Qarabağ həqiqətlərinin
bütün dünyaya
çatdırılması
vətəndaşlıq və peşə borcumuzdur
Azərbaycanın milli istiqlalına qovuşması xalqımıza tarixi ərazilərində azad, müstəqil, demokratik dövlət qurmaq şansı verdi. Təəssüf ki, həmin dövrdə Dağlıq Qarabağın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı gənc, müstəqil dövlətimizi tarixi bir sınaq qarşısında qoydu: Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa etməlidir! Bu gün Azərbaycan xalqı, həqiqətən, özünün azad, demokratik seçkilər yolu ilə seçdiyi dövlət başçısının müdrik rəhbərliyi altında Dağlıq Qarabağda tarixi ədalətin bərpa olunması naminə məqsədyönlü şəkildə və var gücü ilə çalışır.
Qarabağda artıq
iki əsrdən çoxdur ki, ermənilər tarixi ərazilərimizə
sahib olmaq üçün azərbaycanlılara qarşı ən
ağır zorakılıqlara əl atırlar. Sonuncu dəfə
də onların həyata keçirdikləri vəhşiliklər
dünya birliyinin gözü qarşısında baş verib.
Azərbaycan torpaqlarının işğal olunması ilə
beynəlxalq hüquq kobud şəkildə pozulub, bir milyondan
çox soydaşımız öz doğma torpağında
qaçqın və məcburi köçkünə
çevrilib.
Gözləmək
olardı ki, bu dəfə dünyanın taleyini həll etmək
iddiasında olan böyük dövlətlər Qarabağ
münaqişəsinin həllində haqq və ədalətin
tərəfində duracaq, təcavüzkarı cəzalandırmağa
cəhd edəcəklər.
Lakin bu, hələ ki, baş vermir. Hətta BMT-nin Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul
etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 ( 14 oktyabr 1993-cü il,) 884 (12 noyabr 1993-cü
il) saylı qətnamələr 20 ildən
artıqdıqdır ki,
kağız üzərində qalıb.
Sual oluna bilər: nə baş verir? Doğrudanmı,
beynəlxalq hüquq işləmir, yoxsa bir sıra
güclü dövlətlərin siyasi strukturlarına
soxulmuş erməni lobbisi haqqın, ədalətin səsini
boğmağa qadirdir? Yox, birmənalı
şəkildə qadir deyil. Ermənilərin
uydurduqları “qüdrətli erməni lobbisi” mifinin boş bir
xülya olduğu artıq bəllidir. Bunu
Azərbaycan dövlətinin xarici siyasətdə son
uğurları da təsdiqləyir.
Azərbaycan Prezidenti, İlham Əliyev ən yüksək tribunalardan
dəfələrlə bəyan edib ki, müstəqil Azərbaycanın
gələcəyini Qarabağsız təsəvvür etmək
qeyri-mümkündür və dünyada heç bir qüvvə
xalqımızın suveren hüquqlarını bərpa edərək
ərazi bütövlüyünü qorumaq haqqını əlindən ala bilməz. Bəli, Azərbaycanın
öz tarixini torpaqlarına sahib çıxacağı şəksizdir
və bunu işğalçılar da başa
düşürlər. Onlar gündən-günə
inkişaf edən Azərbaycanın bütün sahələrdəki
aşkar uğurlarından təşvişə
düşür, hər vəchlə dövlətimizin
Dağlıq Qarabağla bağlı ədalətli siyasətinə
kölgə salmağa çalışırlar. Bunun üçün ermənilər tarix boyu
sınaqdan çıxardıqları hər cür böhtan
və qarayaxmalara əl atırlar.
Müasir dünyada münaqişə ocaqları
çoxdur və onların hər biri barəsində düzgün, qərəzsiz
informasiyaların yayımlanması böyük önəm kəsb
edir. Məlumdur ki, qlobal media hazırda dünya
ictimaiyyətində bu və ya digər problemlə
bağlı ictimai rəyin formalaşmasında mühüm
rol oynayır. Təsadüfi deyil ki, Dağlıq
Qarabağ münaqişəsinin ilk günlərindən
başlayaraq ermənilər müxtəlif ölkələrin
KİV-nə “yol taparaq” Azərbaycanı gözdən
salmağa çalışır, Qarabağda törətdikləri
qanlı cinayətləri dünya xalqlarından gizlətməyə
cəhd edirlər.
Amma son illər ictimai rəydə Qarabağ hadisələrinə
münasibət dəyişir, Azərbaycanın
torpaqlarının məhz Ermənistan tərəfindən təcavüzə
məruz qalması dünyaya getdikcə daha çox bəlli
olur, adekvat olaraq təcavüzkara qarşı qəzəb
yaranır. Qarabağla bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması Azərbaycan
dövlətçiliyi üçün olduqca böyük əhəmiyyət
kəsb edir. Dahi siyasətçi Heydər Əliyev bu məsələyə
böyük önəm verirdi. Ulu öndər müstəqil
Azərbaycana rəhbərlik etməyə
başladığı ilk günlərdən hansı dövlətə
səfər edirdisə, hansı mühüm beynəlxalq tədbirə
yola düşürdüsə, özü ilə bərabər
Azərbaycanın xəritəsini aparır, dünya dövlətlərinin
liderlərinə Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın təkcə Dağlıq Qarabağdakı
tarixi torpaqlarını deyil, üstəlik, yeddi sərhəd
rayonunun ərazilərini də
işğal etmələrini göstərir, problemin ədalətli
həlliniin yubadılmasının yolverilməz olduğunu,
bunun bütün dünya üçün böyük təhlükə
törətdiyini izah edirdi.
Ümummmilli liderin 1994-cü ildə Nyu
Yorkda BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini mahiyyəti barədə
parlaq nitqini unutmaq mümkün deyil.
Böyük qürur doğuran haldır
ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün
Dağlıq Qarabağ probleminin həlli məqsədi ilə
ümummilli liderin titanik səylərini yeni dövrün
reallıqları nəzərə alaraq böyük uğurla
davam etdirir. Qlobal mediada tez-tez belə fikirlərə rast
gəlinir: Azərbaycanın xarizmatik lideri dünya liderlərini
Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin
Qafqaz bölgəsi və bütövlükdə dünya
üçün nə qədər vacib olduğuna
inandıra bilir.
Azərbaycan dövləti Qarabağ
münaqişəsinin ədalətli həllini
özünün bir nömrəli problemi sayır. Bu sahədə diplomatik uğurlarımız göz
qabağındadır. Belə ki, üç il bundan əvvəl müstəqil Azərbaycan
dövlətinin BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycan
diplomatiyasının olduqca böyük qələbəsi idi.
Bir sıra nüfuzlu politoloqların fikrincə, Azərbaycan
bu böyük uğuru ilə işğalçı Ermənistanı
mat vəziyyətində qoydu. Yaxşı
haldır ki, Azərbaycan dövlətinin rəsmiləri,
diplomatlarımız Dağlıq Qarabağla bağlı həqiqətlərin
üzə çıxarılması üçün səylərini
daim artırırlar.
Müasir beynəlxalq münasibətlərdə “xalq
diplomatiyası”nın nə qədər
böyük təsir imkanlarına malik olduğu yaxşı bəllidir.
Bu sahədə də uğurlarımız
artır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın bu sahədəki uğurlu fəaliyyəti
bütün dünyada dərin rəğbət doğurur.
Mehriban xanım
xalqımızın tükənməz sərvəti
olan folklorumuz, muğam sənətimiz və sair barədə ən
mötəbər beynəlxalq tədbirlərdə,
böyük sevgi və təəssübkeşlik hissi ilə
danışır. Azərbaycanın birinci
xanımı bir qayda olaraq, belə tədbirlərdə
hazırda erməni əsarətində olan gözəl və
bənzərsiz Şuşamızdan da, Qarabağ ərazisində
zəngin təbii sərvətlərimizin talan olunmasından
da, oradakı çoxsaylı maddi mədəniyyət abidələrimizin
vəhşicəsinə məhv edilməsindən də dərin
təəssübkeşlik hissi ilə bəhs edir. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə təşkil olunan “Xocalıya ədalət!”
kampaniyası zamanı dünyanın çox ölkələrinin
gənclərinə bəlli olur ki, ermənilər Xocalıda
uşaq, qadın və ahıl insanlara belə aman verməyərək,
əsl soyqırımı törədib, faşistlərdən
də qat-qat ağır vəhşiliklərə “imza
atıblar”.
İndi bütün dünya görür və bilir ki, Dağlıq
Qarabağ qədim və əzəli Azərbaycan
torpağıdır. Ermənilər təkcə
özgə xalqların torpaqlarına göz dikərək
onları işğal etməklə kifayətlənmirlər,
onlar öz ölkələrində monoetnik dövlət
quraraq təkcə azərbaycanlılara deyil, başqa millətləri
də sıxışdıraraq, oranı tərk etmələrinə
nail olublar. Azərbaycan isə, əksinə,
bu gün yalnız Qafqazda deyil, bütün dünyada
multikulturalizmin, dini, etnik tolerantlığın parlaq nümunəsinə
çevrilib. İndi dünya ictimaiyyəti də
görür ki, bəşəri, humanist dəyərlərə
böyük sədaqət göstərən Azərbaycanla
şovinizmi özünün milli ideologiyasına çevirən
təcavüzkar Ermənistan dövləti arasında nə qədər
kəskin fərq var!
Bu gün Azərbaycanın sivil, demokratik cəmiyyət quruculuğundakı aşkar
uğurlarını da görməmək mümkün deyil. Ölkəmizin heç bir ölkəni təqlid etmədən
öz demokratik inkişaf modelini qurması da danılmaz
faktdır. Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin vurğuladığı kimi, Azərbaycan demokratik
eksperimentləri ilə öyünən bir çox ölkələrdən
fərqli olaraq, bu prosesi iqtisadi islahatlarla paralel şəkildə
aparır. Bu, öz növbəsində,
ölkədə rifah və sabitliyin, söz, ifadə, mətbuat
azadlığı ilə milli təhlükəsizliyin harmonik
inkişafını təmin edir.
Bir vaxtlar ulu öndər Heydər
Əliyevin böyük fəxarət hissi ilə dediyi “Azərbaycan
dünyaya Günəş kimi doğacaq” fikri bu gün həqiqətə
çevrilmişdir. Ölkəmizin
bütün sahələrdə uğurları
dostlarımızda sevinc, rəqiblərimizdə isə
paxıllıq hissləri yaradır. Bölgədə
hazırda heç bir mühüm layihə Azərbaycanın
razılığı və iştirakı olmadan həyata
keçirilmir. Ölkəmiz Ermənistan
istisna olmaqla, region və bütün başqa dövlətlərlə
geniş siyasi, iqtisadi, mədəni əlaqələr qurur.
Ermənistan isə bölgədəki
mühüm enerji, nəqliyyat layihələrdən təcrid
olunaraq tam iqtisadi tənəzzülə doğru gedir. Hər
il on minlərlə Ermənistan vətəndaşı
ölkəsini tərk edir. Onların
böyük əksəriyyəti, eləcə də Ermənistanın
sağlam düçüncəli vətəndaşları
Dağlıq Qarabağ münaqişəsinin bu ölkəni
fəlakətə sürüklədiyinin fərqindədirlər.
Təəssüf ki, qlobal mediada bu gün
də ara-sıra Qarabağ münaqişəsi ilə
bağlı qeyri-səhih məlumatlara, yanlışlıqlara
yol verilir. Nə gizlədək,
dünyanın bir çox iri informasiya agentlikləri
tarazlı informasiya prinsipi pərdəsi altında
Dağlıq Qarabağda real vəziyyətin təsvir
olunmasında maraqlı deyillər. Bu
yazılarda Ermənistanın işğalçı siyasəti
tam açıqlanmır, onun təcavüzkar siyasətinin
yaratdığı problemlər göstərilmir. Məsələn,
bu günlərdə bir çox böyük informasiya agentlikləri,
o cümlədən BBC, “Reuters”, “France-Press” və
başqaları Ağdam rayonu ərazisində Azərbaycanın
hava məkanını pozan iki hərbi helikopterindən birinin
Milli Ordumuzun əsgəri tərəfindən vurulması barədə
yayımladıqları informasiyada insidentin məhz
işğalçı Ermənistanın qonşu, suveren Azərbaycan dövlətinin
hava məkanını pozması səbəbindən baş
verdiyini göstərməyi “unutdular”. Halbuki Gürcüstan
və Ukrayna hadisələri ilə bağlı hərbi
insidentlərin şərhində həmin agentliklər daha
obyektiv mövqelərdən çıxış edirlər.
Dünya
indi çox sürətlə qloballaşır.
İnternet Azərbaycan həqiqətlərinin təbliği
üçün hüdudsuz imkanlar açır. İngilis və
başqa əcnəbi dilləri bilən
soydaşlarımız, əlbəttə, ilk növbədə
jurnalistlərimiz bu sahədə çox iş görə bilərlər.
Çalışmaq lazımdır ki,
mümkün qədər çox insan erməni vəhşiliklərindən
xəbərdar olsun. Doğma Qarabağa
qayıdışımızı sürətləndirmək
üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu, bizim həm vətəndaşlıq, həm də
peşə borcumuzdur.
Aida AYSA,
“Xalq qəzeti”
Məqalə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarnın Həmrəyliyi Günü və
Yeni il münasibətilə keçirdiyi müsabiqəyə
təqdim edilir.
Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.4.