Azərbaycan
iqtisadiyyatının hərtərəfli
və dinamik inkişafı
davam edir
On ayda
ölkənin qeyri-neft sektorunda artım 6,4
faiz olmuşdur
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf
edir. Son on ildə
ölkədə
iqtisadi artım
üç dəfədən çox olmuşdur. Xarici dövlət borcumuz ÜDM-in cəmi 8 faizini təşkil
edir. 2003-cü ildən bəri büdcə
xərcləri 20 dəfədən çox artmış,
yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə
düşmüşdür. Azərbaycan Prezidenti cənab
İlham Əliyev demişdir:” Ölkəmizin uğurlu,
inamlı inkişafı həm də ona görə əhəmiyyətlidir
ki, ətrafımızda bizi və dünyanı narahat edən
proseslər gedir. Bölgə alovlanıb yanır, həm
Yaxın Şərqdə, həm də Avropa qitəsində
toqquşmalar gedir, qanlı müharibələr
aparılır. Ona görə belə geosiyasi vəziyyətdə
uğurla, inamla inkişaf etmək üçün, ilk
növbədə, xalqla iqtidar arasında birlik, güclü
siyasi iradə olmalıdır və əlbəttə ki, biz
özümüzü iqtisadi cəhətdən təmin etməliyik".
Azərbaycanın hərtərəfli və dinamik
inkişafına nail olmaq üçün ölkədə
düşünülmüş iqtisadi siyasət həyata
keçirilir. Elə bu siyasətin nəticəsidir
ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil,
dünyanın sürətlə inkişaf edən ölkələri
sırasında öz layiqli yerini tutub. Cari
ilin on ayının yekunları da bu deyilənləri bir daha təsdiqləyir.
Ümumi
daxili məhsul istehsalı artır
Respublika Dövlət Statistika Komitəsinin məlumatında
deyilir ki, 2014-cü ilin on
ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq
ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki
ilin eyni dövrünə nisbətən 2,8 faiz
artmışdır. Gözlənildiyi kimi,
qeyri-neft sektorunda artım daha yüksək olmuşdur. Bu
sektorda əlavə dəyər əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 6,4
faiz artmış, neft-qaz hasilatı və emalı sahələrində
isə 1,8 faiz azalma qeydə
alınmışdır.
ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən
43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə
xidmət sahələrinin payına
düşmüşdür.
Xidmət sahələrində yaradılmış əlavə
dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin
təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı,
6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai
iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri
sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə
xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən
təmin edilmişdir.
Ötən on ay ərzində əhalinin hər nəfərinə
5233,2 manat (6672,5 ABŞ dolları) əlavə
dəyər istehsal olunmuş və ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə
alınmışdır. Cari ilin yanvar-oktyabr aylarında
ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən
27,8 milyard manatlıq məhsul istehsal
olunmuş və xidmətlər göstərilmişdir.
Mədənçıxarma bölməsində 35,6 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik
təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal
bölməsində istehsalın həcmi sənayenin ümumi
məhsulunun 22,8 faizini təşkil etmiş, qida, tütün
məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının,
hazır metal məmulatlarının, elektrik
avadanlıqlarının, avtomobil və qoşquların və
s. məhsulların istehsalında artım müşahidə
edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsinin payına
düşür. Ümumi sənaye məhsulunun 80,6 faizi özəl
bölmədə istehsal olunmuşdur.
Dünya bazarında baş verən iqtisadi proseslərlə
əlaqədar olaraq oktyabr
ayında sənaye məhsullarının istehsalçı
qiymətləri sentyabr ayı ilə
müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma
sənayesi üzrə istehsalçı qiymətləri 10
faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri
isə 1,7 faiz ucuzlaşmışdır. Oktyabr ayı ərzində
metal filizlərinin hasilatı üzrə 0,2
faiz bahalaşma müşahidə olunmuşdur. Elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölmələri üzrə isə heç bir dəyişiklik
qeydə alınmamışdır.
Ölkənin
ərzaq təhlükəsizliyi
istiqamətində ciddi addımlar
Kənd əməkçiləri cari ilin
məhsul yığımını başa çatdırmaq
üzrədirlər. Noyabrın 1-nə kimi onlar tarlalardan qarğıdalı ilə
birlikdə 2361,8 min ton taxıl, 819,3 min ton kartof, 1167,9 min ton tərəvəz,
701 min ton meyvə və giləmeyvə , 440,8 min ton bostan məhsulları,
137,5 min ton üzüm, 2,7 min ton tütün, 82,5 min ton şəkər
çuğunduru, 436,2 ton yaşıl çay yarpağı,
34,9 min ton pambıq toplamışlar.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
günəbaxan istehsalı 12,1 faiz, pambıq istehsalı 10,9
faiz, bostan məhsulları istehsalı 2,6 faiz, meyvə və
giləmeyvə istehsalı 1,4 faiz və üzüm
istehsalı 0,2 faiz artmış, dənli və dənli
paxlalılar istehsalı 19,6 faiz, kartof istehsalı 17,4 faiz, tərəvəz
istehsalı 2 faiz, şəkər çuğunduru
istehsalı 5,2 faiz, tütün istehsalı 16,9 faiz və
çay istehsalı 20,7 faiz azalmışdır.
İlin əvvəlindən bəri diri şəkidə 378,3 min ton ət,
1566,1 min ton süd, 1299,4 milyon ədəd yumurta və 16,5 min
ton yun istehsal olunmuşdur. 2013-cü ilin müvafiq
dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta
istehsalı 12 faiz, yun
istehsalı 1,8 faiz artmışdır.
Hazırda kənd əməkçiləri
gələn ilin bol məhsulunun əsasını qoymaq
üçün səylə çalışırlar. Onlar 745,4 min hektar sahədə şum
qaldırmış, 388,8 min hektar sahədə dən
üçün taxıl, o cümlədən 220,6 min hektar
sahədə buğda, 168,2 min hektar sahədə arpa səpmişlər.
Tikinti və
abadlıq
işlərinin miqyası genişlənir
Son illər ölkədə tikinti və
quruculuq işləri böyük vüsət alıb. Bakı şəhəri və ölkənin
regionları sözün əsil mənasında nəhəng
inşaat meydançasına çevrilib. Bir-birinin
ardınca gözəl binalar, geniş yollar və nəhəng
sənaye obyektləri istifadəyə verilir. Cari ilin on
ayında inşaat kompleksinə bütün maliyyə mənbələrindən
13,2 milyard manat həcmində vəsait
yönəldilmişdir. Vəsaitin 6,5
milyard manatı (49,5 faizi) qeyri-dövlət bölməsi, 6,7
milyard manatı isə dövlət bölməsinə məxsus
idarə və təşkilatlar tərəfindən
qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə
9,7 milyard manat vəsait sərf olunub.
İstifadə edilmiş vəsaitin 67 faizi və ya 8,8 milyard manatı məhsul istehsalı obyektlərinin
inşasına xərclənib.
Əsas kapitala yönəldilən vəsaitin 9,2 milyard manatı və ya 70 faizi daxili sərmayəyə,
4 milyard manatı isə xarici sərmayəyə olub. 2014-cü ildə inşası davam
etdirilən və yeni tikilən obyektlər üçün
dövlət büdcəsində nəzərdə tutulmuş
vəsaitin 4804,5 milyon manatından istifadə
olunub və ilin əvvəlindən ötən müddət ərzində
ümumi sahəsi 1645,2 min kvadratmetr yaşayış evləri,
25350 şagird yerlik ümumtəhsil məktəbləri,
növbədə 142 nəfərin qəbulu üçün
nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi,
230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər
təhsil müəssisəsi, 147 yerlik klub istifadəyə
verilib.
Bakı şəhərində “Norm” sement zavodu, Dövlət
Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi
inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris
kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin birinci mərhələsi çərçivəsində
bərə terminalı, Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları,
Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya
İnstitutunun binası, Suraxanı Günəş Elektrik
Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika
Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları,
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su
Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici
Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt
şəhərində Azərbaycan kağız və karton
istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə
şəhərində Metaltökmə və fasiləsiz yayma
zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində
Kür çayı üzərində körpü,
Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu,
”Ağdaş" elektrik yarımstansiyası, Beyləqan
rayonunda şahmat məktəbi, şəhər stadionu,
Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası
avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar
- Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası
avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər
Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə
avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ
rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal
Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda çörək
istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace
Platinum By Rixos” oteli və s. obyektlər işə
salınıb.
17,8 milyard dollarlıq müsbət saldo
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan
Respublikasının rezidentləri dünyanın 141 ölkəsinin
hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları
həyata keçirmişlər. Azərbaycandan
107 ölkəyə əmtəə ixrac olunmuş, 128 ölkədən
isə məhsul alınmışdır. İdxal-ixrac əməliyyatı
iştirakçıları sırasına 43 Avropa, 31 Amerika, 42 Asiya
ölkəsi daxildir.
Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin
həcmi statistik məlumatlara əsasən 31 milyard ABŞ
dolları, o cümlədən ixracın həcmi 24,4 milyard
dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil
etmişdir. Nəticədə 17,8 milyard
dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində
xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz,
bitki və heyvan mənşəli piylər və yağlar,
şəkər, kimya sənayesi məhsulları, plastmas və
ondan hazırlanan məmulatlar, alüminium və ondan
hazırlanan məmulatlar, idxal olunmuş məhsulların həcmində
isə qida məhsulları, qara metallar və onlardan
hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik
aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və
onların hissələrinin xüsusi çəkisi
üstünlük təşkil etmişdir.
Qeyri-neft məhsullarının ixracı 1,2
milyard dollar təşkil etmişdir. Hər nəfərə
düşən qeyri-neft məhsullarının ixracı 130,9 dollara bərabər olmuşdur.
Əhalinin
gəlirləri çoxalır
Dövlət Statistika Komitəsinin məlumatında
deyilir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin
gəlirləri 5,4 faiz artaraq 30,4 milyard
manat təşkil etmişdir. Bu vaxt ərzində əhalinin hər
nəfərinə düşən gəlirlər 4,1 faiz artaraq 3229,5 manata və ya orta hesabla ayda
322,9 manata çatmışdır.
2014-cü il oktyabrın 1-i vəziyyətinə ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin
sayı 1507,4 min nəfər olmuş, onlardan 883,7 min nəfəri
iqtisadiyyatın dövlət bölməsində, 623,7 min nəfəri
isə qeyri-dövlət bölməsində fəaliyyət
göstərmişdir.
Muzdla işləyənlərin 22,2 faizi təhsildə,
18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində,
12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və
sosial xidmətlərin göstərilməsində, 7,1 faizi
tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında,
3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində,
3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq sahəsində, 1,7 faizi
informasiya və rabitə sahəsində, 17,4 faizi isə iqtisadiyyatın digər
sahələrində məşğul olmuşdur. Muzdla işləyənlərin orta
aylıq əmək haqqı on ayda ötən ilin müvafiq dövrünə nisbətən
5,7 faiz artmış və 441,6 manata çatmışdır.
Bu artımlar öz
növbəsində əhalinin əmanətlərinin həcminə
müsbət təsir göstərmişdir. Oktyabr
ayının 1-nə olan məlumatlara görə əhalinin
banklardakı əmanətləri keçən ilin müvafiq
dövrü ilə müqayisədə 11,6 faiz artaraq 7 milyard
manata çatmışdır. Əmanətlərin 2,6 milyard
manatı xarici valyuta ilə, 4,4 milyard manatı isə milli
valyuta ilə qoyulmuşdur.
Bütün
bunlar o deməkdir ki, dünyanı bürüyən iqtisadi və
maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı hərtərəfli
və dinamik inkişafını davam etdirir. Ölkə
iqtisadiyyatı şaxələndirilir, dövlət
infrastruktur layihələrinə investisiyalar qoyur, sənaye
müəssisələrinin yaradılmasına dəstək verir, özəl sektora güzəştli
kreditlər ayırır. Bu isə belə deməyə əsas
verir ki, ölkəmizin gələcək iqtisadi
uğurları daha böyük olacaqdır.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 25 noyabr.- S.1.