Mədəni müxtəliflik,
etnik və dini
tolerantlıq
Azərbaycanın ən böyük nailiyyətlərindən
biridir
Məlum olduğu kimi, bir neçə
gün əvvəl ölkəmizin paytaxtı ATƏT-in Bakı layihə
əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz
Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı
ilə ilk dəfə “Dini tolerantlığın möhkəmləndirilməsi
(Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından
kənarda çağırışlar)” mövzusunda beynəlxalq
konfransa ev sahibliyi etdi.
Belə bir mötəbər tədbirin ilk dəfə
məhz Bakıda keçirilməsi heç də təsadüfi
deyil. Son illər Azərbaycan dünyanın ən nüfuzlu
beynəlxalq qurumlarının keçirildiyi məkana
çevrilib. Bununla yanaşı, ölkəmiz dini
tolerantlıq baxımından dünyanın nümunəvi
ölkələrindən sayılır.
ATƏT-in Bakı layihə əlaqələndiricisi
Aleksis Şaxtaxtinskinin konfransda
çıxışı da bunu təsdiqlədi. Səfir
tolerantlıq sahəsində Azərbaycanın göstəricilərinin
çox yaxşı olduğunu bildirdi. Qeyd etdi ki, son 2500 il ərzində
Azərbaycanda antisemitizm halları olmayıb. ATƏT-in
nöqteyi-nəzərində ən vacib məsələ odur
ki, Azərbaycanda tolerantlıq və dini icmaların dinc
yanaşı yaşaması kimi çox önəmli nailiyyətlər
var.
İndiyədək dini həmrəylik və
tolerantlıq mövzusunda Bakıda dörd dəfə Beynəlxalq
Humanitar Forum, iki dəfə isə Mədəniyyətlərarası
Dialoq üzrə Beynəlxalq konfrans keçirilib. Həmçinin,
dünya dinləri rəhbərlərinin sammiti də
paytaxtımızda reallaşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq
konfransın iştirakçılarına təbrik
ünvanlamış və Qafqaz Xalqları Ali Dini
Şurasının üzvlərini qəbul etmişdir.
Dövlətimizin başçısı demişdir ki, “Bizim ənənələrimiz
xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır.
İslam sülh dinidir”.
Azərbaycan tolerantlıq baxımından bu gün dünyanın ən sabit
ölkələrindən biridir. Ölkəmizdə dövlət və din münasibətləri
özünün ən yüksək səviyyəsindədir. Bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə
icra etmələri də bunu
təsdiqləyir. Əhalisinin tərkibi etnik,
dini və məzhəb baxımından zəngin
olan Azərbaycanda indiyə kimi dini və yaxud milli zəmində heç bir
qarşıdurma baş verməmişdir.
Ölkədə rəsmi
şəkildə 525 İslam, 34 digər
təmayüllü dini icma,
eyni zamanda, 11 kilsə,
6 sinaqoq fəaliyyət göstərir.
Azərbaycanın dövlət müstəqilliyi bərpa
olunduqdan sonra dini azlıqların hüquqlarının
qorunması və təminatı sahəsində çox mühüm
addımlar atılmışdır. 1992-ci ildə “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən
sonra bu qanun daha da
təkmilləşdirilmiş, 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilmişdir. Bu qanuna görə, Azərbaycanda
vətəndaşlıq hüququna malik olan “hər bir kəs dinə münasibətini müstəqil
müəyyənləşdirir, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə
etiqad etmək, dinə münasibəti ilə
əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”.
Heydər
Əliyev dini etiqad
azadlığının təmin edilməsi, din-dövlət
münasibətlərinin tənzimlənməsi sahəsində
də bir sıra islahatların həyata
keçirilməsini məqsədəuyğun saymış və
2001-ci il iyulun 21-də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) yaradılması ilə əlaqədar fərman imzalamışdır. Həmin fərmanla müəyyən edilmişdir
ki, yeni yaranmış
Dövlət Komitəsinin əsas vəzifəsi Konstitusiyanın
dini əqidə azadlığını təmin
edən 48-ci maddəsinin icrası üçün
müvafiq şəraitin
yaradılmasından, dini etiqad
azadlığı ilə bağlı digər qanunvericilik
aktlarına riayət olunmasına nəzarəti təmin
etməkdən, dini qurumlarla
dövlət arasında münasibətləri daha
ciddi tənzimləməkdən ibarətdir.
DQİDK ölkədə dini
durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyillərinin milli münasibətlər səviyyəsinin
yüksəlməsinə yol verilməməsi,
dini mərasim adı altında müxtəlif
antidövlət təmayüllü şəxs və qrupların
qarşıdurma yaratmaq cəhdlərinin
qarşısının alınmasını həyata keçirir. Eləcə də ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması,
din-dövlət münasibətlərinin normal
səviyyədə tənzimlənməsi üçün
mövcud dini duruma lazımi nəzarəti həyata keçirir və bu yolda hər cür mənfi
halların qarşısının alınması işində
müvafiq beynəlxalq təşkilatlar ilə
əməkdaşlıq edir. Bir daha
xatırladırıq ki, bu
qurumun əsas funksiyalarından biri məhz dini
ayrı—seçkilik meyillərinin qarşısının
alınmasıdır.
Azərbaycanın
çoxmillətli və müxtəlif dinlərin
ardıcıllarının yaşadığı ölkə
olması, milli siyasətin müxtəlif
millət, etnik qrup və
dini azlıqların dinc
yanaşı yaşaması və dözümlülük
prinsipləri əsasında müəyyənləşdirilməsi,
konstitusiyada da təsbit
olunmuşdur: “Dövlət irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir və bütün
vətəndaşlar eyni hüquqlara
malikdir”.
Ulu öndər Heydər Əliyevin müxtəlif dinlərin
nümayəndələrinin dinc-yanaşı
yaşamasına, qarşılıqlı tərəfdaşlıq
əsasında fəaliyyət göstərmələrinə xüsusi önəm verməsi dövlət—din
münasibətlərinin daha da yaxşılaşdırılmasında böyük rol oynadı.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən
sonra müsəlman məscid və ziyarətgahları
ilə yanaşı, Rus Pravoslav
Kilsəsinin Bakı Yeparxiyası yenidən bərpa olundu, katolik icması üçün kilsə inşa
edildi və yeni yəhudi
sinaqoqu tikildi. Müsəlman dövlətləri ilə
dini—mənəvi əlaqələrin inkişaf
etdirilməsinə, dünyanın müsəlman dini liderlərinin ölkəmizə səfərlərinə,
beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verilmişdir.
Eyni zamanda, bu illər ərzində
dünyanın nüfuzlu din
xadimlərindən olan Moskva
və bütün Rusiyanın patriarxı
II Aleksi, Ümumgürcüstan
patriarxı II İliya Azərbaycana təşrif
buyurmuşdur. 2001-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti
ilə Roma Katolik kilsəsinin
başçısı Papa II İohan Pavel Azərbaycanı
ziyarət etmişdir.
Azərbaycanda
dini sahədə həyata keçirilən
uğurlu siyasət, vətəndaşların
etiqad azadlığı haqqını təmin
etmək istiqamətinə
yönəldilmiş məqsədyönlü tədbirlər
və qərarlar öz müsbət bəhrələrini
verməkdədir. Prezident İlham Əliyevin bu sahədə
münasibətlərin yüksək səviyyədə
qurulması istiqamətində imzaladığı sənədlər
və digər amillər Azərbaycanda etnik,
milli və dini zəmində
heç bir problemin yaranmasına imkan
verməmişdir, əksinə ölkəmizdə uzun illərdən bəri tolerantlıq hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən
və xalqlardan olan
insanların mehriban şəkildə
yaşayıb, fəaliyyət göstərdiyi bir
məkana çevrilib. Burada
yəhudilər, xristianlar və müsəlman dinindən olan insanlar, xalqlar dostcasına və
qarşılıqlı anlaşma şəraitində
yaşayırlar.
Son 10 ildə ölkədə 200-dən çox məscid tikilib,
80 dini ocaq təmir olunub. Hazırda Bakıda böyük
bir məscid tikilir. Dini məbədlərə göstərilən
diqqət və qayğı Azərbaycanda tolerantlıq mühitinin yüksək səviyyədə olduğunun sübutudur. Bütün bunlar müasir Azərbaycan dövlətinin milli-mənəvi
dayaqlar üzərində
qurulmasının nəticəsidir.
Prezident İlham Əliyevin dini və tarixi abidlərimizin
qorunmasına, əvvəlki görkəmini saxlamaqla
yenidən təmir olunmasına
göstəriş verməsi din
xadimləri tərəfindən böyük
rəğbətlə qarşılanır. Son
illərdə paytaxtda və regionlarda bərpa olunan məscidlər
xalqımızın mənəvi bütövlüyünün
qorunub saxlanmasına xidmət edir. Ulu öndərin irsini yaşadan Heydər
Əliyev Fondunun bu
istiqamətdəki fəaliyyəti
çox yüksək qiymətə layiqdir. Bu nəcib təşəbbüs,
həm də milli-mənəvi dəyərlərimizin
qorunmasına yönəldilən addımdır. Dövlətimizin
başçısı ölkəmizdə bütün
dinlərin nümayəndələrinin bərabərhüquqlu
fəaliyyət göstərmələri üçün
hər cür şəraitin
yaradıldığını tolerantlığın bariz nümunəsi kimi dəyərləndirmişdir:
“Azərbaycanda bütün xalqlar, bütün dinlərin
nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri
bizim dəyərli vətəndaşlarımızdır.
Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə
hazırdır. Hesab edirəm ki, buna böyük
ehtiyac var. Çünki heç də
hər yerdə vəziyyət bizdəki kimi
deyil”.
Bakıda
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqların yüksək səviyyədə
keçirilməsi, tədbirlərdə iştirak
edən müxtəlif din xadimlərinin Azərbaycanda
özlərini öz vətənlərində
olduğu kimi hiss etməsi ölkəmizdə dini tolerantlığın bariz
nümunəsidir.Bir neçə il əvvəl dünya
dini liderlərinin ümumdünya
sammitinin Azərbaycanda keçirilməsi bu sahədə irəliyə doğru
atılan daha bir uğurlu addım kimi qiymətləndirilir.
Bu sammitin Bakıda
keçirilməsinin mühüm amil olduğu, Azərbaycanın
dünyadakı nüfuzunun yüksəlməsindən
xəbər verirdi. Qeyd
edək ki, tədbirdə 33 ölkədən
220 nümayəndə, o cümlədən
bütün ermənilərin katolikosu II Qaregin də iştirak etmişdir.
Tədbirdə
çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev sammiti
böyük əhəmiyyətə malik hadisə adlandırdı: “Bakıda dünya dini liderlərinin
görüşlərinin keçirilməsi artıq ənənəvi
xarakter alıb. Azərbaycanda müxtəlif
millətlərin, dinlərin nümayəndələri əsrlər
boyu qardaşlıq şəraitində
yaşayıblar. Bu gün
bütün dinlərin rəhbərlərinin
Azərbaycana gəlməsi mühüm
hadisədir. Bu görüşlərin
gözəl nəticələri olacaq.
Bakının bir növ
dinlərarası dialoqun mərkəzinə
çevrilməsinə böyük əhəmiyyət
veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz
töhfəsini verir. Ölkədə bütün azadlıqlar olduğu
kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda
1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq
fəaliyyət göstərir”.
Azərbaycanda dinlərarası
münasibərlərin yüksək səviyyədə
olmasını dünyanın dini liderləri
də təsdiqləyirlər. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı
Yeparxiyasının rəhbəri Aleksandr bu məsələyə münasibət bildirərkən
dedi: “Azərbaycanda tolerantlıq hökm sürür və
dövlətlə din arasında
münasibətlər nümunəvi xarakter
daşıyır”.
Bu kontekstdə Azərbaycan Dağ
Yəhudiləri icmasının sədri Semyon
İxillovun da fikirləri
diqqətçəkəndir: “Azərbaycanlılarla yəhudilər
arasında tarixən dostluq münasibətləri
olmuşdur. Burada bütün millətlər mehriban
bir ailə kimi
yaşayır, heç bir
zaman burada antisemitizm olmayıb”.
Gürcü pravoslav kilsəsinin
rəhbəri katalikos II İliyanın fikri də bu baxımdan
maraqlıdır: “Bu gün
Azərbaycan təkcə dünyaya neft və qaz ixrac edən yox, həm də
dini tolerantlıq ixrac
edən bir ölkədir”.
“Burada çox
parlaq bir dini tolerantlıq hökm sürür. Bu isə ulu
öndər Heydər
Əliyevin siyasətinin
uğurla davam etməsi deməkdir”.
Bu fikir isə Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi
Vladimir Feketeyə məxsusdur.
Belə
faktlar istənilən
qədərdir. Bütün bunlar
bir daha təsdiqləyir ki, ölkədə din-dövlət
münasibətləri qanunlara,
ən əsası, ölkə Konstitusiyasına
əsaslanır. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın
meydana çıxmasına
imkan vermir.
Bütün
bunlara baxmayaraq, Azərbaycanda dindən müəyyən siyasi məqsədlər naminə
istifadə etməyə
çalışanlara və
bu kontekstdə dağıdıcı fəaliyyət
göstərənlərə də rast gəlmək
mümkündür. Bəzi dini təriqətlərin başında dayananlar gənclərin beynini zəhərləyib onları
yoldan çıxarır
və “Din yolunda şəhid olmaq” adı ilə xarici ölkələrdəki
döyüş meydanlarına
göndərirlər. Belə gənclərin həm özləri, həm də valideynləri unutmamalıdır
ki, həmin ölümlər şəhidlik
adına yaddır və ləkədir. Şəhidlik ən uca bir zirvədir. Bu zirvəni fəth edənlər isə Vətən yolunda , ərazi bütövlüyümüzün
bərpasında və
torpaqlarımızın düşmənlərimizdən
qorunmasında canını
qurban verənlərdir.
Belə şəhidlər həyat
durduqca yaşayır.
Milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan xalqı İslam dininə xələl gətirən
zərərli cərəyanların
yayılmasına, gənclərimizi
din pərdəsi altında
aldadıb başqa ölkələrə göndərən
zərərli dini təriqətlərə qarşı
mübarizəni daha da gücləndirəcəkdir.
Prezident İlham
Əliyev Bakıda keçirilmiş Gənclər
Siyasəti üzrə
I Qlobal Forumun rəsmi açılışındakı
nitqində də bu məsələyə
toxunmuşdur: “Azərbaycanın
ən böyük nailiyyətlərindən biri
ondan ibarətdir ki, burada mədəni
müxtəliflik, etnik
və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli
ölkədir. Bütün
vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə mədəniyyətlərarası
dialoq forumlarını
keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə
aid, dünyanın müxtəlif
yerlərində yaşayan
insanların hansı şəkildə birgə
işləməsinə, əməkdaşlığına
və qarşılıqlı
fəaliyyətinə həsr
olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki hamımız bilirik
ki, bu gün
ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılmadır. Biz Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına üzvlüyümüzü
nəzərə alırıq.
Biz sıx əməkdaşlığa,
daha çox anlaşmaya, dəstəyə
töhfə verməyə
çalışırıq. Hesab edirəm ki, həmin səylər yaxşı nəticələr
verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş təmsilçiləri qəbul
edirik. Siz gənclər cəmiyyətlərinizin
fəal təbəqəsinin
nümayəndələrisiniz. Ölkələrinizdə sizi böyük
gələcək gözləyir.
Buna görə tanış olmaq, birgə çalışmaq,
bir-birinizin problemlərini
anlamaq və yardım etmək cəhdləri, fikrimcə,
çox vacibdir”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 20 noyabr.- S.1.
©