Dövlət
bayrağımız –
qürur mənbəyimiz
Azərbaycan bayrağı sadəcə bayraq
deyil.
O,
bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir...
Heydər ƏLİYEV
Ümummilli lider
Bizim bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır, ürəyimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dörd il bundan əvvəl paytaxtımızın Bayıl adlanan ərazisində təntənəli şəraitdə açılmış Dövlət Bayraq Meydanındayıq. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə isə ərazi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalır.
Azərbaycan Respublikasının
dövlət bayrağı bərabər enli üç
üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli
olmasını, qırmızı rəng – müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,
yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu
ifadə edir. Qırmızı zolağın ortasında
bayrağın hər iki üzündə ağ rəngli
aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bu bayraq dünyada ən
böyük və ən ucada dalğalanan bayraqdır. Bayraq
dirəyinin hündürlüyü 162, bayrağın eni 35,
uzunluğu 70 metr, ümumi sahəsi 245 kvadratmetr, çəkisi
təqribən 350 kiloqramdır. Dövlət bayrağı
şəhərimizin hər yerindən aydın
görünür.
Bayraq Meydanı
xüsusi zövqlə abadlaşdırılıb,
Bakının dənizkənarı bulvarı ilə birləşərək
cazibədar bir mənzərə yaradıb. Meydanın
salınması üçün çox böyük
tikinti-quraşdırma, quruculuq işləri
görülüb. Sevindirici haldır ki, bütün bu işlərin
əksər hissəsini Azərbaycan mütəxəssisləri,
fəhlələri görmüşlər. Bu onu göstərir
ki, bizdə olan güclü potensial hər bir sahədə
özünü büruzə verir. Bu gün imkanlarımız
o qədər böyüyüb ki, biz istənilən məsələni
həll edə, istənilən memarlıq əsərini yarada
bilərik.
Meydanın
yaradılması haqqında sərəncam hörmətli
Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci il
noyabrın 17-də imzalanmış, ondan dərhal sonra
inşaat işlərinə başlanmış, 2009-cu il
noyabrın 17-də isə Azərbaycan Dövlət
Bayrağı Günü təsis edilmişdir. Tarixdən məlumdur
ki, üçrəngli bayrağımız 1918-ci il
noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
qərarı ilə təsdiq edilmişdir. Hər iki sərəncamın
noyabrın 17-də imzalanmasının da səbəbi son dərəcə
məntiqli və aydındır. Məhz 1990-cı il
noyabrın 17-də, 72 ildən sonra ilk dəfə olaraq
Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı dövlət bayrağı kimi yenidən
qaldırıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin
sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı Naxçıvanda dövlət bayrağı
kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti
qarşısında vəsatət qaldırıldı və tələb
edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı
kimi qəbul edilsin.
O zaman Sovet
İttifaqının dağılmasına hələ bir il
qalmışdı. Deməli, əslində bizim müstəqilliyə
gedən yolumuz o gündən başlanmışdır. Xalq
Cümhuriyyətinin bayrağının dövlət
bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə
daha da yaxınlaşdırmış və ölkəmizdə
gedən proseslərə güclü təkan vermişdir. O
illərdəki vəziyyət yaşlı və orta nəslin
yaxşı yadındadır. O illər Azərbaycanın
inkişafı, gələcəyi üçün həlledici
illər idi. Azərbaycan dövlət müstəqilliyinə
qovuşanda ölkədə gedən ictimai siyasi proseslər mənfi
istiqamətdə idi. Ölkədə anarxiya, hərc-mərclik
hökm sürürdü. Azərbaycanın inkişaf
perspektivləri görünmürdü, əslində ölkəmiz
dövlət müstəqilliyini itirə bilərdi.
Xalqımızın müdrikliyi və qəti tələbi ilə
ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanda bütün xoşagəlməz
hallar aradan qaldırıldı, sabitlik yaradıldı, ölkənin
inkişaf istiqamətləri müəyyənləşdirildi.
Həmin inkişaf istiqamətlərinin nəticələrini
bu gün Azərbaycan vətəndaşları yaxşı
görürlər.
1993-2003-cü illər
Azərbaycan üçün həlledici illər olmuşdur.
Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik
yaradılmış, ölkə dünya birliyinə
özünü təqdim edə bilmişdir. Azərbaycan beynəlxalq
təşkilatlara üzv qəbul olundu. Bayrağımız
mötəbər beynəlxalq təşkilatların mənzil-qərargahlarında
dalğalanmağa başladı. Azərbaycan xarici tərəfdaşlarla
çox uğurlu və qarşılıqlı hörmət əsasında
münasibətlər qura bildik. Ölkəmizə
böyük həcmdə investisiyaların cəlb edilməsinə
nail ola bildik. O proseslər bu gün də Azərbaycanın
inkişafını təmin edir bundan sonra da onilliklər ərzində
ölkənin uğurlu inkişafına etibarlı zəmin
yaradır.
Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi altında həmin on il ərzində
Azərbaycan çox böyük təlatümlü bir yol
keçmiş və fəxrlə demək olar ki, dövlətçiliyin
əsasları tam şəkildə möhkəmləndirilmişdir.
Bu gün biz iftixarla deyə bilərik ki, Azərbaycan möhkəm
əsaslar üzərində uğurla inkişaf edir. Azərbaycanda
daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş
uğurlarımızın əsas şərtidir. Ölkədə
demokratikləşmə prosesləri çox uğurla gedir,
qarşıda duran bütün vəzifələr icra edilir.
Məlumdur ki, son illər
hökm sürən iqtisadi və maliyyə böhranı
dünya ölkələrinin həyatında müəyyən
çətinliklər yaratmışdır. Buna baxmayaraq, Azərbaycan
bu sınaqdan da şərəflə
çıxmışdır. Ölkə qarşısında
duran bütün vəzifələr, müəyyən
edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər
bir yerində quruculuq-abadlıq işləri aparılır,
iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf
edən ölkədir. Azərbaycanda iqtisadi sahədə
keçid dövrü artıq başa
çatmışdır. Azərbaycan beynəlxalq arenada
özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın,
dostlarımızın sayı gündən-günə
artır. Azərbaycan çox gözəl beynəlxalq imicə
malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi
güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə
təmin olunsun, dövlətimiz güclənsin və
xalqımız daha da yaxşı yaşasın.
İndi Azərbaycan
böyük bir tikinti meydanını xatırladır. Hər
yerdə bölgələrdə, şəhər, rayon və
kəndlərdə geniş tikinti-quruculuq işləri
aparılır, sosial obyektlər, infrastruktur layihələr həyata
keçirilir. Azərbaycanda görülən bütün
işlər ölkəmizin gələcəyinə
hesablanıb, on il, iyirmi il, otuz il bundan sonra da özünü
göstərəcək və xalqımıza xidmət edəcəkdir.
Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı
dünya birliyi qarşısında etibarlı tərəfdaş
kimi təqdim etməyə əsas yaratmışdır. Azərbaycan
iqtisadi cəhətdən özünü təmin edən
ölkədir, heç bir xarici yardımdan asılı deyil,
daxili enerji təhlükəsizliyini təmin etmişdir.
Ölkədə əhalinin ərzaq təhlükəsizliyini
təmin etmək tstiqamətində məqsədyönlü
işlər aparılır. Fəxrlə demək olar ki, Azərbaycanın
gələcəyi indikindən qat-qat parlaq olacaqdır. Azərbaycanda
insanlar ildən-ilə daha yaxşı yaşayacaqdır.
Çünki bu məqsədlə nəzərdə tutulan
sosial proqramlar icra olunur, maaşlar və pensiyalar
vaxtaşırı artırılır, ölkə
iqtisadiyyatının inkişafını təmin etmək
üçün bütün tədbirlər
görülür.
Azərbaycanın
gözəl təbiəti var. Ölkəmizin hər bir tərəfi
göz oxşayır, abaddır. Respublikamız təbii
ehtiyatlarla zəngindir. Bu ehtiyatlar gücümüzü daha da
qüdrətli edir. Artıq böyük maddi imkanlar var.
Ölkəmiz nəinki xarici yardımdan asılı deyil, eyni
zamanda, lazım gələndə özümüz
başqalarına yardım göstəririk. Bu da siyasətimizin
yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan
beynəlxalq donor ölkəsinə çevriləcəkdir və
bu məqsədə çatmaq üçün konkret tədbirlər
planı hazırlanıb. İqtisadi və sosial sahədə
elə məsələ yoxdur ki, bu, Azərbaycanda həll
olunmasın. Düzdür, ölkəmizdə həllini
gözləyən problemlər də az deyil. Ancaq əsas odur
ki, ölkə rəhbərliyi bu məsələləri,
onların həlli yollarını bilir. Bu məsələlərin
həlli üçün icra mexanizmləri, maliyyə
resursları və siyasi iradə yaradıb.
Azərbaycanın gələcəyi
haqqında düşünərkən biz onun təhlükəsizliyini
təmin etməliyik, ölkədə dinamik və sürətli
inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə
dövlətimizin mövqelərini daha da möhkəmləndirməliyik.
Hazırda regionumuzda Azərbaycan çox fəal rol
oynayır. Bəzi hallarda isə həlledici rola malikdir. Azərbaycan
tərəfindən irəli sürülən siyasi və
iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki
ölkəmizə eyni zamanda, bizimlə dostluq münasibətlərində
olanlara da fayda verir.
Xalqımız
üçün əziz olan bu gündə, Dövlət
Bayrağı Meydanında Azərbaycanın dünyada müstəqil
siyasət apardığını xüsusi qeyd etmək
lazımdır. Müstəqillik xalqımızın ən
böyük sərvətidir, xoşbəxtliyidir. Əsrlər
boyu xalqımız müstəqillik həsrəti, azadlıq
arzusu ilə yaşayıb. Bu tarixi imkan, şans bir daha Azərbaycan
xalqına 1991-ci ildə verilmişdir. Yuxarıda qeyd etdiyim
kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər
1993-cü ildə Azərbaycan xalqı düzgün seçim
etməsəydi, çox güman ki, itirəcəydik. Bu
gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir.
Biz 23 ildir ki, müstəqil ölkə kimi
yaşayırıq. Bütün çətin sınaqlardan
üzüağ, şərəflə
çıxmışıq, gözəl, qüdrətli
dövlət yaratmışıq. Elə bir dövlət ki,
burada bütün azadlıqlar mövcuddur. Təhlükəsizlik,
sosial rifah, iqtisadi inkişaf təmin edilir. Burada bütün
xalqların, millətlərin, dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar, mehribanlıq, dostluq şəraitində
ömür sürürlər. Elə bir dövlət ki,
burada milli-dini dözümlülük yüksək səviyyədədir
və indi Azərbaycan bu məsələlərdə
başqalarına nümunə kimi göstərilir. Bu gün
Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları
ilə münasibətləri qarşılıqlı hörmət
və ehtiram prinsipləri əsasında qurmağa
çalışan, dinamik inkişaf edən gənc və eyni
zamanda, təcrübəli bir ölkədir.
Azərbaycan artıq böyük bir regional amildir.
Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Azərbaycanın
təşəbbüsləri, irəli sürdüyü layihələr
səmərə verir, həm bizə, həm də tərəfdaşlarımıza
xeyir gətirir. İftixarla qeyd olunmalıdır ki, bugünədək
ölkəmiz tərəfindən atılan addımlar
düzgün istiqamətli olmuşdur. Ölkəmiz müstəqil
siyasət aparır. Azərbaycan xalqı öz taleyinin
sahibidir. Bu, böyük xoşbəxtlikdir, tükənməz
sərvətdir. Azərbaycan cəmiyyətində vahid həmrəylik,
milli səfərbərlik, vətənpərvərlik ruhu
yüksəkdir. Ölkəmizdə gənc nəsil bu ruhda tərbiyə
olunur. Gənclərimiz hər an Vətən yolunda hətta
canlarından keçməyə hazır olan vətəndaşlar
kimi yetişirlər.
Keçən əsrin sonlarına yaxın Azərbaycanın
dövlət bayrağını ikinci dəfə həyata
qaytaran ümummilli liderimiz Heydər Əliyev bu əlamətdar
hadisənin əhəmiyyətindən danışarkən
demişdir: “Azərbaycan bayrağı sadəcə bayraq
deyil. O bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Ona görə də gərək
hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc
nəsil, bunu dərk etsin,qiymətləndirsin. Bayrağa olan məhəbbət,
vətənə, xalqa, dövlətə olan məhəbbətə
bərabər olsun. Gərək hər bir evdə Azərbaycan
dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi
yerlərdə-idarələrdə, küçələrdə,
saraylarda, məktəblərdə yox, gərək hər bir
ailənin həyatının əziz bir hissəsi olsun”.
2010-cu il sentyabr
ayının 1-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Dövlət Bayrağı Meydanının
açılışı mərasimində nitq söyləyərkən
fəxrlə demişdir: “Bu gün ölkəmizin həyatında
bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə
baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim
milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu
bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə
nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə
bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ
onda deyil, məsələ ondadır ki, bu Bayraq
Meydanının yaradılması Azərbaycanın
gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı
göstərir... Bizim bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır, ürəyimizdir.
Bu gün Azərbaycanın hər bir yerində dövlət
bayrağı dalğalanır. Azərbaycan ərazi
bütövlüyünü bərpa edəndən sonra milli
dövlət bayrağımız bu gün hələ də
işğal altında olan torpaqlarda qaldırılacaqdır.
Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz hər an
öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”.
Sonda onu da
vurğulayım ki, Ginnes dünya rekordları təşkilatı
2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı
dirəyinin dünyada ən hündür bayraq dirəyi
olduğunu təsdiq edib.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 9 noyabr.- S.1.