Ermənilərin azərbaycanlılara
qarşı
ərazi iddialarının tarixi kökləri
və bu həqiqətlərin təbliği
“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensıyanın 2-ci maddəsində milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlər soyqırımı adlanır.
Beynəlxalq hüquq normalarına görə,
soyqırımı törətmiş şəxslərin cinayət
mühakiməsi və cəzalandırılması labüddür. Lakin Azərbaycan
xalqının başına gətirilən bəlalara gəldikdə,
bu Konvensiyanın maddələri nəinki
işləmir, hətta dünya ictimaiyyətinə
lazımınca çatdırılmır və qiymətləndirilmir.
Erməni
silahlı dəstələri tərəfindən mütəmadi
olaraq, tarixin
ayrı-ayrı dönəmlərində – 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə
azərbaycanlı dinc əhaliyə
qarşı soyqırımı (genosid) və
deportasiya aktların həyata keçirilməsinə
baxmayaraq, nədənsə, bu faktlar beynəlxalq aləmdə
müzakirə olunmur və tanınmır.
Hələ
XIX əsrin əvvəllərində çar
Rusiyası (İran və Rusiya
arasında Azərbaycan ərazilərinin
bölüşdürülməsinə dair
1813-cü ilin 12 oktyabrında Gülüstan
və 1828-ci ilin 10 fevralında Türkmənçay müqavilələri
imzalandıqdan sonra) qədim Azərbaycan
torpaqlarında bufer zona
yaratmaq məqsədilə “erməni dövləti”
qurmaq planını həyata keçirməyə
başlamışdır. Üç yüz il bundan
əvvəl isə gələcək imperiyanın
konturları barədə düşünən rus imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə
tapşırmışdı: “...onları (erməniləri –
D.M.) tovlayıb bizim torpaqlara
(indiki Azərbaycan ərazisinə) gətirməyə
çalışmaq lazımdır ki,
Rusiyanın istinadgahı olsun”.
Bu
məqsədlə İran və Türkiyə
ərazisində yaşayan 300 minədək
erməni XIX əsrin birinci
yarısında Azərbaycana köçürülmüş
və İrəvan (indiki Yerevan),
Dağlıq Qarabağ, Naxçıvan, Ordubad, Zəngəzur, Dərələyəz, Vedibasar və
digər ərazilərdə yerləşdirilmişdir.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların
kütləvi çıxarılması, dinc
əhaliyə qarşı zorakılıq, vəhşiliklər
çar Rusiyası hökumətinin himayəsi
və köməyi ilə XX əsrin əvvəllərində,
xüsusilə 1905-1907-ci illərdə geniş
vüsət almışdır.
Qırğın
və dağıntıların miqyasının böyük olmasının bir
səbəbi də Bakı Dairə Məhkəməsi prokurorunun 1905-ci il
martın 7-də ədliyyə naziri və
Tiflis Məhkəmə Palatasının prokuroruna yazdığı 3934 nömrəli məktubda
qeyd etdiyi kimi, polis və ordunun laqeyd münasibətinin nəticəsi idi. Onun
yazdığına görə, hərbi patrullar
(əsasən rus və erməni əsilli-D.M.)
küçələri gəzib dolaşır və heç bir tədbir
görmürdülər. Yalnız hadisələr
dayandırıldıqdan sonra şəhərə
əlavə ordu hissələri gətirildi.
Silahların toplanması üçün
tədbirlər həyata keçirilmədi. Qətllər polisin gözü
qarşısında baş verirdi. Silahlı quldur dəstələrinə
qarşı güc tətbiq edilmədi.
1905-1906-ci il hadisələri ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi ilk və tarix göstərdiyi
kimi, sonuncu olmayan soyqırımı aktı oldu.
Qeyd etmək lazımdır ki,
ermənilərin azərbaycanlılara qarşı
soyqırımı siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili
yalnız ölkəmizdə dövlət müstəqilliyinin
bərpasından sonra mümkün
oldu. Bu sahədə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında” 1998-ci il 26
mart tarixli fərmanı
müstəsna əhəmiyyət kəsb edir.
Əlbəttə, erməni soyqırımının dəhşətli
nəticələrinin tədqiqatı uzun
illər tələb edəcək. Arxivlərdə
bu hadisələrin dəhşətli mənzərəsini
göstərən və hələ də açılmayan
yüzlərlə, bəlkə də minlərlə sənəd,
erməni qətliamları zamanı öldürülən
insanların üstü
açılmamış kütləvi məzarlıqları
vardır.
Erməni
diasporu öz
havadarlarının köməyinə arxalanaraq
beynəlxalq ictimaiyyətə birtərəfli, çox vaxt yanlış,
qəsdən təhrif edilmiş mənbələrdən
“məlumatlar” verir, diqqəti Azərbaycana
qarşı törətdikləri soyqırımı siyasətindən
yayındırmağa çalışır. Bu gün də Ermənistan və
erməni diasporu xüsusilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara
qarşı qətliamları və 1992-ci ildə yerlə-yeksan
edilən Xocalı,
Qaradağlı, Malıbəyli, Quşçular,
Ağdaban və digər
yaşayış məskənlərimizdə törətdikləri
vəhşilikləri gündəlikdən kənarda saxlamağa cəhd göstərirlər.
Müqayisə
üçün xatırladaq ki, dünyada
soyqırımı kimi tanınan Xatın
(Belorusda, insan tələfatı
149 nəfər), Lidiçe (Çexiyada, insan tələfatı
172 nəfər), Sonqmı (Cənıbi Vyetnamda,
insan tələfatı 500 nəfərə
yaxın) hadisələri nə miqyasına, nə də amansızlığına görə tək
Xocalı (insan tələfatı 613 nəfər)
ilə müqayisə olunmazdır. Lakin
Xocalı hadisələrinə lazımi qiymət hələ
də verilməyib.
BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il tarixli), 874 (14 oktyabr
1993-cü il), 884 (12 noyabr
1993-cü il) saylı qətnamələr
Ermənistan silahlı qüvvələrinin işğal
edilmiş bütün
Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını qəti
surətdə tələb etsə də, bu
sənədlərə indiyədək məhəl qoyulmur. Azərbaycan əraziləri işğal altında saxlanılır,
dövlətimiz isə öz növbəsində
münaqişəni dinc yolla
həll etməyə çalışır.
Ermənilərin
xalqımıza qarşı həyata keçirdiyi
repressiya və qırğınların,
soydaşlarımızın başına gətirilən
müsibətlərin daha ciddi
tədqiq edilməsinin və dünya
ictimaiyyətinə çatdırılmasının vacibliyini xüsusi qeyd etmək lazımdır.
Son illərdə Dağlıq Qarabağ,
erməni diasporu və onun
antitürk, antiazərbaycan fəaliyyəti,
Dağlıq Qarabağ münaqişəsinin
tarixi kökləri, azərbaycanlılara
qarşı törədilmiş soyqırımları və bu kimi mövzularda
onlarca tədqiqatlar aparılır, dissertasiyalar müdafiə edilir
və bu iş
davamlı olaraq bu gün
də getməkdədir. Bu sahədə aparılan uğurlu
işlərdən biri kimi,
Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri, AŞPA-da Azərbaycan
nümayəndə heyətinin üzvü,
AVCİYA-nın prezidenti Elxan
Süleymanovun və iqtisad
elmləri üzrə fəlsəfə doktoru
Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana
qarşı silahlı təcavüzü və
işğalın ağır nəticələri” adlı
kitabını qeyd etmək olar. Layihənin davamı olaraq
həmin kitab ingilis
dilində ABŞ-da, rus
dilində Sankt-Peterburqda və ukrayna dilində Kiyevdə nəfis şəkildə
çap olunaraq dünyaya
çatdırılmışdır. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları
araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA,
ATƏT, NATO, İslam Əməkdaşlıq
Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan
ərazilərini işğal etməsi
faktının tanınması, işğal
nəticəsində ölkədə
fövqəladə humanitar vəziyyətin
yaranması, Azərbaycanın tarixi və
mədəniyyət abidələrinə, ətraf mühitinə
və təbii sərvətlərinə, sosial-iqtisadi
durumuna dəymiş zərər təhlil
edilir, Azərbaycana vurulmuş
iqtisadi ziyanın ilkin
miqdarı indiki bazar
qiymətləri ilə hesablanır.
Ermənilərin
xalqımıza qarşı əsrlərdir apardığı
genosid, ekosid və
köçürmə siyasəti haqqında həqiqətləri
geniş oxucu diqqətinə
çatdıran gündəlik 12 dildə yenilənən
www.1905.az, 10 dildə yenilənən www.karabakhinfo.com və www.karabakhinfo.tv,
eləcə də 3 dildə yenilənən www.sarsang.org elektron
portallarını və yüzlərlə
başqalarını misal çəkmək
olar.
Dəyanət MUSAYEV,
ADPU-nun müəllimi,
pedoqoji elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 18 noyabr.- S.9.