“Xəzər
adaları” “İslam dünyasının
gövhərləri” sırasına daxil edildi
Azərbaycanın sürətli iqtisadi, sosial və mədəni yüksəlişi, uğurla həyata keçirilən modernləşmə və dünyaya inteqrasiya siyasəti beynəlxalq aləmin ölkəmizə marağını durmadan artırır. Bu baxımdan yerli iş adamlarının irəli sürdüyü layihələr də diqqət mərkəzindədir. Onlardan elələri var ki, hətta dünyada belə maraqlı dairələri heyrətə gətirir. Belə layihələrdən biri “Xəzər adaları”dır (“Khazar islands”).
Xatırladaq ki, “Avesta” Konserninin
prezidenti Hacı İbrahim
Nehrəmlinin müəllifi olduğu layihə
üzrə Xəzərin Qaradağ rayonu səmtində dənizdə 78 süni ada yaradılacaq.
Layihə 4 min hektar
sahəni əhatə edir və bu adalarda ümumilikdə,
11 milyon kvadratmetrlik
yaşayış binalarının tikintisi
planlaşdırılır. Dənizdə
yaradılan şəhərdə 800 villa
tikiləcək. Ərazidə 150 körpü
salınacaq, 150 kilometr qranit
yol çəkiləcək. 150 xəstəxana,
150 uşaq bağçası, 150 məktəb,
5 ali məktəb tikiləcək, digər
sosial infrastruktur
yaradılacaq. Süni adalarda 1 milyon 500 min insanın yaşaması mümkün
olacaq. “Xəzər adaları” artıq xarici aləmdə XXI əsrin möcüzələrindən
biri kimi
qarşılanır.
Bugünlərdə
Malayziyanın Kuala Lumpur
şəhərində keçirilmiş
V “OIC World Biz” beynəlxalq
sərgi və konfransının iştirakçıları da Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər, hədəfə
aldığı perspektivlər sırasında “Xəzər
adaları” layihəsinə xüsusi maraq göstərmişlər. Beş gün davam edən beynəlxalq
tədbirdə İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin
və qeyri-müsəlman ölkələrin nümayəndə
heyətləri, 1000-ə yaxın biznes qurumu iştirak etmişlər.
İslam ölkələrinin ən böyük iqtisadi tədbirlərindən
olan bu sərgi və konfransda Azərbaycanı tanınmış iş adamı Hacı İbrahim
Nehrəmlinin rəhbərlik etdiyi “AVESTA” konserni təmsil etmişdir.
Noyabrın 11-də işə başlayan
V “OIC Muslim World
BİZ” beynəlxalq sərgi və konfransının
açılış mərasiminə Azərbaycanın
Malayziyadakı səfiri Qaley Allahverdiyev də qatılmışdır.
Malayziyanın sabiq baş
naziri Tun Abdullah Bədəvi
çıxışında Azərbaycan üçün
də önəmli olan İslam
dünyasının həmrəyliyinin zəruriliyini
vurğulamışdır.
Mərasimdə “İslam dünyasının gövhərləri”
nominasiyası üzrə müxtəlif müsəlman ölkələrini
təmsil edən 9 iş adamı fəxri
mükafatlarla təltif edilmişdir.
Azərbaycanlı iş adamı Hacı İbrahim Nehrəmli “Ən uğurlu
iqtisadi layihə və sosial
duyarlılıq” mükafatına layiq görülmüşdür. Təltifetmədən
sonra çıxış edən
soydaşımız İslam
dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın sürətlə inkişaf etdiyini, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu biznes fəaliyyəti
üçün əlverişli şərait
yaradıldığını bildirmişdir.
Toplantıda Azərbaycanın
nail olduğu sosial-iqtisadi inkişafın fonunda
rəhbərlik etdiyi şirkətin də
nəhəng layihələrə imza
atdığını söyləyən Hacı İbrahim
artıq gerçəkləşdirilməkdə olan “Xəzər adaları” yaşayış
və biznes kompleksi
haqqında ətraflı məlumat vermişdir.
Həmyerlimiz bu
ərazinin gələcəkdə İslam
dünyasının ən məşhur işgüzar
mərkəzlərindən birinə çevriləcəyinə
ümid bəslədiyini
vurğulamışdır. Onun bu çıxışı böyük
maraqla qarşılanmışdır.
Səfirliyimizin təşkil
etdiyi pavilyonda ölkəmizin
sürətli sosial-iqtisadi inkişafı,
hərtərəfli yüksəlişi, geniş
investisiya imkanları, çoxsaylı ixrac məhsulları, böyük
turizm potensialı haqqında əyani vəsaitlər
nümayiş etdirilmişdir.
Sərginin açılışında Tun
Abdullah Bədəvi Azərbaycan pavilyonunda da olmuş və ölkəmizin diqqətçəkən
iqtisadi imkanları ilə, həyata
keçirilən irimiqyaslı layihələrlə maraqla tanış olmuşdur.
Beynəlxalq sərginin
iştirakçıları Azərbaycanın əldə etdiyi nailiyyətlərə heyranlıqlarını
ifadə etmiş, “Xəzər adaları”
layihəsindən duyğulanmışlar. Malayziyada
olduğu günlərdə Hacı İbrahim müxtəlif görüşlərə
qatılmış, ölkəmizin xarici iqtisadi imkanları barədə sualları
cavablandırmış, rəhbərlik etdiyi
qurumla biznes əlaqələrini
müzakirə etmişdir. Uğurla
keçən beynəlxalq biznes
toplantısı artıq arxada
qalmış, soydaşlarımız yüksək əhvalla, uğur sevinci ilə Vətənə
qayıtmışlar. “Avesta” konserninin rəhbərliyi beynəlxalq aləmdə
bir daha təqdir olunan layihənin həyata keçirilməsinə
daha böyük inamla girişmişdir. Dünya mediasında “çılğın
layihə” adlandırılan bu gerçək
ideya ilə yaxından tanış olmaq üçün
bugünlərdə “Xəzər adaları”nda olduq.
Sahil qəsəbəsi istiqamətində
Bakıdan 23 kilometr cənub-qərbdə
yerləşən ərazi ötüb-keçənlərin
diqqətini getdikcə daha çox
cəlb edir. Tikinti
meydançasına daxil olanda
isə burada havanın quruya nisbətən soyuq
olmasına baxmayaraq, qaynar
iş getdiyinin şahidi olduq.
“Avesta”
Konserninin prezidenti
Hacı İbrahimlə görüşüb
dünyaya səs salan
layihə barədə məlumat verməsini xahiş
etdik. O, sahil
zolağından 10 kilometr dənizin
içinə doğru uzanacaq
şəhərin tikintisinə indiyədək 2 milyard 150 milyon dollar sərmayə
yatırıldığını bildirərək dedi:
– Layihə
dörd mərhələni əhatə edir və 2035-ci ilə qədər başa çatdırılacaq. İlk mərhələyə 10 milyard dollar, sonrakı mərhələlərin
hər birinə isə 30 milyard dollar sərmayə qoyulacaq.
2020-2022-ci illərədək davam etməsi
nəzərdə tutulan birinci
mərhələdə
tikilən binaların satılmasından əldə edilən
vəsait ikinci mərhələyə xərclənəcək.
Layihənin ikinci mərhələsi
2022-2028-ci illəri, üçüncü
mərhələsi 2030-cu ilə, dördüncü
mərhələsi isə 2035-ci ilə qədər olan dövrü əhatə
edəcək.
Tikinti işlərinə 2011-ci ilin
martından başlanılıb və birinci
mərhələdə 6 süni ada yaradılacaq. Bu adalar bir-birinə 21 körpü
ilə birləşdiriləcək. Hazırda üçüncü
körpü tikilir. Bu 6 adada təxminən 150
min insan yaşayacaq. Layihənin 10 faizini
əhatə edən birinci mərhələdə
tikilən ən hündür bina 65 mərtəbədən ibarət olacaq. “Xəzər
adaları”nın 100 milyard dollara
başa gəlməsi
planlaşdırılır. Ola bilsin ki, bu
məbləğ bazar qiymətlərindən
asılı olaraq 100 milyard
avroya da
çatsın. Bir çoxları bunu eşidəndə heyrətlənir. Ancaq bizə 100 milyard
lazım deyil, buraya ilkin investisiya
yatırımı maksimum 5 milyard dollar nəzərdə
tutulur. İlkin mərhələdən
əldə olunan gəlirlər digər ərazilərin
inşasına sərf ediləcək. Yəni işlər “sat və tik” prinsipi ilə gedəcək.
Daha sonra öyrəndik ki, layihənin digər özəlliklərindən
biri “Xəzər adaları”nda
dünyanın ən hündür
binasının - “Azərbaycan qülləsi”nin (Azerbaijan tower)
ucaldılması olacaq. Layihə müəllif
bu məlumatdan heyrətləndiyimizi hiss edərək dedi:
– Bu
göydələn hazırda dünyada ən
hündür bina olan “Bürc xəlifə”
qülləsindən 200 metr, tikintisi planlaşdırılan “Kingdom tower”dən isə 50 metr
hündür olacaq.
“Azərbaycan qülləsi”ni 6 bina əhatə
edəcək. 1050 metrlik “Azərbaycan
qülləsi”ni “7 gözəl” də adlandırırıq. Bu binalar 80, 120, 150 mərtəbəli,
qüllə özü isə 200 mərtəbədən
çox olacaq.
Qüllənin inşasına 2020-ci ildə
başlamağı planlaşdırırıq. Onun tikintisi 7 il çəkəcək. Göydələnin
dəyəri 3 milyard dollar
hesablanıb və bina bundan
qat-qat çox gəlir
gətirəcək.
Oxucularımıza
bildirək ki, “Xəzər adaları” bir çox xarici investorların da diqqətini
cəlb edir. Səudiyyə
Ərəbistanı, İsrail, Yaponiya, Malayziya, İran və digər ölkələrin səfirləri
buraya gələrək layihə ilə
maraqlanmışlar, ölkələrinin iş
adamlarının sərmayə yatırmaq imkanlarını nəzərdən
keçirmişlər. Çexiyanın PSJ şirkəti ilə
danışıqlar yekunlaşmaq üzrədir.
Onlar bu layihəyə
390 milyon avro
ayıracaqlar. Türkiyənin “Taş
yapı” şirkəti ilə
müqavilə imzalanıb və onlar
burada 102 milyon dollar dəyərində 6 bina
tikəcəklər. Qardaş ölkənin
“Nurol” şirkəti də layihədə iştirak etmək niyyətindədir.
Xəzərdə
yaradılan möcüzəyə tikinti və
süni adalar yaratmaq texnologiyası üzrə peşəkar,
dünyada aparıcı mövqe
tutan, brend şirkətlər
cəlb olunub. Ən iri
layihələri ilə tanınan Birləşmiş Ərəb
Əmirliyi, İngiltərə, Hollandiya və
digər ölkələrin mütəxəssisləri təcrübələrini və yeni ideyalarını burada
nümayiş etdirirlər.
Bənzərsiz – ən
qeyri-adi memarlıq kompleksi
adına iddialı olan bu
layihə çərçivəsində yaradılacaq süni adalarda binaların
təbii fəlakətlərə dayanıqlığı da diqqətdən kənarda qalmayıb. Bu barədə sualımızı
cavablandıran “Avesta” prezidenti
bildirdi:
– Tikintini
həyata keçirən mütəxəssislər təhlükəsizlik
məsələlərinə ciddi nəzarət
edirlər. Burada
ən son texnoloji avadanlıq və materiallardan istifadə olunur. Binalar 9 ballıq zəlzələyə
hesablanıb. Ümumiyyətlə, burada binalar küləyin sərbəst
hərəkəti nəzərə
alınmaqla, şahmat
sırası ilə inşa olunacaq.
Hər
adanın ayrıca enerji və su təchizatı olacaq. Şəhərin enerji ilə
təchizatı nanotexnoloji
qurğularla təmin ediləcək. Burada adi
yağış suları
belə dənizə axıdılmayacaq, təmizlənərək
dövriyyəyə qaytarılacaq.
Bütün evlər mərkəzləşdirilmiş
havalandırma sisteminə
qoşulacaq.
“Xəzər adaları” ölkəmizdə
turizmin inkişafına
da böyük təkan verəcək. Konsernin rəhbəri bu barədə danışarkən bildirdi:
– Şəhər tam hazır olandan sonra hər il buraya
15- 20 milyon turistin gəlməsi gözlənilir.
Bu, təxmini hesablamalara görə, respublikamız üçün
20 milyard dollar gəlir
deməkdir.
Layihədə
beynəlxalq idman tədbirlərinin keçirilməsi
də nəzərə
alınıb. “Formula-1
yarışları üçün
70 hektar ərazisi olan ayrıca ada salınacaq. Bundan başqa, “Xəzər adaları”nda cıdır,
qolf, tennis meydançaları
yaradılacaq, üzgüçülük,
qayıq yarışları
təşkil olunacaq.
Gələn il Bakıda keçiriləcək
birinci Avropa Oyunları ərəfəsində
bu şəhərdə
200 nəfərlik otelin,
15 restoranın, eləcə
də ikimərtəbəli
örtülü stadionun
inşası yekunlaşdırılacaq.
Adada
salınan yollar da diqqətimizdən qaçmadı. “Xəzər adaları”nda nəqliyyat məsələləri
necə həllini tapacaq? – sualımızı
cavablandıran Hacı
İbrahim dedi:
– “Xəzər adaları” ekoloji təmiz şəhər olacaq. Əsasən, tramvaylardan, avtomobillərdən,
su nəqliyyatından,
velosipedlərdən və
avtokarlardan geniş istifadə ediləcək.
Hər adada 14 zolaqlı və bir-biri ilə kəsişməyən
3 əsas yol salınacaq. Yollar elə
qurulacaq ki, işıqfora ehtiyac qalmayacaq. Şəhərin altında ikimərtəbəli
qarajlar yerləşəcək.
Sakinlər avtomobillərini bu
qarajlarda saxlayıb evlərinə yeraltı keçidlərlə gedəcəklər.
Hər
250 metrdən bir keçid inşa ediləcək. Adalardan Bakı
bulvarına gəmilərlə
gedib-gəlmək də
mümkün olacaq.
Layihədə 150 kilometr uzunluqda
bulvarın salınması
nəzərdə tutulub.
Hazırda onun 4 kilometri
hazırdır. Bulvarın kənarından
isə tramvay yolu çəkiləcək.
Söhbətimiz “Xəzər
adaları”nın maketi ilə tanışlıqla bitdi. Bu yığcam mənzərədə
eşitdiklərimizin hamısını
açıq-aydın gördük.
Göydələnlər, qranit
yollar, körpülər,
idman meydançaları,
stadionlar, şəhəri
dörd bir tərəfdən əhatəyə
alan bulvar
əfsanəyə bənzəyir.
Hədsiz heyranlığımızı
görən layihə
müəllifi və onun baş icraçısı
Hacı İbrahim Nehrəmli son olaraq söylədi:
– Məqsədimiz, doğrudan
da, zəmanəmizə
uyğun bir əfsanə – bir çox arzularına nağıllarda çatmış
xalqımızı gerçəkdə
sevindirən, dünya
zirvələrinə qovuşduran
bir ucalıq, ənginlik yaratmaqdır. “Xəzər adaları”
dünyada bənzəri
olmayan bir layihədir. Bizə inam
və güc verən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı
böyük nailiyyətlərdir.
Ölkəmizi qarşıdakı illərdə daha böyük inkişaf gözləyir. Biz də bu tərəqqiyə
qoşulmaq və öz töhfəmizi vermək istəyirik.
“Xəzər adalarından
belə bir qənaətlə ayrıldıq:
Azərbaycan möcüzəsinin
müəllifi çoxlarına
xəyal kimi görünən layihəni
gerçəkləşdirməkdə inamlı və qərarlıdır.
Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 19 noyabr.- S.5.