QAX: təbii gözəllik
və bir də
nurlu insanların əməlləri...
Bölgə müxbiri kimi, mətbuatda çalışdığım illər boyu heç bir yazıda hansısa şəhərdə və ya rayonda ləziz yeməklərə qonaq olduğum barədə bircə kəlmə də olsun yazmamışam. Təkcə ona görə yox ki, hansısa rayonun yeməklərini tərifləsəm, o birisində yaxşı qarşılanmaz. Bunun bir neçə başqa səbəbləri olsa da, bu dəfə yazacağam. Özü də heyranlıqla. Çünki haqqında söhbət açacağım insan Qaxın ilkinliyini, təbiiliyini, qədim ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlayan minlərlə adamın arasında ən çox tanınanıdır. Özü də söhbət təkcə onun bişirdiyi yeməklərin keyfiyyətindən getmir. Burada daha ali məqam bura gələnlərin yüksək qonaqpərvərliklə qarşılanıb, yola salınmasıdır. Onun haqqında bakılı, şəkili, gəncəli dostlarımla yanaşı, ukraynalı turist Marina Balabanovadan da, litvalı həmkarımız Barbara Zinaydzilauskaytedən də xoş sözlər eşitmişəm. Təəccüblənməyin, bu, həqiqətdir. On illərdir ki, Qaxa gələn istənilən qonaq onun xudmani həyətinin əziz mehmanına çevrilib. Gizlətmirəm, mən də onlardan biri olmuşam. Hiss edirəm, deyəsən, söhbətin kimdən getdiyini öyrənmək üçün əməlli-başlı darıxdınız. Tələsməyin.
Musa Babayevi rayonda hamı tanıyır.
Rayon ağsaqqallarından kimi axtarsan, onun yanında taparsan.
Hamının bir böyük kimi hörmət etdiyi Camal
Muxtarov da hər gün bura gəlir, Əflatun Əfəndiyev
də... Səbəbi çox sadədir. Həyətinin
kiçik bir hissəsini yeməkxanaya çevirən Musa
qonaqlara ləziz ev yeməkləri təklif edir. Ailə
üzvləri də onunla birlikdə çalışır,
çörəklərini “yeməkdən
çıxarırlar”. Bişirdiklərinin hər yerdəkindən
keyfiyyətli və ucuz olması bir yana qalsın, üstəlik
qonaqlarına Qax nemətlərindən də nə isə təklif
edib deyir ki, birdən yolda açsanız, yeyərsiniz. Bölgədə hamının gözəl həkim
kimi tanıdığı, gündə heç olmasa, 3-4 xəstənin
üzərində cərrahiyyə əməliyyatı aparan Nəriman
Əfəndiyev deyir ki, ağır iş gününün
sonunda heç olmasa, Musanın yanında bir stəkan
çayını içməsəm, rahatlıq
tapmıram.
Bəs, Musa kimdir? Yurdu, torpağı sevən, doğulduğu bu
müqəddəs yer haqqında ən həqiqi təəssüratları
yaradan sadə bir qaxlı. Fikrimcə, indi Qaxa gəlib -gedənlərdə
bu diyar barədə ən mükəmməl təsəvvürü
əzəmətli dağlar, son illər görülən
böyük quruculuq işləri və bir də Musa kimi
insanların qonaqpərvərliyi yaradır. Qaxın
dağlarına baxdıqca isə baxmaq istəyirsən.
İndi həmin dağlara qar yağıb. Bu yaxınlarda orada
olanda bir möcüzə gördüm. Təəssüf edirəm
ki, fotoaparatım yox idi. Çəksəydim, indi siz də
görərdiniz. Yamacları qarla
örtülü olan iki dağın arasından günəşin
görünməsi ayrı bir aləm yaratmışdı.
Əslən Nehrəmdən olan, ziyalı dostum Ədalət Həsənoğlu
ilə bu mənzərəyə xeyli baxdıq, hərəmiz
öz aləmimizdə düşüncəyə daldıq.
Ədalət hissini gizlədə bilmədi: - Məndən
soruşurlar ki, məzuniyyət vaxtı nə
üçün istirahət etmək üçün Avropaya
getmirsən? - Mən də soruşuram: – Qaxın nəyi
Avropadan əskikdir? Təmiz hava da burada, gözəl təbiət
də, xoş xasiyyətli insanlar da. Şəhər gündən-günə
müasirləşsə də, dağlarla insanlar öz əzəli
saflıqlarını yaşadırlar. Burada qalanda elə bilirəm
anadan təzə doğulmuşam.
Rayon
icra hakimiyyətinin başçısı Musa Şəkiliyev
də bizimlə söhbətinə Qaxın əzəli
gözəlliyinin qorunub saxlanılması ilə bağlı
fikirlərlə başladı. Bildirdi ki, ölkə
başçısı son zamanlar bir neçə dəfə
vurğulayıb ki, biz qloballaşmanı, müasirləşməni
qəbul edirik. Ancaq bu
proseslər bizim milli-mənəvi dəyərlərimizə xələl
gətirməməlidir. Biz öz mədəniyyətimizi,
tariximizi, adət-ənələrimizi, abidələrimizi
qorumalı, gələcək nəsillərə
çatdırmalıyıq. Cənab Prezident bu qəbildən
olan fikirləri Qaxda, İçəri Bazar Qala Kompleksində
olarkən də demişdi və bizim həmin ərazini ilkin
variantında saxlamağımızı təqdir etmişdi.
Musa müəllim dedi
ki, respublikamızın ümumi inkişafı fonunda Qaxda bir
sıra işlər görülüb, məqsədyönlü
tədbirlər həyata keçirilib. Belə ki, rayonda
iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışı 67,5 milyon manat olub.
Sahibkarlığın inkişafı və əhalinin
işgüzar fəaliyyətinin artırılması və
yeni iş yerlərinin yaradılması məqsədilə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 25
layihə üzrə 459 min manat güzəştli şərtlərlə
kredit verilib. Nəticədə rayonda 320 yeni iş yeri
açılıb, orta aylıq əmək haqqı 173,7 manat
olub. Rayon büdcəsindən şəhərin
abadlığı üçün ayrılan vəsait
hesabına “Şəhər” parkında təmir işləri
aparılıb, uşaqların əylənməsi
üçün atraksionlar quraşdırılıb, şəhərin
Okrocanaşvili və Cəfər Cabbarlı küçələrində
bərpa və abadlıq işləri aparılıb.
Hazırda hər biri 100 yerlik olan 2 uşaq
bağçasının tikintisi aparılır. Yaponiya dövlətinin “Ot kökləri və insan təhlükəsizliyi
layihəsi” üzrə Qax şəhəri ərazisindən
toplanmış tullantıların yandırılması məqsədi
ilə poliqonun, Qıpçaq kənd həkim məntəqəsinin
və “Aqrolizinq” ASC-nin Qax rayon aqroservis filialının
tikintisi başa çatdırılaraq təhvil verilib. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə ayrılmış vəsait hesabına
ötən dövr ərzində şəhərin Heydər
Əliyev prospektində, Vaqif, Vidadi, Rəsulzadə, Nizami, M.Məmmədov
və Qaxmuğal küçələrində bərpa və
abadlıq işləri görülüb, Cəfər
Cabbarlı küçəsinə asfalt örtüyü
salınıb.
İcra
hakimiyyətinin başçısı vurğuladı ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə
ayrılmış vəsait hesabına yolun 9 kilometrlik hissəsinə
asfalt-beton örtük salınıb və həmin yolun üzərində
aşırımının uzunluğu 33 metr olan körpünün tikintisi başa
çatdırılıb. Bundan başqa, 87 ədəd fərdi
yaşayış evi və 16 ədəd sahibkarlıq obyekti
olmaqla, ümumilikdə 103 fərdi tikinti aparılıb. Bu
tikinti işlərinin ümumi smeta dəyəri 3 milyon 350 min
manata yaxındır.
Qaxın əsas iqtisadi sahələrindən
olan aqrar sektorda da kifayət qədər işlər
görülüb. Belə ki, rayonun fermerləri tərəfindən
9,5 min ton meyvə, o cümlədən 3 min ton fındıq,
192 ton fermentləşdirilmiş ətirli tütün tədarük
edilib. Qarğıdalı sahələrindən
2714 ton məhsul yığılıb. Rayonda
fəaliyyət göstərən 3 taxıl toxumçuluq
müəssisəsi tərəfindən 384 ton kondisiyalı
toxum istehsal olunub. Hazırda 2015-ci ilin məhsulu
üçün payızlıq dənlilərin səpininə
başlanılıb, 500 hektar sahədə səpin
aparılıb. Aqroservis filialı tərəfindən məhsul
istehsalçılarına güzəştli şərtlərlə
satılmaq məqsədilə 248 ton azot, 5 ton ammofoska gübrəsi
gətirilib, müəssisənin texnikaları vasitəsilə
680 hektar sahədə şum, 230 hektar sahədə səpin və
2060 hektar sahədə payızlıq taxılların və
qarğıdalı biçini işi aparılıb. Kənd təsərrüfatı
məhsulları istehsalçılarının
marağının artırılması məqsədilə
dövlət büdcəsinin vəsaiti hesabına yazlıq bitkilərin
əkini və payızlıqların biçini ilə əlaqədar
2546 nəfər istehsalçıya 14860 hektar əkin sahəsinə
görə 594,5 min manat yardımın verilməsi təmin
edilib.
Öyrəndik ki, rayonun ərazisində
ekoloji durumun yaxşılaşdırılması və ətraf
mühitin mühafizəsinin təmin olunması sahəsində
xeyli məqsədyönlü işlər görülüb. Meşələrin mühafizəsi və bərpası
müəssisəsi tərəfindən 31 hektar dövlət
meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib.
Bundan başqa, magistral yol kənarlarında 2200 ədəd
müxtəlif ağac növləri, ayrı-ayrı kənd ərazilərində
11 min ədəd cır limon tinginin əkilməsi
təmin olunub. Ötən illərdə olduğu kimi, bu il də İlisu Dövlət Təbiət
Qoruğu tərəfindən dövlət yasaqlığı
ərazilərində və xüsusi mühafizə olunan təbiət
əraziləri ilə həmsərhəd ərazilərdə
fauna elementlərinin qorunması və mühafizə rejiminə
əməl olunması ilə bağlı tədbirlər davam
etdirilib.
Qeyd olunmalıdır ki, istər bitkiçilik, istərsə
də heyvandarlıq sahəsində həyata keçirilən
tədbirlər bunu deməyə əsas verir ki, rayonda aqrar sahənin
intensiv, dinamik inkişaf etdirilməsi üçün hər
cür şərait vardır və bu istiqamətdə məqsədyönlü
tədbirlərin həyata keçirilməsi ardıcıl surətdə
davam etdirilir.
Sonuncu tədris ilində rayonun ümumtəhsil məktəblərinin
XI siniflərini bitirən 448 nəfər məzundan 300 nəfəri
ali məktəblərə qəbul
imtahanlarında iştirak edib və 176 nəfər tələbə
adını qazanıb. Onlardan 19 nəfəri 600-dən, 49 nəfər
isə 500-dən çox bal toplayıb.
Rayon üzrə qəbul olunma 58,66 faiz,
orta göstərici 278 bal olub. Təhsil sahəsindəki
nailiyyətlərinə görə təltif olunan müəllimlər
arasında Qax məktəblərinin təmsilçiləri də
var. Prezident İlham Əliyevin sərəncamı ilə
rayonun 2 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 1 nəfər
isə “Tərəqqi” medalı ilə təltif olunub.
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin,
müstəqillik illərində əldə olunmuş nailiyyətlərin
dərindən öyrənilməsi məqsədilə
respublikamızın şəhər və rayonlarında
yaşayan gənclərin digər bölgələrə səyahətinin
təşkilinə dair Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırığına əsasən,
“Ölkəmizi tanıyaq” devizi maarifləndirici tur-aksiyada
rayon məktəblərindən 40 nəfər əlaçı
şagird 25-28 avqust tarixlərində Quba və Qusar
rayonlarında olub və yüksək təəssüratla
qayıdıblar.
Rayon mədəniyyət və turizm şöbəsi il
ərzində tarixi gün , bayram və yubiley tədbirlərinin
həyata keçirilməsini təmin edib, Bakı şəhərində
keçirilən Novruz bayramı şənliklərində
yaxından iştirakına görə Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən mükafata layiq
görülüb. Şöbə tərəfindən
rayon ərazisində olan sərhəd zastavalarında
görüşlər keçirilib, rayonun rəqs və musiqi
kollektivləri əsgərlər qarşısında konsert
proqramı ilə çıxış ediblər. Bundan
başqa, Prezidentin sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı”na
əsasən, Milli Qəhrəman Cavanşir Rəhimova həsr
olunmuş “Cavanşir” filminin təqdimatı keçirilib. Aparılan tədbirlər nəticəsində
ölkə ərazisində Qaxa olan maraq qat-qat artıb və
bu ilin geridə qalan aylarında rayona 23 000 nəfər turist gəlib.
Xidmət sahələrində də vəziyyət
günün tələbləri səviyyəsindədir. Rayon elektrik
şəbəkəsi tərəfindən 64 ədəd
transformator yarımstansiyası, 45,9 kilometr 10, 21,3 kilometr 0,4
kilovoltluq hava xətləri əsaslı və cari təmir
olunub, xətlərin mühafizə zonası ağac və
kol-kosdan təmizlənib. 27 ədəd 10, 58 ədəd 0,4 kilovoltluq yararsız dayaqlar yenisi ilə əvəz
edilib, 25 ədəd yeni ayrıcı
quraşdırılnıb, 11 ədəd zədələnmiş
transformator yarımstansiyası təmir olunub. Ümumilikdə,
468 ədəd yeni sayğac quraşdırılıb ki,
bunların da 86 ədədi yeni smart-kart tipli
sayğaclardır.
Hazırda rayonun 59 yaşayış məntəqəsindən
13-nə təbii qazın çəkilişi başa
çatdırılıb. İlisu
və Şotavar kəndlərində isə təbii qazın
çəkilişi aparılır. Beləliklə, təbii
qazdan istifadə edən istehlakçıların sayı 7427
nəfərə çatıb ki, bu da qazdan istifadə etməli
olan istehlakçıların 58,6 faizi deməkdir.
Ümumi yaşayış məntəqələrinin
sayına münasibətdə
qazlaşdırılmamış yaşayış məntəqələri
77,9 faiz təşkil edir.
Əhalinin içməli suya olan tələbatını
ödəmək məqsədilə rayonun Şotavar, Uzuntala,
Qaysarlı, İngiloy-Kötüklü, Ağyazı,
Almalı, Dəymədağlı və Cəlayir kəndlərində
yeni subartezian quyuları qazılıb, Meşəbaş,
Əmircan və Şıxlar kəndlərində isə
yaxın vaxtlarda yeni quyuların qazılmasına
başlanılacaqdır. Şəhər əhalisinin
içməli suya olan təlabatını ödəmək məqsədilə
İlisu kəndindən çəkilmiş yeni su xətti
vasitəsilə əhaliyə içməli suyun verilməsi
üçün rayona 3600 ədəd yeni smart-kart tipli su
sayğacı gətirilib. Bu sayğaclardan
2516 ədədi Qaxbaş, Qaxingiloy kəndlərində və
şəhərin müxtəlif küçələrində
quraşdırılıb.
Qax telekommunikasiya qovşağı tərəfindən
rayonun 20 kənd elektron avtomat telefon stansiyasında
quraşdırılmış yeni avadanlıqlar nəticəsində
əhali yüksək keyfiyyətli və sürətli internet
xidməti ilə təmin edilib. Əhaliyə
keyfiyyətli internet xidmətinin göstərilməsi
üçün rayonda 5 internet provayderi fəaliyyət
göstərir. Göstərilən xidmət
nəticəsində internet abunəçilərinin sayı
3849-a çatıb. Bunun da 1719 nəfəri
şəhərin, 2130 nəfəri isə kəndlərin
payına düşür. Dövlət
başçısının tapşırığına əsasən
rayonda fevralın 17-dən may ayının 1-dək əhalinin
tibbi müayinədən keçirilməsi təmin edilib.
Tibbi müayinədən keçmiş 37 min 197 nəfərdən
6692 nəfəri ambulator, 164 nəfəri stasionar müalicəyə
cəlb olunub, 48 nəfər isə Bakı şəhərinə
müalicəyə göndərilib. Dövlət
başçısının başqa bir sərəncamına
əsasən cari ilin mart-aprel aylarında uşaqların icbari
dispanzerizasiyası keçirilib, aşkar olunan xəstələr
həkim nəzarətinə götürülüb.
...“Yanlış da bir naxışdır,”
– deyiblər. Mən əhalinin
sağlamlığı məsələsini yazının əvvəlində
qeyd etməli idim, amma, nədənsə, həmin fikirləri
sonraya saxladım. Əslində, belə
yaxşıdır. Rayonun keçmiş
baş həkimi, uşaqdan-böyüyə hamının
ağsaqqal kimi tanıdığı mərhum Fərman
Əhmədzadə ilə bu barədə çox söhbətlərimiz
olub. Öz peşəsini qəlbən sevən
Fərman həkim nədən danışırıq,
danışaq, həmişə söhbəti
sağlamlığın üstünə gətirərdi.
Bütün canı, qanı ilə Qaxa
bağlı olan bu nurani insan iftixarla deyirdi ki, həm ulu
öndərin, həm də möhtərəm Prezident
İlham Əliyevin ölkədə səhiyyənin
inkişafına bu qədər diqqət ayırması təsadüfi
deyil. Onlar çox yaxşı bilirlər
ki, qüdrətli dövləti yaratmaq, onu qorumaq, müstəqilliyi
əbədiləşdirmək üçün birinci növbədə
ölkə əhalisinin sağlamlığı
lazımdır. Qalan məsələlər
sonra düzələcək.
Allah sənə rəhmət eləsin, Fərman
həkim. Qax sakinlərinin
sağlamlığını qorumaq üçün nələr
etməmişdin! Məhz ona görə də
rayon sakinlərinin hamısı səni hər gün
xeyirxahlıqla xatırlayır, ruhuna dualar oxuyur.
Sonuncu səfərimdə bir daha yəqin etdim ki, elə
qaxlıları bütün cəhətlərdən sağlam
edən Ədalət Həsənoğlu ilə məni
özünə bağlayan təbii gözəlliklər və
bir də Fərman Əhmədzadə kimi nurlu insanların əməlləridir...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 13 noyabr.- S.10.