. Mən onu ilk dəfə Zaqatala rayonunun birinci katibi işləyəndə hörmət və məhəbbət hissiylə kənardan müşahidə etmişəm. Onun sağlam, gümrah, yaratmaq enerjisi ilə dolu vaxtlarını görmüşəm.
Sonralar tale elə gətirdi ki, bizim aramızda çox doğma və isti bir münasibət
yarandı. Rəşid müəllim “Kommunist”
qezetinin redaktoru
işləyəndə onun mənə olan qayğısının sayəsində həmin
qəzetin ən fəal müəlliflərindən birinə çevrilmişdim. Baxmayaraq ki, “Kommunist” qəzeti
sırf siyasi qəzet idi
və çox böyük
tirajla nəşr olunurdu,
qəzetin səhifələrində Rəşid müəllim
tez-tez mənim şeirlərimi oxuculara təqdim edirdi.
“Nizami”
kinoteatrının yanındakı binada, indiki “Xalq qəzeti”nin yerləşdiyi
iki mərtəbə o
zaman “Kommunist” qəzetinə
mənsub idi. Rəşid müəllimin iş otağı üçüncü
mərtəbənin baş tərəfində,
dəhlizin sonunda yerləşirdi. Onun qapısı həmişə üzümə
açıq olardı. Əlində işi
nə qədər çox olsa da, mənə səxavətlə
vaxt ayırar, şeirlərimi sevə-sevə
oxuyar, elə oradaca qol çəkib qəzetin növbəti
nömrəsınə göndərərdi. Dəfələrlə
bir-birindən şirin söhbətlərimiz
olub onun iş otağında. Ədəbiyyata gələn
yeni nəsillərlə, ağsaqqal
yazıçı və şairlərimizlə bağlı çox mənalı və maraqlı söhbətlər
edər, mənə öz tövsiyələrini
verərdi.
Rəşid müəllim
Dövlət Mətbuat Komitəsinin sədri işləyəndə
mən “Yazıçı” nəşriyyatında poeziya şöbəsinin müdiri
vəzifəsində çalışırdım.
Yaradıcılıq işləri ilə əlaqədar tez-tez ünsiyyətdə, münasibətdə
olurduq.
Ünsiyyətində
çox zərif insan idi. İncə tonda,
astadan və çox şirin bir
danışığı vardı. Söhbətlərində
heç vaxt məişət
səviyyəli məsələlərə yer
verməz, həmişə insanı, şəxsiyyəti
böyüdən ciddi məsələlərə
toxunar, onu dinləyən
həmsöhbətini böyük ideyalar, böyük arzular
üstündə kökləyər, öz
müdrikliyi, dəyərli məsləhətləri
ilə gəncliyi güclü vətəndaşlıq
mövqeyinə doğru yönəldərdi.
Onun adı gənc jurnalistlər içərisində
çox hörmətlə çəkilərdi,
ağsaqqal həmkarları arasında “ustad” kimi
xatırlanardı.
Ümumiyyətlə,
Rəşid müəllimin sayəsində onun
məşhur alim və ziyalı
qardaşları ilə – Hikmət Mahmudla,
Ədhəm müəllimlə çox doğma münasibətlərim vardı. İndi oğlu Bəhruz
müəllimlə Rəşid müəllimdən gələn
doğmalıq, dostluq ənənəsini qoruyuruq.
Yadımdadır,
hüquq-mühafizə orqanlarında adı hörmətlə
çəkilən qardaşı Fikrət müəllim rəhmətə
gedəndə mən də Rəşid müəllimin dərdinə
şərik olmaq üçün
İsmayıllıya yas mərasiminə getmişdim. Xalqın belə bir
deyimi var:
“İnsanın nəyə qadir olduğunu bilmək istəyirsənsə, onun doğulduğu yeri ziyarət elə”. Bəli, mən orada Rəşid müəllimin nəyə qadir olduğunu çox gözəl dərk elədim. O dəfn
mərasimi elin, xalqın matəminə çevrilmişdi. Azərbaycanın bütün məşhur adamları orada idi. Camaatın
sıxlığı o həddə
çatmışdı ki, iynə atsan yerə düşməzdi.
Mən onun doğulduğu kəndin
təbiətini görəndə anladım ki,
Rəşid müəllimin, Ədhəm müəllimin, Hikmət
Mahmudun üzündəki nur,
işıq haləsi, dodaqlarındakı təbəssüm,
gülərüzlülük haradan
qaynaqlanır.
Son illərdə zaman öz
hökmünü vermiş,
Rəşid müəllim qocalmış, minlərlə
insanın varlığına, yaradıcılığına
işıq çıləyən gözlərinin nuru sönmüşdü.
İnsan sevgisinin
gücünə, ağsaqqallığın etibarına
baxın ki, səhhətinin vəziyyətinə
baxmayaraq, mənim uğurlarımın heç
biri onun diqqətindən
yayınmaz, həmişə mənə zəng edər, televiziyada çıxışlarımla, yeni çıxan kitablarımla,
aldığım fəxri adlarla
bağlı öz sevincini
və təbrikini çatdırar, bir ata sevgisi ile
sevinər, məni də sevindirərdi.
Yaşasaydı, bütün dost-tanış, qohum-əqrəba,
respublikanın çoxsaylı jurnalistlər ordusu
bu gün 85 illik yubileyi ilə əlaqədar
başına toplaşıb, onu təbrik
edər, öz sevinclərini
bölüşərdi. Lakin, təəssüf
ki, beş ildir ad günlərini onsuz keçiririk. Rəşid
müəllim 2009-cu ilin payızında
dünyasını dəyişib, Haqqın dərgahına qovuşdu.
Allah bütün xeyirxah,
saleh bəndələrini cənnətlə
müjdələyib. İnanıram ki, öz milləti, dövləti, xalqı,
övladları, dostları, doğmaları üçün
yaxşı və xeyirxah əməllərini
yadigar qoyub gedən Rəşid
müəllimin yeri də cənnətdədir.
Ruhun şad olsun, Rəşid müəllim! Həmişə
qəlbimizdə, ruhumuzda, xatirələrimizdəsən...
Unudulmaz
ağsaqqalımız
Rəşid Mahmudovun xatirəsinə
Mən onu həmişə işıqlı, nurlu,
Mən onu həmişə ziyalı gördüm.
Səmimi, mehriban, ötkəm, qürurlu,
Abırlı, həyalı,
hörmətli gördüm.
Mən onu görəndə başa
düşürdüm,
Nədir, nə deməkdir
ağsaqqal olmaq.
Bir evin içində
dünyaya gəlib,
Bir
elin içində bir mahal olmaq.
Qələmə-dəftərə nur yağa-yağa,
Yazdıqca
yazırdı Rəşid
müəllim.
Qaynar cavanlara
dayaq olmağa
Həmişə
hazırdı Rəşid
müəllim.
Nurlu çöhrəsindən
işıq süzülür,
Yaratmaq
eşqiylə aşıb-daşırdı.
İstedad tapanda
gözləri gülür,
Gəncləri
görəndə cavanlaşırdı.
Ruhu təmiz idi dümağ qar kimi,
Qəlbi
çıraqlıydı Rəşid
müəllim.
Məğrur palıd
kimi, xan çinar kimi
Qollu-budaqlıydı
Rəşid müəllim.
Zəlimxan YAQUB,
Xalq şairi
Xalq qəzeti.- 2014.- 7 noyabr.- S.6.