Bakı Elm Festivalı-2014” öz işinə başlayıb
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında
(AMEA) “Bakı Elm Festivalı-2014”- ün açılış
mərasimi olub.
AzərTAc xəbər
verir ki, festival AMEA-nın təşkilatçılığı,
Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Bakı Şəhər
İcra Hakimiyyətinin
təşkilati dəstəyi,
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilir.
Açılış mərasimində AMEA-nın
prezidenti, akademik Akif Əlizadə çıxış edərək
Azərbaycanda ilk dəfə
keçirilən Bakı
Elm Festivalının ölkəmiz
və elmimiz üçün böyük
əhəmiyyət daşıdığını,
həmçinin elmi nailiyyətlərin təbliğində
önəmli yer tutduğunu vurğulayıb.
Bildirilib ki, elmimizin uğurlarının
nümayiş olunduğu
və hər il keçirilməsi
planlaşdırılan festivalda
akademiyanın bütün
elmi müəssisə
və təşkilatları
ilə yanaşı, bir sıra ali
və orta təhsil müəssisələrinin
nümayəndələri də
iştirak edirlər.
10 noyabr - Dünya
Elm Gününə təsadüf
edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş
ictimaiyyətə tanıtmaq,
müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi- tədqiqat işlərinə marağı
artırmaqdır. Həmçinin
festival ictimaiyyətin elm və
texnika sahəsində
əldə olunmuş
yeniliklərlə tanış edilməsi,
elm və cəmiyyət
arasında dialoqun yaradılması baxımından
böyük əhəmiyyətə
malikdir. Azərbaycan elminin yüksək
potensialı, çox
böyük nailiyyətləri
var. İnanırıq ki,
festivalın keçirilməsi
elmimizin inkişafına
dəstək verəcək
və AMEA-nın elmi kadr baxımından
uğurlarının artmasına
imkan yaradacaq.
A.Əlizadə
ölkəmizdə elmin
və təhsilin inkişafına göstərilən
xüsusi dövlət
qayğısından, alimlərimizin
əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən,
gənc alimlərə
yaradılan şəraitdən
danışıb. O, AMEA-nın bir sıra
dövlət qurumları
ilə əməkdaşlığı
çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyətini
qeyd edib.
AMEA-nın prezidenti bildirib ki, elm festivalı çərçivəsində bir sıra tədbirlər
keçiriləcək. Akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə
ekskursiyalar təşkil
ediləcək. Bundan əlavə,
festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri
nümayiş olunacaq.
Gənc alimlərin elmin müxtəlif sahələri
üzrə çıxışları,
həmçinin yaradıcılıq
emalatxanaları və
interaktiv sərgilərlə
tanışlıq, müsabiqələr,
yeni elmi nailiyyətləri özündə
əks etdirən məruzələr, cəlbedici
elmi şoular, akademiyanın müəssisə
və təşkilatlarına
aid elmi-populyar filmlərin
nümayişi nəzərdə
tutulur.
Tədbirdə
yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən
ali və
orta ixtisas təhsili müəssisələri,
eləcə də Akademiyanın institut və təşkilatları
öz elmi nəticələrini nümayiş
etdirəcəklər.
Rabitə və
Yüksək Texnologiyalar
naziri, akademik Əli Abbasov çıxışında Prezident
İlham Əliyevin
2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında elmin qarşısında qoyulan
mühüm vəzifələrdən
və bu istiqamətdə görülən
işlərdən söhbət
açıb. Nazir Avropa
Nüvə Tədqiqatları
Mərkəzi və digər beynəlxalq qurumlarla əməkdaşlıq
çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyətini
xüsusi qeyd edib. Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu diqqətə çatdıran
Ə.Abbasov bildirib ki, elmin, təhsilin
inkişafı təkcə
AMEA-da aparılan işlərdən asılı
deyil, cəmiyyət bu prosesdə yaxından iştirak etməlidir. Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı
gələcək inkişafımız
üçün vacib
amildir.
Tədbirin
Azərbaycan elminin inkişafına böyük
töhfə verəcəyinə
əminliyini vurğulayan
Ə.Abbasov dövlət
və özəl sektorları elmi dəstəkləməyə çağırıb.
Təhsil nazirinin
müavini Firudin Qurbanov “Bakı Elm
Festivalı-2014"ün Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə təsdiq olunmuş ”Sənaye ili"ndə keçirildiyini
xatırladıb. Dünyada texnologiyanın
sürətli inkişafını
qeyd edən F.Qurbanov bu sahədə
azərbaycanlı alimlərin
yüksək nailiyyətlər
qazandıqlarını bildirib.
Ümummilli lider Heydər
Əliyevin ölkəmizdə
elmin və təhsilin inkişafına
göstərdiyi qayğıdan
söz açan nazir müavini bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb
ki, ölkəmizdə
elmi fəaliyyət sahəsində dövlət
siyasətinin məqsədi
elm və təhsilin vəhdətinə nail olmaq,
elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi
üçün onun məhsuldar və innovativ qüvvələrə
çevrilməsini təmin
etməkdir. Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə
və iqtisadiyyatımızın
peşəkar mütəxəssislərlə
təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda
duran əsas vəzifələrdən biri
təhsilin keyfiyyətini
elmin gücü ilə yüksəltməkdir.
Bunun üçün Təhsil
Nazirliyi AMEA-nın bir sıra elmi
tədqiqat mərkəzləri
ilə elmi əməkdaşlığı genişləndirməyə böyük
önəm verir.
Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakı
Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev festivalın elmi nailiyyətlərin təbliğində, elmə
marağın artırılmasında
mühüm rol oynayacağına əminliklərini
bildiriblər. Qeyd olunub
ki, dövlətimiz tərəfindən alimlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması, onların fəaliyyətinin
qiymətləndirilməsi Azərbaycanda
elmin sürətli inkişafına təkan verib. Ölkəmizdə Elmin İnkişafı
Fondunun yaradılması,
AMEA-nın maddi-texniki
bazasının gücləndirilməsi,
elm və təhsil üzrə bir sıra layihə və islahatların həyata keçirilməsi
bu sahəyə diqqət və qayğının parlaq nümunəsidir.
Daha
sonra festival bədii hissə ilə davam edib. Festivalın marşı səslənib,
əyləncəli elmi
şoular nümayiş
etdirilib.
AMEA-nın institut və elmi təşkilatlarının,
regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi açılıb.
Sərgidə gənc
alimlərin elmi maraq kəsb
edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi
şoular, robotların yarışı böyük maraqla
qarşılanıb. AMEA-nın müxtəlif institut
və elmi tədqiqat mərkəzləri,
ali təhsil ocaqları tərəfindən
nəşr edilmiş ədəbiyyat
nümunələri də sərgidə yer
alıb.
Bakı Elm Festivalının birinci
günü Milli Azərbaycan
Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə
səkkiz elmi ekskursiya
təşkil olunub. Həmçinin
AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat
institutlarında, Azərbaycan Dövlət Neft
Akademiyası, BDU, Azərbaycan Tibb Universiteti və digər
ali məktəblərdə 23 elmi-populyar mühazirələr keçirilib. Eyni zamanda, 6, 23, 132 və 134 nömrəli orta məktəblərdə festivalın
proqramlarını izləmək mümkün
olub.
Xalq qəzeti.- 2014.- 12 noyabr.- S.4.