Dünya qida sənayesində
qənnadı
məmulatı: şokolad və karamel
istehsalı
Bu gün yaşından asılı olmayaraq insanların ən çox arzuladığı qida məhsulları arasında şokoladın xüsusi yeri var. Hazırda bu məhsul dünyanın bir çox ölkələrində istehsal olunsa da, şokolad günümüzə qədər müxtəlif mərhələlərdən keçmişdir. Şokoladın ilk dəfə ərsəyə gəlməsi və təşəkkül tapması haqqında mənbələrdə dəqiq məlumat yoxdur.
Təxminən
üç min il əvvəl Cənubi Amerika qitəsidə
yaşamış olmeklər kakaodan qaynar içki
hazırlayırmışlar. Bu ən qədim isti şokolad
növü sayılır. İlk dəfə “kakao”
sözünün “kakawa” kimi tələffüz edilməsi də,
ehtimallara görə, olmeklərin dövründə meydana gəlmişdir.
Olmeklərdən sonra həmin ərazilərdə
yaşamış mayyalar ilk dəfə kakao bitkisindən
istifadə etməyə başlamış və bir müddətdən
sonra kakao onların həyatlarının ayrılmaz hissəsinə
çevrilmişdir. Hətta mayyalar öz inancları
sıralarına kakao Tanrısını da daxil edərək
ona sitayiş etməyə başlamışdılar.
Bu da mayyaların bu
sahədə nə dərəcədə inkişafından xəbər
verirdi. Lakin onların klassik mədəniyyətlərinin
inkişafı IX əsrdən sonra tənəzzülə
uğradı. Eramızın 1000-ci illərindən etibarən
estafeti tolteklər ələ aldılar. Amma tolteklərin mədəniyyətləri
də təşəkkül tapa bilmədi və XII əsrdə
daxili çəkişmələr onların
varlığına son qoydu. XII əsrdə Meksika körfəzi
sahillərində asteklərin diqtəsi ilə yeni bir mədəniyyət
formalaşmağa başladı. Qədim astek əfsanələrinə
görə, kakao onlara cənnətdən göndərilmişdir.
Kakao ağacı mərdlik və güc təcəssümü
sayılırdı. Kakao paxlaları Astek imperiyası
üçün pul mənasını kəsb edirdi. Hətta, imperiyanın anbarlarında kakao
paxlaları xüsusi qorunurdu. Hər il anbarlarda 4 min kisə
kakao yığılırdı.
Təxminən
400 il mövcud olan asteklərin mədəniyyətləri isə
on altıncı əsrdə Xiristofor Kolumbun Cənubi Amerika
torpaqlarını kəşf etməsindən sonra görkəmli
sərkərdə Ernan Kortesin rəhbərliyi ilə 1521-ci
ildə ispanlar məhv etdilər.
Xristofor Kolumb kakao
paxlalarını Avropaya - kral Ferdinanda özünün yeni
dünyaya dördüncü səfəri zamanı gətirmişdir.
Lakin qiymətli hədiyyələr arasında kakao bitkisinə
əhəmiyyət verən olmamışdır. Yalnız
Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa
başlamışdır. XVI əsrdə ispan tarixçilərindən
Oviedo yazırdı: “Yalnız varlılar və hörmətli
şəxslər özünə şokolad içkisi
içməyə icazə verə bilərdi, çünki
bunu içmək pulu içmək kimi bir hərəkət
idi”. Həmin dövrlərdə artıq bir çox ölkələrdə
kakao paxlalarından pul kimi istifadə edirdilər. O vaxt 100
kakao toxumuna bir yaxşı kölə almaq mümkün idi.
İllər
keçdikcə şokolad daha geniş ərazidə məşhurlaşdı
və nəticədə onun tərkibinə əlavələr
edilməyə başlanıldı. İspaniya kralı III
Filippin qızı Anna Avstriskayanın 1616-cı ildə kakaonu
Fransaya gətirdiyi vaxtdan dərhal sonra bu içki Avropada
geniş yayılmağa başladı. Belə ki,
şokoladın tərkibinə
süd, müxtəlif məmulat, içki və hətta pivə
də qatılırdı. 1674-cü ildən şokoladdan
müxtəlif şirniyyatların tərkibində də
istifadə etməyə başlamışdılar.
Dünyada ilk dəfə
şokoladın hazırlanması üçün
lisenziyanı italyanlar əldə etmişdir. 1700-ci ildə
ingilislər kiçik kulinariya inqilabını həyata
keçirdilər və ilk dəfə olaraq şokolada süd
əlavə etdilər. Sonralar Avropada Meksikadan fərqli olaraq
şokoladın tərkibinə şəkər tozu və vanil
də əlavə edilirdi. İspaniya Avropada ilk dövlətdir
ki, şokoladın bütün gözəlliklərini
dadıb. Şirniyyat istehsalı üçün ilk
maşın məhz Barselonada 1780-ci ildə yaradılıb. Bu
şəhərdə şokoladdan hazırlanmış
memarlıq nümunələrinin nümayiş olunduğu
böyük muzey də fəaliyyət göstərir.
XIX əsrin əvvəlinə
kimi şokoladı içirdilər. Yalnız XIX əsrdə
ilk dəfə olaraq şokolad pilitələri
yaradılır. Jan Neaus isə ilk
içərisi doldurulmuş konfetin yaradıcısı hesab
olunur. 1819-cu ildə isveçrəli
Frasua Lui Kaye ilk dəfə dünyada nisbi çətin ərimə
xüsusiyyətinə görə məhşur olan təmiz
kakao yağı əldə etmişdir. Bu,
Kayeyə dünyada ilk dəfə bərk şokolad plitəsi
yaratmağa imkan vermişdir. Artıq
1820-ci ildə Vivi şəhərinin
yaxınlığında dünyada ilk şokolad fabriki
açılmışdır. 1875-ci ildə
isə isveçrəli Daniel Peter daha bir şokolad inqilabı
etmişdir. O, şokolada süd tozu əlavə
etmişdir. XIX əsrin fransız əzcaçısı
şokolad haqqında yazırdı: “Bu, ilahi cənnət
içikisidir, bu, əsl panaseyadır- bütün xəstəliklərin
universal dərmanıdır”.
Helsinki
Universitetinin alimləri uzun müddət apardıqları tədqiqatlar
nəticəsində aşkar etmişlər ki, hamiləlik
dövründə şokoladın yeyilməsi gələcək
uşağın sağlamlağına müsbət təsir
göstərir. Məlum olmuşdur ki,
şirin şeyləri xoşlayanların uşaqları daha
şən, fəal və zirək böyüyürlər.
Onlar çətin məqamlarda daha az
qorxuya məruz qalırlar. Bu, ehtimal etməyə
əsas verir ki, şokolad təkcə gələcək anada deyil,
hətta körpədə də stresi çıxarır.
Burada ən əsası şokalad yeyərkən
həddini aşmamaqdır.
Tünd şokolad dünyanın bir çox ölkələrində
təyyarəçilərn, qütbçülərin və
eləcə də hərbçilərin qida rasionunnun ayrılmaz hissəsidir.
Şokolad plitə, müxtəlif fiqurlar, medal,
trüfel formasında və şokolad məmulatları isə
batonlar və asorti konfetlər şəklində istehsal edilir.
Təbii şokoladın saxlama müddəti 6
ay, əlavələri olan şokoladın isə 3 aydır.
Almaniyalı aşbaz Qreqor Pfaff və onun
heyəti müqəddəs Valentin gününə dünyada
şokoladdan və pryanik xəmirindən ən böyük
ürək düzəltmişlər. Şokolad
ürəyinin çəkisi 922 kiloqramdır,
hündürlüyü və eni isə 5 metrdir. Şokoladın şah əsəri Banqonkun
mehmanxanalarının birində yerləşdirilmişdir.
1991-ci ilin fevralında isə Barselonada qənnadı
ustaları hündürlüyü 8,5 metr
olan ən yüksək şokolad modelini
hazırlamışlar. Brüsseli Avropanı
şokalad paytaxtı da adlandırırlar. Belçikanın paytaxtı 1912-ci ildən - məşhur
şokolad istehsalçısı olan Jan Neyqauzun burada
şokolad konfetləri kəşf etdiyi vaxtdan bu adı
daşıyır.
Hazırda dünyada ən çox
şokoladı isveçrəlilər yeyirlər. Orta hesabla bu
ölkənin əhalisinin hər bir nəfəri il ərzində 12 kiloqram şokolad yeyir. İsveçrə və dünyada şokolad
istehsalı mərkəzləri arasında öncül yerlərdən
birini məhz Sürix tutur. Həyat səviyyəsi
ən yüksək olan bu şəhər həm də 3
böyük şokolad fabrikinin fəaliyyət göstərməsi
ilə fəxr edə bilər. İsveçlilərin
Nestle, Lindt, Toblerone brendləri bütün dünyada məşhurdur.
İngiltərənin cənubunda La Manş
boğazı sahillərində yerləşən Bormunt şəhərində
dünyada yeganə mahiyyəti şokolad olan otel yerləşir.
Otel 19-cu əsrdə inşa edilmiş və
müxtəlif kakao növləri istehsal edən bir
mülkün ərazisindədir. Oteldə
hər bir nömrə müxtəlif şokolad növlərinin
adını daşıyır. Buraya gələn
qonaqlar “60 faiz”, “Kortes”, “Mayya” və ya “Ağ şokolad”
nömrələrini sifariş edə bilərlər.
Britaniya qənnadı ustaları çəkisi 6 ton olan 4 metr
eni, 4 metr uzunu olan şokald hazırlayaraq Ginnesin rekordlar
kitabına düşüblər.
Xatırladaq ki, 1995-ci ildən sentyabrın
13-ü beynəlxalq Şokolad Günü kimi bütün
dünyada qeyd edilir.
XVII əsrdən
başlayaraq sənayenin sürətli inkişafı nəticəsində
bütün ölkələrdə olduğu kimi, Azərbaycanda
da şokolad məhsulları tanınmağa başladı.
Lakin yerli istehsal olmadığı və gətirilməsi
çox baha başa gəldiyi üçün ölkəmizə
şokolad məhsulları nadir hallarda, xüsusilə xarici
ölkələrə gedən varlı insanlar tərəfindən
gətirilirdi. Azərbaycan keçmiş
SSRİ-nin tərkibində olduğu zamanlarda da bu hal bir
müddət davam etmişdir. Çünki
Moskvada və digər şəhərlərdə istehsal edilən
şokoladlar respublikamıza gəlib çıxmırdı.
Sonralar Rusiya və ittifaqın digər dövlətləri
ilə əlaqələrin sıx olması, gediş-gəlişin
asanlaşması, iqtisadi münasibətlərin genişlənməsi
şokolad məhsullarının Azərbaycanda bir qədər
yayılmasına səbəb olmuşdur.
Lakin bu əlaqələr Azərbaycanın
hər bir alıcısının şokoladdan asanlıqla
istifadə etməsi demək deyildi. Çünki
ittifaq iqtisadiyyatı inzibati-amirlik sistemi ilə idarə
olunduğundan bütün məhsullar kimi şokolad da dövlətin
idarəçiliyində idi. Təbii ki, bu
da digər məhsullar kimi, şokolad məhsullarının da
geniş yayılmasında heç bir maraq doğurmurdu. Azərbaycanda şokoladın geniş vüsət
alması XX əsrin ikinci yarısına təsadüf edir.
Uzun əsrlərdən sonra artıq Bakıda və
Gəncədəa bu məhsulun istehsalına
başlanıldı. Yerli istehsalın
olması artıq hər bir azərbaycanlının
şokoladı dadmasına şərait yaratdı. Qısa bir müddətdə şokolad azərbaycanlı
ailəsinin ən sevimli təamına çevrildi. Artıq çay süfrələrində, məclislərdə,
qonaqlıqlarda, şənliklərdə, bayramlarda, toylarda və
bir sözlə, hər yerdə yerli şokolad məhsullarına
rast gəlinirdi. Azərbaycanda öz keyfiyyət
və dadı ilə məşhurlaşan yerli istehsaldan biri də
“Çinar” şokoladları idi. Gəncədəki
qənnadı fabrikinin istehsalı olan bu şokoladlar keçmiş
ittifaqda da geniş yayılaraq istehlakçıların rəğbətini
qazanmışdır.
İyirminci əsrin 90-cı illərində
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, şokolad məhsullarının istehsalında
da tənəzzül baş vermişdir. Artıq köhnəlmiş avadanlıqlarda istehsal
edilən məhsullar alıcıların tələblərinə
cavab vermirdi. Digər tərəfdən, müstəqillik
əldə etdikdən sonra dünyanın bir çox
şokalad istehsal edən ölkələri ilə əlaqələr
yaradan iş adamları daha keyfiyyətli məhsullar idxal etməyə
başlamışdılar. Ümummilli lider Heydər
Əliyevin 1993-cü ilin iyunundan Azərbaycanda ikinci dəfə
hakimiyyətə gəlişindən sonra apardığı
radikal islahatlar, həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində dövlət əmlakının
özəlləşdirilməsinə, sahibkarlığın
inkişafına şərait yarandı. İlk
vaxtlar yerli istehsalın olmaması xaricdən gətirilən qənnadı
məhsullarının istənilən qiymətə
satılmasına zəmin yaradırdı. Ölkəmizdə
iqtisadi islahatların uğurla aparılması,
sahibkarlığın inkişafına münbit şəraitin
yaradılması iş adamların fəaliyyətinə
geniş üfüqlər açdı.
2001-ci ildən Azərbaycanda şokolad məhsullarının
istehsalında yeni mərhələ başlandı. Həmin vaxtdan “Veysəloğlu” Şirkətlər
Qrupuna daxil olan “Ulduz” şokolad fabriki bu tarixi ənənəni
layiqincə davam etdirir.
“Ulduz” şokolad fabriki fəaliyyətə
başladığı müddətdən bir çox
uğurlara imza atıb. Müəssisə hazırda Rusiya Federasiyasının iri şəhərlərinə,
eləcə də Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva,
Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan,
Yəmən, Fələstin, Birləşmiş Ərəb
Əmirlikləri və digər ölkələrə Azərbaycan
məhsullarını ixrac edir. Avropanın ən
müasir avadanlıqları ilə təchiz olunmuş fabrikdə
istehsal edilən məhsullar, ümumiyyətlə,
dünyanın 20-dən çox ölkəsinə göndərilir.
Fabrikin təmsilçiləri hər il
Almaniya, Rusiya, Hollandiya, İran və Birləşmiş
Ərəb Əmirliklərində keçirilən nüfuzlu
beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda
layiqincə təmsil edirlər. Tamamilə
avtomatlaşdırılmış müasir qurğuların
istismara verilməsi sayəsində məhsul istehsalı
artırılıb və fabrikdə dünyanın ən
qabaqcıl müəssisələri ilə rəqabət apara
biləcək modern iş şəraiti qurulub. Hazırda fabrikin
istehsal gücü saatda 3200 kiloqramdır. Qeyd edək ki,
fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və
digər məhsulların müxtəlif çeşidləri
ilə xarici bazarlarda da böyük nüfuz qazanıb. “Ulduz” şokolad
fabriki istehsal etdiyi məhsullsrın keyfiyyətinə görə
bir sıra beynəlxalq mükafatlara da layiq görülüb.
Fabrik cari ilin əvvəlindən daha iki yeni xəttin - “Topnut” markalı “Draje” və
“Çırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı “Karamel”
xətlərinin işə salınması ilə öz fəaliyyət
sahəsini daha da genişləndirib.
Yaxın illərdə fabrikdə yeni istehsal sexlərinin
yaradıması hesabına istehlakçılara daha
çox çeşiddə məhsul təqdim edilməsi nəzərdə
tutulur. Fabrikin iş prinsipləri arasında keyfiyyət ön
planda dayanır. İstehsal prosesi gigiyenik
qaydalara yüksək səviyyədə əməl edilməklə
aparılır. Fabrikin rəhbərliyi yerli və xarici
bazarlarda beynəlxalq standartlara cavab verən yüksək
keyfiyyətli və geniş çeşidli məhsullar təqdim
edərək öz nüfuzunu
qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və
beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyəti
İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə
uyğun olaraq qurmaq və halal qida
qanunlarına riayət edərək, istehlakçıya
tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməyi
qarşısına məqsəd qoyumuşdur. “Ulduz” fabriki beynəlxalq
İSO 9001:2008-Keyfiyyət İdarəetmə Sistemi, İFS
(Beynəlxalq Qida Standartı), BRC (İngilis Pərakəndəcilər
Birliyi Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi
İdarəetmə Sistemi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti
Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və
Texniki Təhlükəsizlik) və
digər sertifikatları almış özəl şirkətdir.
Hazırda “Ulduz” şokolad fabrikinin fəaliyyəti
FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220
(Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi
Standartı) standartlarına tam uyğundur.
Qeyd etmək lazımdır ki, FSSC 22000 və PAS 220
standartları dünyanın qabaqcıl şirkətləri
olan NESTLE, UNILEVER, DANONE ve KRAFT tərəfindən
hazırlanıb və həmin standartların tətbiqinə
görə, “Ulduz” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata
layiq görülüb.
Fabrikdə bu gün müxtəlif sahələrdə
600-ə yaxın işçi çalışır. Fabrik Almaniya,
İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət
göstərən məşhur şirkətlərin
istehsalı olan və beynəlxalq standartların tələblərinə
cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Fabrikdə istehsal olunan müxtəlif
çeşidli şokolad məhsulları Azərbaycanın
bütün bölgələrinə
çatdırılır və istehlakçıların
böyük rəğbətini qazanıb. Müəssisədə tez-tez “açıq qapı”
günləri keirilir. Məktəblilər, media nümayəndələri
fabrikdə istehsal prosesləri, yaradıan iş şəraiti
ilə yaxından tanış olurlar. Eyni zamanda fabrikin kollektivi uşaqlar arasında
yaradıcılıq müsabiqələri, müxtəlif
kampaniyalar təşkil edir. Bu il
fabrikdə talassemiyalı xəstələrə kömək
məqsədilə “Qan ver, xilas et” devizi altında aksiya
keçirildi. Müəssisənin yüzlərlə
işçisi bu aksiyada könüllü şəkildə
iştirak etdi. İnkişafdakı
dinamikliyi möhkəmləndirmək, ixrac potensialını
genişləndirmək məqsədi ilə beynəlxalq
standartların tələblərinə uyğun təkmilləşdirmə
siyasəti həyata keçirən “Ulduz” şokolad fabrikinin
kollektivi əhalinin bütün təbəqələrinin
zövqünə uyğun yeni məhsullar istehsal etməklə
yaxın gələcəkdə daha böyük uğurlara
imza atmağı qarşısına məqsəd qoymuşdur.
Bunun üçün isə ölkəmizdə
hər cür şərait yaradılıb.
Qabil
YUSİFOĞLU,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Mətbuat Şurası və
“Ulduz” şokolad fabrikinin “Azərbaycanda qida sənayesinin
inkişafı və qənnadı sektoru” mövzusundakı
müsabiqəsinə təqdim olunur.
Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.4.