Arzuolunan qonaqlar turistlər
Turistlər erkən yazda uzaq ellərdən uçub gələn qaranquşlara bənzəyirlər. Baharın bu “ağ fraklı” müjdəçiləri yalnız abad kəndlərdə, saf, həlim təbiətli, xeyirxah adamların yaşadıqları binaların eyvanlarında yuva qururlar. Turistlər də belədir, onlar da abad ölkələrə, qayğı, xoş rəftar gördükləri ellərə üz tuturlar.
Yer kürəsində
hər il 1 milyard insan, yəni planetimizin hər 6 sakinindən
biri yaxın və uzaq ölkələrə turist qismində
səfər edir. Nə yaxşı ki, Azərbaycana təşrif
buyuran turistlərin sayı ilbəil sürətlə
artır. Bu, ilk növbədə,
ona dəlalət edir ki, ölkəmizdə həm gəzməli-görməli yerlər
çoxdur, həm də əmin-amanlıqdır. Tariximiz də
zəngindir, mədəniyyətimiz də! Müstəqil
dövlətimiz vətəndaşı kimi, turistinin də təhlükəsizliyini
təmin etməyi bacarır!
Azərbaycanda dövlət
səviyyəsində turizmin sürətli və hərtərəfli
inkişafına diqqət və qayğı barədə
çox misallar çəkmək olar. Bu sahədə
dövlət proqramı qəbul olunub, mühüm sənədin
icrası ilə əlaqədar olaraq ölkəmizdə hər
il yeni, abad yollar çəkilir, bir-birindən gözəl,
yaraşıqlı parklar salınır, hər cür şəraiti
olan mehmanxanalar ucaldılır, turistlərlə işləməyi
bacaran peşəkar kadrlar
yetişdirilir. 2006-cı ildə Turizm İnstitutunun
yaradılaraq uğurla fəaliyyətə başlaması təqdirəlayiq
hadisədir. Bundan əvvəl isə turizmin təşkili
ilə bağlı struktur dəyişikliyi baş vermiş,
bu sahə Mədəniyyət və Turizm Nazirliyinə həvalə
edilmişdi ki, bunun turizmin inkişafı ilə yanaşı,
mədəniyyətimizin təbliği üçün də
faydalı olduğunu zaman təsdiq etdi.
Prezident İlham Əliyev 2011-ci ili
Azərbaycanda “Turizm ili” elan etdi. Buna qədər
ölkəmizdə turizmin sürətli və davamlı
inkişafı üçün həm hüquqi, həm də
sosial-iqtisadi baza, o cümlədən müvafiq infrastruktur
yaradılmışdı. Məhz bu
dönəmdən Azərbaycanda turizmin inkişafı keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu. Ölkəmiz
bölgədə yeni turizm mərkəzi kimi
tanınmağa başladı. Bəli, cəmi bir neçə
il əvvəl
qardaş Türkiyənin, digər böyük
turist ölkələrinin təcrübəsindən
faydalanmağa çalışan Azərbaycan hazırda
dünyanın ən müasir turizm infrastrukturuna malik, sivil
turist ölkələrindən biri sayılır. Bu sürətli
inkişafı görməmək, buna sevinməmək
olmaz!
Azərbaycan artıq 13 ildir ki,
Ümumdünya Turizm Təşkilatının (ÜTT)
üzvüdür. Ölkəmiz beynəlxalq
turizm bazarına uğurla inteqrasiya olunaraq, ÜTT-nin xətti
ilə keçirilən bir çox nüfuzlu beynəlxalq sərgilərdə
zəngin pavilyonlarla iştirak edir. Azərbaycan
onlarca xarici ölkə ilə turizmlə bağlı dövlətlərarası
müqavilələr imzalayıb. Əcnəbi iş
adamları böyük həvəslə ölkəmizdə
bu sahəyə iri sərmayələr yatırırlar. Dünyanın turizm sahəsində ən məşhur
şirkətləri indi Azərbaycanda hotel, mehmanxana və
yüksək xidmət şəbəkələri ilə təmsil
olunurlar.
Azərbaycan dövlətinin turizm sənayesinin
inkişafına xüsusi diqqət və qayğı göstərməsi
səbəbsiz deyil. Bəllidir ki, turizmin əhalinin məşgulluğunun
yüksəlməsində böyük faydası var. Sivil millətlər,
onların hökumətləri turistləri öz ölkələrinə
mümkün qədər çox cəlb etməklə, hər
şeydən əvvəl daha çox iş yerlərinin
açılmasına çalışırlar. ABŞ-da bu
ölkəyə gələn turistlərin hesabına hər il 8 milyon insan özünə iş yeri tapa
bilir. Turizmlə dolayısı
bağlılığı olan sahələr də var ki,
turizm həmin sahələrin də inkişafına müsbət
təsir göstərir.
Bir sözlə, turistlər hər yerdə
arzuolunan qonaqlardır. Turizm sektorunun sürətli
inkişafı, təbii ki, Azərbaycanda da yeni iş yerlərinin
açılmasına səbəb olur, ölkə büdcəsinə
bu sahədən hər il xeyli vəsait
daxil olur. Turizm həm də xalqımızın
tarixini, mədəniyyətini tanıtdırır. Beləcə, Azərbaycan həqiqətləri
bütün dünyaya yayılır, dostlarımız
artır, Azərbaycanın haqq işinə səs verənlərin
sıraları sıxlaşır.
Təxminən bir ay əvvəlin söhbətidir. Daha dəqiq desəm, bu ilin 2-3 oktyabrında
paytaxtımızda Dördüncü Bakı Humanitar Forumu
keçirilirdi. Bu mötəbər tədbirə
dünyanın ən müxtəlif ölkələrindən
görkəmli dövlət və mədəniyyət xadimləri,
nüfuzlu alimlər təşrif buyurmuşdular.
Onların bir çoxu ilə görüşüb “Xalq qəzeti”
üçün forum barədə rəy və mülahizələrini
bildirmələrini xahiş edirdim. İnanın, onlar son illər
Azərbaycanda baş verən sürətli sosial-iqtisadi tərrəqqi,
mədəni intibah haqqında çox maraqlı və dəyərli
fikirlər söyləyirdilər!
Forum çərçivəsində
müsahibə aldığım hörmətli qonaqlardan biri də
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
amerikalı Piter Daymond idi. Böyük alim forumla
bağlı təəssüratlarını bölüşməklə
yanaşı, Bakıda, İçərişəhərdə
böyük zövqlə aparılan abadlıq-quruculuq işlərindən
heyranlıqla danışdı: “Yaxşı ki, Azərbaycan dövlətinin
lideri cənab İlham Əliyev ölkədə neft sektoru ilə
yanaşı, qeyri-neft sektorunun, xüsusilə turizmin
inkişafına böyük diqqət ayırır. Şərqlə Qərbin qovuşuğunda yerləşən
Bakı artıq dünyanın turizm paytaxtına
çevrilir”. Söhbət zamanı görkəmli alimin Fransa ədəbiyyatına
dərin maraq göstərdiyini hiss edib böyük fransız ədibi
Aleksandr Dümanın 1858-ci ildə Azərbaycanı ziyarət
etdiyini, Bakıda, İçərişəhərdə
olduğunu söylədim. Sonra alimə dedim ki, İkinci
Dünya müharibəsi illərində Fransada faşizm əleyhinə
müqavimət hərəkatının lideri Şarl de Qoll
bizim həmin an söhbət etdiyimiz “Four season”mehmanxanasından bir
neçə yüz metr aralıda, Neftçilər prospektindəki
evlərin birində bir neçə həftə
yaşayıb. XX əsr Fransa tarixinin bu görkəmli
siyasətçisi 1943-cü ildə Stalin, Ruzvelt və
Çörçilin iştirakı ilə keçirilən
Tehran konfransına məhz Bakıdan yola düşmüşdü.
Hörmətli qonağa azərbaycanlı partizan Əhmədiyyə
Cəbrayılovun İkinci dünya müharibəsi illərində
Fransada faşistlərə qarşı ağır döyüşlərdə göstərdiyi
qeyri-adi şücaətlər, həmin qanlı müharibədən
55 il ötəndən sonra isə onun oğlu, polis mayoru, Azərbaycanın
Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun
Qarabağı erməni işğalçılarından
müdafiə edərkən qəhrəmancasına şəhid
olması barədə də məlumat verdim.
...Builki yayın qızmar günlərinin birində
1970-ci illərin sonlarında M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin jurnalistika fakültəsində bir qrupda
oxuduğum, hazırda Kişinyov Dövlət Universitetinin
professoru olan Serafim İsak ATƏT-in xətti ilə “Qafqazda
azad media və vətəndaş cəmiyyətinin
inkişafı perspektivləri” mövzusunda konfransda iştirak etmək
üçün Bakıya gəlmişdi. Tədbir
başa çatanda tələbə dostum iki gün boş
vaxtının qaldığını söylədi. Serafimin müxtəlif yerləri gəzməyə
xüsusi həvəsi olduğunu bildiyim üçün onu
doğulub boya-başa çatdığım Quba rayonuna
apardım. Qəçrəşin bənzərsiz
meşələri, Xınalığın uca, sərt
dağları, ata-baba yurdlarına sədaqətli insanları
qonağı çox təsirləndirmişdi.
Qubaya gəlişimizin ertəsi
günü yolumuzu məşhur Təngə dərəsinə
saldıq. Bura bir başqa aləmdir! Təngə
dərəsinin qeyri-adi gözəlliklərini bir vaxtlar
Qafqazda sürgün həyatı yaşayan rus
yazıçısı, məşhur dekabrist Bestujev-Marlinski də
təsvir edib. Həqiqətən,
gördüyümüz mənzərə bizi vəcdə gətirmişdi.
Nəhəng, azman qayaların dibindən keçən, iki
maşının güclə
sığışdığı dar yoldan 30-40 metr
aşağıda dağ çayının suları iri sal daşlara
çırpılaraq hay-haray sala-sala axırdı. Suyun səsini qayalardan qopan əks-sədalardan
ayırmaq olmurdu. Dərə olduqca cazibədar
olsa da, hər ikimiz oranı tez keçib qarşıdakı
dağın yamacına çatmaq arzusunda idik. Oradan, həmin
yamacdan bir xeyli Təngə dərəsini seyr edib bu yerlərdə
beynəlxalq səviyyəli turizm obyektlərinin təşkilinin
vacibliyi, bütövlükdə, bu sahənin artıq Azərbaycana
gətirdiyi faydalar
barədə fikirlərimizi
bölüşürdük.
Moldovalı professor Azərbaycanın bütün sahələrdə,
o cümlədən turizmdəki uğurlarına çox
sevindiyini və bu uğurların, ilk növbədə, ən
yüksək dövlət və icra strukturları səviyyələrində
səriştəli idarəçiliyin nəticəsi
olduğunu dedi.
Həmin gün Təngə dərəsində
çoxlu turist ailələri vardı. Onların bir
hissəsi burada yol kənarında ucaldılmış hotellərdə,
başqa bir hissəsi isə Təngə dərəsinə
yaxın olan Səbətlər, Afurca, Qam-Qam və başqa kəndlərdə
ev kirayələyib istirahət edirdilər.
Turistlər arasında əcnəbi qonaqlar da, kənd
cavanları da tez-tez gözə dəyirdilər. Kimi
turistlərə Afurca şəlaləsini, qonşu dağ kəndlərini
seyr etmək üçün “vezdexodu”nu - “Nivası”nı,
kimi də atını tərifləyib onun xidmətindən
yararlanmağı təklif
edirdi. Meyvə-tərəvəz, ağartı məhsulları
satanlar da vardı. Bu saf, təmiz nemətləri alaraq
dadanlar da razı qalırdı, məhsulunu satıb evinə
pul aparanlar da! Səbətlər kəndindən olan Nəbi kişi isə dedi ki, turistlərin gəlişi
yerli əhalinin həm güzəranına təsir göstərir,
həm də şəhərlə kənd arasında mənəvi
tellər güclənir. O hesab edir ki, kənd gənclərinin şəhər mədəniyyəti
ilə yaxından tanış olmaları,
özlərinə yeni dostlar qazanmaları maddi qazanc əldə
etməkdən heç də az əhəmiyyətli deyil.
Hörmətli oxucu! Bu yazını
başlayanda təsadüfən turistləri qaranquşlara bənzətmədim.
Qaranquşlarla bağlı yaddaşımda həkk olunan
başqa bir əziz
xatirəm də var. Yadımdadır, 1988-ci ilin
apreli idi. Hazırda erməni işğalı altında olan Cəbrayıl
rayonu ərazisində, Qumlaq kəndi yaxınlığında
Araz çayı üzərində ucaldılmış XI-XIII
əsrlərin yadigarları olan məşhur Xudafərin körpülərini
böyük yazıçımız Fərman Kərimzadə
ilə birlikdə ziyarət edirdik. Birdən diqqətimizi
çayın üzərindən saysız-hesabsız
qaranquşların uçması cəlb etdi.
Qaranquşlar Arazın o tayından – Vətənin güneyindən
bu tayına – Vətənin
quzeyinə uçurdular. Orada bir ağsaqqal bizə nəql
etdi ki, Qarabağda həyəcanlı hadisələr başlayandan
qaranquşlar bu yerlərə əvvəlki illərdə
olduğundan daha çox uçub gəlirlər. Rəhmətlik Fərman Kərimzadə öz
yazıçı təxəyyülü ilə söylədi
ki, görünür, qaranquşlar ermənilərlə
savaşda azəri türkləri ilə həmrəy
olduqlarını nümayiş etdirirlər. Bu mənzərəni doyunca seyr etdik. Qaranquşlar səmadan aşağıya, Arazın kənarına
enərək su içir, sonra Qarabağa, oradan da yəqin ki,
Milə, Muğana, Şirvana uçub yayılırdılar.
İndi qaranquşlar o yerlərə daha
uçmurlar. Ucaboy, iri
cüssəli Fərman Kərimzadənin isə kövrək
ürəyi o dövrün ədalətsiz hadisələrinə dözmədi.
Qəddar erməni işğalçıları olan yerlərə
qaranquşlar heç uçarmı? Amma bu yerlərin, bu qədim
və əzəli türk torpaqlarının əsl sahibləri
dönəndə qaranquşlar da yenidən uçub gələcəklər.
Buna tamamilə əminəm. O zaman ana təbiətin
üzü də, ruhu da bir daha güləcək. Arazın
suları sevinəcək, yenə də doğma türk ləhcəsində
öz əbədiyyət nəğmələrini oxuyacaq. Azərbaycana
gələn turistlər isə başqa tarixi yerlərlə bərabər,
qədim Xudafərin körpülərini də, bənzərsiz
Şuşanı da ziyarət edə biləcəklər!
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Məqalə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda milli turizmin inkişafına həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir.
Xalq qəzeti.- 2014.- 8 noyabr.- S.5.