Balakən: gündən-günə
gözəlləşən diyar
Oktyabr ayı Balakən ictimaiyyəti
üçün kifayət
qədər əlamətdar və tədbirlərlə zəngin oldu.
Bu tədbirlərin
hamısı bir-birindən yüksək səviyyədə təşkil
olunsa da, mənim üçün ən yaddaqalan məqam
oktyabrın 31-də keçirilən “Məhsul bolluğu
bayramı” idi. Çünki burada söhbət balakənli
insanın ərsəyə gətirdiyi məhsuldan, o məhsulun
bolluğundan, bolluğun bayram edilməsindən, ən başlıcası mənim kəndli
qardaşlarımın, fermerlərin zəhmətinin, əməyinin
qiymətləndirilməsindən gedirdi.
Heydər Əliyev
adına Mədəniyyət və İstirahət Parkında
təşkil olunan bu bayram müstəqillik illərimizdə
artıq üçüncü dəfə keçirilirdi.
Rayon sahibkarları, fermerləri və iş adamları bu il
istehsal etdikləri kənd təsərrüfatı məhsullarını
nümayiş etdirirdilər. Bayramda rayonun kəndləri, aqrar
sektorun bütün sahələri üzrə fəaliyyət
göstərən insanlar təmsil olunurdular. Rayon icra hakimiyyətinin
başçısı İslam Rzayev və digər rəsmi
qonaqlar nümayiş etdirilən bütün məhsullarla
tanış oldular. Ən yaddaqalan məqamlardan biri
folklorşünas alim Qalib Sayılovun
çıxışı oldu. Alim milli tariximizdə mövcud
olan məhsul və ya bolluq bayramı ənənəsindən,
bu ənənəni yaşadan folklor nümunələrindən
söz açdı. Sonra incəsənət ustalarının
iştirakı ilə geniş bayram konserti təşkil olundu.
Yüksək əhval-ruhiyyə
ilə keçən bolluq bayramında özünün keyfiyyətli
məhsullarını nümayiş etdirən Talalar kəndindən
olan fermer Nüsrət Əsgərovla söhbət etdik. Nüsrət bu qəbildən olan tədbirləri
alqışlamaqla yanaşı, əlavə etdi ki, biz bu məhsul
bolluğunu yaratmaqda yardımçımız olan hər bir
insana, xüsusən, möhtərəm dövlət
başçımıza minnətdarıq. İndi Balakəndə
elə vəziyyət yaradılıb ki, istənilən
sakin istədiyi qədər kənd təsərrüfatı məhsulu
istehsal edə bilər. Rayon rəhbərliyi bu istiqamətdə
irəli sürülən bütün təklif və təşəbbüsləri
dəstəkləyir. Bizə göstərilən qayğı
və köməyin cavabı isə məhz belə tədbirlər,
bolluq bayramları olur. Bu gördüyünüz məhsulların
hamısı işləyən və içləmək istəyən
adamlara göstərilmiş köməyin nəticəsidir.
Elə
rayon icra hakimiyyətinin başçısı ilə də
“Məhsul bolluğu bayramı”nda görüşdük.
İslam müəllimlə söhbətimiz rayon həyatının
bütün sahələrini əhatə etsə də, bu
yazının əvvəlini məhsul bayramı, kənd təsərrüfatı
ilə başladığımıza görə rayondakı sosial-iqtisadi nailiyyətlərdən
əvvəl aqrar sektordakı bəzi göstəriciləri
yada salmaq istərdik. Öyrəndik ki, bu il rayonun əkin sahələrinin
ümumilikdə təxminən 3 faiz artırılması təmin
edilib. Sahələrin 12 min 65 hektarında
payızlıq və yazlıq bitkilər əkilib, 256 hektar
taxıl sahəsindən 378 ton məhsul
götürülüb. 21,8
min ton tərəvəz, 7,1 min ton kartof, 21,2 min ton
qarğıdalı, 631 ton lobya, 3,2 min ton bostan məhsulları,
9,8 min ton meyvə istehsal olunub. Biz rayonda olduğumuz gün aldığımız məlumatda
bildirilirdi ki, hələ təsərrüfatlarda məhsul
yığımı davam etdirilir. Meyvəçiliyin
inkişaf etdirilməsi və yeni intensiv bağların
salınmasına diqqət artırılır. Əvvəlki illərdə salınmış 176
hektar intensiv meyvə bağlarına mövsümi qulluq
göstərilir və məhsul istehsalının
artırılması üçün əlavə tədbirlər
həyata keçirilir.
Xatırladaq ki, bitkiçiliklə
yanaşı, heyvandarlığın da inkişaf etdirilməsi
diqqət mərkəzində saxlanılır, mal-qaranın
baş sayında və heyvandarlıq məhsullarının
istehsalında əvvəlki illərə nisbətən
artım müşahidə olunur.
Quşçuluğun inkişaf etdirilməsi
üçün mövcud əlverişli şərait nəzərə
alınaraq Qaysa kəndində inqubasiya təsərrüfatı
istifadəyə verilib. Bütövlükdə, bu ilin geridə
qalan aylarında aqrar sahədən 48,6
milyon manatlıq gəlir əldə edilib ki, bu da əvvəlki
ilə nisbətən 701 min manat çoxdur.
Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət dəstəyi tədbirləri
çərçivəsində 2137 nəfər
istehsalçıya 218 min 724 manat yardım edilib. Aqrar sahənin texniki təminatının
yaxşılaşdırılması üçün 2 ədəd
qarğıdalıyığan kombayn, 816 ton azot gübrəsi
gətirilib və gübrənin istehsalçılara güzəştli
qaydada satışı təşkil edilib. 342 ədəd kənd təsərrüfatı
texnikası müvafiq texniki baxışdan keçirilib.
Rayon fermerləri Bakı şəhərində
keçirilən kənd təsərrüfatı məhsullarının
satış yarmarkalarında fəal iştirak edib və bu
yarmarkalarda 78 ton müxtəlif növ meyvə və tərəvəz
məhsullarının satışı təşkil edilib.
Rayon rəhbəri bu məqamları yada salarkən bir məsələni
xüsusilə vurğuladı və dedi ki, balakənlilər
öz məhsullarını Bakıya nə qədər
çox aparsalar da, paytaxt sakinləri və
respublikamızın qonaqları bizim nemətlərimizlə məhz
Balakəndə tanış olmağa
üstünlük verirlər. İslam müəllim
qeyd etdi ki, hələ dəqiq olmayan məlumata görə, cəmi
9 ayda Balakənə 20 mindən artıq turist gəlib.
Ucqar bir rayon üçün bu,kiçik
göstərici deyil. Yeri gəlmişkən,
Balakən əlverişli coğrafi mövqeyi, münasib iqlimi
və təbii gözəllikləri ilə turistlərin diqqətini
daim cəlb edir. Rayon ərazisində turistlər
üçün maraqlı ola biləcək
qədim tarixi abidələr, zəngin fauna və flora, meşələr,
çaylar, şəlalələr, istirahət guşələri,
parklar mövcuddur.
Balakənin 2014-cü ildə “Azərbaycanın
Folklor Paytaxtı” elan edilməsi və bununla əlaqədar
keçirilən tədbirlər, festivallar turistlərin bu
rayona marağının daha da artmasına səbəb olub. Hazırlanmış illik tədbirlər planına
uyğun olaraq, sentyabr ayının 25-26-da “Balakən
payızı” Folklor və Turizm Festivalı keçirilib.
Festivalda qonşu Dağıstan və
Gürcüstan respublikalarının, eyni zamanda,
respublikamızın 6 rayonunun folklor kollektivləri iştirak
ediblər.
Rayonda öyrəndik ki, Mədəniyyət
və Turizm Nazirliyi kollegiyasının qərarı ilə
Balakən rayonu respublikamızın 4 nömrəli turizm
marşrutuna daxil edilib. Rayon üzrə 12 turizm
marşrutu və rekresiya zonaları müəyyənləşdirilib.
Rayona gələn turistlər daha çox kənd
gəzintisi, dağ, atçılıq, ovçuluq turizm
növlərinə maraq göstərirlər. Bundan əlavə,
dördulduzlu “Qubek” mehmanxanasının yerləşdiyi Balakən
şəhərindəki Heydər Əliyev adına
Mədəniyyət və İstirahət Parkı da turistlərin
ən çox üz tutduqları məkanlardandır. Burada turistlərin əylənməsi
üçün hər cür şərait yaradılıb.
Parkda quraşdırılan 1200 metr uzunluğunda
kanat yolu daim turistlərin ixtiyarındadır.
Bu il rayon ərazisində tikinti, təmir
və quruculuq işləri sürət və keyfiyyətlə
aparılır. Ölkə Prezidenti İlham Əliyevin
2013-cü ilin avqust ayında imzaladığı sərəncama
əsasən tikintisi üçün vəsait
ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala
yolunun 16,2 kilometrlik hissəsində işlər
başa çatdırılıb. Şəhərin Rafiq Səmədov
küçəsindəki bağ abadlaşdırılaraq
yenidən qurulduqdan sonra burada Soyqırımı
qurbanlarının xatirəsinə abidə kompleksi tikilib,
“Veteranlar bağı” salınıb, küçələrdə
yol nişanları daha müasirləri ilə əvəz
edilib. Şəhərdə 20 kommunal binanın
dam örtüyü dəyişdirilib, 16 binanın isə fasad
hissələri mişar daşı və dekorativ daşlarla
üzlənilib. Heydər Əliyev adına Mədəniyyət
və İstirahət Parkının giriş hissəsi, Şəhidlər
xiyabanı yenidən qurulub, şəhərin Heydər
Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov,
Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli
Ansuxski küçələrində və
Soyqırımı bağında
10 min 100 kvadratmetr tamet plitə
düzülüb, 170 yeni işıq dirəyi
basdırılıb. Balakənçay
körpüsünün kənarı yeni üslubda
yaşıllaşdırılıb. Qabaqçöl
qəsəbəsinin mərkəzindəki park
abadlaşdırılıb, ərazi işıqlandırılıb.
Hazırda Qullar kəndində və Heydər
Əliyev prospektində yol kənarlarının
abadlaşdırılması işləri davam etdirilir.
Rayonda təhsil müəssisələrinin
müasirləşdirilməsi və onların maddi-texniki
bazasının möhkəmləndirilməsi məsələləri
daim diqqət mərkəzindədir. 280
yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin
inşası başa çatdırılıb və bina yeni dərs
ilində şagirdlərin istifadəsinə verilib. Rayonun Qaysa kəndində 20, Şərif kəndində
35 yerlik körpələr evi-uşaq bağçası tikilərək
istifadəyə verilib. Şəhərdə
və Şambul kəndində yeni uşaq
bağçalarının tikintisi, Sarıbulaq kəndində
uşaq bağçasının əsaslı təmiri, rayon
polis şöbəsinin inzibati binasının tikintisi isə
davam etdirilir.
Öyrəndik ki, əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması sahəsində su
anbarları, magistral və şəhər su xətləri təmir
olunub, şəhərin Əli Ansuxski və Nizami küçələrində
yerləşən 3 yaşayış binasının su və
kanalizasiya xətləri yenilənib, kanalizasiya baxış
quyuları tikilib. Azərbaycan Respublikası Prezidentinin
“Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya olan tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamına əsasən,
rayonda qazılması nəzərdə tutulan 10 artezian
quyusundan 8-i istifadəyə verilib və Katex kəndində
sonuncu artezian quyusunun qazılmasına başlanılıb. Sarıbulaq kəndində isə mövcud su
quyusundan istifadə etməklə 3 kilometr məsafədə
su şəbəkəsi qurulub.
İslam müəllim dedi ki, əhaliyə göstərilən
xidmətin keyfiyyəti yaxşılaşdıqca müvafiq
qurumlar tərəfindən xidmət haqlarının
yığılması da asanlaşır. Məsələn,
bu il əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 82
faiz, içməli suyun dəyəri 83 faiz, qazın dəyəri
98,9 faiz ödənilib. Qış
mövsümünə hazırlıqla əlaqədar şəhər
əhalisinə və müəssisələrə istilik xidməti
göstərən qazanxanalarda, magistral və məhəllədaxili
istilik xətlərində təmir və yoxlama işləri
aparılıb, zəruri avadanlıqlar gətirilərək
quraşdırılıb.
Əhaliyə göstərilən rabitə
xidmətləri də müasirləşdirilir. Meşəşambul kəndində 256 nömrə
tutumlu yeni elektron telefon stansiyası quraşdırılıb.
Hazırda xətt şəbəkəsi
qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir.
Əli Ansuxski küçəsində 400 metr kabel yer
altına köçürülüb, R. Səmədov
küçəsində 700 metr məsafədə hava rabitə
xətləri yenisi ilə əvəz olunub, kəndlərdə
1700 metr məsafədə kabel təmir olunub.
Son illər Balakəndə təhsil sahəsində
nəzərəçarpan uğurlar əldə edilir. Sonuncu tədris ilinin məzunlarından 5 nəfər
məktəbi qızıl medalla bitirib. 2014-cü ildə
tam orta məktəb pilləsini bitirənlərdən 385 nəfəri
ali məktəblərə keçirilən
qəbul imtahanlarında iştirak edib və onlardan 224 nəfəri
tələbə adını qazanıb. Məzunlardan 8 nəfəri
600-dən, 23 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Təhsilin vacib komponentlərindən
birinə çevrilmiş informasiya və kommunikasiya
texnologiyalarının təhsil müəssisələrində
tətbiqi ilə bağlı kifayət qədər iş
görülüb. İndi rayonun ümumtəhsil
məktəblərində hər 19 şagirdə 1 kompüter
düşür. 11 məktəbdə 226
kompüter sürətli internet şəbəkəsinə
qoşulub.
Digər rayonlardan
hazırladığımız yazılarda qeyd etdiyimiz kimi,
Balakəndə də əhaliyə tibbi xidmətlərin
göstərilməsi sahəsində müsbət tendensiya
davam etdirilir. Bu ilin əvvəlindən etibarən
müxtəlif ixtisaslı həkimlərdən ibarət
briqadalar daim ucqar kəndlərdə olub, əhali arasında həm
müayinə, həm də tibbi maarifləndirmə işləri
aparıblar. Rayon ərazisində
sanitar-gigiyenik nəzarətdə olan obyektlərdə
profilaktik tədbirlər həyata keçirilib və bunun nəticəsində
əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə
alınmayıb.
Əvvəlki yazılarımızın
birində qeyd etmişdik ki, Balakən tədricən ölkənin
turizm və sənaye mərkəzlərindən birinə
çevrilir. Turizm məsələsi barədə
yuxarıda qeyd etdik. Rayonda sənaye yönümlü
istehsal müəssisələrinin inkişafı məsələsi
barədə isə İslam müəllim qeyd etdi ki, “Sənaye
ili” tədbirləri çərçivəsində “Azəryemsənaye”
MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada
meyvəqurutma və konserv istehsalı üzrə sənaye xəttinin
açılması, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi,
“Balacans” MMC-nin konserv sexində isə İtaliya istehsalı
olan müasir şüşə qablardan istifadə etməklə
yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə
tutulur. Bu məqsədlə əhalidən meyvə
və tərəvəz tədarük ediləcək və
zavodun meyvə bağlarının sahəsi genişləndiriləcəkdir.
Hənifə kəndinin ərazisində keramika
məmulatlarının istehsalı üzrə bir müəssisənin
tikintisi də “Sənaye ili” tədbirləri çərçivəsində
sahibkarlar tərəfindən reallaşdırılacaq layihələrdən
biridir.
Bax belə. Balakən
haqqında növbəti yazını da başa
çatdırdıq. Rayonun on ayda
gördüyü işlər barədə söz
açdıq. Əsas hünər həmin
on ayda sadalanan nailiyyətləri reallığa çevirən
insanların göstərdiyi qətiyyət, prinsipiallıq və
yurdsevərlikdir.
Yeri gəlmişkən, bir dəfə
yazmışdım ki, Balakəndə yurdsevər, vətənpərvər
insanlar çoxdur. Yazı qəzetdə gedəndən
bir ay sonra təsadüfən rayon mərkəzində katexli
dostum Cavanşir Piriyevlə görüşdük. Salam-kəlamdan sonra bildirdi ki, yazıda düzəliş
etsəniz, yaxşı olar. Sonra əlavə
etdi ki, yazmısınız ki, Balakəndə vətənpərvər
insanlar çoxdur. Mən o ifadə ilə
qəti razı deyiləm.
Düzü, təəccübləndim. Soruşdum ki, bəs nə yazaydım?
Cavabı çox sərrast oldu: Yazaydınız ki,
Balakəndə hamı vətənpərvər və yurdsevərdir.
Təbii ki, həmin ifadəni öz
adımdan yaza bilərdim. Amma Cavanşirin ərkinə
cavab olaraq bunu məhz onun adından yazıram...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.-
2014.- 9 noyabr.- S.6.