Azərbaycanda məhkəmə-hüquq
sisteminin müasirləşdirilməsi mütərəqqi
dünya təcrübəsinə əsaslanır
22
noyabr Ədliyyə işçilərinin peşə
bayramıdır
Hər bir şəxs Konstitusiya və
qanunlara dönmədən əməl etməli, ondan irəli
gələn dövlət və cəmiyyət
qarşısında vəzifələri layiqincə yerinə
yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesində
yaxından iştirak etməlidir.
Heydər ƏLİYEV
Ümummilli lider
Son illər ərzində Azərbaycanda
məhkəmə-hüquq sistemində aparılmış
köklü islahatlar öz bəhrəsini verir.
İnsanların məhkəmə orqanlarının qərarlarına
inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən
bu məsələ ilə əlaqədar gələn şikayətlərin
sayı azalır, məhkəmə qərarları ədalətli
çıxarılır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və Prezident İlham Əliyevin idarəetmədəki qətiyyəti sayəsində sürətli müasirləşmə yolu tutan müstəqil Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etməkdə olan dövlətlərinin önündə getməyi ilə xüsusi bir nümunə formalaşdırır. Beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız səmimi şəkildə etiraf edirlər ki, Azərbaycanın bütün uğurlarının təməlində ölkədə reallaşdırılan hərtərəfli islahatlar kompleksi dayanır. Təbii ki, bu islahatların sırasında ən çox nəzərə çarpan və müsbət nəticələr verən sahələrdən biri də məhkəmə-hüquq sistemində böyük uğurla həyata keçirilən və müasir dövrün tələblərinə cavab verən innovativ tədbirlərdir. Çox maraqlıdır ki, bizdə bu sahədə aparılan yeniləşmələr öz müsbət nəticəsini verdikcə Avropadakı həmkarlarımız həmin islahatları artıq Azərbaycanda uğurla reallaşdırılan məhkəmə-hüquq tədbirləri adlandırırlar. Ədliyyə işçilərinin peşə bayramı münasibətilə qələmə aldığımız bu yazıda da məhz ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında görülmüş möhtəşəm işlər, Prezident İlham Əliyevin bu sahənin dünya təcrübəsi səviyyəsinə qaldırılması üçün atdığı addımlar, məhkəmələrin və bütövlükdə ədliyyə strukturlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədilə reallaşdırılan tədbirlər barədə söz açmağa çalışacağıq.
Öncə
xatırladaq ki,
ədliyyə işçilərinin peşə bayramı ümummilli
lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı sərəncamla təsis olunmuşdur. Eyni zamanda, Prezident İlham Əliyevin bu sahədə
islahatların dərinləşdirilməsinə, ədliyyə
işçilərinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına dair
sərəncamları çoxminli ədliyyəçilər
ordusu tərəfindən yüksək
qiymətləndirilir. Dövlət idarəçiliyinin bütün
sahələrində ulu öndər Heydər Əliyevin siyasi
xəttini uğurla davam
etdirən Prezident İlham
Əliyevin səyləri nəticəsində Azərbaycanda müşahidə olunan inkişaf meyilləri
ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Məhz
cənab Prezidentin rəhbərliyi ilə həyata
keçirilən dinamik inkişaf,
genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı
regionda lider dövlətə
çevirmişdir. Bu, bir faktdır ki, hazırda ədliyyə
sahəsində dövlət siyasətini və idarəetməni
həyata keçirən Ədliyyə Nazirliyi
normativ hüquqi
aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını məhz zamanın tələbləri
səviyyəsində aparır. Nazirlik,
eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsində
iştirak edir, o cümlədən, qanun
layihələri hazırlayır və normativ
sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə
işləri aparır.
Hələ 1993-cü ildə ulu
öndərimiz xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra
qarşıya qoyduğu vəzifələri
belə bəyan etmişdi: “Azərbaycan
Respublikasında demokratik, hüquqi
dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında
fəaliyyət göstərməlidir, öz
tarixi, milli ənənələrindən
bəhrələnərək, dünya
demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik
dövlət quruculuğu yolu
ilə getməlidir”.
Böyük dövlət xadiminin
bütün plan və
proqnozları kimi, bu məqsədləri
də xalqın misilsiz dəstəyi ilə
qısa bir müddətdə günün reallığına çevrildi. Ölkədə baş
verən ictimai-siyasi hadisələri dərindən təhlil
edən Heydər Əliyev görürdü ki,
Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə
demokratik, hüquqi
dövlət qurmaq, köklü
islahatlar aparmaq üçün, ilk
növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. Ona görə də öz
qətiyyətini ortaya qoyan
ulu öndər
prinsipial mövqedən
çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət
mənafeyi kimi amilləri ön
plana çəkmişdi. Cinayətkarlığın
bütün ünsürlərinə qarşı
qəti mübarizə aparmaq üçün dövlət
başçısının 1994-cü ildə
imzaladığı fərman qanunçuluğun
və hüquq qaydalarının möhkəmləndirilməsində
əsaslı dönüş yaratdı.
Ölkənin hüquq-mühafizə orqanları tərəfindən
müvəffəqiyyətlə həyata keçirilən
qəti tədbirlər nəticəsində cəmiyyətdə
hökm sürən hərc-mərcliyə
və özbaşınalığa birdəfəlik son qoyuldu.
Amma daha böyük
məramlar hələ qarşıda idi.
Beynəlxalq aləmin təcrübəsindən və
imkanlarından istifadə edərək gənc müstəqil
dövlətimizin inkişafına nail olmaq üçün Azərbaycan
bütün dünya üçün açıq elan
olunmalı idi. Ulu öndər dəqiq bilirdi ki, istənilən əcnəbi
şirkətin ölkəmizə gəlməsi üçün ortaya
atdığı konkret şərtlər olacaq: şirkət əməkdaşlarının
təhlükəsizliyinə, sərmayələrin
qorunmasına və müqavilələrin hüquqiliyinə zəmanət.
Bu zəmanətlər isə mükəmməl
hüquqi baza ilə, bir az da
konkret söyləsək, ölkənin
Əsas Qanunu ilə qoruna
bilərdi. Ona görə də zəngin
dövlətçilik təcrübəsinə malik olan Heydər
Əliyev hüquqi
dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Müstəqil
dövlətimizin ilk
Konstitusiyasının layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni
bilavasitə öz üzərinə
götürən dahi öndərimiz bununla bağlı xüsusi
yaradılmış komissiyaya şəxsən
rəhbərlik etdi.
İndi hamı bilir ki, 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyamızın müəllifi məhz ümummilli
liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan komissiyanın 10 noyabr
1995-ci il tarixli
iclasında demişdi: “Komissiyanın sədri
kimi mən bu böyük tarixi sənədin
hazırlanmasında öz şəxsi məsuliyyətimi
daim dərk etmişəm, bu
gün də dərk edirəm... Mən çox
rahatlıq hissi ilə bu
layihənin altından imza atıram və
bu layihəyə görə tam cavabdeh olduğumu
bu gün bəyan edirəm.
Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün
çox böyük bir sənəd — siyasi, hüquqi sənəd yaratmışıq”.
Ulu öndər xalqın böyük əksəriyyətinin
səsverməsi ilə ərsəyə gəlmiş Konstitusiyamıza əsaslanaraq
mükəmməl hüquq sistemi formalaşdırmaq üçün qabaqcıl beynəlxalq təcrübəni,
ümumbəşəri demokratik prinsipləri
rəhbər tutaraq, Azərbaycan
xalqının dövlətçilik tarixi və ənənələri
əsasında islahatlar aparmağa
başladı və bu məqsədlə
1996-cı ildə Hüquq
İslahatları Komissiyası yaratdı. Bu
islahatlara müstəsna
əhəmiyyət verən ümummilli liderimiz həmin
komissiyaya rəhbərliyi bilavasitə
öz üzərinə götürdü və bütün
işlərə şəxsən
özü rəhbərlik etdi. Hərtərəfli fəaliyyət
nəticəsində qısa bir müddətdə
“Konstitusiya Məhkəməsi
haqqında”, “Məhkəmələr və hakimlər
haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” qanunlar və hüquq sisteminin mahiyyətini
müəyyən edən digər qanun
və əsas məcəllələrin layihələri
hazırlandı və nüfuzlu beynəlxalq
qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
Dövlət
başçısının 1998-ci ildə
imzaladığı “İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında” fərmanda
bu sahədə həyata keçirilən
tədbirlərin istiqaməti və konsepsiyası səhih
müəyyən edildi, insan
hüquqları məsələsi
ümumdövlət səviyyəsinə
qaldırılırdı.
Ulu öndərimizin insan
hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri,
şübhəsiz ki, ölüm
cəzasının ləğvi olmuşdur.
1993-cü ildən ölüm cəzasının
icrasına veto qoyulması, 1998-ci ildə
isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza
növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə
böyüklüyünü bir daha təsdiqləyirdi.
Heydər
Əliyev 1998-ci ilin
dekabrında BMT-nin Ümumdünya
insan hüquqları Bəyannaməsinin 50
illik yubileyi tədbirində
bu barədə danışarkən demişdi: “Ölüm hökmünün ləğv olunması
hansısa bir cinayətkara rəhm etmək
məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir.
Ölüm hökmünün
ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan
dövləti humanist siyasət aparan bir dövlətdir”. Bu faktlar və mülahizələr
bizə — Azərbaycan ədliyyəsinin hakimlər korpusuna, sözün həqiqi mənasında, bir dərs idi.
Yeri gəlmişkən, mən hakim olduğuma görə,
daha çox hüquq islahatlarının öz
sahəmizə aid olan
tərəfləri barədə danışmaq istəyirəm.
Bəşər övladına yaxşı məlumdur
ki, ədalət mühakiməsinin
müstəqil və qərəzsiz məhkəmələr tərəfindən
həyata keçirilməsi ideyasının
reallaşdırılması əsrlərdən bəri bütün mütərəqqi insanları və
demokratik dövlətləri
düşündürən məsələlərdən biridir. Aqillərin fikrincə, ədalətli məhkəmə demokratik cəmiyyətin
əsas sütunlarından biridir. Odur ki, gənc Azərbaycan
dövləti üçün demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə
müstəqil məhkəmə hakimiyyətinin
formalaşmasına xüsusi diqqət yetirirdi.
Heydər Əliyev çox yaxşı bilirdi
ki, müstəqil məhkəmə
hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq
mümkün
deyil. Belə məhkəmə
hakimiyyəti yaratmaq üçün
isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq
islahatları aparılmalı idi. Məhz ona görə də
Heydər Əliyevin təşəbbüsü ilə
1997-ci ildə zəngin demokratik ənənələri
olan ölkələrin təcrübəsinə
əsaslanan “Məhkəmələr və hakimlər
haqqında” Qanun qəbul edildi.
Həmin qanunun tətbiq
edilməsi və məhkəmə islahatlarının həyata
keçirilməsinə dair tədbirlər
haqqında proqram xarakterli
fərman imzalandı və ölkəmizdə məhkəmə
quruluşunun və məhkəmə
icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə
başlanıldı.
1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərman
əsasında ardıcıl surətdə gerçəkləşdirilən
məhkəmə islahatlarının başlıca məqsədi
olaraq qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin
dövlət idarəçilik mexanizmində nüfuzlu
və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və azadlıqlarının
müdafiəsinin yüksək səviyyədə təşkili,
peşəkar hakim korpusunun
formalaşdırılması və digər konseptual
məsələlər hədəflənmişdir.
Həmin qanuna əsasən, hakimiyyətin üç müstəqil qolundan
biri olan məhkəmələr
dünyanın mütərəqqi təcrübəsinə əsaslanan
modeldə formalaşdırılmışdır. Bu modelə əsasən,
ölkədə birinci instansiya,
apelyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir.
Üçpilləli məhkəmə sistemi
ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə, işlərə
birinci instansiya qaydasında
baxılmasına, bundan sonra
qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında baxılmasına, daha sonra isə kassasiya qaydasında yenidən
baxılmasına imkan verir.
Bu sistem birinci instansiya məhkəməsinin
buraxdığı hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan
qaldırılmasına, işlərə düzgün
və obyektiv baxılmasına şərait
yaradır.
Yeri gəlmişkən, ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə
etdiyi müsbət nəticələr və
Avropa Şurasının Ədalət
Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası
(CEPEC) ilə faydalı əməkdaşlığı nəzərə
alınaraq sədrlik çərçivəsində 50-dən
çox ölkədə məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsinə kömək
edən və ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına əhəmiyyətli töhfələr
verən bu qurumun plenar iclasının bu ilin iyulunda Strasburqdan
kənarda — Bakıda keçirilməsi qərara
alınmışdı. Tədbirdə iştirak
etmək üçün CEPEC-in
rəhbər şəxsləri, o cümlədən, prezidenti Con Steysi və komissiya üzvləri Azərbaycana səfərə
gəlmişdilər.
Tədbirdə
bildirilmişdir ki, Avropa Şurası ilə birgə
qarşılıqlı fəaliyyət nəticəsində məhkəmə
fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası
formalaşdırılmış, institusional
mexanizmlər, o cümlədən məhkəmə
hakimiyyətinin özünüidarə funksiyasını həyata
keçirən müstəqil
Məhkəmə-Hüquq Şurası təsis edilmişdir. Həmçinin ədalət
mühakiməsinə, məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılması məqsədilə
son illər geniş regional məhkəmə şəbəkəsi,
apelyasiya, inzibati,
ağır cinayətlər məhkəmələri
yaradılmış, hakimlərin sayı iki
dəfə artırılmış, qabaqcıl informasiya- kommunikasiya
texnologiyaları ilə təchiz olunmaqla məhkəmə
infrastrukturunun müasirləşdirilməsi
üzrə davamlı tədbirlər görülmüşdür.
Azərbaycan
Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycanın
Avropa Şurası, o
cümlədən CEPEC ilə məhkəmə-hüquq sahəsində
uğurla əməkdaşlıq etdiyini vurğulamış, hakimlərin
müstəqilliyinin təmin olunmasını, vətəndaşlara
keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini, məhkəmələrdə
şəffaflığın artırılmasını, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
qeyd etmiş, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması faktını
qonaqların diqqətinə çatdırmışdır.
Bu il oktyabrın 24-də
isə ölkəmizim məhkəmə hakimiyyətinin
mükəmməl təcrübəsi barədə faktları
Avropadakı həmkarlarımıza daha
müfəssəl şəkildə təqdim etmək
şansı qazandıq. Belə ki,
həmin gün Bakıda Azərbaycan
Respublikası Ali Məhkəməsinin və
Avropa Şurasının birgə təşkilatçılığı
ilə “İnsan hüquqları və əsas
azadlıqları haqqında Avropa
Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans
öz işinə başladı. Konfransın açılışında İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
sədri və hakimləri, Avropa
Şurasına üzv dövlətlərin
və digər ölkələrin Konstitusiya
məhkəmələrinin, Ali və Ali İnzibati və digər
məhkəmələrinin 60-dan çox
sədri və hakimi, Avropa
Şurası Nazirlər Komitəsi Katibliyinin vəzifəli
şəxsləri, vəkillər və hüquq
sahəsində çalışan alimlər iştirak
edirdilər. Ədliyyə sisteminə və ədalət
mühakiməsinə birbaşa dəxli olan həmin insanların siyahısı elə bu tədbirin mötəbərliliyindən və
əhəmiyyətindən xəbər verirdi.
Ölkəmizin məqsədi
hüququn aliliyinin
qorunması, insan hüquq
və azadlıqlarının müdafiəsini təmin edən
demokratik hüquqi
dövlətin qurulması, bu sahədə
Avropa dövlətlərinin zəngin təcrübəsindən
istifadə edilməsidir. Son 10 ilə
yaxın müddətdə Azərbaycanda hakimlərin yeni şəffaf seçki
sistemi fəaliyyət göstərir. Biz bu müddətdə Avropa
Konvensiyasını mənimsəyib, Avropa
Məhkəməsinin presedent qərarlarını
dərindən öyrənib, onları şərh etmək
qabiliyyətinə malik hakimliyə namizədlərin
hazırlanmasına və hakim vəzifələrinə
seçilməsinə nail olmuşuq.
Bundan başqa, tədbirdə belə bir fikir də səsləndirildi ki, Azərbaycanın Ali
Məhkəməsinin təcrübəsi Avropa
Konvensiyasını birbaşa tətbiq edən
məhkəmələr üçün
örnəkdir. Ali Məhkəmə ədalət
mühakiməsini Avropa Konvensiyasına uyğun və öz
diskresiyasına əsaslanaraq həyata keçirir.
Avropa Məhkəməsinin
ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin
qərarlarına yenidən baxır və bu
zaman yol verilmiş səhvlərin təkrar edilməsinin
qarşısını almağa, bunun üçün
hakimlərin Avropa Məhkəməsinin qərarlarına
yaradıcı yanaşmalarına, onları xüsusi dəqiqliklə öyrənmələrinə
çalışır.
Xatırladılmalı
daha mühüm məqamlardan
biri də budur ki, Prezident İlham Əliyev Avropa Şurası Parlament
Assambleyasının 2014-cü il iyun sessiyasındakı
çıxışında Azərbaycanın Avropa
Şurasının Nazirlər Komitəsinə sədrliyinin
prioritetlərini müəyyən edərkən bu məqamları
önə çəkmişdi: Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq
vasitəsilə qanunun aliliyinin
gücləndirilməsi, mədəniyyət baxımından
fərqli cəmiyyətlərin qarşılıqlı
hörmət və anlaşma əsasında
konsolidasiyası, sosial birliyin,
insan hüquq və
azadlıqlarının təmin edilməsi, gənclərin
insan
hüquqları və demokratiya məsələləri
üzrə maarifləndirilməsi.
Əslində, bu prinsiplər on illərdir ki, həm ulu öndərimizin, həm də möhtərəm dövlət
başçımızın siyasi faliyyətinin
əsas istiqamətlərini təşkil edir.
Biz hakimlər məhz dövlət
başçımızın həmin tezislərini bilavasitə
dövlətin tələb etdiyi səviyyədə
reallaşdırırıq.
Həyata
keçirilən tədbirlər və görülən
işlər nəticəsində bu gün Azərbaycanda
insan hüquqlarının və əsas
azadlıqlarının təmin edilməsində
başlıca rol mülki,
inzibati və ya cinayət
işlərinə müstəqil, obyektiv,
qərəzsiz qiymət
vermək imkanına malik olan
məhkəmələrə mənsubdur. Ölkəmizdə
müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi
üçün məqsədyönlü
iş aparılır. Nailiyyətlərimiz
sırasında müasir tələblərə
cavab verən məhkəmə infrastrukturunun qurulması, yeni
apelyasiya və inzibati-iqtisadi
məhkəmələrin bölgələrdə təsis
edilməsi, Məhkəmə-Hüquq Şurasının
yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi,
Ədliyyə Akademiyasının formalaşdırılması
və sair faktlar vardır. Eyni zamanda, ölkəmizdə ilk
dəfə olaraq peşə fəaliyyətinə
buraxılış institutu tətbiq olunmuş, ədliyyə işçilərinin,
prokurorların, vəkillərin və digər
hüquqşünasların ixtisasının
artırılması yeni
yaradılmış Ədliyyə Akademiyasına həvalə
edilmişdir.
Ölkəmizdə
reallaşdırılan daha bir tədbirin –
hakimlərin seçilməsinə dair
yeni şəffaf prosedurların Avropa Şurasının CEPEC tərəfindən ən
yaxşı təcrübələrdən biri
kimi qəbul edilməsinin əsas səbəbi
budur ki, bu prosedurlar nəticəsində
gənc, müasir düşüncəli, məhkəmənin presedent hüququna dair biliklərə malik olan şəxslər hakim
vəzifəsinə təyin edilir. Onlar hakim korpusunun
60 faizindən çoxunu təşkil edirlər. Nəticədə
Ali Məhkəmənin qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent
hüququ nəzərə alınmaqla,
konvensiyanın tələblərinə riayət edilməklə
qəbul olunur.
Ölkəmizdə
ədliyyə sisteminin və xüsusən
məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
həyata keçirilən tədbirlərin tarixinə nəzər
salarkən görürük ki, ulu öndər Heydər
Əliyev bu müasirləşmə
proseslərini həmişə əhəmiyyətli sayıb və dəstəkləyib. Heydər Əliyevin vaxtilə dediyi
kimi, yaradılmış bütün
bu mexanizmlər ehkam kimi qəbul edilməməli, zaman
keçdikcə yeni tələblər əsasında
təkmilləşdirilməli idi. Bu, belə də oldu.
Bu
gün qətiyyətlə deyə bilərik
ki, ulu öndərin
siyasətini bütün sahələrdə
uğurla davam etdirən
cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam
uyğunlaşdırılması işi
müvəffəqiyyətlə
başa
çatdırılmışdır. Bu məqsədlə
yeni qanunvericilik
bazası yaradılmış, hakimlərin müddətsiz — son yaş həddinədək
təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi
və intizam məsuliyyətinin təkmil əsasları
təsbit olunmuşdur. Xüsusilə
qeyd olunmalıdır ki,
hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla
formalaşdırılması üçün
Avropa Şurası ilə birgə ölkəmizdə
hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib
hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən
ibarət olan bu seçim xüsusi şəffaflığına
və obyektivliyinə görə Avropa
Şurası və Avropa İttifaqı tərəfindən
örnək kimi dəyərləndirilmiş
və digər dövlətlərə tövsiyə edilmişdir.
Bu,
bir faktdır ki, indi artıq
ölkəmizdə
aparılan məhkəmə islahatlarının tərəqqisini
və uğurlu nəticələrini
görən Dünya Bankının təşəbbüsü
əsasında Ədliyyə Nazirliyi ilə
birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi”
layihəsi həyata keçirilərək, 30-dək məhkəmənin
yerləşəcəyi müasir bina və komplekslərin layihələri
hazırlanmış, son illər 4 rayon məhkəməsi üçün
yeni bina inşa olunaraq istifadəyə
verilmişdir. Ədliyyə sistemi əməkdaşlarının fikrincə,
məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar yaradan Prezident İlham Əliyevin Bakı
şəhəri Yasamal və Oğuz rayon məhkəmələrinin
açılışlarında şəxsən
iştirakı və görülən işləri yüksək
qiymətləndirməsi möhtərəm dövlət
başçımızın bu sahənin
inkişafına göstərdiyi qayğı və diqqətin
təzahürü idi.
Məhz
həmin qayğı və diqqətin nəticəsidir ki, Azərbaycan hökuməti və Dünya Bankı ilə əməkdaşlığın
20 illiyi qeyd olunarkən
“Ədliyyə sisteminin müasirləşdirilməsi”
layihəsi Dünya Bankının ən uğurlu və mükəmməl layihələrindən
hesab olunmaqla “Azərbaycan Respublikası vətəndaşlarına
yüksək səviyyəli xidmətlərin göstərilməsi
məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında
qalib gəlmişdir. Layihə
çərçivəsində həmçinin, Konstitusiya və Ali Məhkəmə,
Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya
texnologiyaları (İKT) ilə təmin olunub,
məhkəmə sisteminin vahid
internet portalı yaradılıb, hakimlər,
ədliyyə və məhkəmə aparatı işçilərinin
İKT üzrə biliklərinin artırılması məqsədi
ilə 1500-dən artıq şəxs təlimlərə cəlb
olunub.
Azərbaycan
Prezidenti İlham
Əliyevin tapşırıqlarına əsasən ədalət
mühakiməsinin səmərəliliyinin artırılması,
məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə aparılan genişmiqyaslı islahatlar
nəticəsində məhkəmə sistemi
köklü şəkildə
yaxşılaşdırılıb, yeni məhkəmələr yaradılıb, hakimlərin Avropada ən şəffaf seçim
qaydaları müəyyən edilib, məhkəmə
infrastrukturu yüksək statusuna
uyğun müasirləşdirilir.
Ədliyyə
sisteminin müasirləşdirilməsinə
dair Dünya Bankı
ilə birgə həyata keçirilən layihələr
çərçivəsində 30-dək məhkəmənin
yerləşəcəyi müasir bina və komplekslərin layihələri
hazırlanıb, 4 rayon məhkəməsi
üçün ən müasir
İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün
bina və komplekslərin inşası başa çatmaq üzrədir.
Məlum
olduğu kimi, möhtərəm
Prezidentimiz cənab İlham
Əliyev ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli
müdafiəsinin təmin edilməsi, müasir
informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi
məqsədilə “Elektron məhkəmə”
informasiya sisteminin
yaradılması haqqında 13 fevral
2014-cü il tarixli sərəncam
imzalamışdır. Həmin sənəddə
qeyd olunduğu kimi, müasir
texnologiyaların məhkəmələrin fəaliyyətində
tətbiqi məhkəməyə müraciət
imkanlarının genişlənməsinə, ədalət
mühakiməsinin həyata keçirilməsində
süründürməçilik və sui-istifadə hallarının
qarşısının alınmasına, aşkarlıq
və operativliyin təmin edilməsinə,
məhkəmə qərarlarının icrasına nəzarətin
effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təminatına
xidmət edəcəkdir.
Onu da qeyd
etmək istəyirəm ki, bu müasirləşmə və yeniləşmə
tədbirləri respublikamızın bütün
bölgələrini, o cümlədən
Naxçıvan Muxtar Respublikasını da əhatə edir.
Naxçıvan Muxtar Respublikasının
rayonlarında və Naxçıvan şəhərində bütün inzibati məhkəmə
binaları yenidən əsaslı surətdə təmir edilmiş ən müasir
avadanlıqlarla təchiz olunmuşdur.
Məhkəmə
sisteminin inkişafı üzrə həyata
keçirilən tədbirlərin davamı olaraq
22 noyabr - Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü ərəfəsində
Quba rayonunda müasir tələblərə uyğun yeni inşa edilmiş rayon məhkəməsinin binasının
açılışı oldu.
Mərasimdə diqqətə
çatdırıldı ki, Quba Rayon Məhkəməsinin
binası Dünya Bankı ilə birgə
həyata keçirilən və ən uğurlu
hesab olunan layihə
çərçivəsində ərsəyə gəlib. Görülən işlərin müsbət nəticələri
Dünya Bankı ilə əməkdaşlığın
daha da genişləndirilməsinə
zəmin yaradıb və bu yaxınlarda Bank və Azərbaycan Hökuməti
arasında “Mütərəqqi ədliyyə xidmətləri
və müasir məhkəmə infrastrukturu” adlı yeni
daha irihəcmli layihə imzalanaraq
onun implementasiyasına
başlanılıb.
Hazırda
dövlətimizin başçısının
tapşırıqlarına uyğun olaraq, həmçinin Dünya
Bankı ilə birgə layihə çərçivəsində
Şəkidə, Qəbələdə, Zaqatalada,
İmişlidə, eləcə də Bakının Binəqədi
və Sabunçu rayonlarında belə müasir məhkəmə bina
və komplekslərinin intensiv inşası aparılır.
Həmin
tədbirdə yeni məhkəmə
binasının istifadəyə verilməsinin ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına, işlərə daha
keyfiyyətlə baxılmasına, vətəndaşlara
yüksək səviyyədə xidmət göstərilməsinə
geniş imkan verəcəyinə
əminlik vurğulanıb.
Bir sözlə, bu gün Azərbaycanda fəaliyyət göstərən
məhkəmə hakimiyyətinin bütün
subyektləri, təbii ki, başda
Ali Məhkəmə olmaqla,
qanunun aliliyinin
qorunmasını yüksək səviyyədə təmin
edirlər. Biz öz
fəaliyyətimizdə
Konstitusiyanın tələblərini, dövlətin
qarşıya qoyduğu məqsədləri,
əsas insan hüquq
və azadlıqlarının qorunmasının təmin edilməsi
üçün Avropa
və dünya təcrübəsini əsas
götürürük.
İslam ƏLİYEV,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimi
Xalq
qəzeti.- 2014.- 22 noyabr.- S.4.