“Biz o
şəhərə gedəcəyik”
Akif Cabbarlının “Biz o şəhərə gedəcəyik” kitabında (Bakı, “Şur” nəşriyyatı) eyniadlı yazını oxuyanda yenidən Şuşaya gedən yolun sehrinə düşdüm, o yolda keçirdiyim saatları göz önünə gətirdim, o yolun sağ-solundakı dibsiz dərələrdən sürünən duman-çənin sazağını içimdə yaşadım.
Orta məktəbdə oxuyanda da, institutda təhsil alanda da Sisyandan Bakıya gedən üzücü, yorucu o yol Laçından, Turşsudan keçəndən sonra Şuşaya çatardı...İndi gör neçə ildi ki, o dolanbac yolla “qol-boyun” olmuram. O yolun tozu qarışıq maşının pəncərəsindən içəri dolan dağ havası üçün indi burnumun ucu göynəyir. O yol bir vaxtlar məni yurda aparırdı, ata-anamla, qardaş-bacılarımla görüşə tələsdirirdi. O yol məni qəlbimdə-könlümdə neçə-neçə arzu-istəklə Bakıya gətirirdi. İndi o yolda yad səslər, yad sözlər eşidilir. O dağlar, dərələr yad nəfəslərlə murdarlanıb, Turşsu yad baxışlar altında əzilib, suyu quruyub...
“Biz o şəhərə gedəcəyik” yazısını oxuyanda bir məqam da o illəri xatırlatdı mənə. Bakıdan Sisyana çıxan avtobus elə ki, Şuşa aşırımına çatar-çatmaz avtobusdakı ermənilərin “dərdi açılardı”, bu şəhərin, bu qalanın dədə-babalarınınkı olmasını bir-birlərinə “başa salardılar”... O vaxtdan neçə il ötəndən, Qarabağ hadisələri başlayandan sonra anladım ki, düşmən gör nə zamanmış Şuşaya “yol gəlirmiş”, işğalçılıq siyasətini gerçəkləşdirmək üçün fürsət axtarırmış... Amma indi də başa düşə bilmirəm ki, qondarma, uydurma tarix yaradan, özlərini “Nuh peyğəmbərin varisi sayan” ermənilər qəddarlıqları, əzazillikləri ilə niyə Allahın qəzəbinə tuş gəlməyiblər. Bəlkə də nə vaxtsa İlahidən əməllərinin qiymətini alacaqlar. Amma bu, gec olmayacaq ki?!. Nə qədər yurd-yuva xaraba qoyandan, nə qədər binəsibi didərgin salandan sonra haqqın qələbəsinin nə faydası?!.
Akif Cabbarlının 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında telejurnalist kimi iştirakı zamanı müşahidəsinin nəticəsi olan qeydləri pis niyyətli, paxıl qonşularımızın uzun illər içlərində gizlədib yaşatdıqları xəbisliyi, namərdliyi, kəmfürsətliyi açıq-aydın nəzərə çarpdırır: “...AzTV-nin çəkiliş qrupunda iki kinooperator vardı: Rüstəm Zülalov və Sergey İşxanov. Xankəndində qatardan düşəndə ermənilərin Sergeyi duz kimi “yalamaları” indi də gözümün qabağındadır. Bizimlə isə candərdi görüşdülər... Şuşada isə erməni operatorumuz özünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, “Miatsum”a hələ altı il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duymağa imkan verirdi...".
“Dünyanın düz vaxtı” sayılan sovet dönəmində Sisyandan Bakıya yol alan avtobus Şuşa səmtinə yaxınlaşanda da ermənilərin qədim qala divarlarına baxıb köks ötürmələri, öz dillərində xosunlaşmaları, Akifin yazdığı kimi, özlərini qəribə aparmaları biz azərbaycanlıları o qədər maraqlandırmırdı. Düzünü desək, ağlımıza başqa bir fikir də gəlmirdi. Görünür, başımıza gələnlər elə bizim sadəlövhlüyümüzün, erməni namərdliyinə laqeyd, soyuqqanlı yanaşmağımızın, unutqanlığımızın acı nəticəsidir. Görünür, ağlımıza gələnləri dərindən götür-qoy etməmişik ki, birdən başımıza gələr...
Akif Cabbarlı sözügedən kitabında 41-45-in od-alovundan keçən İsmayıl Müzəffəroğlunun dilindən yazdığı sətirlər də (“Birincilər və... sonuncular”) oxucuda Şuşanın nə vaxtsa düşmən tapdağından xilas ediləcəyi əminliyini yaradır. “...SSRİ-ni, Avropanın işğal olunmuş nə qədər ölkəsini faşizmdən xilas etdik. Səngərlərin soyuq sifəti, əzablı, qanlı-qadalı yolların yorğunluğu, bəzən bircə patrona güvənməyimiz belə iradəmizi sarsıda bilmədi. Radiodan, cəbhə qəzetlərindən öyrənəndə ki, həzilərimiz, gəraylarımız, israfillərimiz, ziyalarımız, məliklərimiz, hüseynbalalarımız, mehdilərimiz necə qəhrəmanlıq nümunəsi göstərirlər, düşmənin başına necə od ələyirlər, ürəyimiz dağa dönürdü. Özümüzü elə o qəhrəmanların yerində hiss edirdik. Əlbəttə, çox istəyirdik ki, hər birimiz vətənə qızıl ulduzlu, general paqonlu dönək. Bu tale hər kəsə də nəsib olmur axı... Amma hər dəfə süngümüz düşmənin bağrını dələndə, atdığımız güllənin hədəfə dəydiyini görəndə sanırdıq ki, bu mənzərəni bizdən qələbə sorağı gözləyənlərin hamısı görür, qiymətləndirir, alqışlayır...”.
Bəli, Azərbaycan həmişə özünün igidlərilə tanınıb, dara düşəndə onlara güvənib. Nə vaxtsa doğma yurdumuzun başı üzərindən acı küləklər əsəndə, “ mənəm-mənəm” deyənlər yurdumuza hücum edəndə o qəhrəman oğulların gücü ilə haqq-ədalət qalib gəlib, ərazilərimiz yağı caynağından alınıb. Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq, əsl hərb meydanını düşmənə göstərəcək. Yurdumuzun ən dilbər guşəsi olan Qarabağ, eləcə də digər işğal olunan torpaqlarımız geri qaytarılacaq...
Akif Cabbarlı “Biz o şəhərə gedəcəyik” kitabında toplanan digər yazıları da beləcə Şuşa yanğısıyla qələmə alıb. Qəbələ RLS-in dəhşətli nəticələrindən bəhs edəndə (“Qızılgüllər açacaqmı”) - “Düşüncələrimdir, özüməm, bir də qucağımda bir qom al qırmızı qərənfil. Cüt saylı bu “abşeronlu” çiçəkləri anama sovqat aparıram. Hədsiz çox istəyirdi gül-çiçəyi. Ötən bahar öz həyət-bacamızda öz əli ilə yetişdirdiyi qızılgüllər, sarıçiçək, ətirşah gözümüz görə-görə soldu getdi, göz dağı oldu... Elə özü də...” fikri, dünyasını vaxtsız-vədəsiz dəyişən istedadlı şair, publisist Şahmar Əkbərzadəni xatırlayanda (“Haradasan, Şahmar dədə?!)- “Şahmar Əkbərzadə bizdən ayrılandan içimdə bir nida göyərir, çağlayır-var səsimlə onu səsləməyin, çağırmağın təşnəsiyəm.- Dədə Şahmar, hara getdin, bu dünyadan incik idin, küsmüşdün, sənə sığınan, tapınan, boyundan qürrələnən, istedadına güvənən, vicdanına arxalanan qələm dostlarını, istəklilərini, qonum-qonşularını niyə tərk etdin, bəs nə vaxt, günün hansı vədəsində qayıdacaqsan?!.” cümlələri, “Biz kimik, hardan gəlmişik, hara gedirik?” sualına cavab axtaran alimin “Şumer kilidi” kitabı barədə düşüncələrini bölüşəndə - “Şumer “kilidi”nin axıradək açılması bəşəriyyətə böyük sürprizlər verə bilər...” qənaəti oxucunu düşündürür, keçmişlə indimiz, bu günümüz arasında körpü yaradıb sabaha alnıaçıq üz tutmaq ümidi yaradır...
...Akif Cabbarlı yaddaş yaşantılarına söykənərək qələmə aldığı “ Biz o şəhərə gedəcəyik” kitabını oxucu ixtiyarına verməklə olmuşları tarixləşdirib.
Akif Cabbarlı keçmiş reallığı-xatirələri kağıza köçürməklə keçmişi unutmamaq, gələcəyə dünənin dərslərindən ibrət almaqla yol getmək qənaətini əsaslandırıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 15
noyabr.- S.7.