Musiqi kollecinin bəstəkara
konsert hədiyyəsi
Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Musiqi Kollecində bir çal-çağır, bayram əhval-ruhiyyəsi vardı. Dəhlizdə, eləcə də kollecin konsert salonunda müxtəlif alətlərdə şövqlə ifa edən tələbələr, sanki, hamını möhtəşəm musiqili gecəsinə dəvət edirdilər.
Bəli, kollecin müəllim və tələbə
kollektivi bu dəfə Azərbaycan
musiqisinin tanınmış siması, neçə-neçə
əsərlərin müəllifi, bir çox filmlərin bəstəkarı,
Xalq artisti, Azərbaycan
Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin 60
illik yubileyinin işığına
toplaşmışdılar.
Milli musiqimizdə
özünəməxsusluğu ilə seçilən bəstəkarın
yubileyi münasibətilə
Musiqi Kollecinin bir qrup istedadlı tələbəsinin
ifasında konsert proqramı təqdim edildi. Bir çox
tanınmış mədəniyyət xadimlərinin də
iştirak etdiyi tədbirdə əvvəlcə kollecin
direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim
Kazımov yubilyarın
yaradıcılıq yolundan danışdı. Bildirdi ki,
Siyavuş Kərimi istər bəstəkar, istərsə də
pedaqoq kimi musiqimizin inkişafı,
tədrisi, tədqiqi və təbliğində
mühüm işlər görür. Natiq yubilyarın hələ Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin tar sinfində oxuyarkən ustad musiqiçi Əhsən
Dadaşovdan dərs aldığını
xatırlatdı. Qeyd etdi ki, bəstəkarın
yaradıcılığında nailiyyətlərindən biri
də milli musiqimizin beynəlxalq aləmdə
tanıdılması və digər xalqların musiqisi ilə
uğurlu sintezidir.
Təsadüfi deyil
ki, Azərbaycan–Norveç vokal
musiqi layihəsi -2001, Azərbaycan və Cənubi Amerika
musiqiçiləri ilə müştərək yaradılan
“Salam hola” beynəlxalq lahiyəsi -2002 məhz Siyavuş Kəriminin rəhbərliyi ilə həyata
keçirilmiş, musiqisevərlər tərəfindən
maraqla qarşılanmışdır.
Siyavuş Kərimi həmçinin “Sarı gəlin”,
“Sonuncu döyüş”, “Əlvida, cənub şəhərim”,
“Girov” və s. bədii filmlərə, 9 seriyadan ibarət “Heydər
Əliyev” televiziya filminə, 2 animasiya filminə və 10-dan
artıq teatr tamaşasına musiqi bəstələmişdir.
“Hamlet” əsərinin musiqisinə görə o, “Qızıl
Dərviş” mükafatına (2003) layiq
görülmüşdür.
Musiqi Kollecinin direktor
müavini Gülzar Hətəmzadə pedaqoji və tələbə
kollektivi adından yubilyarı təbrik etdi, ona
yaradıcılığında və şəxsi həyatında
daha böyük nailiyyətlər arzu etdi. O, Prezident İlham
Əliyevin sərəncamı ilə S.Kəriminin
“Şöhrət” ordeninə layiq görülməsini
dövlətimizin bəstəkarın fəaliyyətinə,
eləcə də musiqimizin inkişafı və təbliğinə
dərin ehtiram və qayğısı kimi qiymətləndirdi.
Pedaqoji kollektiv
adından yubilyara qızıl medal təqdim edildi. Sənət
dostları da ürək sözlərini, arzularını
söylədilər.
Bəstəkar Rauf
Babayev yubilyarla dostluq münasibətlərindən, onun
yüksək mənəvi
keyfiyyətlərindən söz açdı.
Aralarında yaş fərqinin olmasına baxmayaraq, onun
dostluğa möhkəm və sadiq olduğunu vurğuladı.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa
Nemətov yubilyarı təbrik etdi. Qeyd etdi ki, bəstəkarın
yaradıcılığının bir hissəsi də teatrla
bağlıdır. Onun bir çox tamaşalara
yazdığı musiqilər təsiredicidir. Əməkdar
artist Ağacəbrayıl Abasəliyev bildirdi ki, musiqimizin
inkişafında əməyi olan insanlara dövlət
qayğısının olması təqdirəlayiq haldır.
Səməd Vəkilovun
dirijorluğu və bədii rəhbərliyi ilə kollecin nəfəs
və zərb alətləri orkestrinin ifasında “Gecə səyahətçiləri”,
kollec tələbələrinin ifasında F. Şopenin
“Etüd”ü ( Eldəniz Ələkbərzadə), S. Kəriminin
“Ömrümün istəyi” ( Nicat Məsimov), “ Şahnaz təsnifi”
( Sədəf Budaqova), “Qatar təsnifi” ( Ruhanə Aslanlı),
Niyazinin “Arzu”su (Kamal Qədirov), respublikanın əməkdar
artisti Z. Mirzəyevin “Bəxtəvər rəqsi” (Həmid
Şahmərdanov), Rossininin “Vilhelm Tell” əsərindən
“Üvertüra” ( Rəhilə Məhərrəmova)
alqışlarla qarşılandı.
Piano arxasına
keçən bəstəkarın müşayəti ilə gənc
müğənni, Əməkdar artist Anar
Şuşalı musiqisevərlərə
xoş ovqat bəxş etdi.
Sonda Azərbaycan Milli
Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi hər
kəsə təşəkkür etdi.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.5.