Azərbaycanın milli və dövlət maraqları informasiya

təhlükəsizliyinə ciddi əməl olunmasını tələb edir

 

Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin zərərsizləşdirilməsi hadisəsi sübut etdi ki, bəzi kütləvi informasiya vasitələrində bu vəzifə hələ də lazımınca dərk edilmir

 

Azərbaycan mətbuatı son 10 ildə bütün parametrlər üzrə sürətlə inkişaf edib. Həm maddi-texniki bazanın möhkəmləndirilməsi, həm yaradıcı kollektivlərin peşəkarlığının artırılması, həm də mətbuat-dövlət və mətbuat-cəmiyyət münasibətlərinin təkmilləşdirilməsi baxımından sürətli bir inkişaf yolu keçmişik.

 

Bu gün mətbuatdakı cəmiyyəti və dövləti narahat edən bəzi proseslərin mövcud olması isə bilavasitə Azərbaycanın qüdrətlənməsini istəməyən qüvvələrin “əl izləridir”.

Həm xaricdəki, həm də daxildəki bədxahlarımızın vəsaiti və həvəsləndirmələri ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ya hansısa qurumların nəzarətində olan mətbuat vasitələri elə bir fon yaratmaq istəyirlər ki, guya, ölkənin bütün mətbuatı məhz onların mövqeyindədir. Ancaq aldanırlar. Çünki bu gün Azərbaycanda elə məsələlər var ki, onlara münasibətdə ölkənin rəsmi, iqtidaryönlü, müstəqil və müxalifətyönlü (müxalif siyasi partiyaların qəzetləri nəzərdə tutulur) mətbuat vasitələrinin hamısı eyni mövqedən çıxış edirlər. Məsələn, Qarabağ münaqişəsinin ədalətli həlli, dünya erməniliyinə qarşı mübarizə, ölkəmizin dövlət müstəqilliyinin qorunması və sair. Diqqətli oxucu yaxşı bilir ki, son illər mətbuatda  qeydə alınan  antiazərbaycan xarakterli kampaniyaların hamısında  məhz xarici qüvvələrin diktəsi ilə işləyən adamların açdığı qəzet və ya elektron informasiya vasitələri  “fəallıq nümayiş etdirirlər”.

Elə bu məsələyə münasibət bildirərkən də ulu öndərin müdrik təcrübəsinə istinad etmək zərurəti var. Heydər Əliyev 2001-ci ilin iyul ayında  xarici ölkələrin kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət  nümayəndə heyəti ilə qeyri-rəsmi görüşdə  “Moskovskiye novosti” qəzetinin baş redaktoru Viktor Loşakın bəzi jurnalistlərin yazdığı hərzə-hədyanlar barədə sualını cavablandırarkən demişdi: “...mən nə buna, nə də digərinə reaksiya vermirəm.  Çünki bu xəstəlik hər yerdə, bütün ölkələrdə var.”

Bizim fikrimizcə isə, xarici qüvvələrin əli ilə ölkədə vəziyyəti “bulandırmağa” cəhd edən QHT və mətbuat vasitələri də bütün ölkələrdə var. Əsası odur ki, hansı ölkədə bu cəhdlərə qarşı necə mübarizə aparılır. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirə və həmin tədbirdən sonra təşkil olunmuş çoxsaylı müzakirələr, “dəyirmi masa”lar sübut etdi ki, Azərbaycan həmin istiqamətdə ən qətiyyətli mövqe nümayiş etdirən ölkələrdən biridir və inkişaf etmiş, mütərəqqi mətbuat vasitələrinin hamısı bu məsələdə dövlətin mövqeyini dəstəkləyir.

Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində hörmətli akademikin səsləndirdiyi  fikirlər elə açıq və aydın şəkildə ifadə olunmuşdu ki, onları anlamamaq sadəcə mümkün deyildi.  Məsələn: “Formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən, cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır.”

Əgər hansısa kütləvi informasiya vasitəsinin rəhbəri və ya əməkdaşı bu məntiqi başa düşə bilməyibsə, onda həmin adamın ciddi müayinəyə ehtiyacı var.  Gərək unutmayaq ki, Prezident Administrasiyası rəhbərinin səsləndirdiyi fikirlər birbaşa dövlətin mövqeyidir. Həmin mövqeyə qarşı çıxmaq istəyən və ya buna cəhd edən kəs anlamalıdır ki, ərazisində yaşadığı və faliyyət göstərdiyi dövlətin maraqlarına zidd getmək cəhdi həm də onun özünə ziyandır. Çox təəssüf ki, bu sadə məntiqi dərk edə bilməyən həmkarlarımız hələ də vardır.

Bilavasitə informasiya təhlükəsizliyi mövzusuna dəxli olan bir məsələyə diqqət yönəldək. Adı çəkilən müşavirə avqustun axırında keçirilmişdi. Sentyabrın  sonlarında  internet saytlarından birində oxuduq ki, filan rayondakı hərbi hissənin komandirləri əsgər filankəsovun 150 manatlıq telefonunu götürüblər və qaytarmırlar. Mobil telefonların istənilən kəşfiyyat  fəaliyyətində nə dərəcədə əhəmiyyət kəsb etdiyini  və müharibə şəraitində olan ölkənin əsgərinin cəbhədə nə üçün mobil telefonla xidmət etməsini söyləmək fikrimiz yoxdur. Demək istədiyimiz məqam ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələrinə hücum cəhdi edən erməni helkopterinin vurulduğu məqam məhz mobil telefonla çəkilib və dərhal sosial şəbəkəyə,  sonra  isə adını çəkdiyimiz qüvvələrin elektron informasiya vasitələrinə göndərilmişdi. İlk baxışda hamının alqışladığı həmin məqam, əslində, müstəqil dövlətin informasiya təhlükəsizliyinin qorunması tələblərinin pozulması idi. Maraqlıdır, həmin videogörüntünün internetdə yayılmasından dərhal sonra bu hərəkəti səhv addım adlandıran və qınayan Mətbuat Şurasının sədri Əflatun Amaşovun ünvanına yazdılar ki, o, xalqı sevincdən məhrum etmək istəyir. Həmin informasiya vasitələrindəki həmkarlarımız anlamadılar ki,  “müharibə şəraitində olan ölkənin ordusu barədə xəbərlər bir mərkəzdən yayılmaldır” – deyənlər   kiminsə xəbər yazmasına qısqanmır, sadəcə, dövlətin maraq və mənafelərini KİV təmsilçilərinə xatırladırlar.

Müşavirədə geniş məruzə ilə çıxış edən  akademik  Ramiz Mehdiyev  son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd edib, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışıb.

Qeyd olunub ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. O qeyd edib ki, müxtəlif xarici anti azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.

Avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik barədə danışan administrasiya rəhbəri qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə, internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsi günün reallıqları sırasındadır.  Xüsusilə,  cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktları yada salan dövlət rəsmisi bunun xarici qüvvələrə xidmət olduğunu vurğulayıb.

 Müşavirədə dövlət rəsmisi səviyyəsində xəbərdarlıq edimişdi  ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyalar tətbiq olunur.

Yəni,  müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq kütləvi informasiya vasitələrinin  fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir.  Mətbuat  cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mətbuat vasitələri yadda saxlamalıdırlar ki, son 11 ildə Azərbaycan hər bir vətəndaşının fəxr edə biləcəyi inkişaf yolu keçib. Ona görə də kütləvi informasiya vasitələri ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.

Çox təəssüf ki, bəzi hallarda media nümayəndələri  özlərinin  ən mühüm funksiyalarından biri olan  milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək vəzifəsindən, demək olar ki imtina edirlər. Həqiqətən, biz həm  atəşkəsin pozulduğu  müddətdə, həm də Ermənistan helkopterinin zərərsizləşdirilməsi  zamanı onun şahidi olduq ki, Azərbaycanda informasiyanın idarə olunmasında müəyyən problemlər var. Bu, bəzi hallarda hərbi sirlərin yayılmasına gətirib çıxarır ki , bundan da xarici ölkələrin əks-kəşfiyyat orqanları bəhrələnirlər. Bizim KİV faktiki olaraq onlar üçün informasiya mənbəyinə çevrilir.  Bu zaman isə həqiqi Azərbaycan mətbuatının üzərinə çox mühüm bir vəzifə düşür. Həmin vəzifə yuxarıda haqqında danışdığımız müşavirədə akademik Ramiz Mehdiyevin dilindən bu şəkildə səsləndirilib:

 “KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-in fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir... Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 28 noyabr.- S.8