Beynəlxalq
Tolerantlıq Günü
Hər il noyabr ayının 16-sı dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın 16-dan başlamışdır. O zaman UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Hər il bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü münasibətilə təşkil olunmuş “virtual dəyirmi masa”ya qoşulan tanınmış elm və mədəniyyət adamları, ictimai xadimlər, siyasətçilər üç sualı cavablandırmışlar.
Nəriman QASIMOĞLU, dinşünas-alim:
1. Tolerantlıq gününün önəmini necə görürsünüz və sizcə, qeyri-tolerantlığın başlıca səbəbləri nədir?
- Məndən
ötrü bu gün - başqa
dilə, başqasının milli xüsusiyyətlərinə,
başqa inanclara, başqa irqə, sən kişisənsə
qadına, qadınsansa kişiyə, yaşlısansa gənclərə,
gəncsənsə yaşlılara, dindarsansa dinsizə, ateistsənsə
dindara, eləcə də milli, dini, irqi, cinsi kimliyindən
asılı olmayaraq qonşuna hörmətlə yanaş,
hörmət qoy deyə xatırlatma günü kimi önəmli
məqamdır. Bu xatırlatma məsələsinin bir
maraqlı tərəfi ondadır ki, o
sadaladıqlarımın xatırladılması müqəddəs
kitablarda aparıcı təlqinlərin əsas məzmununu təşkil
edir. Və bu təlqinlər konkret etnik qruplara, xalqlara deyil,
bütün insanlığa ünvanlandığından bir
multikultural mahiyyət də kəsb edir. Məsələn,
Törədə (Tövrat) “Tanrı adamları”
konsepsiyası bütün millətlərə
ünvanlıdır. Yeni Əhddə “qonşunu sev” prinsipi də
o cümlədən. Qurana gəlincə, təkcə onu deyim
ki, müqəddəs kitabımızın bir adı da
orijinalda “zikr”dir. Bu söz xatırlama, xatırlatma mənalarını
ifadə edir ki, Quran bu səpkidə özünü əslində
bəşəriyyətə ünvanlı
tolerantlığın bütün prinsiplərinə
iddiaçı qismində, necə deyərlər, təqdim
edir və öncəki kitablarda ifadə olunan tolerantlıq
hikmətlərini təsdiq edir. Yəni bu xatırlatmalar
işığında tolerantlıq gününün üzərində
bir müqəddəslik möhrünü də görməmək
mümkün deyil. Sualın ikinci hissəsinə gəlincə,
qısaca qeyd edim ki, qeyri-tolerantlığı doğuran
çoxsaylı mənfiliklər sırasında sosial ədalətsizlik,
maddiyyata bağlanıb qalma, siyasi eqoizm,
separatçılıq, mövhumatçılıq,
savadsızlıq və s. göstərmək olar.
2. Son dövrlərdə “Tolerantlıq, Multikulturalizm və İnterkulturalizm” ideyalarının aktuallaşmasının əsas səbəblərini nədə görürsünüz?
- Biri digərindən
doğan və bir-birinə məntiqi impulslar verən bu
ideyaları aktuallaşdıran əsas məqam, elə bilirəm,
dünyanın aparıcı siyasi dairələrində gəlişən
belə bir dərklə bağlıdır ki, xalqların
yaxınlaşmasında psixoloji əngəllərin aradan
qaldırılması, qloballaşmanın reallığa
çevrildiyi dövrdə millətlərarası münasibətlərin
sivil qaydalara uyğun tənzimlənməsi zərurəti
birbaşa olaraq həm ayrı-ayrı bölgələrdə
regional təhlükəsizlik, həm də beynəlxalq təhlükəsizliyin
təminatı məsələsinə töhfə kimi nəzərdən
keçirilməlidir. Özünəqapanma, dünyadan
özünütəcrid, milli təkəbbür və ərköyünlük
kimi naqis təmayüllər əslində regional və beynəlxalq
təhlükəsizliyi təhdid edir. Uzağa getməyək.
Elə indiki Ermənistan siyasətçilərinin milliyyətçilik
fəaliyyətləri onunla nəticələnib ki, oradan tarixən
məskunlaşmış azərbaycanlıları, kürdləri,
rusları və başqalarını qovaraq bu ölkəni
monoetnik bir tərkibə salıblar və bu monoetnik tərkibli
ölkənin rəhbərliyi Azərbaycan torpaqlarının
bir hissəsini qəsb edib, ümumiyyətlə isə,
bölgədə sülhə və təhlükəsizliyə
ən başlıca əngələ çevrilib. Və əlbəttə
ki, Azərbaycan torpaqlarının işğalı sinxron
olaraq sıravi ermənilərin şüurunun da milliyyətçilik
işğalında saxlanılması ilə davam etdirilir.
Tolerantlığa, multikulturalizmə, millətlər və
dinlərin dialoquna, birgəyaşayışına, yad cəmiyyətlərə
aid başqa nümunələr də var. Bu nümunələrin
olduğu coğrafiyalarda hansı faciələr,
dağıntılar, fəsadlar baş verirsə, kommunikasiya
texnologiyalarının inkişafı əsrində bunların
hamısı dünyanın gözü qarşısında
baş verir. Çoxmədəniyyətliliyi, mədəni
yaxınlaşma və inteqrasiyanı aktuallaşdıran ən
başlıca məqam isə sadəcə bunlara hər
hansı sağlam alternativin olmamasıdır. Yenə də
müqəddəs kitablara qayıdaraq deyim ki, Rəbbimiz
xalqları və qəbilələri, onların mədəniyyətlərini
ona görə yaratmayıb ki, bir-birilə toqquşsunlar.
Əksinə, baxın bir Quran ayəsi nə deyir: “Ey insanlar,
Biz sizi bir kişidən, bir qadından yaratdıq. Sizi xalqlar,
qəbilələr eylədik tanışasız, bilişəsiz.”
(14, 13).
3. Azərbaycan,
İsveçrə və s. kimi çoxtərkibli etnik və
çoxkonfessiyalı dini tərkibli ölkələrdə
multikulturalizm ənənələri artıq tarixən
formalaşmış bir reallıqdır. Siz bu səpkidə
yeni reallıqların yaranması perspektivlərini necə dəyərləndirirsiniz?
- Bir müddət Amerikada Corctaun, Kalstate və Harvard universitetlərində həyat təcrübəsi keçmiş bir şəxs kimi deyə bilərəm ki, yeni multikulturalizm reallıqlarının yaranmasında qismətinə multikulturalizmi tarixən yaşamaq düşmüş xalqların nümunəsi əhəmiyyətli rol oynaya və uyğun modellər təklif edə bilər. Yeni mühacir qruplarının problemləri ilə üzləşən, bəzi hallarda islamofobiyadan əziyyət çəkən Qərb cəmiyyətləri üçün bu yeni reallıqların yaranması da aktuallaşmaqdadır. Və təsadüfi deyil ki, multikulturalizm indi artıq dünyanın bir sıra elmi dairələrində ən müxtəlif elmi istiqamətlərin predmeti kimi də araşdırılır. Və bu qəbildən araşdırmalara, şübhə etmirəm, qeyd etdiyim modellər də cəlb ediləcək.
İlham MƏMMƏDZADƏ, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru:
1. Müxtəlif
ölkə, sivilizasiya və mədəniyyətlərin getdikcə genişlənən
qarşılıqlı əlaqələri şəraitində tolerantlıq problemi, fərqli mədəniyyət
nümayəndələrinin dialoqu xüsusi əhəmiyyət
kəsb edir. Əlbəttə, başqalarından hali olmaq bizi
daha səbirli edir. Böyüməkdə olan nəsli
uşaq yaşlarından
tolerantlıq mədəniyyətinə, vətənpərvərliyə,
özünə hörmət etmə və
başqalarının dəyərlərinə ehtiramla
yanaşmağa öyrətmək lazımdır. Texnologiyalar
sahəsində pozitiv dəyişikliklərlə
yanaşı qloballaşma həm də ciddi münaqişələrə,
toqquşmalara səbəb olub. Özü də sabitsizliyə məhz həmhüdud
məkanlar məruz qalıb.
Söz Avropa və Asiya, Avropa və
Afrika, Asiya və Afrikanın kəsişdiyi sahələrdən
gedir. Bu məkanlarda daha çox fərqli mədəniyyət
və din təmsilçilərinin toqquşması baş
verir.
Etiraf etmək
lazımdır ki, bütün postsovet ərazisi də məhz bu cür məkana
çevrilib. Burada, Avrasiyanın geniş meydanında bir
çox “qaynar nöqtələr”
vardır. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin davam etdirdiyi ümummilli lider Heydər
Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan mənşəyindən, dini dəyərlərindən
asılı olmayaraq vətəndaşların xeyrinə siyasətin
həyata keçirildiyi, iqtisadiyyatın inkişaf etdirildiyi müstəsna sabitlik adası
olmuşdur.
Bu iqtisadiyyat və
siyasətin həyata keçirilməsində vətəndaşların
ənənəvi, tarixən formalaşmış
tolerantlığı mühüm rol oynayır. Azərbaycan
müsəlman şiə və
sünnilərin, xristianların və bir çox digər
etnos və konfessiya nümayəndələrinin bir-birinin adətlərinə,
dəyərlərinə hörmət edərək, dostcasına
yaşadığı
dünyanın nadir ölkələrindən
biridir. Fəqət biz əsasən tolerantlıq dəyərlərini
qəbul etmədiyindən, öz problemlərini
zorakılıq yolu ilə həll
etməyə çalışdığından hələ XX əsrin 80-ci illərinin
sonlarında ölkəmizə qarşı təcavüz
etmiş ölkə ilə qonşuyuq.
2. Tolerantlıq,
şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası
qarşılıqlı əlaqələr proseslərində
iştirak etmək zərurəti ilə bağlıdır. Azərbaycanda
hər il müxtəlif ölkə və mədəniyyət
təmsilçilərinin diskussiya meydançasına çevrilmiş Beynəlxalq Humanitar
Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi
və vətəndaş cəmiyyəti nümayəndələrinin
ünsiyyətinə, digər tərəfdən isə alimlərin
elmi araşdırmalar, ideyalar
mübadiləsi aparmasına imkan yaradır. Forumun nailiyyətləri
sırasına ölkə Prezidentinin fərmanı ilə həm
çoxmədəniyyətlilik problemlərinin təhlilinə,
həm də onun Azərbaycan modelinin təbliğinə
kömək edəcək və artıq bunu edən
Multikulturalizm Mərkəzinin açılması da daxil oldu.
3. Fikrimizcə, bizim multikulturalizm
modelinin, alimlərimizin tədqiqat işlərinin təcrübəsi
başqa ölkələr üçün ciddi maraq kəsb edir. Hər halda,
alimlərin bizim Forumda iştirakı bu marağın ciddi təzahürüdür.
Tanınmış xarici alimlərin bizim modelin əhəmiyyəti
barədə, müasir şəraitdə ənənəvi
multikulturalizm və tolerantlığın davam etdirilməsinin
əhəmiyyəti haqqında çoxsaylı məqalələri
vardır. Biz hesab edirik ki, alim və siyasi xadimlərimiz dünyada
multikulturalizm üzrə aparılan bütün diskussiyalarda fəal
iştirak etməlidirlər.
Letizia Reuss, ictimai xadim:
1. “Beynəlxalq
Tolerantlıq Günü”nün yaradılması onun vacibliyini
vurğulayır və bu gün dünya xalqları arasında
tolerantlığın ruhuna uyğun
olaraq müzakirələrin və tədbirlərin
keçirilməsi üçün bir stimul yaradır.
Ümid edək ki, bir gün insanlıq tolerantlıq
dövrünə qədəm qoyacaqdır.
Qeyri-tolerantlıq əslində
tarixdən də tez-tez göründüyü kimi, sinonim
anlayış olan fanatizmə gətirib çıxarır.
Biz qeyri-tolerantlığın və fanatizmin kökünü
tapıb çıxarmalıyıq.
2. İqtisadi inteqrasiya, mədəni
və ticari qloballaşma partlayışı mədəni
identikliyin itməsinə və siyasi diskriminasiyaya gətirib çıxardı. Milliyətçiliyin
genişlənməsi dünyada müharibələrə və
fərqli 36 avtonom regionda müstəqillik mübarizəsinə
rəvac verdi. Ümumiyyətlə, qeyri-tolerantlıqla
mübarizənin bir neçə yolu vardır. Tolerantlıq fərqli
fikri razı olmasan belə qəbul etməkdir. Multikulturalizm
qarşılıqlı hörmət şəraitində birgə
yaşayış, digər mədəniyyətlərin legitim
mövcudluğu və ailə
üçün belə çox vacibdir.
İnterkulturaılizm isə məncə, bir addım daha o tərəfdir.
Multikulturalist həll yollarından biri fərqli qruplar
arasında kontakdır. Kommunikasiya əsas açardır.
3. Əlbəttə,
Azərbaycan multikulturalizmin tarixi
kökünə malik olan ölkə kimi həm
Avropanın mərkəzi məkanlarından biri, həm də
islam paytaxtı olaraq geopolitik mövqeyə malikdir. Eləcə
də İsveçrə həm dostluq, həm də neytral
ölkə kimi multikulturalizm sahəsində gözəl
örnəkdir. Bu baxımdan, Tanzaniya da özünün 45
milyonluq əhalisi və 125 milli və dini tərkibli qrupu ilə
nümunə kimi çıxış edə bilər. Diqqəti
çəkən ən mühüm məsələ isə
ondan ibarətdir ki, Tanzaniya Azərbaycan və İsveçrədən
fərqli olaraq, iqtisadi cəhətdən çox inkişaf
etməyib.
Marco Ronilac:
1. Mən hesab edirəm
ki, beynəlxalq təşkilatların qeyri-tolerantlıq
probleminin fərqində olmaları çox vacibdir. Buna görə
də ayrıca bir günün tolerantlığa həsr
olunmasını çox mühüm addım hesab edirəm.
Əslində tolerantlıq həyat üçün bir yoldur.
Bu gün sadəcə müzakirələr etmək azdır və
qeyri-tolerantlığın dünyada səbəblərinin
öyrənilməsi də çox vacibdir. Bunun ən əsas
faktorları iqtisadi böhranlar, kasıblıq və siyasi
stabillik məsələsidir.
2. Bunun ən
mühüm səbəblərindən biri kimi dünyanın
müxtəlif bölgələrində böyük sayda
miqrasiya hallarının olmasıdır. Bundan başqa, həmin
qaçqınları qəbul edən dövlətlərdə
iqtisadi böhranlar yaşanmağa başlayır. Gözləntilər
və ümidlərin reallıqda toqquşması onlar
arasında bir boşluq yaradır. Bu isə
qeyri-tolerantlığın yaranmasına səbəb olur.
3. Əlbəttə,
xüsusilə mədəni müxtəlifliyin bir adət kimi
formalaşdığı ölkə və regionlarda
mümkündür. Qeyri-tolerantlıqla mübarizədə
bizə yeni ideyalar və addımlar lazımdır. Ümid edirəm ki, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi də bunun üçün öz
töhfəsini verəcəkdir.
Gianfranco
Coffele, Pontifical Salesian Universitetinin vitse-prezidenti:
1. Çox təəsüflə qeyd etməliyəm ki,
bu gün əslində o qədər də tanınmır.Biz əlimizdən
gələni etməliyik ki, Tolerantlıq günü həqiqətən
reallığa çevrilsin. Qeyri-tolerantlığın
səbəbləri çox müxtəlif və
dünyanın müxtəlif yerlərində hətta
genetikdir. Məncə, bunun arxasında bir sıra iqtisadi, mədəni
və dini faktorlar vardır. Ümumiyyətlə, ədalət
anlayışı, ədalətsizliklə paraleldir və hər
dəfə qeyri-tolerantlıq xeyli sayda insanların hüquqsuz
olmalarını üzə çıxarır. Biz dərimizin
rənginin fərqindən asılı olmayaraq ədalət
anlayışını dəstəkləməliyik. Hər
bir insan mənim qardaşımdır. Mən ona hörmət
və kömək etməliyəm. Mənim üçün
qeyri-tolerantlığın ən böyük formalarından
biri də çox ölkələrdə qadınlara
qarşı olan və yalnız qadın olduğu
üçün məruz
qaldığı diskriminasiyadır.
2. Son dövrlərdə
tolerantlıq anlayışının çox müzakirə
olunmasının səbəblərindən biri də bir
çox sahələrdə onun
çatışmadığını hiss etməyimizdir.Əslində
digər dinlərin və xalqların nümayəndələrinə
bizim dediyimizdən və gördüyümüzdən daha
çox qeyri-tolerant münasibət var. Normalda biz fərqli
insanı zənginlik kimi deyil, özümüzə təhlükə
kimi qəbul edirik.
3. İcazə verin, sizə olan dərin hörmətimə rəğmən qeyd edim ki, Azərbaycanda müsbət örnəklər vardır, amma bunu daha da inkişaf etdirmək lazımdır. Digər ölkələrdə isə əsl və davamlı tolerantlıq üçün çox addımlar atılmalıdır. Əlbəttə, sizin ölkə kimi müsbət nümunələr tolerantlığa çatmaq üçün yüksək stimul yaradır.
Professor
Klaus Wolf, almanşünas və dinşünas, Augsburg
Universiteti:
1. Mən
Beynəlxalq Tolerantlıq gününün əhəmiyyətini
çox mühüm hesab edirəm və fikrimcə,
qeyri-tolerantlığın əsas səbəbləri sosail ədalətsizlik
və yoxsulluqdur.
2. Son zamanlar
İŞİD-ə qarşı aparılan müharibə
dini tolerantlığın nə qədər önəmli
olduğunu bir daha göstərdi.
3. Mənim öz ölkəmdə, Almaniyada da müxtəlif
dinlər və müəyyən dərəcədə
milli-etnik cəmiyyətlər
mövcuddur. Ancaq bu günə kimi bu sahəni çox dərindən
öyrənməmişik. Biz bu gün Azərbaycanda mövcud
olan multikulturalizm ənənənlərindən daha çox
şey öyrənməliyik.
Xalq qəzeti.-
2014.- 15 noyabr.- S.4.