Ədliyyə
orqanlarında aparılan islahatlar vətəndaşların
hüquq və mənafelərinin etibarlı təminatına
xidmət edir
Hər
bir dövlətin apardığı hüquqi islahatların səmərəli
nəticələr verməsi, ilk növbədə, ədliyyə
sisteminin fəaliyyətinin müasirləşdirilərək
yeni dövrün tələbləri səviyyəsində
qurulmasından asılıdır. İctimai həyatın
bütün yönlərində müşahidə olunan
yeniliklər son 11 ildə iqtisadi inkişaf tempinə,
demokratikləşmə, insan hüquq və
azadlıqlarının qorunması sahəsində regionun lider
dövlətinə çevrilmiş Azərbaycanda ədliyyə
sisteminin inkişafını və beynəlxalq standartlara
uyğun qurulmasını obyektiv sosial zərurətə
çevirmişdir.
Noyabr ayının 22-də yaranmasının
96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi
müstəqilliyimizlə bərabər inkişaf yolu
keçmiş, tarixin sərt sınaqlarından
üzüağ çıxaraq dövrümüzün
mühüm hüquqi təsisatlarından birinə
çevrilmişdir. Xatırlatmaq lazımdır ki, Azərbaycanın
dövlət müstəqilliyinin elan olunduğu gündə
-1918-ci ilin 28 mayında Ədliyyə Nazirliyi də təsis
edilmiş və ona rəhbərlik edilməsi
dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy
Xasməmmədova tapşırılmışdır. Nazirlər
Şurasının qərarı ilə 1918-ci il noyabrın
14-də Azərbaycan Məhkəmə Palatasının, 22-də
isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq
olunmuşdur.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan
sonra Ədliyyə Nazirliyinin
mükəmməl struktur kimi
əsaslı surətdə formalaşdırılması, ədliyyə
işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin
yaradılması məhz ötən əsrin 70-ci illərinə
– Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin respublikamıza birinci rəhbərliyi
dövrünə təsadüf edir. Azərbaycan
ötən əsrin sonlarında suverenliyini
bərpa etdikdən sonra isə ulu öndər hüquqi
dövlətin yaradılması baxımından ədliyyə
orqanlarının fəaliyyətinin gücləndirilməsini
son dərəcə zəruri
saymışdır.
Müstəqil
dövlətin prezidenti kimi
Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə
Ədliyyə Nazirliyinin
funksiyalarının yeni ictimai-iqtisadi
formasiyanın tələblərinə
uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, bu
dövlət qurumunun strukturu
təkmilləşdirilmiş, iş üsul və vasitələri müasirləşdirilmişdir.
Bu illərdə vətəndaşların ədliyyə
orqanlarına müraciət etmək imkanlarının
asanlaşdırılması, hüquqi
şəxslərin və vətəndaş vəziyyəti
aktlarının dövlət qeydiyyatı, habelə notariat sahələrində göstərilən
hüquqi xidmətlərin müasir
tələblər səviyyəsində
qurulması, penitensiar müəssisələrin
fəaliyyətinin yeni dövrün
tələblərinə uyğun təşkili,
məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir. Nazirlikdə bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti
həyata keçirən mərkəz, istintaq
idarəsi, icra xidməti də
yaradılmış, onun cəmiyyətdəki
rolu əhəmiyyətli dərəcədə
artmışdır.
İqtisadi və hüquqi
proseslərin tənzimlənməsində mühüm
rolu nəzərə alınaraq ötən
illərdə notariat və vətəndaşlıq
vəziyyəti aktları orqanlarında da
əsaslı islahatlar həyata keçirilmişdir. Vətəndaşlara
göstərilən hüquqi xidmətin
yaxşılaşdırılmasının vacibliyini
daim diqqətdə saxlayan
ulu öndər Heydər Əliyevin “Azərbaycan
Respublikasında vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı işinin
təkmilləşdirilməsi haqqında” 31 iyul
2002-ci il tarixli fərmanı
ilə bu sahədə müəyyən səlahiyyətlər
yerli icra hakimiyyətlərinin
nümayəndəliklərinə verilmişdir.
2003-cü
ildən ulu öndər Heydər
Əliyevin ən layiqli
davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında davam
etdirilən müvafiq islahatlar
yeni tarixi şəaitdə
Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas
orqanlardan birinə çevirmişdir. Bu dövrdə ədliyyə sahəsində dövlət
idarəçilik mexanizmlərinin müasirləşdirilməsi,
ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq
və aşkarlıq prinsipi əsasında
qurulması, nazirliyin işinin
və strukturunun daha optimal şəkildə təşkili, əhalinin
hüquq institutlarına və hüquqi yardıma tələbatının
ödənilməsi istiqamətində zəruri islahatlar həyata keçirilmişdir.
Ədliyyə
orqanlarının işinin təkmilləşdirilməsi
üzrə tədbirlər çərçivəsində bu fəaliyyəti tənzimləyən mükəmməl
qanunvericilik bazasının
formalaşdırılmasına da sahənin
prioritetlərindən biri kimi
diqqət yetirilmişdir. Ölkə Prezidentinin 18 aprel
2006-cı il tarixli fərmanı
ilə “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”nin təsdiq edilməsi sonrakı mühüm
addımlardan olmuşdur. Yeni
əsasnamə ilə nazirliyə ədliyyə sahəsində
vahid dövlət siyasətini həyata
keçirən hüquq-mühafizə orqanı statusu verilmiş, onun fəaliyyət istiqamətləri
genişləndirilmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisinin 26 may 2006-cı ildə qəbul etdiyi
“Ədliyyə orqanlarında qulluq
keçmə haqqında” Qanunda isə ədliyyə
sistemində və onun strukturlarında
qulluqkeçmə qaydaları və şərtləri, ədliyyə
qulluqçularının hüquqi vəziyyətinin
əsasları müəyyən edilmişdir. Qanunda ədliyyə
işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi, maddi təminatının
möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini
tapmışdır.
Bununla yanaşı, ədliyyə orqanlarında mühüm struktur
islahatları da aparılmışdır.
Ölkə başçısının “Ədliyyə
orqanlarının inkişafı haqqında” 17 avqust
2006-cı il tarixli fərmanı
ilə nazirliyin strukturunda
ciddi dəyişikliklər edilmiş, o cümlədən
yeni qurumlar
yaradılmış, bir sıra
qurumların funksiyaları dəqiqləşdirilmiş,
digərlərinin statusu genişləndirilmişdir.
Fərman əsasında bölgələrdə
regional ədliyyə şöbələrinin
və rayon (şəhər) qeydiyyat şöbələrinin
yaradılması əhalinin ədliyyə fəaliyyəti ilə
bağlı müraciət imkanlarını
asanlaşdırmış, nazirliyin yerli qurumlara rəhbərlik
və nəzarətinin daha da yaxşılaşdırılmasına şərait
yaratmışdır.
Ədliyyə
Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin
əsasında Ədliyyə Akademiyasının
yaradılması isə ali hüquq təhsilli şəxslərin
ixtisasları üzrə peşə səviyyəsinin yüksəldilməsi,
habelə ədliyyə orqanları işçilərinin,
hakimlərin və digər hüquqşünasların peşə
hazırlığının artırılması məqsədinə xidmət etmişdir.
Ədliyyə
orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək
hazırlığa malik kadrlarla
möhkəmləndirmək məqsədilə 2006-cı ildə
dövlət qulluğunun xüsusi
növü olan ədliyyə
orqanlarına qulluğa qəbulun müsabiqə
yolu ilə həyata keçirilməsi qərara
alınmış, həmin il dekabrın
9-da Azərbaycan ədliyyəsinin tarixində ilk
dəfə olaraq ədliyyə
orqanlarında işləmək istəyən namizədlər
şəffaflıq və aşkarlıq şəraitində test imtahanından keçmişlər.
2007-ci il noyabrın 24-ü və 2008-ci il oktyabrın 25-i tarixlərində “Notariat haqqında” Qanuna uyğun olaraq notariat fəaliyyəti ilə peşəkarcasına
məşğul olmaq üçün
şəhadətnamə almaq istəyən
namizədlərlə test imtahanı keçirilmişdir. İmtahanlarda
və sonrakı müsahibələrdə uğur
qazanmış namizədlərə şəhadətnamə verilməklə yeni notariuslar korpusu formalaşdırılmış, eyni zamanda, xüsusi
notariat institutunun tətbiqinə
başlanılmışdır.
“Azərbaycan
ədliyyəsinin inkişafına dair
2009-2013-cü illər üçün
Dövlət Proqramı” isə milli ədliyyə
sisteminin müasirləşdirilməsi və
fəaliyyətinin daha da
təkmilləşdirilməsi istiqamətində indiyədək
həyata keçirilmiş məqsədyönlü
tədbirlər sisteminin uğurlu
davamı olmuşdur. Dövlət Proqramı əsasında
ötən illərdə ədliyyə orqanlarının
faliyyətində müasir informasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi,
normativ-hüquqi və maddi-texniki
təminatın yaxşılaşdırılması, ədliyyə
orqanları işçilərinin sosial
müdafiəsinin və kadr
potensialının gücləndirilməsi istiqamətində geniş tədbirlər
həyata keçirilmişdir.
Dövlət
Proqramı çərçivəsində “Qeyri-kommersiya
hüquqi şəxsləri”
avtomatlaşdırılmış qeydiyyat-
informasiya sistemi də
yaradılmışdır. Burada qeydiyyata alınmış bütün
qeyri-kommersiya hüquqi
şəxslər və onların fəaliyyəti barədə
məlumatlar informasiya resursuna
daxil edilmişdir. Bundan əlavə, “Vətəndaşlıq vəziyyəti
aktları”, “Elektron notariat”
avtomatlaşdırılmış qeydiyyat-
informasiya sistemləri
formalaşdırılmış, notariat
kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə
birləşdirilmişdir.
Həyata keçirilən
mütərəqqi islahatlar çərçivəsində
ədliyyə orqanlarında şəffaflığın və
açıqlığın təmin olunması xüsusi diqqətdə
saxlanılmışdır. Vətəndaşlara
daim yeniləşən qanunvericilik
aktlarının mətni ilə birbaşa,
sərbəst şəkildə tanış olmaq
imkanının verilməsi, habelə onların hüquqi biliklərinin artırılması məqsədilə
2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat
bazası (www.e-qanun.az), 2011-ci ilin iyulundan isə Hüquqi Aktların Dövlət Reyestrinin elektron
variantı (www.huquqiaktlar.gov.az) fəaliyyət
göstərir.
Son illərdə Ədliyyə Nazirliyi
ölkə vətəndaşları və Azərbaycan
Respublikasında daimi yaşayan
əcnəbilər, habelə vətəndaşlığı
olmayan şəxslər barəsində
dövlət informasiya ehtiyatının
yaradılması məqsədilə Əhalinin Dövlət Reyestrini də formalaşdırmışdır. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata
keçirilmiş layihə çərçivəsində
“Əhalinin Dövlət Reyestri”
avtomatlaşdırılmış qeydiyyat-
informasiya sistemi qurulmuşdur.
Ölkəmizin
dinamik sosial-iqtisadi
inkişafı, demoqrafik göstəricilərin
kifayət qədər yüksək olduğu
hazırkı şəraitdə vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı işinin
müasirləşdirilməsinə obyektiv
sosial zərurət kimi
xüsusi önəm verilmişdir. Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri
öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının,
nikahın pozulmasının, övladlığa götürmənin,
atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin,
ölümün
qeydiyyatını aparırlar.
Son illər bu sahədə
fəaliyyətin təkmilləşdirilməsi istiqamətində
səmərəli və məqsədyönlü tədbirlər
görülmüşdür.
Xatırlatmaq yerinə düşər ki,
Nazirlər Kabinetinin 2011-ci il
12 may tarixli qərarı
ilə mühüm əhəmiyyətə
malik olan “Adın, ata adının və soyadın verilməsi və
dəyişdirilməsi Qaydaları” təsdiq edilmişdir.
Bu qaydalar adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi,
soyad sonluğuna dəyişiklik
edilməsi kimi məsələləri tənzimləyir.
Bundan başqa, Ailə və İnzibati
Xətalar məcəllələrinə edilmiş
dəyişikliklərdə üzrlü səbəb
olmadan doğumun qeydə
alınması üçün
qanunvericiliklə müəyyən olunmuş
müddətlərin pozulmasına görə valideynlərin məsuliyyəti
nəzərdə tutulmuşdur. Bundan başqa, doğum barədə
məlumatların səhiyyə orqanı tərəfindən
Ədliyyə Nazirliyinin informasiya
sisteminə və oradan valideynin
yaşayış yeri üzrə qeydiyyat şöbələrinə
avtomatlaşdırılmış rejimdə ötürülməsini
təmin edən yeni proqram
hazırlanmışdır.
Yeni ictimai münasibətlər sisteminin xarakteri ilə
bağlı Ədliyyə Nazirliyinin mühüm qurumlarından olan
qeydiyyat orqanlarının səlahiyyətləri
və funksiyaları da genişləndirilir.
Ölkə başçısı İlham
Əliyevin 2014-cü il 9 sentyabr
tarixli fərmanına əsasən, “15
yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya
kartı haqqında” Qanunun tətbiqi ilə
bağlı mərkəzi icra hakimiyyəti
orqanının bir sıra səlahiyyətləri
Ədliyyə Nazirliyinə verilmişdir. Qanun 15 yaşı tamam
olmamış Azərbaycan Respublikası vətəndaşına
fərdi identifikasiya kartının verilməsi,
dəyişdirilməsi, müvəqqəti alınması, təhvil
verilməsi və qüvvədən düşmüş
hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
Fərdi identifikasiya kartı Azərbaycan
Respublikasının ərazisində 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyətini təsdiq edən sənəd olmaqla qeydiyyat orqanları
tərəfindən veriləcəkdir.
Son illər ədliyyə orqanlarında iş şəraitinin
yaxşılaşdırılması, onların müasir İKT ilə təchizatı da diqqətdə saxlanılan məsələlərdəndir.
Bu sırada Bakı və Mingəçevir
şəhərlərində, Xaçmaz,
İmişli, Şəki, Biləsuvar, Siyəzən,
Xızı, Salyan və digər rayonlarda regional ədliyyə
və qeydiyyat şöbələri, notariat kontorları, habelə məhkəmələr
üçün müasir
standartlara uyğun yeni binalar inşa
edilmiş, təmir və yenidənqurma
işləri aparılmışdır.
Ümummilli lider Heydər
Əliyevin 11 noyabr 2000-ci il
tarixli sərəncamı ilə ədliyyə
işçilərinə yüksək etimad
göstərilmiş, 22 noyabr ədliyyə
işçilərinin peşə bayramı günü
elan edilmişdir. Bu yüksək etimad hər
bir ədliyyə işçisində dərin
minnətdarlıq və iftixar hissi doğurur və
ölkəmizin ədliyyə tarixinə, onun
ənənələrinə ehtiramın təzahürü kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən mütərəqqi
islahatlar isə Azərbaycan ədliyyəsini
daha sürətli inkişaf
yoluna çıxarmış, onun modernləşməsini təmin etmişdir. Bütün bunların müqabilində hər bir
ədliyyə əməkdaşı da
qanunvericiliyə əsasən üzərinə düşən
vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların
hüquq və mənafeyini yüksək səviyyədə
qorumağa, cəmiyyətdə məmnunluğu təmin etməyə
çalışır.
Reyhanə KƏRİMOVA,
Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının
Reyestri
Xidmətinin rəisi
Xalq qəzeti.- 2014.- 21 noyabr.- S.7.