Fransada nələr
gördük, nələr öyrəndik?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu il noyabrın 2-dən 9-dək Fransada işgüzar səfərdə olan ölkəmizin şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət qrupda mən də var idim. “Xalq qəzeti”nin oxucuları üçün maraqlı olacağını nəzərə alıb səfər təəssüratımı yığcam olaraq qələmə aldım. Əlbəttə, məqsəd, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, Fransanın yerli təcrübəsini, qabaqcıl Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənmək idi.
Bizi bu gözəl və
əsrarəngiz ölkədə hörmətlə və
mehribanlıqla qarşıladılar. Səfərimizin
proqramına uyğun olaraq, Parisin məşhur “Marriott” otelində
yerləşdik. Yeri
gəlmişkən deyim ki, Fransa Respublikasının ərazisi
633 min kvadratkilometr, əhalisi 65,9 milyon nəfərdir
(2013-cü il). Əsas şəhərləri Paris (paytaxt),
Marsel, Lion, Lil, Tuluza və Strasburq olan Fransa əhalisinin 83-88
faizi katoliklər, 5-10 faizi müsəlmanlar, 2 faizi protestantlar,
1 faizi yəhudilərdir və ən qəribəsi budur
ki, Fransada yaşayanların 4 faizi dinsizlərdir. Rəsmi
dövlət dili fransız dili olan bu ölkənin əsas
milli bayramı Bastiliyanın alınması günü –14
iyuldur (1789-cu il).
Respublika dövlət
quruluşuna malik olan Fransanın ali rəhbəri, Prezident
ümumi birbaşa səsvermə yolu ilə 5 il müddətinə
seçilir. Dövlət başçısı baş naziri
təyin edir, silahlı qüvvələrin ali baş
komandanıdır, Milli Məclisi buraxa bilər, ölkədə
çox ciddi böhran olarsa, xüsusi hakimiyyət səlahiyyətlərinə
malikdir. Fəaliyyət qabiliyyəti olmazsa, Prezidentin səlahiyyətlərini
Senatın sədri icra edir.
Ölkənin icraedici
hakimiyyəti baş nazirin başçılıq etdiyi Nazirlər
Kabinetidir. Baş nazirin namizədliyini Milli Məclis irəli
sürür və Prezident tərəfindən təyin edilir.
Fransa hökuməti parlament qarşısında hesabat verir.
Səfərimizin ilk
günü günortadan sonra Paris şəhərinin görməli
yerləri ilə tanış olduq, Fransaya dünya şöhrəti
qazandıran Eyfel qülləsinə qalxdıq. Otelə
qayıdandan sonra nəinki Avropanın, həm də
dünyanın ən qabaqcıl paytaxt şəhərlərindən
olan Parisin gecə mənzərəsini seyr etdik və bir daha əmin
olduq və qürur hissi keçirdik ki, bizim sevimli Bakı
şəhərimiz indi öz gözəlliyi ilə bu
füsunkar Avropa şəhərindən əsla geri
qalmır.
Nümayəndə
heyətimiz noyabrın 3-də Parisdən Bove şəhərinə
yola düşdü. Bove Şəhər Bələdiyyə
İdarəsində bələdiyyə sədri, senator
xanım Karolin Kayö və şəhər merinin birinci
müavini Frank Pia bizi mehribanlıqla qarşıladılar.
Ölkəmiz haqqında rəğbətlə danışan
xanım K.Kayö Azərbaycanın
nailiyyətləri barədə məlumatlı olduğunu dedi
və qeyd etdi ki, Azərbaycanın son illərdəki iqtisadi
inkişafı hətta Fransa ilə müqayisədə
yüksəkdir. O, belə təcrübə mübadiləsinin
Fransa üçün də çox önəmli olduğunu
vurğuladı.
Bove şəhərindəki
görüşümüz çox əhəmiyyətli oldu. Orada aparılan yenidənqurma işləri, şəhərin
bu sahədəki uğurlu təcrübəsi, nəqliyyatın idarəetmə
mexanizmi ilə yaxından tanışlıq, bu mövzuda təqdimat
bizdə zəngin təəssürat oyatdı. Şübhəsiz
ki, Fransa təcrübəsi Azərbaycanımızın şəhər
və rayonlarında da çox gözəl tətbiq
oluna bilər. Bununla belə, xanım K. Kayönün və
Frank Pianın da etiraf etdikləri kimi, fransızlar da bizdən
çox şey öyrənə bilərlər.
Səfərimizin
növbəti günündə qədim və zəngin tarixi
memarlıq abidələri ilə dünyanı heyrətləndirən
Fransanın məşhur Saint-Pierre kilsəsi, Maladrerie qəsri
ilə tanışlıq bizdə zəngin təəssürat
oyatdı. Bu şəhərin müəssisələri ilə
də yaxından tanış
olduq və onların təcrübəsini öz şəhər
və rayonlarımızda tətbiq etməyin çox
faydalı olacağı qənaətinə gəldik. Növbəti gün Versal şəhərinə
yollanaraq, dünyanın nadir memarlıq incilərindən olan
qədim və əzəmətli Versal sarayı ilə
tanış olduq. Həmin gün Parisə qayıdaraq, şəhərin
tarixi abidələrinə tamaşa etdik. Məşhur
dövlət başçısı, sərkərdə
Napoleonun məqbərəsi, dünya incəsənətinin
nadir nümunələri qorunub saxlanan Luvr muzeyi, dahi fransız
yazıçıları Viktor Hüqonun, Aleksandr
Dümanın yaradıcılığında xüsusi yeri
olan “Notre Dame” kilsəsi ilə tanışlıq bizi çox
təsirləndirdi.
Yeri gəlmişkən
deyim ki, səfərimiz boyu mən A. Dümanın (Ata) “Qafqaz
səfəri” adlı səyahət qeydləri əsərində
Azərbaycan haqqında yazdıqlarını və
xalqımıza verdiyi yüksək qiyməti dönə-dönə
xatırlayırdım. Dahi fransız
yazıçısı həmin əsərində qeyd edir ki,
mən 1859-cu ildə Azərbaycana səyahət edərkən,
azərbaycanlılar məni duz-çörəklə
qarşıladılar (Sumqayıt yaxınlığında),
Suraxanıda bir ailənin qonağı olarkən, bu xalqda
çox yüksək mədəniyyət gördüm.
Azərbaycanın təbiəti və insanları heyrətamizdir.
Azərbaycanlılar həssas, səmimi, qayğıkeş,
ağıllı, qonaqpərvər, mehriban,
sözübütöv, doğrucul, dəyanətli, mərd,
çevik, qədd-qamətli və gözəldirlər. Elə
xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür
vurduğu sənəddən də boyun qaçırır, azərbaycanlılarda
isə kişi sözü var. Onlarla bir şey barədə
sövdələşəndə sənəd, imza, möhür
tələb etmək lazım deyil, azərbaycanlı verdiyi
sözdən heç vaxt dönməz.
Nümayəndə
heyətimiz növbəti səfər günündə Fransa
Merləri Assosiasiyasının prezidenti Jacques Pelissard ilə
görüşdü. J.Pelissard rəhbərlik etdiyi qurumun
müstəqil fəaliyyət göstərdiyini, ölkənin
bütün icmalarını özündə birləşdirdiyini,
təşkilatın fəaliyyətinin təhsil, ekologiya, maliyyə
kimi sahələri əhatə etdiyini diqqətə
çatdırdı. Assosiasiyada çalışan 70 nəfərin
şəhərlərin idarə edilməsi sahəsində
böyük təcrübəyə malik olduqlarını, şəhərsalma
ilə bağlı qanunvericiliyin elmi müddəalarını
yaxşı mənimsədiklərini vurğuladı, Azərbaycanın
şəhər və rayonlarının icra
başçıları ilə ilk dəfə
görüşdüyünü, gələcəkdə şəhərsalma
məsələsində birgə əməkdaşlığın
davam etdiriləcəyinə və əldə olunan təcrübələrin
bölüşdürüləcəyinə ümid etdiyini
bildirdi.
Ümumiyyətlə,
səfərimizin proqramı elə tərtib olunmuşdu ki, nəinki
1 günümüz, hətta 1 saatımız belə
faydasız keçmirdi. Elə noyabrın 5-də – səfərimizin
4-cü günü Alenson şəhərindəki hər
növ elektrik avadanlıqları istehsal edən “Goavec
Engineerinq” müəssisəsi ilə tanışlıq
çox əhəmiyyətli idi. Burada istehsal olunan cihaz və
avadanlıqlar dünyada şöhrət qazanmışdır
və bu zavodun qabaqcıl təcrübəsinin ölkəmizin
regionlarında da tətbiq edilməsi səmərəli olacaq.
Vimoutiers kilsəsi və
“Crouttes” heyvandarlıq ferması ilə
tanışlığımız da son dərəcə əhəmiyyətli
idi. “Crouttes” heyvandarlıq fermasının
iş prinsipi ilə tanışlıq bizdə böyük
maraq doğurdu və düşünürəm ki,
fransızların iş təcrübəsindən bizim Zərdab
rayonunda heyvandarlığın daha da inkişafı
üçün bəhrələnmək olar.
Biz daha
məhsuldar cinsdən olan heyvanların alınıb ölkəmizə
gətirilməsindən, respublikamızda maldarlığın
daha sürətli inkişafı məqsədilə həyata
keçirilən tədbirlərdən, ümumən
heyvandarlıqda yeni və müasir texnologiyaların geniş tətbiq
olunmasından və uğurlarımızdan danışdıq, bu sahədə əməkdaşlığın
ölkələrimiz üçün faydalı
olacağını diqqətə çatdırdıq.
Parisdə
milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin
qızı Pəri
xanımın həyat yoldaşı, Azərbaycan
Demokratik Respublikası Parlamentinin ilk sədri Əlimərdan bəy
Topçubaşovun və ailə üzvlərinin o qərib
diyardakı məzarlarını ziyarət etmək məni həm
sevindirdi, həm də
kövrəltdi.
Parisdə bir azərbaycanlı
hərbi təyyarəçinin də məzarını
ehtiramla ziyarət etdik, fransızlara Azərbaycan oğul və
qızlarının II Dünya müharibəsində
faşizmə qarşı qəhrəmanlıqla
vuruşduqlarını xatırlatdıq.
Dünyanın ən
gözəl və təkrarsız şəhərlərindən
olan Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi
ilə də yaxından tanış olduq. Mərkəzdə
Azərbaycanın dünənini və bugününü,
nailiyyətlərini əks etdirən zəngin materiallar
respublikamızı daha yaxından tanıtmaqda əhəmiyyətli
rol oynayır. Burada müntəzəm olaraq keçirilən
görüşlər ölkəmizin zəngin mədəni
irsinin təbliğində də mühüm amildir.
Parisin
görməli yerlərinə ekskursiyamızın gedişində
bu ölkənin turizm imkanları barədə geniş məlumat
aldıq və aydın oldu ki, Fransada turizm də geniş
inkişaf etmişdir, ölkənin görməli yerləri
çoxdur və çox xoşdur ki, bizim qrupumuz da bu yerləri
ziyarət etdi.
Digər
tərəfdən, görüşlərimizin gedişində
ölkəmizin Fransa ilə turizm sahəsində əməkdaşlığı
daha da genişləndirmək perspektivlərinin də kifayət
qədər olduğu qənaətinə gəldik, ölkələrimizin
turizm siyasəti, ətraf mühitə turizmin təsiri,
Fransanın turizm təcrübəsinin kiçik şəhərlərdə tətbiq
olunması ilə bağlı fikir mübadiləsi apardıq
və Prezident cənab İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü tədbirlər sayəsində
ölkəmizin Avropanın bu qabaqcıl dövləti ilə
dostluq münasibətlərindən qürur duyduq.
Biz səfərimiz
çərçivəsində Fransanın uzaq və
yaxın keçmişinə, bugününə, inkişaf təcrübəsinə
dair maraqlı məlumatlar əldə etməklə bərabər,
öz ölkəmizin də haqqında fransızlara kifayət
qədər məlumat çatdırdıq. Təsadüfi deyil ki,
nümayəndə heyətimizin keçirdiyi
görüşlərin hamısında təkcə Fransa tərəfinin
təcrübəsi deyil, eyni zamanda, Azərbaycanın və
xüsusilə regionlarımızın inkişaf səviyyəsi,
burada istifadə olunan təcrübələr və
mümkün əməkdaşlıq imkanları barədə
respublikamızın icra hakimiyyəti başçıları
və nümayəndə heyətimizin rəhbəri Vəfadar
Bağırov tərəfindən məlumatlar verilirdi.
Qrupumuzun üzvlərini
Fransada müxtəlif sahələrdə işin necə
qurulması, hansı metodlara üstünlük verilməsi
çox maraqlandırırdı. Bu cəhətdən Parisin
7-ci meriyasının Abadlaşdırma, Təmizlik
və Su İdarəsinin rəisi Patrik Jofreylə
görüşümüz çox maraqlı və faydalı
oldu. Görüşümüzdə bu sahələrin
inkişafında ən son təcrübə və
texnologiyalar, o cümlədən bütün su sisteminin idarə
olunması və nəzarət sistemi, çirklənmiş
suların emalı və yenidən istifadəsi prosesi ilə
bağlı ölkələrimiz arasında mümkün əməkdaşlıq
istiqamətləri üzrə fikir mübadiləsi
aparıldı.
Həmin
gün-noyabrın 7-də Saint-Sulpice meydanında və kilsəsində
də olduq, Azərbaycanın tolerant bir ölkə olması
barədə söhbət etdik. Bu meydan və kilsə də
bizdə zəngin təəssürat oyatdı. Azərbaycan Respublikasının
Fransadakı səfiri Elçin Əmirbəyovla
görüşümüz səfərimizin ən unudulmaz məqamlarından
idi. Cənab səfir bizi Fransanın sosial, iqtisadi, siyasi və
mədəni sahələri ilə yaxından tanış
etdi, maraqlı və məzmunlu çıxışı ilə
bu ölkə barədə biliklərimizi daha da zənginləşdirdi,
bir sözlə, bizi Fransaya daha da yaxınlaşdırdı.
Səfərimiz
çərçivəsində bir daha əmin olduq ki,
xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən Fransa—Azərbaycan dostluq əlaqələri
ölkələrimiz üçün son dərəcə
faydalıdır. Digər tərəfdən, bizim hər birimizi narahat
edən və düşündürən Dağlıq
Qarabağ problemimiz var, problemin həlli ilə məşğul
olan həmsədr ölkələrdən biri isə məhz
Fransadır. Çox şad olduq ki, dövlətimizin
başçısının uğurlu siyasətinin nəticəsi
olaraq, bu gün Fransada Azərbaycanın çoxlu dostları
və tərəfdarları var. Biz bunu Parisin 7-ci rayonunun meri,
Azərbaycanın yaxın dostu xanım Raşida Dati ilə
görüşümüz zamanı da bir daha yəqin etdik.
Xanım Dati
respublikamıza, onun rəhbəri cənab İlham Əliyevə
rəğbətini ifadə edərək, Dağlıq
Qarabağ probleminin həllində Azərbaycanın ədalətli
mövqeyinin nəzərə alınmasının vacibliyini və
onun özünün də bu istiqamətdə lazımi
işlər apardığını vurğuladı, xalqımıza, ölkəmizə, dövlətimizə
uğurlar arzuladı. Sonra biz Parisin görməli yerlərində
olduq, qədim və müasir memarlıq nümunələri
ilə zəngin olan bu təkrarsız Avropa şəhərinin
parklarına, yaşıllıqlarına, yeni
salınmış yaşayış massivlərinə
baxdıq. Fransa təcrübəsini öyrəndik və
əlbəttə, Azərbaycan təcrübəsi barədə
də danışdıq. Kənd
təsərrüfatına gəlincə, Azərbaycanda
olduğu kimi, Fransada da əsasən taxıl, şəkər
çuğunduru, kartof, şərab üzümü, mal əti,
süd məhsulları, balıq istehsal olunur. Bu sahələrlə
yaxından tanışlığımız göstərdi ki,
kənd təsərrüfatında da Azərbaycanın
Fransadan, Fransanın Azərbaycandan öyrənə və
faydalana biləcəyi kifayət qədər yerli təcrübə
və texnologiyalar mövcuddur.
Fransada
görüşlərimiz zamanı 2006-cı il noyabrın 14-də
Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq
Şurasının iclasında Azərbaycanla Aİ arasında
qəbul edilmiş Fəaliyyət Planının nəinki Azərbaycanla
Aİ arasında, həm də Azərbaycanla Fransa arasında
ikitərəfli əməkdaşlığın inkişafına zəmin
yaratdığını bir daha xatırladıq və bu sahədə
Fransa təcrübəsindən faydalanmaqda maraqlı
olduğumuzu ifadə etdik.
Qürur duyulası faktdır ki, dövlətimizin
başçısının məqsədyönlü siyasəti
nəticəsində Fransanın 40-a yaxın şirkəti
ölkəmizdə uğurla fəaliyyət göstərir. O
cümlədən Azərbaycan Məişət
tullantıları zavodunu Fransa şirkəti tikir. Bakı
metrosunun konseptual inkişaf planında Fransa şirkətləri
də iştirak edirlər. Azərbaycanın ilk
telekommunikasiya peykini orbitə Fransa şirkəti
qaldırmışdır. Ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin inkişafındakı
müsbət tendensiya və Fransa-Azərbaycan Birgə
Hökumətlərarası Komissiyanın fəaliyyəti də
ölkələrimiz üçün çox önəmlidir.
Yeri gəlmişkən
deyim ki, əsasən kənd təsərrüfatı ilə məşğul
olan Zərdab Rayonunun İcra Hakimiyyətinin
başçısı olaraq, məni Azərbaycanla Fransa
regionları arasındakı iqtisadi əməkdaşlıq
proqramı çox maraqlandırdı, çünki bu sahədə
əməkdaşlıq regionlarımızın iqtisadi inkişaf
strategiyasına tam uyğundur və o cümlədən Zərdab
royonunda çox yaxşı səmərə verər. Təsadüfi deyil ki, səfərimiz çərçivəsində
ölkələrimiz arasında iqtisadi baxımdan bir-birini
tamamlayan regionların müəyyən edilməsinin, Azərbaycan
məhsullarının Fransa bazarında
reallaşdırılmasının və marketinqlər istiqamətində
elmi araşdırmalar aparılmasının vacibliyi xüsusi
vurğulandı.
Səfərimiz
göstərdi ki, Fransa ilə uğurlu sıx əməkdaşlıq
hər iki ölkəyə böyük fayda gətirər. O cümlədən, qida məhsullarının
istehsalı üçün müasir obyektlər və kənd
təsərrüfatı kompleksləri, şərabçılığın
inkişafında, alternativ enerji sahəsində layihələr
reallaşdırılmasında, müasir turizm obyektləri
yaradılmasında, digər bir çox sahələrdə
fransız şirkətləri ilə əməkdaşlıq
üçün respublikamızın, eləcə də Zərdab
rayonunun böyük imkanları var.
Fransızlar
bütün sahələrdə ölkəmizlə əməkdaşlığı
genişləndirməkdə, təcrübə mübadiləsi
aparmaqda maraqlı olduqlarını bildirirdilər. Ölkələrimiz
arasında iqtisadi münasibətlərin inkişafında
1997-ci ilin dekabrında yaradılmış Azərbaycan-Fransa
İqtisadi Komissiyası mühüm rol oynayır.
Ölkələrimiz
arasındakı ticarət dövriyyəsinin, idxal və ixrac
məhsullarının 2004-cü ilə nisbətən əhəmiyyətli
dərəcədə artması da hər birimizin qəlbində
qürur hissi yaradır. Fransadan respublikamıza
radio və video avadanlıqları hissələrinin, kimya sənayesi
məhsullarının, qara metal məmulatlarının, qaz
sayğaclarının, tibb avadanlıqlarının, kənd təsərrüfatı
məhsullarının, spirtli içkilərin idxalı,
ölkəmizin Fransaya xam neft, reaktiv kerosin yanacağı,
ehtiyat hissələri, meyvə şirələri,
meşə fındığı ixrac etməsi, ölkələrimiz
arasındakı enerji təhlükəsizliyi sahəsindəki
əməkdaşlıq respublikamızın həm enerji
potensialını gücləndirir, həm də iqtisadi
inkişafını sürətləndirir.
Azərbaycanın
“Cənub” qaz dəhlizi layihəsinin reallaşmasındakı
rolu isə Fransa tərəfini çox məmnun edir və
onlar bunun Avropanın enerji təhlükəsizliyinə də
müsbət təsir göstərəcəyini deyir, Avropa
İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin
tərkib hissəsi kimi
qiymətləndirirlər. Bir sözlə, Fransa
Xəzər hövzəsinin enerji
daşıyıcılarının Qərbə nəql edilməsini,
TRACECA proqramını, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin çəkilməsini Azərbaycanın beynəlxalq
uğuru kimi dəyərləndirir, bu layihələri
region ölkələrinin inkişafında və Cənubi
Qafqazda sabitliyin bərqərar olmasında mühüm amil
hesab edirlər. Bu silsilədən “Şahdəniz”
yatağından hasil ediləcək Azərbaycan qazının
Avropaya ixracı üçün alternativ marşrutların
müəyyənləşdirilməsi fransızları
çox maraqlandırır.
Təbii ki, Fransaya səfərimizdən
danışarkən, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə məşğul
olan həmsədr ölkələrdən biri kimi, Fransanın
bu məsələyə münasibəti də diqqət
çəkir. Biz görüşlərimizdə
münaqişənin həllinə dair aparılan
danışıqlar prosesi barədə məlumat verdik, bu
münaqişənin bütün regionun inkişafına,
sabitliyə, təhlükəsizliyə mane olduğunu
vurğuladıq. Qeyd etdik ki, münaqişənin
həlli beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və
ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə,
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə,
ATƏT-in müvafiq qərarlarına, beynəlxalq hüququn
prinsip və normalarına əsasən həll edilməlidir.
Görüşlərimizdə
dedik ki, Azərbaycan Fransanın Minsk Qrupunun həmsədri
qismində bu münaqişənin nizamlanmasında dövlətlərin
suverenliyi və ərazi bütövlüyü prinsiplərindən
çıxış edəcəyinə inanır. Onu da vurğuladıq ki, Fransada keçirilən bəzi
beynəlxalq tədbirlərdə, eləcə də bir sıra
nəşrlərdə qondarma “Dağlıq Qarabağ
respublikası”nın müstəqil dövlət kimi təqdim
edilməsi bizi narahat edir və belə halların
qarşısının alınması və təkrarlanmaması
üçün Fransa XİN-i müvafiq addımlar
atmalıdır.
Səfərimiz
Azərbaycan–Fransa parlamentlərarası əlaqələrinin
daha da genişləndirilməsinin vacibliyinə diqqəti bir
daha cəlb etdi. Ölkələrimizin parlamentlərindəki
dostluq qruplarının qarşılıqlı səfərlərinin
təşkili, parlament işi sahəsində təcrübə
mübadiləsinin də hər iki tərəf üçün faydalı ola biləcəyi
deyildi.
Qrupumuzun
üzvləri görüşlər zamanı bildirdilər ki,
Azərbaycan “Sülh naminə tərəfdaşlıq”
proqramı çərçivəsində NATO, eləcə də
Avropa strukturları ilə əməkdaşlığın
genişləndirilməsinə böyük maraq göstərir,
ölkəmiz beynəlxalq terrorçuluğa, separatçılığa,
narkotiklərin qeyri-qanuni
dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa,
korrupsiyaya, insan alverinə, qeyri-qanuni silah alverinə
qarşı birgə mübarizəni yüksək qiymətləndirərək,
bu mübarizədə BMT-nin rolunun gücləndirilməsini
alqışlayır. Azərbaycan Avropa və Avro-Atlantik
qurumlara inteqrasiyasını, o cümlədən Avropa
İttifaqı ilə əlaqələri gücləndirməyə
ciddi önəm verir və bu istiqamətdə Fransanın dəstəyinə
ümid edir.
Fransa–Azərbaycan
dostluq münasibətlərinin ən mühüm təzahürlərindən
biri də 2014-cü il sentyabrın 19-28-də Parisin San
Sülpis meydanında “Azərbaycan şəhərciyi”nin təşkil
olunması, bu şəhərcikdə ölkəmizin tarix və
mədəniyyət, turizm imkanlarının tərənnümünə
həsr olunan sərgilər
keçirilməsi, sərgidə ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın iştirak etməsi
olmuşdur.
Fransanın Azərbaycanla
mədəni əlaqələrindən danışarkən,
bu əlaqələrin genişlənməsində 1990-cı
ildə Parisdə təsis edilmiş “Azərbaycan evi”
Assosiasiyasının, Strasburqdakı Azərbaycanla
Mədəni Əlaqələr Cəmiyyətinin, həmin
şəhərdəki Azərbaycan Kültür Mərkəzinin,
Paris “Azərbaycan evi”nin, Strasburqdakı Azərbaycanlı Tələbələr
Assosiasiyasının, Fransa-Azərbaycan Assosiasiyasının,
Strasburqdakı “Azərbaycan evi” Cəmiyyətinin və
Fransadakı Azərbaycanlıların Diaspor Mərkəzinin
çox səmərəli və məqsədyönlü fəaliyyətləri
də qeyd edilməlidir.
Nümayəndə
heyətimizin Fransaya səfəri gedişində bu ölkənin
şəhərlərində milli memarlıq ənənələrinin
qorunub yaşadılması, milli və müasir memarlıq
üslubunun uğurlu sintezi, o cümlədən Paris şəhərində
qədimliyin və müasirliyin vəhdəti, Paris
küçələrinin birinin Bakı şəhərinin memarlıq
üslubuna çox bənzəməsi diqqətimizi xüsusilə
cəlb etdi.
Bir daha
deyim ki, Fransada olduğumuz günlərdə bu ölkənin
zəngin tarixi keçmişi, bugünü, kənd təsərrüfatı,
sənayesi, mədəniyyəti, qədim və müasir
memarlığı, digər sahələrdəki
uğurları ilə əyani tanış olduq. Səmimi və mehriban insanların
yaşadığı bu çoxmillətli ölkədən
xoş təəssüratla ayrıldıq. Qarşıya
məqsəd qoyduq ki, bizə uzaq, uzaq olduğu qədər də
yaxın olan Fransada yaxşı nə varsa, doğma Azərbaycanımızda,
o cümlədən Zərdab rayonunda tətbiq edək, həyata
keçirək, sevimli diyarımızı daha da gözəlləşdirək.
Fransada
keçirdiyimiz görüşlərdə nümayəndə
heyətimizin rəhbəri, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin baş məsləhətçisi Vəfadar
Bağırov bu ölkədə səmimi qəbul
olunmağımıza görə təşəkkürünü bildirərək,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi uzaqgörən siyasəti nəticəsində
Azərbaycanın qazandığı nailiyyətlərdən
danışdı, son illər iqtisadi cəhətdən
sürətlə inkişaf edən ölkələrdən
biri olduğunu dedi.
Yeri gəlmişkən
onu da deyim ki, Prezident İlham Əliyev bizi bu səfərə
göndərərkən, Fransanın önəmli təcrübəsindən
bəhrələnməyi tövsiyə etmişdi. Əlbəttə,
başqa həmkarlarım kimi, mən də Fransadan yeni layihələrlə
qayıtdım və həmin
layihələr əsasında Zərdabda da şəhəri
daha da gözəlləşdirəcək yeni binalar inşa
etdirmək fikrindəyik.
Bundan əvvəl
mən möhtərəm Prezidentimizin təşəbbüsü
və dəstəyi ilə Avstriyada, sonra isə İspaniyada
işgüzar səfərdə olmuş, həmin ölkələrdə
gördüyüm yaxşı nə varsa, onları doğma Zərdabımızda–Həsən
bəy Zərdabi yurdunda tətbiq etməyə çalışmışam. Fərəh
hissilə demək istəyirəm ki, bu gün Zərdab şəhərinə
xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzinin
əzəmətli binası Avstriya parlamenti binasının
layihəsi əsasında, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının
yeni binası isə İspaniya parlamenti binasının eskizləri əsasında, əlbəttə
ki, xeyli yığcam formada inşa edilmişdir. Eyni zamanda, Zərdab
şəhərindəki Gənclər Mərkəzinin
binası da İspaniyadan gətirdiyim layihə əsasında
tikilmişdir.
Ümumiyyətlə
isə təkcə bu ilin 9 ayında Prezident cənab İlham
Əliyevin diqqət və qayğısı ilə Zərdab
rayonunda da sosial-infrastruktur layihələri icra olunub, 246 daimi
iş yeri yaradılıb. Körpükənd və Otmanoba kəndlərində
məktəb binaları, Böyük Dəkkə və Dəkkəoba
kəndlərində uşaq bağçaları əsaslı
təmir edilib. Heydər Əliyev Fondunun məktəbəqədər
tərbiyə müəssisələrinin inkişafı
proqramı çərçivəsində hər biri 50 yerlik
olmaqla, 2 körpələr evi-uşaq
bağçasının tikintisi davam etdirilir. Rayon mərkəzi
xəstəxanasının yenidən qurulması uğurla
davam etdirilir. Şəhərin mərkəzi küçələrində,
Heydər Əliyev parkında və prospektində quruculuq,
abadlıq, təmir-bərpa işləri aparılır.
Yollara asfalt döşənir. Uzunluğu 2 kilometrə qədər
olan Rəhim bəy Məlikov küçəsində yol
asfaltlanıb.
Milli Təhlükəsizlik
Nazirliyi Zərdab rayon şöbəsinin inzibati binasında
son tamamlama işləri gedir. Vergilər
Nazirliyinin vergi ödəyicilərinə regional xidmət mərkəzinin
və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda
yaradılacaq idarəsi üçün yeni inzibati binanın
inşasına başlanılıb. Əhalinin içməli
su tələbatını ödəmək üçün
17 ədəd modul tipli sutəmizləyici qurğu, 194
bulaq istifadəyə verilib. 528 abonent mavi yanacaqla təmin
olunub. Bu, görülən işlərin yalnız bir hissəsidir.
Fransada da
görüb-götürməli çox tikililər
gördük və Prezident cənab İlham Əliyevin
qayğısı sayəsində ən yaxın gələcəkdə
Parisdəki binaların oxşarını Zərdabda da tikəcəyik.
Azərbaycan
üçün gərəkli olan xarici təcrübə ilə
yaxından tanış olmağımıza şərait
yaratdığı üçün bir daha möhtərəm
Prezidentimiz İlham Əliyevə
sonsuz minnətdarlığımızı bildirir və əmin edirik ki, Fransanın
qabaqcıl təcrübəsindən lazımınca istifadə
edərək, dövlətimizin başçısının rəhbərliyi
altında və dəstəyi ilə tərəqqi aşiqi Həsən
bəy Zərdabi yurdunun daha da inkişaf edib çiçəklənməsi
naminə bütün qüvvələrimizi səfərbər
edəcəyik.
Lütvəli BABAYEV,
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı,
iqtisad elmləri namizədi
Xalq
qəzeti.- 2014.- 20 noyabr.- S.6.