Azərbaycan-İran dostluq və əməkdaşlıq
münasibətləri
inkişafın yeni mərhələsindədir
İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkə olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq.
Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti
Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Digər bir amil isə sərhəd qonşuları ilə qarşılıqlı münasibətlərin yaradılmasıdır. Bu məsələ hər bir ölkənin xarici siyasətində xüsusi rol oynayır.
Ölkəmizin
yaxın qonşularından olan İran İslam
Respublikası ilə münasibətlərin yaxşılaşdırılması,
əlaqələrin genişləndirilməsi və əməkdaşlığın
getdikcə möhkəmləndirilməsi böyük
əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan - İran
münasibətləri dərin tarixi
köklərə malikdir. Bu
xalqlar əsrlər boyu
bərabər yaşayıblar. İran və
Azərbaycan xalqları İslam aləminə
mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni
əlaqələr bu xalqları tarix boyu birləşdirib.
İki ölkə arasında siyasi münasibətlər hələ Sovet İttifaqının
dağılmasından çox-çox əvvəl,
Azərbaycan Demokratik Cümhuriyyəti
dönəmindən başlanmışdır. 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki
ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur.
Bu tarixi sənədin
birinci maddəsinə əsasən, Azərbaycan
Respublikasının istiqlaliyyəti İran
tərəfindən rəsmi surətdə
tanınmışdır.
Müqavilənin
3-cü maddəsində isə iki ölkə
arasında siyasi əlaqələrin
qurulması və səfirlik səviyyəsində diplomatik nümayəndəliyin
açılması qeyd olunmuşdur.
Siyasi cəhətdən
ciddi əhəmiyyət kəsb edən bu sənəd, həmçinin, kommunikasiya-telegraf və kommersiya
sahəsində razılaşma sənədlərinin
imzalanması, eləcə də siyasi-iqtisadi,
gömrük, poçt
və konsulluq konvensiyalarının
müzakirəsi məqsədilə müxtəlif nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
iki ölkə arasındakı əlaqələri
daha da möhkəmləndirmişdir.
Azərbaycan
Sovet imperiyasının tərkibinə daxil edildikdən sonra,
müstəqil siyasət yürütmək imkanından məhrum
edilmiş, İran-Azərbaycan əlaqələri
isə Sovet İttifaqının xarici siyasətindən asılı vəziyyətə
düşmüşdür. 1968-ci ildən
etibarən İranın Bakıda baş konsulluğu
fəaliyyətə başlamış və
respublikamızın dövlət müstəqilliyi bərpa olunduqdan sonra İran İslam
Respublikası 1992-ci il martın 12-də Azərbaycan Respublikasının
müstəqilliyini rəsmən tanınmışdır. Bundan sonra sərhədlər
açılmış, gediş-gəliş
asanlaşmış, iqtisadiyyat və humanitar sahalərdə əlaqələr
möhkəmlənmiş və İranın Bakıdakı konsulluğu İran İslam Respublikasının səfirliyinə çevrilmişdi.
AXC-Müsavat hakimiyyəti dövründə ölkə həyatında
baş verən anarxiya,
xaos və dövlət idarəçiliyndəki
naşılıq qonşu dövlətlərlə,
o cümlədən, İranla
münasibətlərin korlanmasına öz
təsirini göstərmişdir. Həmin illərdə
Azərbaycan - İran münasibətlərində
fərqli mərhələ başlamışdır və bu dövr (1992-1993) tərəflər
arasında gərginlik mərhələsi hesab
olunur.
1993-cü
ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən
sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti
yeridilmiş və kifayət qədər
gərgin münasibətlər tədricən normallaşmağa
və inkişaf etməyə
başlamışdır. Ulu öndər Heydər Əliyev hələ fəaliyyətinin
Naxçıvan dövründə (1990-1993) İran
rəhbərliyi ilə sıx əlaqələr
yaratmış, Ermənistanın blokadada
saxladığı Naxçıvanın ehtiyaclarını təmin
etmək məqsədilə İrana səfərə
gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr
aparmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri kimi
1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər
Əliyev bu ölkənin dini
rəhbəri Seyid Əli Xamneyi,
Prezident Rəfsəncani, xarici
işlər naziri Əli Əkbər Vilayəti
ilə danışıqlar aparmışdır. Həmin
səfərdə İran İslam
Respublikasının Naxçıvan Muxtar
Respublikasına müxtəlif sahələrdə
yardımı, tərəflərin əməkdaşlığını
nəzərdə tutan sazişlər
imzalanmışdır.
Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə İranla
münasibətlərin normallaşdırma istiqamətində qətiyyətli addımlar
atıldı. Ulu öndərin gərgin fəaliyyəti
nəticəsində qonşu İranla
qarşılıqlı münasibətlər yenidən
çiçəkləndi və Tehranla
Bakı arasında dostluq münasibətləri yüksələn
xətlə inkişaf etdirildi.
Heydər Əliyev demişdir: “Bizim əbədi qonşuluğumuz
və birgə maraqlarımız münasibətlərimizin
yüksək səviyyədə inkişafı üçün təməldir”. Həmin vaxtdan başlayaraq
İranla hərtərəfli əlaqələrin
inkişafı Azərbaycanın xarici
siyasətinin əsas istiqamətlərindən biri
kimi qəbul edilmiş
və həmin yanaşmanın nəticəsində İran-Azərbaycan
əlaqələri möhkəmlənmiş,
qarşılıqlı səfərlərin sayı
artmış və iqtisadi əlaqələrdə
isə canlanma yaranmışdır. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi
dövrdə İranla əməkdaşlıq,
dostluq və qardaşlıq münasibətlərini
Azərbaycanın xarici siyasətinin prinsipi kimi vurğulamışdır.
Dövlət
və hökumət başçılarının, habelə,
parlament nümayəndələrinin
qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın
dərinləşdirilməsinə və əlaqələrin daha da möhkəmləndirilmsinə
öz töhfələrini verdi. Həmin səfər
zamanı Azərbaycanla İran arasında müxtəlif sahələrdə
əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr
bağlanmışdır. İran tərəfi
hər zaman Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalını pisləmiş,
bu işğal
zamanı öz ata-baba
yurdlarından didərgin salınmış qaçqın və
məcburi köçkün olan soydaşlarımıza mütəmadi olaraq humanitar yardımlar etmişdir. Təsadüfi deyildir ki, İslam
Konfransı Təşkilatına məhz İran
İslam Respublikasının Prezidenti Məhəmməd
Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana
təcavüzünü açıq ittiham
edən qətnamə qəbul olunmuşdur.
2004-cü ilin avqustunda
İran Prezidenti Məhəmməd
Xatəmi Azərbaycana səfərə gələrkən
bir daha Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar İranın Azərbaycanı müdafiə
etdiyini bildirən bəyanat verib.
Ulu öndərin siyasi
xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev İranla
dostluq və əməkdaşlığın
inkişafına xüsusi önəm vermişdir. Axı, İran
və Azərbaycan xalqları müştərək tarixə,
mədəniyyətə, adət-ənənəyə malik olan xalqlardır. Bundan başqa, hazırda İran İslam
Respublikasında 35 milyondan çox
azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə
İran İslam
Respublikasının 765 kilometr uzunluğunda sərhədi var.
Bu baxımdan dövlət rəhbərlərinin
hər bir qarşılıqlı səfəri
mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan İran Prezidenti Həsən
Ruhaninin Azərbaycana rəsmi səfəri
beynəlxalq aləmin diqqət mərkəzində idi.
Azərbaycana
ilk rəsmi səfərə gələn İran Prezidenti Həsən
Ruhanini səmimi salamlayan
dövlətimizin başçısı ilk
növbədə onu ad
günü münasibətilə təbrik
etmiş, sonra isə iki ölkə arasında əlaqələrin
tarixindən söhbət açmışdır. Azərbaycan Prezidenti bu görüşün
İranın dövlət başçısı ilə dördüncü təmas olduğunu
xatırlatmış və demişdir ki, bu, özlüyündə
bir göstəricidir və İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir. Bu
görüşlərin gözəl nəticələri olduğunu vurğulayan respublikamızın rəhbəri iki ölkə arasında əlaqələrin yeni
mərhələyə qədəm qoyduğunu
diqqətə çatdırmışdır: “Bizim
əlaqələrimizin çox gözəl
tarixi və gözəl gələcəyi
var. İndi əlaqələrimiz
yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var.
Siyasi, iqtisadi, mədəni,
humanitar məsələləri müzakirə
edirik. Əlaqələrimizin təməlində
tarixi tellər, ortaq mədəniyyət
tarixi dayanır ki, bu da inkişafda
olan bugünkü əlaqələrimizin
rəmzidir”.
Azərbaycan Prezidenti demişdir ki, “bizim əlaqələrimizin təməlində
xalqlarımızın dostluğu,
qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə
yaşamış, yaratmışlar. Bu,
möhkəm təməldir. Bu təməl
üzərində ikitərəfli dövlətlərarası
əlaqələr qurulur. Son
aylar ərzində bu əlaqələr
yeni pilləyə qalxmışdır”.
İki ölkə arasında çox gözəl siyasi
əlaqələrin olduğunu bildirən
dövlətimizin başçısı mütəmadi təmasların,
yüksək vəzifəli şəxslərin
qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda göstərilən
qarşılıqlı dəstəyi diqqətə
çatdırmışdır.
Ölkələrimiz üçün ən
vacib və həssas məsələlərdə
də qarşılıqlı dəstək göstərilmişdir.
BMT-də, İslam Əməkdaşlıq
Təşkilatında və digər təşkilatlarda Azərbaycanla
İran həmişə bir-birinə arxa-dayaq olmuş və dəstək
vermişlər.
Azərbaycan
Prezidenti ölkəmiz üçün
prioritet hesab olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında qarşıya çıxan problemləri diqqətə
çatdırmış və bununla əlaqədar
beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin
hələ də icra
olunmadığını bildirmişdir: “Azərbaycan üçün
ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
də biz İranın dəstəyini həmişə
hiss edirik.
İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir.
Bildiyiniz kimi, bu münaqişə uzun
illərdir ki, öz həllini
tapmır. Azərbaycanın tarixi, əzəli
torpağı Dağlıq Qarabağ və
yeddi ətraf rayonu erməni
silahlı qüvvələrinin işğalı
altındadır. Beynəlxalq hüquq
normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurası - dünyanın ən ali
orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı
qüvvələrinin işğal edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə
məhəl qoymur. İşğal
edilmiş torpaqlarda hər
şey dağıdılıb, tarixi abidələrimiz
dağıdılıb. Əcdadlarımızın qəbirləri,
məscidlərimiz erməni quldur dəstələri
tərəfindən dağıdılıbdır. ATƏT-in
faktaraşdırıcı missiyaları işğal
edilmiş torpaqlara iki dəfə səfər etmiş
və öz məruzələrində bunu təsdiqləmişlər. Münaqişə
nəticəsində 1 milyondan artıq azərbaycanlı
öz doğma torpağında
qaçqın, köçkün həyatı
yaşayır. Torpaqlarımızın 20 faizi
işğal altındadır. Bizə
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır. Ermənilər azərbaycanlılara
qarşı Xocalı soyqırımını törətmişlər.
Münaqişənin ərazi
bölüvlüyü çərçivəsində
həll edilməsi əlbəttə ki,
bölgəyə sülh gətirəcək.
Bu münaqişənin başqa
həll yolu yoxdur.
Ədalət, beynəlxalq hüquq bərpa
edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir".
Bəyanatda, həmçinin, iki ölkə
arasında iqtisadi və humanitar
sahələrdə sıx əməkdaşlığın bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır. Azərbaycan
Prezidenti bəyan etmişdir
ki, İran-Azərbaycan dostluğu
sarsılmazdır, heç bir kənar qüvvə bizim
aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin
gələcəyi üçün
lazımdır.
İran Prezidenti Həsən Ruhani ölkəmizə rəsmi səfərindən
məmnunluğunu ifadə etmiş, Azərbaycan
və İran xalqlarını bir bədəndə bir ruh adlandırmışdır: “ Əgər
desək ki, Azərbaycan və İran xalqları bir bədəndə
bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik
ki, bu iki
ölkə, bu iki xalq birdir, həm məzhəbi,
həm dini birdir,
müştərək tarixə, keçmiş
tarixə malikdirlər və bir-birinin mədəniyyətinə
bələddirlər, bir-birini çox yaxşı başa
düşürlər. Həm yaşayış tərzimizdə,
həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin,
iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan
yaradır və bundan istifadə etməliyik.
Heç şübhəsiz ki, ölkələrimizin və
xalqlarımızın əlaqələrinin
yaxınlaşması, bizim əlaqələrimizin
yaxınlaşması heç bir üçüncü
ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf
etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz
təhlükəsizliyimizə, daha sürətli
inkişafımıza çalışırıq. Ölkələrin
inkişafı bir-birinin iqtisadi
inkişafına öz töhfəsini vermiş olar”.
İqtisadi sahədə əməkdaşlığın
daha da inkişaf
etdirilməsi üçün möhkəm
potensialın olduğunu bildirən İran Prezidenti demişdir ki, bu işlərin həyata keçirilməsində
heç bir kənar
qüvvə buna mane ola bilməz. H.Ruhani həmişə
olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Azərbaycanın mövqeyini
dəstəklədiyini bildirmişdir: “Biz Qarabağın bugünkü
vəziyyətini bəyənmirik. Biz istəyirik
ki, bu bölgədə
ədalət olsun. Biz
istəyirik ki, bu
bölgədə sülh, sabitlik,
dostluq olsun. Biz bütün ölkələr
arasında dostluğun, təhlükəsizliyin,
sabitliyin, ədalətin bərqərar
olması üçün əlimizdən
gələni etməyə, öz tərəfimizdən
lazımi addımı atmağa
hazırıq. Biz bunu
beynəlxalq təşkilatlar çərçivəsində,
hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ
məsələsi siyasi yolla
həll olunmalıdır. Bu, müharibə
yolu ilə həll olunası məsələ
deyil. Ona görə də
bu istiqamətdə bütün
köməyimizi göstərməyi öz
vəzifəmiz hesab edirik
və bunu etməyə hazırıq”.
İran Prezidenti iki ölkə arasında dostluq
və əməkdaşlığın bundan
sonra da yüksələn
xətt üzrə inkişaf edəcəyini
bildirib.
Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri
çərçivəsində iqtisadi, siyasi və digər sahələrdə əməkdşlığın
daha da gücləndirilməsi
ilə əlaqədar bir sıra sənədlər
imzalanmışdır. Həmçinin, Heydər Əliyev Mərkəzində
Azərbaycan-İran biznes forumu
keçirilmişdir. Tədbirdə hər
iki ölkənin prezidentləri də iştirak ediblər. Dövlət
başçıları biznes forumda nitq söyləyiblər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 18 noyabr.- S.3.