Ermənistanın
Dağlıq Qarabağda və Azərbaycanın işğal
altındakı
digər rayonlarında apardığı “erməniləşdirmə”
siyasəti
BMT Baş Məclisinin “Azərbaycanın
işğal
olunmuş ərazilərində vəziyyət”
adlı
qətnaməsi və gerçək vəziyyət
Əslində, ermənilər
Azərbaycanın işğal olunmuş ərazilərində
məskunlaşdırma siysəti apardıqlarını
danmırlar. Sadəcə olaraq, hər vəchlə
bu məsələnin beynəlxalq qurumlarda müzakirəsinə
mane olur, yalan arqumentlərlə cavab verməkdən
yayınırlar. 2004-cü ildən etibarən bu layihələr
bir neçə dəfə BMT Baş Assambleyasının
illik sessiyalarının gündəliyinə daxil edilib.
Bu, Azərbaycan üçün həm də Ermənistanın
işğalçı dövlət elan olunması, deyilənlərin
təsdiqini tapması baxımından gərəkli, prinsipial
məsələ olmuşdur.
2004-cü
ildə Azərbaycanın ilk dəfə BMT Baş Məclisində
işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma,
qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin
dağıdılması və digər fəaliyyətlər
barədə məsələni müzakirəyə
çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəçilik
missiyasını üzərinə götürən
ATƏT-in Minsk qrupu bu vəziyyəti araşdırmaq
üçün xüsusi missiya yaradıb və hesabatı müzakirəyə
təqdim edib.
ATƏT-in
Faktaraşdırıcı Missiyası hesabatında Ermənistanın
işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma
həyata keçirdiyi barədə Azərbaycanın neçə
vaxtdır ifadə etdiyi narahatlıqları təsdiqləyib.
Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan
ermənilərin sayını vizual qiymətləndirmə
yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər
Azərbaycanın daha əvvəl
açıqladığı rəqəmlərə xeyli
yaxın olub. Missiya müəyyən edib ki, işğal
altındakı ərazilərdə məskunlaşdırılan
ermənilərin sayı 17 mindən çoxdur. Həmin
missiyanın araşdırmasından əvvəl Azərbaycan
bu rəqəmin 20-23 min arasında olduğunu bəyan
etmişdi.
ATƏT-in
Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə
Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini
müəyyən edib. Azərbaycanın məlumatlarına
görə isə bu rəqəm 13 mindən artıqdır.
Azərbaycan XİN bəyan edib ki, Laçın rayonunda əhalinin
mütəşəkkil surətdə yerləşdirilməsinin
missiya tərəfindən təsdiq olunması xüsusi
narahatlıq doğurur. Belə ki, əvvəllər burada
ümumiyyətlə ermənilər yaşamayıb.
Azərbaycan XİN bəyan
edib ki, ATƏT missiyasının regiona göndərilməsi
BMT Baş Məclisinin prinsipial mövqeyi sayəsində
mümkün olub. Bəyanatda qeyd olunub ki, bu
missiya Azərbaycan ərazilərinin işğal olunduğu və
BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan
arasında münaqişəyə dair müvafiq qətnamələr
qəbul etdiyi vaxtdan bəri ilk dəfə həyata
keçirilib. Minsk qrupu həmsədrləri
Faktaraşdırıcı Missiyanın hesabatı ilə
yanaşı, məktub da yayıblar. Məktubda
həmsədrlər işğal olunan torpaqlarda ermənilərin
məskunlaşdırılması prosesinin
dayandırılması, regionun demoqrafik strukturunda dəyişikliklərə
son qoymaq tələbləri ilə çıxış ediblər
və donor ölkələri məskunlaşmış əhalinin
Ermənistana qaytarılmasına yardım göstərməyə
çağırıblar. Həmsədrlər xüsusi
vurğulayıblar ki, bu vəziyyətin uzun müddət
qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər.
2010-cu ilin
sentyabrında BMT Baş Məclisinin illik sessiyası zamanı
Azərbaycan növbəti dəfə işğal
altındakı ərazilərdəki vəziyyət barədə
qətnamə layihəsini müzakirəyə
çıxarıb. Layihənin səsvermədən
keçməsi şanslarının kifayət qədər
yüksək olmasını nəzərə alan Ermənistan
işğal altındakı Azərbaycan ərazilərindəki
vəziyyəti araşdırmaq üçün ATƏT-in
Minsk qrupu tərəfindən daha geniş mandatlı Sahə
Qiymətləndirmə Missiyasının bu ərazilərə
səfər etməsinə razılıq verib. Minsk
qrupunun həmin il yaradılmış Sahə Qiymətləndirmə
Missiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
ətrafında olan işğal edilmiş ərazilərdə
ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə
7-12 oktyabr 2010-cu il tarixlərində bölgədə olub.
İkinci beynəlxalq missiya da məskunlaşdırma
siyasətinin davam etdiyini təsdiqləyib.
Sahə
Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın
işğal olunmuş ərazilərində ermənilərin
məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin
infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin
həyata keçirildiyini aşkarlayıb. Əyani qiymətləndirmə
və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın
işğal olunmuş yeddi rayonunda qanunsuz şəkildə məskunlaşmış
ermənilərin sayı missiya tərəfindən təqribən
14 min nəfər göstərilib. Bu köçkünlərin
bir hissəsi bərpa edilən və ya yenidən inşa edilən
evlərdə yaşayır.
Ermənistanın işğal ərazilərində
“yerləşdirmə üzrə dövlət proqramı”
Bəli, Ermənistanda belə proqram da qəbul
edilmişdir. Onu inkar etmək mümkün
deyildir. Təqdim edəcəyimiz materiallar
bu inkarı mümkünsüz edir. Erməni
dilində olan bir sıra yayım orqanlarında bu materiallar yer
almışdır. Ermənistan Azərbaycan
torpaqlarında işğalın bütün forma və
üsullarından istifadə edərək öz təcavüzkar
niyyətini həyata keçirməkdədir. Ermənistan Respublikası və Dağlıq
Qarabağ üçün strateji əhəmiyyət kəsb
edən məsələlərdən biri miqrasiya siyasəti və
repatriasiyanın həyata keçirilməsidir.
Müharibədən sonrakı mərhələdə qondarma
“Dağlıq Qarabağ Respublikası”na
(DQR) ailələr köçürülərək, iqtisadi
baxımdan kasıb və ucqar bölgələri doldurmaq
üçün ardıcıl cəhdlər göstərilmişdir.
Araşdırmalar gösrərir ki, ermənilərin
Kaşatağ adlandırdığı Laçın
1990-cı illərin ikinci yarısından etibarən məskunlaşmaya
məruz qalan bölgə olmuşdur. Bu məsələ ilə
bağlı hazırlanmış xüsusi sənəddə
deyilir ki, “Burada görünməmiş əhali artımı
hiss edilmiş , yüksək səviyyədə
nəzarət, miqrasiya siyasəti
yürüdülmüşdür”. Göründüyü
kimi, bunun üçün hətta istiqamətlər müəyyən
edilmişdir. Həm də bu sözlər
ermənilərin “bu ərazilərə əhali
köçürülmür” yalanını ifşa edir.
Bu sənəddə daha sonra deyilir:
“Bu istiqamətdə aşağıdakı məsələlərə
cavab verilməlidir:
- regionlara ailələrin
köçürülməsi və iqtisadi mexanizmlərin
işləməsi üçün əsas faktorlar
hansılardır?
- köçürülməyə
yardım edəcək, onun uğurunu təmin edə biləcək
güclü tədqiq sahələri hansılardır?
- köçürülmə
prosesində ən çox istifadə olunan rabitə rejimləri
hansılardır? Bu sualların cavablarını
aşağıdakı prinsiplərlə verə bilərik:
- köçürülməyə
o amillər töhfə verə bilər ki, insanları burada
qala biləcəklərinə inandıra biləsən;
- prinsiplər və mexanizmlər
müəyyən edilməlidir;
- insan və sosial kapital
köçürülmə prosesinə tətbiq edilməlidir;
- Artsaxa (1994-cü ildən sonra)
adamların köçürülməsi digər rayon və
qəsəbələrdə model, təcrübə kimi istifadə
edilməlidir.”
Ermənistan üçün və
Qarabağın “təhlükəsizliyi” üçün iki
rayona köçürülmə strateji əhəmiyyət
daşıyır. Laçın
(Kaşatağ) və Kəlbəcər (Karvacar). Buna erməni diasporu da çox əhəmiyyət
verir və bu işə yardımlarını edir. Bununla əlaqədar hazırlanan sənəddə
deyilir ki, köçürülmənin ilk addımları səhvlərlə
müşayiət olunub, qərar qəbul edənlərin (icma
liderləri, fəalları, könüllüləri və
başqaları) yanlışları olmuşdur. Bu səhvlərin nəticəsində bir çox
köçkün var ki, ərazini tərk edib.
Bildirilir ki,
hərtərəfli strategiya və fəaliyyət istiqamətlərinin
olmaması üzündən köçürülmə
proqramının əhəmiyyətli bir hissəsi həyata
keçməyib. Köçürülmə
İdarəsi bu günə qədər hərtərəfli
köçürmə strategiyasını müəyyən
edən sənəd olmasına baxmayaraq ona əməl etməmişdir.
Hökumət və onun rəhbərliyi sərəncamında
olanlara nəzarəti yaxşı həyata keçirə bilməmişlər.
Daha sonra qeyd edilir ki, bir çox suallar
cavabsız qalır. Məsələn,
ünvanlı köçürülmədə qüsurlar
var. Köçürülmə zamanı keçmiş
yaşayış yerindən maksimum dəstək almaq
lazımdır ki, immiqrant qrupların məhdud resursları
yaxşılaşdırılsın. Bu
cür proqramlar qəsəbələrdə, sonuncu
yaşayış yerində həyata keçirilməlidir.
Bəzi yerlərdə köçürülmə
strategiyasının olmaması belə riskləri minimuma endirmək
üçün gələcəkdə adamları
yaşayış üçün seçim
qarşısında qoya bilər. Bəzi
hallarda kortəbii hərəkət həddindən artıq
yerləşdirilməyə gətirib çıxardır və
bu problemlər yaradır. Fəaliyyət
planını yaşayış yerinə və prioritetlərə
görə müəyyən etmək lazımdır. Müvafiq yerlərin ayrılması bu proqramı
inkişaf etdirmək üçün lazımdır.
Sənəddə köçürülmə
ilə bağlı infrastrukturun tam qurulması
üçün də göstərişlər var. Göstərilir
ki, Kaşatağ bölgəsinə köçürülmə
prosesinin uğurla təmin edilməsi üçün zəruri
ilkin şərtlərdən biri burada insanların
artımını təmin etməkdir, bunun üçün zəruri
həyat şəraitinin olmasına mane olacaq problemlərin
aradan qaldırılmasıdır. Ən
yaxşı vəziyyət, iqtisadi cəhətdən ən sərfəli
və səmərəli üsul insan resurslarıdır.
Ayrı-ayrı şəxslər investisiya
qoymaqda maraqlı deyillər, buna görə də diasporun və
erməni fondlarının yardımlarını cəlb etmək
lazımdır.
Ekspertlər köçürmə strategiyasının
məqsədlərinin qiymətləndirilməsi
üçün aydın meyarların lazım olduğuna diqqət
yetirmişlər. Bəzi ekspertlərin qənaətinə
görə, meyarlardan biri öz-özünü təmin etməkdir.
Bildirilir ki, köçürülmə yerli əhalinin
təbii artımının təşviq edilməsi ilə aparılmalıdır
və yeni immiqrantların cəlb edilməsi ilə davam
etdirilməlidir. Əsas məqsəd
immiqrasiyanın təşkili olub, onun əhəmiyyətli bir
amil kimi ortaya qoyulması olmalıdır. Ərazilərdən
tam potensialla istifadə edilməlidir, təbii artım rejimi
yeni sakinlərin cəlb edilməsi üçün çox
vacibdir.
Köçürülmə vətənpərvər
akt elan olunmalı, onun cəlbediciliyinin mahiyyətcə həmin
qruplar üçün təqdimatı məhdudlaşmamalıdır. İqtisadi və ya sosial müavinət verilməlidir.
Köçürülmə strategiyası
“sosial paket”lə-mənzillərin verilməsi, torpaq sahələrinin
ayrılması ilə müşayiət olunmalıdır.
Köçürülmə imkanlarına
xüsusi diqqət yetirmək lazımdır ki, yeni sakinləri
iqtisadi rifaha inandıra biləsən. Sosial
müavinət tələbləri dərhal yerinə yetirilməlidir.
Gözəl təbiət və mülayim iqlim,
heyvandarlıq üçün əlverişli şərait,
siyasi sabitlik, təhsil və gənclərin hər qrupunun
ehtiyaclarını nəzərə alaraq mənzillərin
bölüşdürülməsi və s. Yaxşı həyat
tərzi və müstəqil həyat ümidverici fəaliyyət
kimi təqdim olunmalıdır. İqtisadi sabitlik və təhlükəsizlik
zəmanətləri köçürülmədə əhəmiyyətli
amil ola bilər.
Strategiyada biznes, investisiya təşviqi ilə
bağlı ayrıca bəndlər var:
- diaspor, beynəlxalq təşkilatlar
və fondlar ilə əməkdaşlıq edərək
investisiyanın cəlb edilməsinə nail olmaq;
- köçürülmə
zonalarının sosial və mədəni inkişafı,
- televiziya ilə yeni gələn ailələrin
yaxşı həyat tərzini işıqlandırmaq;
- turizm, xüsusilə eko-turizmin
inkişafı;
- gəlməmişdən əvvəl
köçürülən insanlara maliyyə yardımı;
- yerli əhalinin istirahət yerləri;
-investisiya mühitinin qorunması;
- sosial-iqtisadi vəziyyəti,
immiqrant gözləntilərini aydınlaşdırmaq;
- tikinti materialları və digər
materiallar bolluğu yaratmaq;
- inşaat mağazaları, marketlər,
apteklər yaradılması;
- mal-qaranın alınması üçün
kredit prosesinin yaxşılaşdırılması;
- kənd təsərrüfatı
kreditləri üçün şəraitinin
yaxşılaşdırılması;
- regional və iqlim şəraiti ilə
bağlı kreditlər;
- uzunmüddətli kənd təsərrüfatı
investisiyalarının verilməsi ilə
köçürülməyə təşviq.
Göründüyü kimi, Ermənistanın
“əhali yerləşdirilməsi ilə bağlı dövlət
səviyyəsində heç bir qərar yoxdur” fikri bir erməni
yalanıdır. Bu da sübutlar. Araşdırmalarımız zamanı bəlli oldu
ki, belə qərarlar 1995-ci ildən bəri qəbul olunub.
İşğal olunmuş Azərbaycan ərazilərini
talayıb məhv etmək siyasətindən burada əhali yerləşdirmə
siyasətinə qədər uzun bir yol keçilmişdir.
Dağlıq Qarabağa və xüsusən,
işğal olunmuş Azərbaycan rayonlarına
köçürmə, əhali yerləşdirmə ilə
bağlı Ermənistanın siyasi-analitik mərkəzlərində
hazırlanmış materiallara diqqət etsək, buna necə əhəmiyyət
verildiyinin şahidi olarıq. “Mitq” ( Fikir)
Araşdırma Mərkəzinin hazırladığı bu
materiala diqqət edək. Həmin qərarın adı belədir:
“Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə
ilə bağlı Artsax Respublikası hökumətinin qərarı”.
Bu qərarla əlaqədar bir materialda
deyilir ki, “Kaşatağ rayon əhali yerləşdirmə
şöbəsinin rəisi Robert Matevosyana görə, yeni
sakinlər üçün evlər tikilmir. Əvvəllər Karvacar rayonunda da belə
olmuşdu, azərbaycanlılardan boşalmış və
yaşanmalı vəziyyətdə olan evlər var, bunları
isə mütəxəssislər üçün
ayırırıq .Bəzi ailələrə isə inşaat
materialları ayrılır. Müvəqqəti
evlərdə məskunlaşanları da evlə təmin etməyi
bizim şöbə öz üzərinə
götürür. Həddi- buluğa
çatan gənclərin qeydiyyata alınmasından sonra onlara
da mənzil ayırmaq işini DQR rəhbərliyi öz üzərinə
götürüb.
Bunlara yardım məqsədi ilə ailə
başçısına 20000 min dram, digər ailə üzvlərinin
hərəsinə 5000 dram birdəfəlik yardım edilir.Ailə
üzvlərinin sayından asılı olaraq hər ailəyə
10 il müddətinə 0,5 faizlə 160000-320000 dram kredit
verilir. Yol xərci kimi 15000 dram verilir. Bundan əlavə, aylıq 1200 dram həcmində
elektrik pulu da verilir. Bu rəsmi
yardımdır. Qeyri- rəsmi olaraq
yardımlar isə bundan bir neçə dəfə
çoxdur. Son 1-2 ildə “Kaşatağ”
Xeyriyyə Fondunun yardımları olduqca çoxdur. Xüsusən, Suriyadan gələn erməni ailələrinin
nəqliyyat xərclərindən başlayaraq yemə-içmə,
ərzaq təminatına qədər hər şeyi onlar
üçün fond edir. Hökumət isə
onlar üçün xüsusi şərait yaradır və gəlişlərini
dəstəkləyir.
Belə sənədlərdən biri də adını
çəkdiyimiz 19 fevral 2007-ci il tarixli 65 nömrəli “ Yeni yerlərə yerləşən sakinlərin
istifadə etdikləri elektrik və ya yanacaq xərcləri
üçün maliyyə yardımı ayrılması” barədə
Dağlıq Qarabağ Respublikası hökumətinin qərarıdır.
Digər bir sənəd isə “DQR ərazisində yenidən
yerləşmiş ailələrə ayrılmış
güzəştlər haqqında” DQR Hökumətinin
2003-cü il 15 aprel tarixli qərarıdır.
Bir erməni araşdırmasında deyilir
ki, “Köçürülmə məsələsi hər
zaman gündəmdə olan məsələdir. Dağlıq
Qarabağ və Ermənistanla bitişik olan Laçın və
Kəlbəcərdə miqrasiya və repatriasiya siyasətinin
həyata keçirilməsinin qarşısının
alınması ilə yanaşı , Dağlıq Qarabağ
Respublikası (DQR) Ermənistan Respublikası və
Dağlıq Qarabağ üçün strateji əhəmiyyət
kəsb edən yerlərdə post-mühafizə məntəqələri
yaradılmış və onlar buraya gəlib-gedən ailə
və şəxsləri nəzarət altına alır və
birbaşa onlarla təmasa girir, milli duyğuları oyadaraq
burada yaşamağa həvəsləndirir. Köçürülmə
iqtisadi baxımdan kasıb və ucqar bölgələrdə
yaşayanlar üçün uyğun bir variantdır və
insanların iqtisadi stimullarla buraya cəlb edilməsi qərara
alınmışdır. Bu istiqamətdə
təbliğat on şəhər və kənd icmaları
arasında bölüşdürülmüşdür.
Ermənilər bu ərazilərə əhali
yerləşdirmənin uzunmüddətli strateji hədəflərini
müəyyən etmiş və onları rəsmiləşdirmişlər. Bu qərarların yerinə yetirilməsi ilə
bağlı ermənicə mətbuatda, elektron kütləvi
informasiya vasitələrində təhlillər
aparılmış, qənaətləri bildirilmişdir.
Təhlükəsizlik məsələləri
qarşıya çıxarkən “düşmənin” xəbər
tutmaması üçün qərarların mətbuata
çıxarılması uyğun hesab edilməmiş,
göstərişlər əsasən şifahi verilmişdir.
Bu mövzuda müxtəlif nəşrlər , ictimai məlumat,
rəsmi sənədlər, ekspertlərin müsahibələri,
məqsədli araşdırmalar, fərziyyələr və
digər mənbələr kifayət qədər materiallar
verir və işğal olunmuş ərazilərdə
aparılan sistemli “erməniləşdirmə” siyasətini təsdiqləyir.
Qafar
ÇAXMAQLI,
Müstəqil
Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəri,
siyasi
elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 9 noyabr.- S.4.