Azərbaycanın
dünya birliyində
mövqeyi getdikcə
möhkəmlənir
Macarıstan
və Azərbaycan arasında
imzalanmış
sənədlər də bunu təsdiqləyir
Azərbaycan
və Macarıstan strateji tərəfdaşlardır və bu,
Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq
baxımından əhəmiyyətlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb.
Viktor ORBAN
Macarıstanın Baş naziri
Azərbaycanın dünya birliyindəki mövqeləri getdikcə güclənir. Dövlət başçısının xarici səfərləri zamanı və ölkəmizdə səfərdə olan rəsmi qonaqlarla imzalanmış sazişlər bu əlaqələri daha da genişləndirir, ikitərəfli əməkdaşlığı möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfəri çərçivəsində keçirilmiş görüşlər, həmçinin, imzalanmış sənədlər də qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasından xəbər verir. Onu da qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Macarıstana üçüncü səfəridir. Hər dəfə imzalanan sənədlər iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmişdir.
Bir faktı yada salaq.
Macarıstan Respublikası Azərbaycanın müstəqilliyini
1991-ci il dekabrın 26-da tanımışdır.
Göründüyü kimi, bu ölkə Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
İki ölkə arasında diplomatik əlaqələr isə
1992-ci il noyabrın 27-də yaradılmışdır.
2004-cü ilin sentyabr ayından Azərbaycanın
Macarıstanda səfirliyi açılmış, 2009-cu il
yanvarın 12-də isə Macarıstan Respublikasının
Bakıdakı səfirliyi fəaliyyətə
başlamışdır.
Ötən müddət
ərzində ölkələrimiz arasında iqtisadi, siyasi və
mədəni əlaqələr qarşılıqlı
hörmət və səmərəli əməkdaşlıq
prinsipləri üzərində qurulmuşdur. Dövlət
başçılarının qarşılıqlı səfərləri
bu əlaqələrin inkişafında mühüm əhəmiyyət
kəsb etmişdir. Azərbaycanla Macarıstan arasında bu
vaxta qədər çoxlu sayda sənəd, o cümlədən,
iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi
və qarşılıqlı qorunması və digər
sazişlər imzalanmış, əməkdaşlığın
hüquqi bazası yaradılmışdır. Müqavilə-hüquq
bazasının genişləndirilməsi istiqamətində
işlər davam etdirilmiş, İKT, turizm, təhsil sahəsində
sahələrarası sənədlər
razılaşdırılmış, o cümlədən, nəqliyyat,
səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində
də sənədlər müzakirə mərhələsinə
gəlib çatmışdır.
İki dost ölkə
arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı,
rabitə və informasiya texnologiyaları, əczaçılıq,
ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə
uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət
əlaqələri genişlənir. Son məlumata görə,
ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi
40 faizdən çox artmışdır. Azərbaycan
Respublikası Hökuməti və Macarıstan Respublikası
Hökuməti arasında İqtisadi Əməkdaşlıq
üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti
ölkələrimiz arasında əlaqələrin genişlənməsində
əhəmiyyətli rol oynayır.
Macarıstan rəsmiləri
də ölkəmizə səfərləri zamanı ikitərəfli
əməkdaşlığın inkişafından məmnunluqlarını
ifadə etmişlər. Macarıstanın Azərbaycanla kənd
təsərrüfatı, ərzaq məhsullarının
emalı, heyvandarlıq və digər sahələrdə
uğurlu əməkdaşlığı yüksələn xətt
üzrə inkişaf etmişdir. Bu əlaqələrin
genişləndirilməsi üçün böyük
potensial olduğu diqqətə çatdırılmış
və bundan səmərəli istifadənin ikitərəfli əlaqələrin
inkişafında əhəmiyyəti
vurğulanmışdır. Dövlət və hökumət
başçılarının qarşılıqlı səfərlər
zamanı iqtisadiyyatın müxtəlif sahələrində
mövcud vəziyyət və əməkdaşlığın
inkişafı imkanları, o cümlədən, ticarət əlaqələrinin
genişləndirilməsi və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
olunmuşdur. İki ölkə arasında siyasi münasibətlər
də yüksək səviyyədə olmuşdur.
Dövlət
başçılarının qarşılıqlı səfərləri,
aparılan müzakirələr, imzalanmış sənədlər
iki ölkə arasında əlaqələrin inkişafına
təkan vermişdir. Hökumətlərarası
Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə
İşçi Qrupunun səmərəli fəaliyyəti,
Şuşa ilə Döndöş şəhərlərinin
qardaşlaşması haqqında birgə bəyannamənin
imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin
açılması, Heydər Əliyev Fondu tərəfindən
Budapeştdə görmə qabiliyyəti zəif olan
uşaqlar üçün yeni layihənin icrasına
başlanılması, iqtisadiyyatın müxtəlif sahələrində
əlaqələrin genişlənməsi və digər sahələrdəki
əlaqələr Azərbaycan-Macarıstan əməkdaşlığının
hərtərəfli inkişafının göstəriciləridir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin budəfəki
işgüzar səfəri zamanı da iki ölkə
arasında bir sıra sahələri əhatə edən sənədlər
imzalanmışdır.
Bütün bunlardan
sonra Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana
işgüzar səfəri macar xalqı tərəfindən
böyük maraqla izlənilirdi. Bu ölkənin Baş naziri
Viktor Orban mətbuata verdiyi bəyanatda da bunu təsdiqləyərək
demişdir: “Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş
kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və
Asiya arasında böyük bir körpüdür”. Baş
nazir Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri
çərçivəsində hər iki dövlət
başçısının iştirakı ilə
imzalanmış sənədlərin böyük əhəmiyyət
kəsb etdiyini vurğulamış və bu sənədlərin
əməkdaşlığın daha da mökəmləndirilməsinə
töhfə verəcəyini diqqətə
çatdırmışdır: “Aydındır ki, bu sazişlər
həm Macarıstanın, həm də Azərbaycanın
maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər
Avropa İttifaqının da maraqlarına uyğundur.
Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə
Avropa İttifaqı arasında əməkdaşlıq
sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər
bir neçə dövlət tərəfindən ikitərəfli
əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan
ilə çox uğurlu əməkdaşlıq həyata
keçirilir. Çox şadam ki, Macarıstan da həmin
Avropa İttifaqı dövlətlərinin
sırasındadır və ölkələrimiz arasında
uğurlu əməkdaşlıq davam edir”.
V.Orban Macarıstan və
Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri
yüksək qiymətləndirib. O, ümid etdiyini bildirib ki,
bu gün imzalanmış sənədlər münasibətlərin
inkişafına təkan verəcək. Baş nazir onu da
bildirib ki, Azərbaycan Avropanın enerji təminatı
baxımından vacib ölkədir.
Baş nazir bu ölkənin
iqtisadi yüksəlişini də gündəmə gətirib
və qeyd edib ki, Macarıstanda iqtisadi artım 3 faiz təşkil
edir. Ardınca Azərbaycan iqtisadiyyatının sürətlə
artdığını diqqətə çatdırıb: “Təbii
ki, Azərbaycan dövlətinin başçısının
yanında bu rəqəmlərlə öyünmək bir az
çətindir”. Macarıstan rəsmisi bildirib ki, hər iki
ölkə dinamik şəkildə inkişaf edir və
qarşılıqlı tələbatı nəzərə
alaraq bundan sonra müxtəlif sahələr daha da inkişaf
etdiriləcək. İki ölkə arasında ticarət
dövriyyəsinin artdığı da vurğulanmışdır.
Əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsində
potensialın daha böyük olduğunu qeyd edən Baş
nazir imzalanmış sənədlərin bu işdə
böyük rol oynayacağını bildirmişdir. O, əminliklə
demişdir ki, bu sənədlər bizdə böyük
ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza
çox güclü bir təkan veriləcəkdir.
V.Orban iki ölkə
arasında əməkdaşlığın tərkib hissələrindən
birinin də təhsil sahəsinin olduğunu diqqətə
çatdıraraq 200 azərbaycanlı tələbənin
Macarıstanda təhsil almaları üçün hər
cür şəraitin yaradılacağını bəyan edib.
Hətta, həmin tələbələrin təqaüdlərinin
Macarıstan tərəfindən ödəniləcəyi
bildirildi.
Macarıstanda yenidən
olmağından çox məmnun qaldığını
bildirən Azərbaycan Prezidenti İlham Əliyev səfər
çərçivəsində keçirilən
görüşlərin, aparılan fikir mübadiləsinin
böyük əhəmiyyət
daşıdığını vurğulamışdır.
Dövlətimizin başçısı demişdir ki,
bütün bunlar bir daha onu göstərir ki, əlaqələrimiz,
doğrudan da, strateji tərəfdaşlıq səviyyəsinə
çatmışdır: “Eyni zamanda, bir daha qeyd etmək istəyirəm
ki, Budapeştdə olmaq həmişə böyük sevincdir.
Çünki Budapeşt dünyanın ən gözəl
şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə
və Budapeşt sakinlərinin istəyi ilə şəhər,
tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa
edilir və bu, haqlı olaraq Sizə, ölkənizə,
xalqınıza bizim etimadımızı, inamımızı
və hörmətimizi artırır. O ki, qaldı bizim ikitərəfli
münasibətlərimizə, biz bu əlaqələrin
inkişafına böyük nikbinliklə baxırıq.
Əminəm ki, gələcəkdə bu əlaqələr
daha da sürətlə inkişaf edəcək. Bu gün
imzalanan sazişlər də, əslində, bizim niyyətimizi
göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz
çoxşaxəlidir, müxtəlif sahələri -
iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə
ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə xüsusi yer tutur.
Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək
illərdə birgə icra ediləcək layihələrimizin
uğurla nəticələnəcəyini təmin edəcəkdir.
Deyə bilərəm ki, strateji tərəfdaşlıq
haqqında bəyannamə gələcəkdə Avropa
İttifaqı ilə Azərbaycan arasında mümkün olan
sazişlər üçün də gözəl zəmindir.
Çünki bu sənəddə əməkdaşlığımızın
bütün istiqamətləri öz əksini tapıb.
Əlbəttə, bu səviyyəyə çatmaq
üçün siyasi əlaqələr prioritet xarakter
daşıyır. Bu əlaqələr çox müsbətdir,
gözəldir”.
Azərbaycan Prezidenti
qeyd etmişdir ki, iki ölkə arasında imzalanmış
sazişlər ticarət dövriyyəsinin artmasına da imkan
yaradacaq. Qarşılıqlı sərmayə qoyuluşu,
informasiya-kommunikasiya sahəsində əməkdaşlıq,
ticarət dövriyyəsinin artması və energetika
sektorundakı əməkdaşlıq - bütün bunların
hər iki ölkə üçün prioritet olacağı
bildirilmişdir.
Enerji resurslarından
söhbət açan Azərbaycan Prezidenti demişdir ki, bu
sahədə də iki ölkə arasında əməkdaşlıq
üçün çox gözəl imkanlar var: “ Azərbaycan
Avropa üçün yeni enerji mənbələrinin təmin
edilməsində öz rolunu oynayır. Azərbaycan “Cənub”
qaz dəhlizinin təşəbbüskarıdır. Şadam
ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl
Bakıda təntənəli mərasim keçirilmişdir və
biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq.
Əslində, bu, Avropanın enerji xəritəsinə yeni əlavələr
edəcək. Əslində, bu enerji xəritəsi dəyişdiriləcək
və Azərbaycanın çox zəngin qaz resursları
Avropa bazarına nəql ediləcəkdir. Bizim “Cənub” qaz dəhlizi
ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki,
Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə
nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə
işləri yüksək səviyyədə
aparılmalıdır. Həm ikitərəfli formatda, eyni
zamanda, Avropa İttifaqı ilə Azərbaycan
arasındakı məsələlər də öz həllini
tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni
vaxtında icra edək. Çünki bu, həm bizə, həm
də Avropaya lazımdır. Bu, Avropa üçün yeni,
alternativ bir qaz mənbəyi olacaqdır. Bizim
üçün isə Avropa bazarı ən əlverişli
bazardır. Yəni, burada bizim maraqlarımız birləşir.
Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və
Azərbaycanın maraqları da burada üst-üstə
düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə
bağlı Macarıstan–Azərbaycan ikitərəfli
formatında danışıqlara başlamaq qərarına gəldik.
Əminəm ki, bu danışıqların gözəl nəticələri
olacaqdır”.
Humanitar sahədə əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğulayan
Prezident İlham Əliyev 200 azərbaycanlı gəncin
Macarıstanda təhsil alacağı zaman bu ölkənin qədim
tarixini yaxından öyrənmək baxımından
böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Azərbaycan Prezidenti demişdir ki, əlaqələrimizin təməlində
güclü siyasi iradə var və hər iki tərəf bu
iradəni göstərir.
Azərbaycan Prezidenti
Macarıstana işgüzar səfəri çərçivəsində
bu ölkənin Milli Televiziyasına müsahibə vermişdir.
Dövlətimizin başçısı son on il ərzində
qazanılan uğurlar barədə məlumat vermiş, ölkəmizin
dünya birliyində reytinqinin yüksəlməsindən
söhbət açmışdır. Tamaşaçılara
da bəlli olmuşdur ki, Azərbaycan iqtisadiyyatı Cənubi
Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya
malikdir. Həmçinin vurğulanmışdır ki,
hazırda ümumi daxili məhsulun 50 faizdən çoxu
qeyri-neft sektorunda istehsal edilir. Azərbaycan Prezidenti Avropa
İttifaqına üzv olan dövlətlərlə strateji əməkdaşlıq,
enerji təhlükəsizliyində Azərbaycanın gələcək
prioritetləri, Azərbaycan və Macarıstanın bir-birinin
sərmayələrindən necə faydalanacaqları barədə
verilən suallara ətraflı cavab vermişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 14 noyabr.- S.3.