Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
ölkəmizin demokratik dəyərlərə sədaqətinin
təsdiqidir
Əsas qanunverici aktın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıb. Vətəndaşlar əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf etdiriləcək, onun dünya siyasətində rolu daha da güclənəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş Konstitusiya qəbul etdik.
Heydər ƏLİYEV
Ümummilli liderXX əsrdə ikinci dəfə əldə etdiyimiz və ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində möhkəmləndirdiyimiz dövlət müstəqilliyimizin Azərbaycan xalqına bəxş etdiyi xoşbəxtlik və səadətin ölçüyəgəlməzliyi barədə çox yazılıb, çox danışılıb. Eyni zamanda, bu istiqlaliyyətin əbədiləşdirilməsi uğrunda apardığımız mücadilə də minlərlə əsərin mövzusuna çevrilib. Bütün Türk dünyasının çox tanınan və sevilən ziyalılarından olmuş İhsan Doğramacının bizim mücadilə tariximiz barədə söylədiyi fikirlər isə indi haqqında söz açdığımız məsələyə münasibət bildirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
O demişdir:
“Heydər Əliyevin müasir Azərbaycan
tarixindəki rolu barədə
danışarkən yüzlərlə arqumenti
yada salsaq, bəs etməz.
Amma iki məqam var ki, onların yada salınması Heydər Əliyevin siyasi müdrikliyinin təsdiqi
kimi səslənər. Birincisi, Yeni
Azərbaycan Partiyasının yaradılmasıdır ki, bu partiya
ölkə əhalisinin ali təbəqəsini
bir araya gətirdi və
bir amal uğrunda mücadiləyə cəlb etdi. İkincisi isə, Yeni Azərbaycan Konstitusiyasının məhz bu şəkildə qəbul edilməsidir.
Bu Anayasa Avropaya və dünyaya sübut etdi ki, Azərbaycan dövləti, sözün
həqiqi mənasında, demokratiyanın ən ali nümunələrini formalaşdırmaq əzmindədir”.
Böyük alimin yüksək
qiymət verdiyi Azərbaycan
Konstitusiyasının qəbulu ulu öndər
Heydər Əliyevin xalqın israrlı tələbləri və
çağırışları nəticəsində siyasi hakimiyyətə
qayıdışından sonra mümkün olmuşdu. Ümummilli liderin rəhbərliyi
ilə başlanan hərtərəfli islahatların tərkib
hissəsi olan hüquq
islahatları artıq ölkəmizdə qanunların aliliyini təmin edən, hüquqi,
dünyəvi dövlət quruculuğunu,
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq,
hamının layiqli həyat səviyyəsini
reallaşdıran yeni milli
Konstitusiyanın qəbulunu da
gündəmə gətirmişdi. Bu Konstitusiya dövrün tələblərinə
cavab verməli, milli
maraqları, Azərbaycanın özünəməxsus
xüsusiyyətlərini, milli-mənəvi dəyərləri
unikal formada
özündə əks etdirən hüquqi
sənəd olmalı idi. Ulu
öndər bu Əsas Qanunun
işlənilib hazırlanmasına nəinki xüsusi
önəm verirdi, hətta həmin prosesə
bilavasitə rəhbərlik edirdi.
Hələ
1994-cü ilin iyul
ayında parlamentdə məhz ulu öndər
Heydər Əliyevin sədrliyi ilə Konstitusiya
layihəsinin hazırlanmasına məsul olan
xüsusi komissiyanın fəaliyyətə
başlaması qərara alınmışdı. Üstəlik,
layihə xalqın açıq müzakirəsinə
çıxarılmışdı ki, səsvermə
zamanı bütün seçicilər nəyə və nə üçün səs verdiklərini bilsinlər.
Layihənin müasir dəyərləri
özündə ehtiva edən ən yetkin formada qəbul
olunmasını reallaşdırmaq üçün
ulu öndər iş
prosesində onun hər bir
müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək
taleyi, demokratik imici baxımından bu işə
son dərəcə həssaslıqla
yanaşmışdı. Ulu öndərin
qətiyyəti belə idi :
“Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir
Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasında demokratik prinsiplər əsasında
uzun müddət sabit
yaşamasını təmin edən əsas qanun,
tarixi sənəd olsun.
Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik,
məhkəmə hakimiyyəti – bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin
olunmalıdır”.
Müstəqilliyimizə
əbədilik qazandırmağa çalışan Heydər
Əliyev Azərbaycan Respublikasının ilk
Konstitusiyasının hazırlanmasında həm
xalqımızın milli dəyərlərindən,
həm də ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin
təcrübəsindən
istifadə edilməsini mühüm vəzifə
kimi irəli sürmüşdü.
Heydər Əliyev bütün digər
sahələrdə olduğu kimi, bu məsələdə
də öz məqsədinə yüksək
səviyyədə nail oldu.
1995-ci il
noyabrın 12-də ölkəmizdə parlament
seçkiləri və ilk
Konstitusiyanın qəbul edilməsi məsələsi bir səsvermə ilə həll olundu. Azərbaycan xalqının həmin səsvermədə
nümayiş etdirdiyi
mütəşəkkillik haqqında fikir
səsləndirməyə ehtiyac yoxdur. Sadəcə onu demək kifayətdir ki,
xalq özünün
çoxəsrlik dövlətçilik ənənələrini
davam etdirərək, bütün
cəmiyyətin və hər kəsin
firavanlığının təmin edilməsini, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar
edilməsini istəyərək ümumxalq
səsverməsi yolu ilə müstəqil
dövlətimizin Konstitusiyasını qəbul etdi. Sənədin layihəsi ilə
hamının əvvəlcədən tanış olması səsvermə
prosesində xüsusi əhəmiyyət
kəsb etdi.
Bu səsvermə müstəqillik tariximizin ən mühüm
hadisələrindən biri olmaqla, ulu öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən
biri kimi qiymətləndirilirdi.
Müstəqillik tariximizə Heydər Əliyev
Konstitusiyası kimi daxil
olan 1995-ci il Əsas Qanununun qəbulu cəmiyyət həyatında
demokratik dəyişikliklərə böyük yol
açdı, insan hüquq
və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait
yaratdı, bütün sahələrin
inkişafına təkan verdi,
xalqın tarixi ənənələrinə,
milli və mədəni dəyərlərinə
uyğun olan, eyni zamanda, ölkədə
müasir dünyəvi və vətəndaş
cəmiyyəti quruculuğu tələblərinə
cavab verən dövlətçiliyin
formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün
yaradılması işində mühüm
addım oldu.
Heydər
Əliyev Konstitusiyasında hakimiyyətin yeganə mənbəyi
kimi xalqın tanınması, ölkənin
bütövlüyünün qorunması,
insan hüquq və
azadlıqlarının dövlətin ali
məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğuna imkan verilməsi
xalqımız kimi əcnəbilər tərəfindən
də birmənalı şəkildə qəbul olunurdu. Həmin amil isə
ölkəmizin bu ali
sənədinin son dərəcə
mütərəqqi olmasının əsas göstəricilərindəndir.
Yeni
Konstitusiyamız ənənəvi hüquqi
dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf
meyillərini də nəzərə alır, onları
özünəməxsus milli dəyərlər
və təsdiq olunmuş müasir
yanaşmalarla zənginləşdirirdi.
Hüquq ekspertlərinin fikrincə, Azərbaycan
Konstitusiyasının ali məqsədi - insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatıdır.
Bu mənada təsadüfi deyil
ki, insan şəxsiyyətinin
toxunulmazlığı, onun həyat və
sağlamlığının qorunması, layiqli
həyat səviyyəsinin təmini, humanizm
və insanpərvərlik prinsipləri Azərbaycan
Konstitusiyasının başlıca mahiyyətini təşkil
edir. Avropalı mütəxəssislərin
fikrincə, Azərbaycan Konstitusiyasında insan
hüquq və azadlıqlarına geniş yer verilməsi
ölkəmizin demokratik ideallara
sadiqliyinin göstəricisidir.
Hələ 1995-ci ilin payızında ulu
öndər demişdi ki,
zaman keçdikcə, Azərbaycan dövləti
inkişaf etdikcə Əsas Qanunumuzda da bəzi dəyişikliklər
edilə bilər. Birinci ona görə ki,
dünyanın bütün ölkələrində
əsas qanunların zamanın tələbləri ilə təkmilləşdirilməsi
aparılır. İkinci səbəb isə
odur ki, öz dövlət müstəqilliyinə
yenicə qovuşmuş ölkənin
qarşısında duran məqsədlərlə
10-15 il müstəqilliyi olan ölkənin məqsədləri eyni ola bilməz. Təbii ki, ölkənin qarşısında duran məqsədlər məhz Əsas Qanunla müəyyən edilir.
Odur ki, 2003-cü ilin
payızından etibarən ölkəmizə rəhbərlik
edən Prezident İlham
Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının
bütün sahələrində əldə
edilən uğurlar, sosial-iqtisadi
islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti
institutlarının, qeyri-hökumət təşkilatlarının
dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya,
bütövlükdə, respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan
Konstitusiyasında yenidən bir sıra əlavə
və dəyişikliklər edilməsini gündəmə
gətirdi.
Yəni sürətlə
bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər
salmağı və onu daha
da təkmilləşdirməyi zəruri etdi. Məhz o
səbəb üzündən 2009-cu il
martın 18-də keçirilən referendum
Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə
imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini
təsdiq etdi. Əsas Qanunumuza
edilən dəyişikliklər mahiyyətcə
Konstitusiyanın daha da
təkmilləşdirilməsinə, insan
və vətəndaş hüquq və azadlıqları
ilə bağlı prinsipial əhəmiyyətli
məsələlərin bu sənəddə
daha dolğun ifadəsini
tapmasına xidmət edirdi. Bundan başqa, dəyişiklik
və əlavələr Konstitusiyanın müddəalarının
liberallığı, demokratik səciyyə
daşıması ilə seçilirdi.
Xatırladaq ki, 1995-ci ildən sonra
ölkəmizdə iki konstitusiya
islahatı aparılıb. Hələ 2002-ci ildə
keçirilmiş Konstitusiya
islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü
qabarıq göstərən fundamental dəyişikliklər,
Prezident İlham
Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının
bütün sahələrində əldə
edilən uğurlar - sosial-iqtisadi
islahatların dərinləşməsi,
demokratikləşmə prosesinin sürətlənməsi
Əsas Qanunumuzda da bəzi
dəyişikliklərin edilməsi zərurətini
yaratmışdı. Ona görə də
yuxarıda qeyd etdiyimiz
2009-cu il referendumu
reallaşdırılmışdı. 2009-cu il
martın 18-də Konstitusiyaya əlavə
və dəyişikliklərə münasibəti öyrənən
ümumxalq səsverməsi təsdiqlədi
ki, Azərbaycan seçicisi
Konstitusiyaya edilən dəyişiklikləri
həm şəxsən özünün,
həm də respublikanın gələcək taleyi
baxımından əhəmiyyətini düzgün
dəyərləndirir.
Həm
1993-2003-cü illərdə, həm də 2003-cü ildən
sonrakı dövrdə ölkəmizdə həyata
keçirilən islahatlar demokratik
ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin
formalaşmasına, konstitusiya nəzarəti
funksiyasını həyata keçirən xüsusi
məhkəmə orqanının yaradılmasına, insan
hüquqları üzrə müvəkkil institutunun
təsis edilməsinə, hüquq-mühafizə
orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə,
qeyri-hökumət təşkilatlarının və kütləvi
informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində işinin genişləndirilməsinə, insan hüquqlarının təmin edilməsi
sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib
çıxarmışdır.
Bir sözlə, Heydər Əliyev siyasi müdrikliyi və Prezident İlham
Əliyevin qətiyyəti nəticəsində Azərbaycan
xalqı dünya xəritəsinə sivil, demokratik və
dünyəvi bir dövlət bəxş
etmişdir. Bu dövlət BMT Təhlükəsizlik
Şurasına və Avropa
Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrlərdə sübut
etmişdir ki, gənc
müstəqil Azərbaycan Respublikası təkcə öz ərazisində deyil,
eləcə də bütün dünyada sülhün, ədalətin
və demokratiyanın bərqərar edilməsinə öz layiqli töhfələrini
verir. Dünya ictimaiyyəti
bu töhfələri hələ çox görəcəkdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 12 noyabr.- S.3.