Fəxr edirəm ki, mən azərbaycanlıyam:
Tolerantlıq prinsipləri bəyannaməsi kontekstində
16 Noyabr
Beynəlxalq Tolerantlıq Günüdür
Hər
şeydən əvvəl, hamınızı maraqlandıran
bir suala cavab vermək istərdim: 16 noyabr nə
üçün Tolerantlıq Günü elan edilmişdir və
bu hansı sənədlə rəsmiləşdirilmişdir? Təbiət
etibarilə insanlar bir-birindən zahiri
görünüşünə, dininə, dilinə, mədəniyyətinə
və sair dəyərlərinə görə fərqlənsələr
də, onların yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq
hüquqları vardır ki, bu hüquqlar da onların Yer
üzündə eyni cür yaşamasının təminatı
qismində çıxış edir.
Son dövrlər dünyada gedən proseslərin bəşəriyyəti
bir sıra qlobal problemlərlə
üz-üzə qoyması, dünya əhalisinin
sayının artması ilə əlaqədar miqrasiya,
ksenofobiya, terrorizm, ekstremizm, rasizm, multikulturallığa
qarşı təhlükəli meyillərin meydana gəlməsi,
qarşılıqlı dözümsüzlük
hallarının artması dünya siyasətçilərini
yaranmış bu problemlərə laqeyd qoya bilməzdi. Məhz elə bu səbəbdən də 16 Noyabr
1995-ci ildə UNESCO tərəfindən “Tolerantlıq prinsipləri
Bəyannaməsi” qəbul olunmuş və 16 noyabr Beynəlxalq
Tolerantlıq Günü elan edilmişdir. Bəyannamədə
qeyd edildiyi kimi, tolerantlıq dünya mədəniyyətinin zəngin
müxtəlifliyinə, özünüifadə formalarına
və insan fərdiliyinin təzahür üsullarına
hörmət edilməsini, onların qəbul olunmasını
və düzgün anlaşılmasını ifadə edir.
Ona bilik, açıqlıq, ünsiyyət və
fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır.
O, təkcə mənəvi borc deyil, həm də siyasi və
hüquqi tələbatdır. Tolerantlıq
sülhün əldə olunmasına, müharibənin
sülh mədəniyyəti ilə əvəzlənməsinə
kömək edən məziyyətdir.
Tolerantlıq güzəşt,
yumşaqlıq və ya görməməzlik deyildir. O, hər
şeydən əvvəl, insanın universal
hüquqlarının, əsas azadlıqlarının
tanınması əsasında formalaşan fəal münasibətdir
və heç bir halda bu əsas dəyərlərə qəsd
edilməsinə bəraət verə bilməz. Əslində,
tolerantlılığı ayrı-ayrı insanlar, qruplar,
dövlətlər nümayiş etdirməlidirlər.
Tolerantlıq insan hüquqlarının,
plüralizmin (o cümlədən, mədəni
plüralizmin), demokratiya və hüquq qaydalarının təsdiq
edilməsinə köməketmə öhdəliyi olmaqla
yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən
imtina olunmasını ifadə edən, insan hüquqlarına
dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş
normaları təsdiq edən anlayışdır.
İnsan hüquqlarına hörmət
edilməsinə uyğun olan tolerantlığın təzahürü
sosial ədalətsizliyə dözümlü münasibəti,
öz etiqadından imtina edilməsini və ya özgənin
etiqadına təslim olmanı ifadə etmir. Bu, hər kəsin etiqad azadlığını və
digərlərinin də bu hüququn tanınmasını ifadə
edir. Bu, insanların təbiətləri
etibarı ilə zahiri görkəm, mövqe, nitq,
davranış və dəyərlərə görə fərqləndiklərini
və dünyada yaşamaq, fərdiliyini qorumaq hüquqlarına
malik olmalarını ifadə edir. Bu, həmçinin
bir insanın baxışlarının zorla digər insana qəbul
etdirilməməsini ifadə edir.
Bəyannamənin məzmunundan göründüyü
kimi, tolerantlıq özünü üç aspektdə təzahür
etdirməlidir:
1. Dövlət səviyyəsində. Bu, o deməkdir ki,
tolerantlıq ədalətli və qərəzsiz qanunvericilik,
hüquq qaydalarına, məhkəmə-prosessual və inzibati
normalara riayət olunmasını, habelə, hər hansı
bir ayrı-seçkiliyə yol verilmədən hər bir
insanın iqtisadi və sosial inkişafı üçün
şərait yaradılmasını tələb edir. Cəmiyyətin daha tolerant olması
üçün dövlətlər insan haqları sahəsində
mövcud beynəlxalq konvensiyaları ratifikasiya etməli və
cəmiyyətdə bütün qruplar və ayrı-ayrı
adamlara bərabərhüquqlu yanaşmanı və imkan bərabərliyini
təmin etmək məqsədilə zəruri hallarda yeni
qanunvericilik işləyib hazırlamalıdır. Beynəlxalq
həmrəyliyə nail olmaq üçün ayrı-ayrı
insanların, icmaların və millətlərin,
bütövlükdə cəmiyyətin mədəni
plüralizmi tanıması və ona hörmət etməsi həlledici
əhəmiyyət kəsb edir. Beynəlxalq sənəddə
qeyd edilir: Tolerantlıq olmadan sülh qeyri-mümkün
olduğu kimi, sülh olmadan inkişaf və demokratiya da
qeyri-mümkündür.
2. Sosial aspektlərdə. Məlumdur ki, əsrimiz
iqtisadiyyatın qloballaşması və getdikcə artan
mobillik əsri, kommunikasiyaların, inteqrasiyanın və
qarşılıqlı asılılığın sürətli
inkişafı, irimiqyaslı miqrasiyalar və əhalinin yerdəyişməsi,
urbanizasiya və sosial qurumlarda islahatlar əsridir. Hər bir bölgə rəngarəngdir, buna görə
də dözümsüzlüyün və münaqişələrin
dünyanın bütün guşələrində
eskalasiyası kimi potensial təhlükə
yaranmışdır. Belə təhlükələr
qlobal xarakter daşıdığından onlardan milli sərhədlərlə
yaxa qurtarmaq mümkün deyildir. Odur ki, həm
ailə və icma səviyyəsində, həm də
ayrı-ayrı insanlar arasında münasibətlərdə tolerantlıq
olmalıdır. Məktəblərdə və
universitetlərdə, qeyri-formal təhsil çərçivəsində,
evdə və iş yerində dözümlülük ruhunu
möhkəmlətmək, aşkarlıq, bir-birinə diqqət
və həmrəylik münasibətləri
formalaşdırmaq lazımdır. Kommunikasiya
vasitələri sərbəst və açıq dialoqa və
müzakirələrə yardım, dözümlülük dəyərlərinin
yayılması və getdikcə güclənən,
dözümsüzlük təbliğ edən qruplara və
ideologiyalara münasibətdə laqeydlik təhlükəsinin
izahı məsələsində konstruktiv rol
oynamalıdır.
Bəyannamədə sosial aspektlər baxımından
tolerantlılığın təmin edilməsinin konkret
yolları da əks etdirilmış və göstərilmişdir
ki, bu qlobal problemi həll etmək üçün müvafiq
elmi tədqiqatlar aparılmalı, beynəlxalq ictimaiyyətin
fəaliyyətinin əlaqələndirilməsi, o cümlədən
bu hadisənin başlıca səbəblərinin sosial elmlər
kontekstində təhlili məqsədilə əlaqələr
tənzimlənməli, səmərəli əks-tədbirlər
görülməli, habelə siyasi qərarlar işlənib
hazırlanmasına və üzv dövlətlərin
normativ fəaliyyətinə kömək edən elmi
araşdırmalar və monitorinq keçirilməlidir.
3. Tərbiyə sahəsində. Bəyannamədə
qeyd edilir ki, tolerantlılığın təmin edilməsi
üçün ən səmərəli vasitə tərbiyədir.
Çünki insanların
dözümlülük ruhunda tərbiyə edilməsi, ilk
növbədə, onların ümumi hüquq və
azadlıqlarının həyata keçirilməsini təmin
etmək üçün bu hüquqların nədən ibarət
olmasını onlara öyrətməkdən və
başqalarının hüquqlarının müdafiəsini təşviq
etməkdən başlayır.
Tolerantlılıq ruhunda tərbiyəyə zorakılığın və
təcridçiliyin əsasını təşkil edən
dözümsüzlüyün mədəni, sosial, iqtisadi,
siyasi və dini mənbələrini açıb göstərən
dözümlülük təliminin sistemli və səmərəli
metodlarını təşviq etmək kimi dəyərlərdən
başlamaq lazımdır. Belə yanaşma təhsil
sahəsində siyasət və proqramlar həm
ayrı-ayrı insanlar arasında, həm də etnik, sosial, mədəni,
dini qruplar və dil qrupları, eləcə də millətlər
arasında münasibətlərdə qarşılıqlı
anlaşmanın yaxşılaşmasına, həmrəyliyin
və dözümlülüyün möhkəmlənməsinə
kömək edəcəkdir.
Sənədi imza edən
dövlətlər haqlı olaraq bəyan edirlər ki, onlar sosial elmlər
sahəsində araşdırmaları,
dözümlülük, insan hüquqları və zor işlətməmək
ruhunda tərbiyə proqramlarını dəstəkləməyə
və həyata keçirməyə hazırdırlar. Bu, o deməkdir
ki, başqa mədəniyyətləri qavramaq
üçün açıq, azadlığı qiymətləndirməyə,
insan ləyaqətinə və fərdiyyətinə hörmət
etməyə, münaqişələrin
qarşısını almağa və ya onları
qeyri-zorakı vasitələrlə həll etməyə qabil
olan həssas və məsuliyyətli vətəndaşlar
yetişdirmək məqsədilə pedaqoji
hazırlığın, tədris planlarının səviyyəsinin
artırılması, dərsliklərin və tədris məşğələlərinin,
digər tədris materiallarının, o cümlədən
yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi
məsələlərinə xüsusi diqqət
yetirilməsi zəruridir.
Bəs görəsən, Azərbaycanda
tolerantlıq hansı səviyyədədir, ölkəmizdə
tolerant mühit mövcuddurmu? Bu sualı
cavablandırmaq üçün hər şeydən əvvəl
Azərbaycan Respublikasında dövlət quruculuğu məsələlərini,
o cümlədən
insan hüquq və azadlıqlarını tənzimləyən
normativ hüquqi bazaya diqqət yetirmək lazımdır.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə
qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasına nəzər salsaq görərik ki, əsas
Qanunumuzda insan və vətəndaş hüquqlarına və
azadlıqlarına ayrılmış fəsil 48 maddədən
ibarət olmaqla, ən böyük fəsillərdən birini
təşkil edir ki, burada irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin
hüquq və azadlıqlarının bərabərliyi nəzərdə
tutulmuş, insan və vətəndaş hüquqlarını
və azadlıqlarını göstərilən əsaslara mənsubiyyətinə
görə məhdudlaşdırılması qadağan
edilmişdir. Konstitusiyada insanın bərabərlik hüququ,
yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət
hüququ, təhlükəsiz yaşamaq hüququ, əmək
hüququ, sağlamlığının qorunması hüququ
kimi əsas təməl hüquqları öz əksini
tapmış, faktiki olaraq, insanların konstitusion bərabərliyinə
təminat verilmiş, dövlət hakimiyyətinin yeganə mənbəyi
Azərbaycan xalqı elan edilmişdir. Təhlil
göstərir ki, Azərbaycan dövlətini tolerant dövləti
hesab etmək üçün bütün konstitusion əsaslar
mövcuddur. Faktiki olaraq, Konstitusiyada
tolerantlığın aşağıdakı növləri təsnifləşdirilmişdir:
Milli və irqi tolerantlıq, gender tolerantlığı, əlillərə
münasibətdətolerantlıq, dini tolerantlıq, siyasi
tolerantlıq, elm və təhsil tolerantlığı, təbəqələr,
siniflərarası tolerantlıq və s.
Milli və irqi tolerantlığın ən
böyük göstəricisi Azərbaycan Respublikası
Konstitusiyasının qəbulu ilə bağlıdır. Bu, ilk sənəddir ki, onun qəbulu zamanı
çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi
birləşərək Konstitusiyanın qəbuluna səs
verdilər. Bu, onunla şərtləndirilirdi ki, hər
bir şəxs milliyyətindən, dinindən, dilindən və
s. asılı olmayaraq, öz dövlətinin qurulmasına səs
verirdi. Bu proses sonradan Azərbaycan Respublikası prezidentliyinə
seçkilərdə də dəfələrlə təkrar
edildi. Konstitusiyaya görə, Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir. Erməni
işğalçılarının torpağımızın
20 faizdən artıq hissəsini zəbt etdiyi bir şəraitdə
çoxmillətli Azərbaycan xalqının birləşərək
işğalçılara qarşı bir millət kimi
çıxış etməsi də respublikamızda
mövcud olan tolerantlığın nümunəsidir. Fikir verin müxtəlif kiçik xalqların
nümayəndəsi olan neçə-neçə milli qəhrəmanımız
mövcuddur, Azərbaycan torpağının qorunması
uğrunda milliyyətindən asılı olmayaraq nə qədər
vətəndaşımız canından keçmişdir.
Tolerantlığın ən çox təhlil
olunan forması dini tolerantlıqdır. Əslində, bu forma o qədər təhlilə məruz
qalmışdır ki, insanların çoxu tolerantlıq
dedikdə, ilk növbədə, bəlkə də, bir qayda
olaraq, dini tolerantlığı göz önünə gətirir.
Mən də bu məsələ üzərində
dayanmaq istərdim. Çünki,
dünyada baş verən hadisələr fövqündə
dini tolerantlıq daha böyük aktuallıq kəsb etməyə
başlamışdır. Azərbaycan
Respublikası qanunvericilyi din və dövlət münasibətlərinin
tənzimlənməsi baxımından da Azərbaycanın
tolerant bir dövlət kimi xarakterizə edilməsi
üçün kifayət qədər dayanıqlı
hüquqi baza yaratmışdır. Konstitusiyanın “Din və
dövlət” adlanan 18-ci maddəsində bəyan edilmişdir
ki, Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır. Bütün dini etiqadlar qanun
qarşısında bərabərdir; insan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin (dini cərəyanların) yayılması
və təbliği qadağandır; dövlət təhsil
sistemi dünyəvi xarakter daşıyır.
Dini etiqad azadlığı haqqında Azərbaycan
Respublikası Qanununda bu məsələ bir qədər də
konkretləşdirilmiş və qeyd edilmişdir ki, hər kəsin
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, dinə
münasibəti ilə bağlı əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə,
ibadətlərdə, dini ayin və mərasimlərdə
iştirak etməsinə və ya dini öyrənməsinə
hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz. Dini
etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə
və ya zor tətbiq ediləcəyi ilə hədələməklə,
habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik
yaratmaq məqsədilə təbliğinə yol verilmir.
İnsan ləyaqətini alçaldan və ya
insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini
cərəyanların) yayılması və təbliği
qadağandır.
Qanunda daha sonra göstərilir ki, dövlət
ona aid olan hər hansı işin yerinə yetirilməsini dini
qurumlara tapşırmır və onların fəaliyyətinə
qarışmır. Bütün dinlər və
dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində
digərlərinə nisbətən hər hansı
üstünlük və ya məhdudiyyət müəyyən
edilə bilməz. Dinşünaslıq,
dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs
dini kitabların əsasları ilə tanışlıq
dövlət təhsil müəssisələrinin tədris
proqramına daxil edilə bilər. Vətəndaşlar
istədikləri dildə fərdi qaydada və ya
başqaları ilə birlikdə ilahiyyəti öyrənə
və dini təhsil ala bilərlər.
Dini qurumlar öz nizamnamələrinə
uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş
qaydada gənclərin və yaşlıların dini təhsili
üçün təhsil müəssisələri yaratmaqla
müəyyən olunmuş formada təlim-tərbiyə
prosesini həyata keçirə bilərlər.
Bütövlükdə götürdükdə “Dini
etiqad azadlığı haqqında” Qanun dövlət və
dini qurumlar, din və məktəb, dini icma, dini idarə və
mərkəzlər, dini təhsil, dini qurumların dövlət
qeydiyyatına alınması, onların ləğvi, dini
qurumların mülkiyyəti, istehsal və təsərrüfat
fəaliyyəti, dini ayin və mərasimlərin keçirilməsi,
ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar
arasında olan münasibətləri təfərrüatı
ilə tənzim edir. Xarici aləmə açıq olan
ölkəmizdə ayrı-ayrı dövlətlərin iri
şirkətləri, səfirlikləri, beynəlxalq təşkilatların
nümayəndəlikləri, müxtəlif mədəniyyət
mərkəzləri, humanitar yardım və xeyriyyə təşkilatları,
ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət
göstərir.
Demokratik və müxtəlif dinlərə
sərbəst etiqadın təmin edilməsi həm də bəzən
qeyri-ənənəvi dini cərəyanlardan törənən
sektaların cəmiyyətimizə nüfuz etməsinə
müəyyən dərəcədə şərait
yaradır. Bu proseslərin dövlət səviyyəsində
və qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi
məqsədilə
Azərbaycan Respublikası Konstitusiyasının
vicdan azadlığı barədə müddəalarının
həyata keçirilməsi üçün Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi
yaradılmışdır. Komitənin
əsas vəzifələri kimi dini etiqad
azadlığının həyata keçirilməsi
üçün müvafiq şəraitin yaradılması,
dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada dövlət
qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə
müvafiq dəyişikliklər və əlavələr edilməsinin
təmin olunması, dini qurumların xahişi əsasında
dövlət orqanları ilə razılaşmalar əldə
edilməsində və dövlət orqanları tərəfindən
həlli tələb olunan məsələlərdə dini
qurumlara lazımi yardım göstərilməsi, müxtəlif
dini etiqadların dini qurumları arasında
qarşılıqlı anlaşmanın və bir-birinə
dözüm və hörmətli münasibətin möhkəmlənməsinə
kömək edilməsi, dini zəmində qarşıdurma və
ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin
qarşısının alınması müəyyən
edilmişdir.
Dini fəaliyyət sahəsində
dövlət siyasətini həyata keçirən qurumun
yaradılmasının təkcə dövlət
üçün deyil, eyni zamanda, dini qurumlar üçün
də əhəmiyyətli olduğu artıq təsdiqini
tapmışdır. Son 10 il ərzində
dövlət başçısının qayğısı nəticəsində
ölkədə 216 məsciddə inşa və əsaslı
təmir və yenidənqurma işləri aparılmış,
o cümlədən dövlət vəsaiti hesabına 10 məscid
tikilmiş və ya əsaslı bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına
və tapşırığına uyğun olaraq Bibiheybət
məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində,
İçərişəhər Cümə və Həzrət
Məhəmməd məscidlərində, Əjdərbəy məscidində,
Şamaxı Cümə məscidində əsaslı təmir,
bərpa və yenidənqurma işləri başa
çatdırılmışdır. Hazırda
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına
əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında
müvafiq işlər davam etdirilir. Heydər Əliyev
Fondu tərəfindən, Mehriban xanım Əliyevanın
birbaşa təşəbbüsü ilə 7 məscid və ziyarətgah -
Daşkəsən şəhər Cümə məscidi, Gəncə
şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri,
Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi,
Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı,
Binə qəsəbəsi Möhsün Səlim və İmam
Rza məscidləri inşa və ya əsaslı təmir
olunub.
Tarixən tolerant ölkə olan Azərbaycanda
müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər
və digər dinlərə etiqad edən insanlar da
yaşayırlar.
Ulu öndər Heydər Əliyev bu barədə
demişdir: “Azərbaycanın ən başlıca sərvətlərindən
biri, bəlkə də, ən başlıcası qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu
torpağa bağlayan müxtəlif dinlərə etiqad edən
adamlardır”.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Heydər
Əliyev Azərbaycanda tolerantlığın banisidir” deyərkən
nə qədər də haqlıdır. Hazırda ölkəmiz
tolerantlıq ənənələrini yaşadan və beynəlxalq
səviyyədə təbliğ edən nümunəvi örnək
modelini özündə birləşdirir və bu mövzuda
beynəlxalq tədbirlərə ev sahibliyi
edir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət
və din arasında qarşılıqlı əlaqə”
mövzusunda 2014-cü il mədəniyyətlərarası
dialoqun dini ölçüsü üzrə Avropa
Şurasının mübadilə görüşünün
iştirakçılarına müraciətində müzakirə
olunan məsələlərin müasir Avropa üçün
taleyüklü rol oynadığını nəzərə
alaraq qeyd etmişdir ki, tarixən bu qitədə müxtəlif
dinlər xalqların mənəvi zənginləşməsinə
əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zənginləşmə cəmiyyətin
bütün təbəqələrinə sirayət edərək
əslində, onun bütövlüyünün vacib şərtlərindən
birinə çevrilmişdir. Eyni zamanda, təhsildə,
mədəniyyətdə və gənc nəslin tərbiyəsi
ilə bağlı digər sahələrdə yüksək
dözümlülük mühitinin
formalaşdırılması da hazırkı dövrün
başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar
atılmaqdadır. Yeni yaradılmış
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz
dünyada mədəni müxtəlifliyin ayrı-ayrı
modellərinin tədqiqini və əldə olunan müsbət
təcrübənin təbliğini qarşısına məqsəd
qoymuşdur. Cənab Prezident ümidvar
olduğunu bildirmişdir ki, bu mərkəz öz fəaliyyəti
ilə insanlığın böyük mənəvi sərvəti
olan mədəni rəngarəngliyin daha dərindən
araşdırılması işində uğurlar qazanacaq,
xoşməramlı niyyətlərimizin ümumbəşəri
tarixi-mədəni və dini-mənəvi dəyərlər
müstəvisində gerçəkləşməsi
üçün əlverişli zəmin hazırlayacaqdır.
Fikir verirsinizmi, biz tolerantlıqdan söhbət
açdığımız bir zamanda dövriyyəyə
multikulturalizm anlamının da daxil olduğunun şahidi
oluruq. Bu, hər şeydən əvvəl,
onunla bağlıdır ki, multikulturalizm
tolerantlılığın əsas tərkib hissəsini təşkil
edir. Nədir multikulturalizm? Multikulturalizm dedikdə,
ayrıca ölkədə və bütövlükdə
dünyada mədəni müxtəlifliyin qorunması və
inkişafına yönələn, bu nəzəriyyəni və
ideologiyanı əsaslandıran siyasət nəzərdə
tutulur. Multikulturalizmin siyasi liberalizmdən
mühüm fərqi kollektiv subyektlərin - etnik və mədəni
qrupların hüquqlarının tanınmasında ifadə
olunur. Bu hüquq etnik və mədəni icmalara
maarifçiliklə məşğul olmaq, öz təhsil
proqramlarına malik olmaq, məktəblər tikmək,
kitabxanalar və mədəni əhəmiyyətli obyektlər
açmaq, seçki zamanı birgə siyasi mövqe ifadə etmək
və s. ola bilər.
Multikulturalizm kütləvi mədəniyyətin
ümumbəşəri məcrada qarşılıqlı əlaqəsi,
zənginləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə
mədəniyyətlərin paralel mövcudluğunda ifadə
olunan tolerantlılığın aspektlərindən biri
sayılır. Əslində, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Heydər
Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq
Humanitar Forumunun rəsmi açılış mərasimindəki
çıxışında qeyd etdiyi kimi, dünyada söhbət
sivilizasiyalararası dialoqdan gedir. Lakin multikulturalizm iflasa
uğradı, multikulturalizmin gələcəyi yoxdur kimi bəyanatlar
bizi məyus edir . Bu,
çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir
dünyada alternativi yoxdur. Çünki
dünya ölkələrinin mütləq əksəriyyəti
çoxmillətli ölkələrdir. Əgər
multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox
aydındır. Bu, ayrı-seçkilikdir,
irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir.
Biz bu təhlükəli meyillərə
qarşı öz səsimizi ucaltmalıyıq. Bizim keçmişimiz, imkan verir ki, bu məsələlərə
böyük diqqətlə yanaşaq. Çünki
həm Azərbaycan özü çoxmillətli,
çoxkonfessiyalı ölkədir, həm də
keçmişdə müxtəlif dinlərin nümayəndələri
Azərbaycanda birgə yaşamışdır. Azərbaycan həm Avropa Şurasının, eyni
zamanda, İslam Əməkdaşlıq Təşkilatının
üzvüdür. İstəyirik ki, millətlər
arasında daha da çox əməkdaşlıq,
qarşılıqlı anlaşma olsun. Biz
bundan sonra da öz rolumuzu bunda görürük.
Beynəlxalq Humanitar Forumdakı iclasların birində
çıxış edən Azərbaycan Respublikası
Prezidentinin müşaviri, akademik Kamal Abdullayev məhz
Prezidentin bu çıxışına istinad edərək
multikultural təhlükəsizlik konsepsiyasını ortaya
atmış və inandırıcı şəkildə
sübut etmişdir ki, multikultural təhlükəsizlik təmin
edilmədən millətlərarası dayanıqlı mədəni
tolerantlıqdan söhbət gedə bilməz. Bunun
üçün bütün dünya dövlətləri
UNESCO-nun tolerantlıq prinsipləri Bəyannaməsinin tələblərinə
sözsüz əməl etməli, şəxsi nümunə
göstərməlidirlər.
Azərbaycanda tolerantlıq şəraitinə
dünya siyasətçilərinin və alimlərinin
gözü ilə baxmaq respublikamızda bu sahədəki vəziyyətin
qiymətləndirilməsinin əsas meyarı kimi
çıxış edə bilər. ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun direktoru Jerar
Ştudmanın təbirincə desək “Azərbaycanda dini
tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu
ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin
yanaşı yaşamasına, tolerantlığa bariz nümunə
ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə
nümunə kimi göstərə bilərik”.
İsraildəki “İC Public Research” İnstitutunun
direktoru, “İsrail -Azərbaycan” Beynəlxalq
Assosiasiyasının baş diretoru Lev Spivakın fikrincə isə,
“Tolerantlıq- Azərbaycan xalqının səciyyəvi cəhətidir
və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam
etiraz edə bilər. Azərbaycan haqqında mənfi
imic yaratmağa çalışsalar da, Azərbaycan Yer
üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt
belə qeydə alınmamışdır. Əsrlər boyu etnik azərbaycanlılarla
yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz
qalmamışdır, onların hər biri öz dilini, ənənələrini,
mədəniyyətini qoruyub saxlamışdır”.
Multikulturalizm bu gün də Azərbaycan
dövlətinin, siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian
icmasına təbrikində deyildiyi kimi, “Yüz illər boyu
yüksək mənəvi-əxlaqi dəyərlərin və
etnik-dini tolerantlıq ənənələrinin qorunub
saxlandığı Azərbaycan cəmiyyətində
ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında
qarşılıqlı hörmət, etimad və
qardaşlıq münasibətləri mövcud olmuşdur.
Biz bunu milli dövlətçiliyimizin
böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi
irsin və etnik-mədəni müxtəlifliyin
qorunmasını, multikulturalist ənənələrə
söykənən ictimai münasibətlərin təbliğini
və təşviq edilməsini fəaliyyətimizin
başlıca istiqamətlərindən biri hesab edirik”.
Mədəniyyətlərarası dialoqun və dinlərarası
əməkdaşlığın inkişaf etdirilməsi sahəsində
görülən işlərin nəticəsidir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən
Birinci dərəcəli “Şərəf və şöhrət”
ordeni ilə, Vatikan dövlətinin ən yüksək
mükafatlarından sayılan “Medalla Sede Vacante” medalı ilə
təltif edilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən
də mədəniyyətlərarası dialoqun və dinlərarası
əməkdaşlığın inkişaf etdirilməsi sahəsində
xeyli iş görülmüşdür. 2012-ci il iyunun 22-də
Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət
naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə
Şurasının sədri kardinal Can Franko Ravazinin
iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs
Taxt-Tac arasında “Roma katakombalarının bərpasına
dair ikitərəfli saziş” imzalanmışdır. Bu ilin iyunun 2-də Mehriban xanım Əliyeva Roma
Papası Fransis ilə görüşü zamanı, o, Heydər
Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma
katakombalarının bərpasını yüksək qiymətləndirmişdir.
Düşünürəm ki, sosial və ictimai elmlər
sahəsində araşdırmaların aparılması, dözümlülük,
insan hüquqları və zor işlətməmək ruhunda tərbiyə
proqramlarının işlənib hazırlanması və həyata
keçirilməsi, başqa mədəniyyətləri qavramaq
üçün açıq, azadlığı qiymətləndirməyə,
insan ləyaqətinə və fərdiyyətinə hörmət
etməyə, münaqişələrin qarşısını
almağa və ya onları qeyri-zorakı vasitələrlə
həll etməyə qabil olan həssas və məsuliyyətli
vətəndaşlar yetişdirmək məqsədilə
pedaqoji hazırlığın, tədris planlarının səviyyəsinin
artırılması, dərsliklərin və tədris məşğələlərinin,
digər tədris materiallarının, o cümlədən
yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi
məsələlərinə xüsusi diqqət yetirilməsi
tolerantlıqla bağlı müasir dövrdə Azərbaycan
dövlətinin qarşısında duran vəzifələrin
uğurla yerinə yetirilməsinə xidmət etmiş
olardı.
İsaxan VƏLİYEV,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri,
hüquq
elmləri doktoru,professor
Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.4.