Ədliyyə sistemindəki
yeniliklər
xidmətin səviyyəsini
yüksəldir
Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz təcəssümünü tapmışdır.
Azərbaycan xalqı
tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri
məhz ümummilli liderimiz Heydər Əliyev epoxasında təkmilləşdirərək
dayanıqlı müstəqil dövlətini qura bilmişdir.
Ulu öndər Heydər
Əliyevin həyata keçirdiyi demokratik hüquqi dövlət
quruculuğu konsepsiyasında ölkənin ədliyyə-hüquq
sisteminin inkişafı da əsas diqqət mərkəzində
olmuş, köklü islahatlar prosesindən keçərək
yeni müasir hüquq sistemi yaradılmışdır.
Ümummilli liderimiz
dövlətin hüquq siyasətində ədliyyə
sisteminin mühüm rol oynadığına dərindən bələd
olduğundan onun təkmil bir struktur kimi inkişafına fəaliyyətinin
bütün dövrlərində xüsusi qayğı ilə
yanaşmışdır.
Azərbaycan ədliyyəsinin
əsrə bərabər tarixi inkişaf mərhələsinə
nəzər salanda şahidi oluruq ki, 1918-ci ildə Şərqin
ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı gündə Ədliyyə Nazirliyi təsis
edilmiş və qısa müddətdə dövrün tələblərinə
uyğun səmərəli fəaliyyət göstərmişdir.
Lakin sovet qoşunları tərəfindən ölkənin
işğal olunması dövlətin mühüm təsisatı
kimi Ədliyyə Nazirliyinin də işinə öz mənfi
təsirini göstərmişdir. Yalnız ümummilli liderimiz
Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə
gəlişindən sonrakı dövrdə Azərbaycan ədliyyəsinin
təkmil bir struktur kimi yenidən formalaşdırılmasına
başlanılmışdır.
Dahi rəhbərin
qayğısı sayəsində 1970-ci ildə sözügedən
nazirliyin yenidən təsis olunması ilə ədliyyə
tarixində yeni mərhələ başlanmış, nazirlik
sabit fəaliyyət göstərərək məhkəmə
orqanlarına təşkilati rəhbərliyi həyata
keçirmiş, əhaliyə hüquqi yardımı
yaxşılaşdırmış, notariat fəaliyyətinin
və məhkəmə ekspertizalarının
aparılmasını təmin etmişdir.
Hər il böyük
ruh yüksəkliyi ilə qeyd etdiyimiz 22 noyabr - Ədliyyə
İşçiləri Gününün təsis edilməsi
də məhz ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz bu tarixi əbəs yerə seçməmişdir.
Məhz həmin gün - 1918-ci ilin 22 noyabrında Ədliyyə
Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.
Ulu öndərin
müstəqillik illərində həyata keçirdiyi
demokratik hüquqi dövlət quruculuğu prosesində
yaxından iştirak edən Azərbaycan ədliyyəsi əhəmiyyətli
inkişaf yolu keçmiş, nazirliyin fəaliyyət dairəsi
genişlənmiş, cəmiyyətdəki rolu artmış, ədliyyə
fəaliyyəti müasir dövrün tələbləri səviyyəsində
qurulmuş, müvafiq struktur dəyişiklikləri
aparılaraq yeni qurumlar yaradılmışdır.
İnsan
hüquqlarının qorunması, sosial-müdafiə
proqramlarının həyata keçirilməsi, ailə
sağlamlığının təmin olunması, əhalinin
demoqrafik inkişafı və mənəvi
sağlamlığının müdafiə edilməsi, habelə
cəmiyyətdə mövcud olan bir çox digər
mühüm hüquqi və sosial proseslərdə vacib rol
oynayan vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı sistemi də yenidən
qurulmuş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bütün sahələrdə
əhalinin rifahının, onlara göstərilən hüquqi
xidmətin yaxşılaşdırılmasını daim diqqət
mərkəzində saxlayan ulu öndərin “Azərbaycan
Respublikasında vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi
haqqında” 2002-ci il 31 iyul
tarixli fərmanı ilə nikahın, doğumun və
ölümün qeydiyyat ilə bağlı səlahiyyətlər
yerli icra hakimiyyətlərinə verilmişdir.
Bu gün yeni ailə
quran gənclərimizin nigaha daxil olarkən artıq ənənə
halını almış təntənəli nigah mərasimlərini
məhz dahi rəhbərimizin adını daşıyan Heydər
Əliyev mərkəzlərində keçirmələri
xalqımızın, gənc nəslin ulu öndərimizə
sonsuz məhəbbətinin və ehtiramının təzahürüdür.
Ümummilli liderimiz
Heydər Əliyevin mütərəqqi hüquq islahatları
2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xatırladım ki,
2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək,
ona hüquq-mühafizə orqanı statusu verilmiş,
“Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanın
imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə
haqqında” Qanunun, habelə “Azərbaycanda ədliyyənin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı”nın qəbulu xüsusi əhəmiyyət
kəsb etmişdir.
Ölkə
başçısının “Ədliyyə orqanlarının
inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanı
ilə Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni
dövrün tələbləri səviyyəsində təşkili
baxımından bir sıra yeni idarələr
yaradılmışdır. Fərman əsasında bölgələrdə
regional ədliyyə şöbələrinin və rayon
(şəhər) qeydiyyat şöbələrinin
yaradılması əhalinin bu orqanlara müraciət
imkanlarını asanlaşdırmış, habelə
regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli
hüquqşünasların işlə təmin olunmasına
xidmət etmişdir.
Ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə respublikamızda aparılan məqsədyönlü
islahatlar zamanı dövlət idarəçiliyində
müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq
olunmasına, əhaliyə yeni elektron xidmətlərin
göstərilməsinə xüsusi önəm verilmişdir.
Bu sahənin inkişafı çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən
də xeyli iş görülmüş, cənab Prezidentin “Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” fərmanına uyğun
olaraq nazirliyin internet saytında elektron xidmət bölməsi
yaradılmışdır.
Əhaliyə göstərilən
hüquqi xidmətlərin səmərəliliyinin
artırılması məqsədilə notariat kontorlarında
universal elektron xidmət köşkləri
quraşdırılaraq vətəndaşların istifadəsinə
verilmişdir. Qeydiyyat orqanlarında isə “pay-point” ödəniş
terminallarının tətbiqi vətəndaşların məmnunluğuna
xidmət edir. Bütün bunlarla yanaşı, “Vətəndaşlıq
vəziyyəti aktları”, “Elektron notariat”
avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri
qurularaq, notariat kontorları və qeydiyyat orqanları vahid
elektron şəbəkədə birləşdirilmişdir.
Ədliyyə Nazirliyi
ötən müddət ərzində ölkə vətəndaşları
və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
barəsində dövlət informasiya ehtiyatının
formalaşdırılması məqsədi ilə Əhalinin
Dövlət Reyestrini tam formalaşdırmışdır.
BMT-nin İnkişaf
Proqramı ilə birgə həyata keçirilmiş layihə
çərçivəsində “Əhalinin Dövlət Reyestri”
avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
yaradılmış və 75 il ərzində ölkəmizdə
tərtib edilmiş 15 milyondan çox vətəndaşlıq
vəziyyəti akt qeydi bir neçə il çəkən nəhəng
iş sayəsində elektron formata keçirilmişdir.
Beləliklə,
müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
nəticəsində digər xidmət sahələrində
olduğu kimi, qeydiyyat orqanlarının da işini xeyli
asanlaşdırmış və sürətləndirmişdir.
Ədliyyə
Nazirliyinin rəhbərliyi tərəfindən rayon (şəhər)
qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə,
işin müasir tələblər səviyyəsində təşkilinə,
onların maddi-texniki bazasının
yaxşılaşdırılmasına, infrastrukturun müasirləşdirilməsinə
daim xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, son illər
respublikamızın müxtəlif bölgələrində
qeydiyyat şöbələri binalarının əsaslı təmir
olunması, müasirləşdirilməsi, həmçinin
yeni ədliyyə binalarında qeydiyyat şöbələri
üçün zəruri infrastrukturun yaradılması
işin səmərəliliyinin artırılmasına, vətəndaşlara
daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə
xidmət etmişdir.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin böyük
qayğısı ilə daim yeniləşən ədliyyə
sistemində qazanılan nailiyyətlər bizi daha əzmlə
və məsuliyyətlə çalışmağa, insan
hüquq və azadlıqlarının etibarlı təmin
olunmasına, demokratik hüquqi dövlət quruculuğu
prosesinə layiqli töhfələr verməyə sövq
edir.
Ədliyyə orqanlarının yaranmasının 96-cı ildönümü və 22 noyabr - Ədliyyə İşçiləri Günü ərəfəsində əminliklə deyə bilərəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında məhkəmə-hüquq və ədliyyə sisteminin müasirləşdirilməsi tədbirləri bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycan ədliyyəsi daha da inkişaf edərək yeni-yeni uğurlara imza atacaq və öz şanlı tarixinin qızıl səhifələrini yazacaqdır.
Firuzə NƏBİYEVA,
Nəsimi Rayon Qeydiyyat
Şöbəsinin rəisi
Xalq qəzeti.- 2014.- 21 noyabr.- S.7.