Müstəqil dövlətimizin
konstitusiyası
xalqımızı sivil həyata qovuşdurur
Tarixi
qanunauyğunluq nəticəsində keçmiş SSRİ-nin
süqutu ilə 70 il bu ittifaqda yaşamağa məhkum
edilmiş respublikalar kimi, Azərbaycan da milli müqəddəratını
sərbəst təyin etmək, müstəqil dövlət
quruluşu, hüquqi, demokratik cəmiyyət yaratmaq
imkanına qovuşdu.
Dövlətin əsaslarını, əsas
insan və vətəndaş hüquqlarını, vəzifələrini,
qanunvericilik, icra və məhkəmə hakimiyyətini,
dövlət quruluşunu, mülkiyyət formalarını və
dövlət həyatının digər bu kimi məsələlərini
müəyyənləşdirən konstitusiyanın qəbul
edilməsi hər bir dövlətin həyatında
mühüm ictimai-siyasi hadisədir. Konstitusiya latın
sözü olub, “quruluş, təsisat” mənasını
verir. Konstitusiya hər hansı ölkənin ictimai və
iqtisadi quruluşunun əsasını, idarəetmə
formasını və dövlət quruluşunun
formasını, şəxsiyyətin hüquqi vəziyyətini,
mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə
orqanlarının təşkili qaydasını və səlahiyyətini,
ədalət mühakiməsinin, seçki sisteminin təşkilini,
əsas prinsiplərini və digər bu kimi məsələləri
müəyyənləşdirən dövlətin ən
yüksək hüquqi qüvvəyə malik qanunudur. 1989-cu il sentyabrın 23-də
keçmiş Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul
edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının
suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanunu, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il
avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycanın
müstəqilliyinə doğru atılan ilk hüquqi
addımlar idi. Bu sözlər, eyni dərəcədə, Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən
18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”na da aiddir. Azərbaycan xalqı yalnız 18
oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini
bərpa etdikdən sonra konstitusiyasını qəbul etmək
imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin
sədrliyi ilə layihəsi hazırlanması və 12 noyabr
1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə
müstəqil Azərbaycan dövlətinin ilk
konstitusiyasının qəbul edilməsi xalqımızın
tarixində ən parlaq səhifələrdən biridir.
Xalqımız, haqlı olaraq, öz tarixinin ilk həqiqi
konstitusiyasını onun yaradıcısı olmuş ulu
öndərin adı ilə – Heydər Əliyev
konstitusiyası adlandırır.
Müstəqil dövlətimizin ilk
konstitusiyası respublikamızın sovet dövründə
formal olaraq qəbul edilmiş konstitusiyalardan köklü surətdə
fərqlənir. Belə ki, əvvəlkilər sosializm
quruluşunun konstitusiyası idi və onlarda sivil dövlət
quruculuğunda əsas institut olan hakimiyyətin
bölgüsü prinsipindən imtina edilmişdi. Lakin yeni
konstitusiyada bu tarixi və metodoloji səhv aradan
qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti
və məhkəmə hakimiyyətindən ibarət
bölgüsü aparılmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində
göstərilir ki, konstitusiyanın müddəalarına əsasən
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
qarşılıqlı fəaliyyət göstərir və
öz səlahiyyətləri çərçivəsində
müstəqildirlər. Bu konstitusiyanın 158 maddəsindən
48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş
hüquqları və azadlıqlarına həsr edilmişdir.
Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç
bir qanun doğma kimi qəbul edilməməlidir. Dünya təcrübəsi
göstərir ki, konstitusiya, bir qayda olaraq, uzun müddət
üçün qəbul olunur. Lakin həyatın irəli
sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin
inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi
üçün hər bir qanunvericilikdə, o cümlədən
ölkəmizin ali qanunu olan konstitusiyada da dəyişiklikləri
zəruri edir. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi məqsədilə
ümumxalq səsverməsi (referendum) keçirilməsi
haqqında” 22 iyun 2002-ci il tarixli fərmanı ilə 24 avqust
2002-cü il tarixdə keçirilmiş referendum nəticəsində
konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər
edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin
26 dekabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsinə dair ümumxalq səsverməsinin (referendumun)
keçirilməsi haqqında” qərar qəbul etmiş və
2009-cu il martın 18-də referendum keçirilmişdir.
Konstitusiyanın 12-ci maddəsinin I bəndində göstərilirdi
ki, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Referendum aktının birinci bəndində konstitusiyanın 12-ci maddəsinin I
hissəsinə “azadlıqlarının” sözündən
sonra “Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin” sözlərinin əlavə
edilmiş, başqa sözlə, konstitusiyanın 12-ci maddəsinin
I hissəsinə edilmiş bu əlavə, əslində, həmin
maddənin I hissəsinin məzmununu daha da zənginləşdirmişdir.
Ölkəmizin son illərdəki iqtisadi
inkişafının xarakteri və tempi göstərirdi ki,
sosial siyasət və əhalinin maddi rifahı büdcə xərclərinin
xüsusi çəkisində üstünlük təşkil
etməklə, başqa sözlə, respublikamızın
büdcəsi sosial yönümlü büdcə hesab edilir. Məhz
buna görə də konstitusiyanın 15-ci maddəsinin II hissəsinə
“əsasında” sözündən sonra “sosial
yönümlü” sözləri əlavə edilmiş və bu isə son illərdə respublika
büdcəsinin sosial xarakterli olması ilə sıx surətdə
bağlı olmuşdur.
Heç də təsadüfi deyildir ki,
konstitusiyaya edilmiş 11 dəyişikliyin, 39 əlavənin,
müvafiq olaraq, 5 dəyişikliyi və 22 əlavəsi onun
III fəslinə – əsas insan və vətəndaş
hüquqları və azadlıqları fəslinə aid
olmuşdur.
Müstəqil dövlətimizin ilk
konstitusiyasının 17-ci maddəsinə
aşağıdakı məzmunda V hissəsinə əlavə
edilmişdir: “15 yaşına çatmamış uşaqlar
işə götürülə bilməzlər”. Doğrudur, ilk baxışda belə
görünə bilər ki, bu müddəa əmək
qanunvericiliyinin müvafiq normasında nəzərdə
tutulmuşdur (Əmək Məcəlləsinin 46-cı maddəsinin
4-cü bəndində), bu müddəanın təkrarən
konstitusiyaya daxil edilməsinə zərurət
vardırmı?! Cavab birmənalıdır: bəli var idi.15 yaşına
çatmamış uşaqların işə
götürülməsinin qadağan edilməsi konstitusiyada nəzərdə
tutulmaqla, yeni xarakter alır. Başqa sözlə, konstitusiya
prinsipi kimi formalaşır və Azərbaycan Respublikası
Milli Məclisinin bu müddəanı dəyişmək səlahiyyəti
yoxdur.
Konstitusiyanın 71-ci maddəsinə
aşağıdakı məzmunda X bənd əlavə
edilmişdir: “Dövlət orqanları yalnız bu konstitusiya əsasında,
qanunla müəyyən edilmiş qaydada və hüquqlarda fəaliyyət
göstərə bilərlər”. Konstitusiyaya edilmiş bu əlavə
isə cəmiyyətdə baş verə biləcək məmur
özbaşınalığının
qarşısını almaq, mahiyyət etibarilə, ölkəmizdə
insan və vətəndaş hüquq və
azadlıqlarının daha etibarlı qorunması
üçün əlavə bir təminatdır.
Həmçinin, konstitusiyanın 67-ci maddəsinə
“Cinayət törədilməsində təqsirləndirilən
hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir”
kimi II bənd əlavə edilmişdir. Konstitusiyaya belə bir
müddəanın əlavə edilməsi bu müddəanın
konstitusiya prinsipi kimi formalaşmasına gətirib
çıxarır və gələcəkdə cinayət-
prosessual qanunvericiliyində hər hansı dəyişikliyin
edilməsi bu prinsipin dəyişilməsinə səbəb
ola bilməz.
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən
biri konstitusiyanın 101-ci maddəsi ilə bağlıdır.
Referendum aktında konstitusiyanın 101-ci maddəsinin V hissəsi
aşağıdakı redaksiyada ifadə edilmişdir:
“Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu barədə
qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev demişdir: “Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və
lazım gələrsə, hərbi üsullardan da istifadə
etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin
edir”. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağın, beynəlxalq
hüquq normalarına müvafiq olaraq, dinc yolla erməni
işğalından azad edilməsi mümkün olmazsa, bu
torpaqların silah gücünə azad edilməsi bizim təbii,
ayrılmaz, konstitusiya hüququmuzdur.
Beləliklə, yuxarıdakılara əsasən
demək olar ki, konstitusiyanın 101-ci maddəsinin V hissəsinin
yeni redaksiyada verilməsi barədə dəyişikliyin edilməsi
əsaslı olmaqla, ölkəmizin indiki şəraiti
üçün son dərəcə də zəruridir. Həmin
fikirlər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət
müddətinin hərbi əməliyyatların sonunadək
uzadılması barədə referendum aktına əsasən
konstitusiyanın 84-cü maddəsinin I hissəsinə
edilmiş əlavəyə də
eyni dərəcədə aiddir.
Referendum aktına əsasən
konstitusiyanın 29 maddəsinə 11 dəyi- şiklik, 39 əlavə
edilmişdir.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə
malik olmaqla, Azərbaycan
Respublikasında birbaşa hüquqi qüvvədədir və
bütün qanunvericilik aktları konstitusiyanın müddəalarına
uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki,
müstəqil dövlətimizin ilk konstitusiyasının qəbulundan
sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq
hüquq normalarının tələblərinə uyğun
2500-dən artıq qanun və qərar qəbul etmişdir.
Xalqımız öz suverenliyinin pasportu sayılan ilk
konstitusiyamıza, onun prinsip və müddəalarına həyati
əhəmiyyətli ali sənəd kimi dərin sayğı
ilə yanaşır, onun yaratdığı imkanlardan qədərincə
yararlanır. Müstəqil dövlətimizin ilk
konstitusiyası ölkəmizi demokratiya yolu ilə xoş
sabahlara aparır.
İlham
ABBASOV,
Ədliyyə
Akademiyasının prorektoru,
hüquq
üzrə fəlsəfə doktoru
Xalq
qəzeti.- 2014.- 14 noyabr.- S.5.