Ağbirçək
jurnalistə ehtiram
Ölkənin media təmsilçiləri 85 yaşlı Tamara Əliyevanı mənzilində ziyarət etdilər
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov və
şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri
professional qadın jurnalistlərimizin tanınmış
nümayəndəsi Tamara Əliyevanı 85 yaşının
tamamında mənzilində ziyarət etdilər, həmkarlarının
səmimi salamlarını və xoş arzularını
yubilyara çatdırdılar.
Əflatun Amaşov
Tamara xanımın milli jurnalistikamızın
inkişafında xidmətlərini yada
saldı, onu ölkə jurnalistləri
adından səmimi təbrik etdi. AMŞ sədri
rəhbərlik etdiyi qurumun
yubiley plaketini
ağbircək jurnalistə təqdim etdi.
Çay süfrəsi arxasında davam edən söhbətdə Tamara
Əliyevanın hər bir qadın jurnalist üçün
örnək olası peşəkarlıq
və insanlıq xüsusiyyətləri, milli
mətbuatımızda çoxillik səmərəli
fəaliyyəti qədirbilənliklə xatırlandı. Tamara xanımla gənclik illərində eyni redaksiyada çalışmış və onun bioqrafiyasına yaxından bələd olan Ahıl Jurnalistlər Məclisinin sədri
Yusif Kərimov qocaman jurnalistin mənalı ömür
yolundan ətraflı söz
açdı.
Söhbət
zamanı qeyd edildi ki, Tamara Əliyeva Bakı
Dövlət Universitetinin II Dünya müharibəsindən sonra açılmış jurnalistika
şöbəsinin 1953- cü ildə üçüncü
buraxılışının fərqlənmə diplomlu məzunu
olmuşdur. Sevimli
müəllimi, görkəmli jurnalist Nəsir
İmanquliyevin zəmanəti ilə o, auditoriyadan birbaşa ölkənin avanqard
dövri nəşri olan
“Kommunist” (indiki “Xalq qəzeti ”) qəzetinə göndərilmişdir.
Bu nüfuzlu redaksiyada ilk ali təhsilli jurnalist qadın kimi fəaliyyətə
başlayan Tamara
Əliyeva 35 il fasiləsiz burada
çalışmış, müxtəlif şöbələrdə
müxbir, müdir olmuş, ayrı- ayrı illərdə
redaksiyanın partiya və həmkarlar təşkilatlarına
rəhbərlik etmişdir. Onun bir sıra aktual mövzularda yazıları həmişə oxucu marağına səbəb olmuş, öz
dövründə geniş əks- səda
doğurmuşdur. Tamara
xanım təqaüdə çıxandan sonra
da respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığı
davam etdirmişdir.
Vaxtilə
Tamara xanımla birlikdə işləmiş
və onunla sıx təmasda olmuş jurnalistlərdən Rafiq
Həsənov, Flora Sadıqova, Məzahir
Süleymanzadə, İlqar Musaoğlu onun məsuliyyətli
işçi və bacarıqlı jurnalist, yaxşı təşkilatçı
və qayğıkeş yoldaş kimi kollektivdə
böyük hörmət
qazandığını könül xoşluğu ilə
xatırladılar. “Xalq qəzeti”nin
təmsilçiləri Tamara xanımın bu gün də kollektivlə mehriban
əlaqə saxladığını, redaksiyanın məclislərinə
ləyaqətli və unudulmaz
ağbirçək kimi dəvət olunduğunu söylədilər, dostları
adından ona möhkəm
cansağlığı, xoş günlər
arzuladılar.
Tamara Əliyeva jurnalistikada keçən
günlərdən xoş duyğularla
söhbət açdı, həmkarlarına professional
mətbuatımızın sınaqdan çıxmış ənənələrini
qoruyub zənginləşdirməyi, qələm
sahiblərinə söz
azadlığından bacarıqla yararlanmağı tövsiyə
etdi. 85 yaşında da qıvraq və həssas olan
yaşlı jurnalist qonaqları özü dəmlədiyi plova
qonaq etdi, hədsiz sevincini onlarla bölüşdü. Yubilyar
ailəsi üçün əziz gündə
onu unutmayıb təbrikə gəldiklərinə
görə ölkə mediasının təmsilçilərinə
minnətdarlığını bildirdi.
Görüşdən
yadigar olaraq Tamara Əliyevaya Ahıl Jurnalistlər Məclisinin
hədiyyəsi təqdim olundu, xatirə
şəkli çəkildi.
Tahir
AYDINOĞLU,
Rafiq
SALMANOV (FOTO)
Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.7.