Demokratiya və tolerantlıq
bir-biri ilə sıx bağlı olan məsələlərdir
Tolerantlıq müasir dövrdə qəbul olunmuş
dəyərlərdən biri kimi ən aktual
mövzulardandır. Azərbaycanda Beynəlxalq Tolerantlıq Gününün keçirilməsi bizim ölkəmizdə bu
anlayışa olan önəmdən xəbər
verir. Bu, çox müsbət addım kimi
qiymətləndirilməlidir. Lakin
tolerantlıq anlayışının təhlili ciddi və müntəzəm olaraq
araşdırma və yanaşma tələb
edir. Avropada
tolerantlıqdan kifayət qədər danışılmasına
baxmayaraq, bu gün orada bu anlayış öz mənasını
itirməyə doğru gedir.
Tolerantlığın mənasını düzgün
dərk etmək lazımdır. Tolerantlığı “bəyənilməyən
insana məcburən göstərilən xoş münasibət”ə bənzədirəm.
Bunu dəyər kimi dərk
etməklə psixoloji nöqteyi-nəzərdən
yanaşaraq deyə bilərəm ki, dözümlülük
müəyyən çərçivəyə daxildir. Hər bir fərdin
psixoloji durumu, mədəni
səviyyəsi və düşüncə tərzinə uyğun olaraq millətlərarası
etnopsixoloji fərqlər nəzərə
alınmalıdır. Tolerantlıq demokratiyanın bilavasitə
insanla əlaqəli ayrılmaz bir parçasıdır. Demokratiyanın bir ölkə modeli əsasında
digər bir ölkəyə tətbiq
edilməsi mümkünsüz olduğu kimi,
tolerantlığı da eynilə tətbiq
etmək düzgün deyil.
Demokratiya və tolerantlıq bir-birinə
sıx bağlı olan məsələlərdir.
Bu, o deməkdir ki, müxtəlif
ölkələrdə inkişafla
bağlı gedən prosesləri gözdən keçirmək,
milli dəyərləri qoruyub
saxlamaq, bunları inqilab
yolu ilə deyil, təkamül
yolu ilə həyata keçirmək hər
iki anlayışa şamil
oluna bilər. Bəzi ölkələrdə
isə tolerantlıq sadəcə insan
davranışı kateqoriyasına aid məsələ
kimi təqdim olunduğuna
görə dünyanın hər yerində onun
tətbiq olunmasına cəhdlər həmişə
yaxşı nəticə vermir. Avropada, Norveç, hətta
İraq kimi ölkələrdə
tolerantlığın birmənalı tətbiqinin müxtəlif
qanlı hadisələrə səbəb olduğu
bəllidir. Ona görə də,
tolerantlıq ümumi bir
anlayış kimi hər bir
ölkədə xalqın, millətin içərisində özünün təzahür formasını
əks etdirməlidir.
Təəssüflə
qeyd edim ki, zaman keçdikcə dünyada tolerantlıq anlayışı dəyişir.
Bunun çoxlu sayda müxtəlif obyektiv
və subyektiv səbəbləri var. Yer kürəsində müşahidə olunan əhali artımı, böyüməkdə
olan şəhərlər, dünyanın
müxtəlif nöqtələrində yaşayan
insanların bir-biri ilə rahat
şəkildə əlaqə qura bilməsi
və geniş aspektdə məlumatlanma
imkanları, eyni zamanda,
ekoloji problemlərin mövcudluğu,
içməli su probleminin
gündəmə gətirilməsi, qida məsələsinin çox
aktual bir məsələyə
çevrilməsi, təhsil sahəsindəki dəyişikliklər,
ailədə fərdlərin mövqeyi kimi məsələlərin kəskin şəkildə
XXI əsrdə yenidən aktuallaşması tolerantlıq və
qeyri-tolerantlığa təsir göstərən obyektiv səbəblərdir. Subyektiv
səbəblərə gəlincə, mədəniyyətlərin
qovuşması məsələsini xüsusi
qeyd etmək lazımdır.
Dünyanın əksər ölkələrində ingilis dilində danışanların çoxluq təşkil etməsi ingilis dilində yazılmış hər
hansı fəlsəfi fikrin hamı tərəfindən
dərinliklə başa düşüləcəyi
mənasını vermir. Bu, xüsusilə Qərb
dövlətlərində fərqli ölkələrdən gələn
insanların inkişaf etmiş
millətlə birlikdə yaşaması mümkün
olmadığı üçün
miqrantların yaşadıqları ölkələrdə
özlərinin “balaca ölkələri”nin
yaradılması ilə nəticələnmişdir. Almaniyada yaşayan türklər, Nyu-Yorkda
yaşayan və “ChinaTown”
yaradan çinlilər, Londonda
yaşayan pakistanlılar və yaxud Avropa, Fransa,
Serbiya, Rumıniyada yaşayan
roman milləti başqa
mədəniyyətlə birləşmir, yerli
cəmiyyətə, mədəniyyətə qovuşmadan
kompakt şəkildə yaşayır.
Bu, multikulturalizmin və
interkulturalizmin özündə gedən
proseslərin düzgün təhlil
olunmasına, dövlətlər tərəfindən siyasətin
düzgün aparılmamasına gətirib
çıxarır.
Azərbaycan müstəqillik
əldə edəndən sonra
tolerantlıq sözü bizim
ölkəmizdə də işlənməyə
başladı. Lakin biz
xoşbəxtik ki, tolerantlıq
anlayışına bənzər, lakin bir pillə yüksəkdə dayanan
dəyərlərimiz mövcuddur. Yüksəkdə
dayanan dəyərlərimiz öz daxilində tolerantlıq
anlayışını kiçildə bilir.
Əks təqdirdə, tolerantlıq ya dəyərlərimizi
üstələyərdi, yaxud da tolerantlıq bizim dəyərlə
konfrontasiyaya girərdi. Mahiyyət və fəlsəfi
nöqteyi-nəzərdən dözümlülük
anlayışı kimi qəbul edilən
tolerantlıq insanın psixologiyasında insanın şəxsi
xüsusiyyətlərinə görə fərqlənir. Lakin ölkəmizdə mövcud
olan dəyərlər
qarşılıqlı hörmətə əsaslanır və
qarşılıqlı hörmət çərçivəsində
insanlar bir-birilərini başa
düşərək qəbul etməyi üstün
tuturlar. Bu mənada dünyada qəbul edilən tolerantlıq
anlayışı bizim üçün
sadə bir şeydir. Bizi tez-tez maraqlandıran suallardan biri də Avropada mövcud olmayan səmimiyyət və ikili
standart anlayışıdır.
Tolerantlıq ikili standartlara
gətirib çıxarır. Sadə yolla
izah etsək, qəbul etdiyini
daxilən inkar etmək mənasına gəlib
çıxır deyə bilərəm. Fikrimcə,
nə qədər paradoksal səslənsə
də, ikili standartların kökü
Avropada olan
tolerantlıqdır. İnsanların sayının
artımı, informasiya mübadiləsi, Avropada bu məsələlərin
aktuallığı baş verən prosesləri
idarə etmək üçün dözməkdən
başqa, qarşılıqlı hörmət
də lazımdır. Ona görə müasir Avropanın içərisində bu dəyərlər və dəyərlərin
düzgün təhlil edilməsi ilə
bağlı böyük problemlər
yaşanır.
Biz qarşılıqlı hörmət
anlayışını inkişaf etdirməliyik.
Onun bir hissəsi olan tolerantlığa
da münasibətimizi göstərərək
yaddan çıxarmamalıyıq ki, Azərbaycan cəmiyyətində
tolerantlıq və qarşılıqlı hörmət
yaşayış tərzidir və fikrimcə, biz
bu yaşayış tərzinin fəlsəfəsini dünyaya
çatdırmalıyıq. Çünki
bizim ölkəmizdə
tolerantlığın, dini dözümlülüyün, həmçinin
qarşılıqlı hörmət anlayışının
dövlət səviyyəsində qəbulu bir
nümunə kimi də göstərilə
bilər. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il
aprel ayının 7-də Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda “Azərbaycanda milli
və dini dözümlülüyün,
tolerantlığın yüksək səviyyədə
olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir”
– demişdir.
Səməd SEYİDOV,
Azərbaycan Dillər Universitetinin
rektoru
Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.5.