Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Abadlıq-quruculuq
işləri geniş vüsət alıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və
paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün verdiyi
tapşırıqlar, imzaladığı sərəncamlar
yüksək nəticələrlə müşahidə edilir.
Bu, Binəqədinin timsalında da aydın nəzərə çarpır. Belə ki, son
illər rayonda tikinti-quruculuq,
abadlıq işləri geniş miqyas alıb, sosial sahədəki
mövcud problemlərin həlli istiqamətində
çoxsaylı tədbirlər həyata keçirilib,
qəsəbələrarası və məhəllədaxili yollarda, prospektlərdə, yaşayış
binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin
infrastruktur sahələrində yenidənqurma
və əsaslı təmir işləri aparılıb.
Fikrimizi əsaslandırmaq üçün
bu ilin ötən
aylarında görülən işlərin bir
qisminə qısaca nəzər salaq. Binəqədi,
Sulutəpə, Xocasən, 28 May və Biləcəri
qəsəbələrində məhəllədaxili
yolların böyük hissəsi asfaltlanıb, yol
kənarları abadlaşdırılıb. Xocasəndə Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialının ətrafı, sözün həqiqi mənasında, gözəllik
məkanına çevrilib.
Yaşadığım
Binəqədi qəsəbəsində də görülən
işlər barədə bir qədər ətraflı
təsəvvür yaratmaq istərdim. Burada uzun illər
acınacaqlı vəziyyətdə olan Mədəniyyət Evinin əsaslı təmiri yaxın
günlərdə başa çatdırılıb. Binada tarixi memarlıq üslubunun qorunmasına xüsusi
diqqət yetirilib.
Qəsəbədə
məhəllədaxili yollara asfalt döşənib, yol
kənarları abadlaşdırılıb. Əhalinin istirahəti
üçün parklar
salınıb, müasir tələblərə
cavab verən abad məhəllələr
yaradılıb. 182 nömrəli tam orta məktəbdə 65 sinif
otağından ibarət
1300 şagirdlik əlavə korpus tikilib, bu təhsil ocağının köhnə binası isə əsaslı
təmir olunub.
Son illər adıçəkilən qəsəbədə
su probleminin aradan qaldırılması istiqamətində
də tədbirlər görülüb, qaz xətləri dəyişdirilib,
çoxsaylı evlərin və obyektlərin dam
örtükləri yeniləri ilə əvəz edilib. Binəqədi-Novxanı yolunda
abadlıq işləri aparılıb.
Binəqədidə təkcə
son bir ayda
həyata keçirilən tikinti-quruculuq,
abadlıq işləri barədə də qısa qeydlər
etməyi məqsədəuyğun sayıram. Rayonda 344 ünvanda
su şəbəkəsində baş verən qəzaların
qarşısı alınıb, 386 metr su xətti dəyişdirilib, 816 ünvanda yağış suyu
və kanalizasiya şəbəkəsi təmir
olunub, 10340 metr kanalizasiya xətti təmizlənib, 3347 metr qaz xətti çəkilib.
7-ci və 8-ci mikrorayon, Z.Bünyadov,
Azadlıq prospektlərində, C.Hacıbəyli,
Naxçıvani küçələrində binaların istilik xəttində 123 metr
boru və 10 ədəd siyirtmə yenilənib.
Bununla yanaşı, ayrı-ayrı sahələrdə
enerji sistemində köhnə
transformatorların, elektrik xətlərinin təzələnməsi,
istilik qazanxanalarında təmir-bərpa və
profilaktiki tədbirlərin görülməsi
diqqət mərkəzində saxlanılıb. Həmçinin
18 binanın fasadı əsaslı təmir edilib,
15 yaşayış binasının girişində təmir
işləri aparılıb. Azadlıq prospekti,
28 ünvanındakı binanın həyəti abadlaşdırılıb.
10 binada 1050 kvadratmetr yumşaq dam örtüyü yenilənib, 7 ədəd yeni lift
quraşdırılıb.
“Təmiz Binəqədi” sosial
layihəsi
uğurla həyata keçirilir
Hazırda rayonda bu il iyulun
1-dən reallaşdırılmasına başlanılan “Təmiz Binəqədi” sosial layihəsi uğurla
həyata keçirilir. Layihənin
keçirilməsində əsas məqsəd ilk
Avropa Oyunlarına hazırlıq
dövründə Binəqədinin
memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə
və mikrorayonlarda, küçə və
məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq
işlərini intensiv və mütəşəkkil
formada davam etdirmək,
bu işlərə rayon
ictimaiyyətini cəlb etməkdir.
Layihə çərçivəsində
reallaşdırılan tədbirlərin bir
qisminə qısaca nəzər salaq. Sahibkarlıq subyektləri və dövlət müəssisələri
arasında “Ən təmiz obyekt”, “Ən təmiz
uşaq bağçası”, “Nümunəvi
səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”,
“Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və
digər müsabiqələr təşkil edilib.
“Ən təmiz Mənzil-Kommunal İstismar
Sahəsi” müsabiqəsinə oktyabrın 1-də yekun vurulub. 8-ci mikrorayonda yerləşən
1 saylı Mənzil- Kommunal İstismar Sahəsi müsabiqənin qalibi olub. II
yerə 7-ci mikrorayonda fəaliyyət
göstərən 80 saylı,
III yerə isə 9-cu mikrorayonda fəaliyyət
göstərən 95 saylı MKİS layiq
görülüb. 9-cu mikrorayonun
ərazisində yerləşən 108 və 92 saylı mənzil-kommunal
istismar sahələrinə həvəsləndirici
mükafatlar təqdim olunub. “Ən təmiz bağ” müsabiqəsində isə 9-cu mikrorayon, Adil Məmmədov
küçəsi, 69 ünvanında yeni
məhəllədaxili istirahət parkı qalib
olub. “Polietilensiz gün” devizi altında həmin
ünvanda keçirilən sosial aksiya zamanı isə
ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib,
toplanan polietilen
tullantılar təkrar emala göndərilib.
“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti tədbir A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. “HB.Co.LTD” şirkətinin təşəbbüsü ilə təşkil olunan aksiya iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər. Bundan əlavə, 8-ci mikrorayonun Şövkət Məmmədova küçəsindən başlanan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində sona çatan növbəti təmizlik aksiyası zamanı da ərazi tullantılardan təmizlənib.
Ekoloji problemlərin həlli diqqət mərkəzində
Dövlət
başçısı İlham
Əliyevin diqqət ayırdığı sahələrdən
biri kimi
yaşıllığın genişləndirilməsi tədbirləri
Binəqədidə də uğurla həyata
keçirilir. Xatırladaq ki, son illərdə rayon ərazisində yeni
salınan 27 abad məhəllədə, yeni inşa olunan 24 mini parkda, əsaslı təmir edilən 11 parkda və digər yaşıllıq sahələrində
ümumilikdə 255168 kvadratmetr çəmən örtüyü
yaradılıb, 50221 ədəd gül-çiçək və
dekorativ bitkilər, eləcə də
12800 ədəd ağac əkilib.
Son bir neçə ay
ərzində Bakı-Şamaxı yolunda,
Binəqədi və Biləcəri qəsəbələrində,
Azadlıq prospektində, 8-ci mikrorayonun N.Məmmədov küçəsində,
H.Əliyev, Z.Əliyeva, F.Hümbətov, A.Sultanova
və R.Aboyevin adını daşıyan parklarda, “Azadlıq prospekti”
və “Dərnəgül” metro
stansiyaları yaxınlığında
ağaclar əkilib, köhnələr
budanıb, güllər əkilib və təmizlik işləri
aparılıb.
Rayonda ekoloji problemlərin
həllinin daim
diqqət mərkəzində saxlanılması ilə
bağlı bir məqama da
diqqət yetirək. Binəqədidə yeni
yaşıllıqların, istirahət yerlərinin
salınması ilə yanaşı, neft mədənləri
ərazisində olan çoxsaylı
göllərin bir qismi
qurudulur, ətrafı
abadlaşdırılır, həmin ərazilərdə ağaclar və gül
kolları əkilir. Göllərin bir qismi isə təmizlənir, onlara
axıdılan çirkli
suların qarşısı alınır və ətrafda isə
parklar, yaşıllıq zolaqları salınır.
Abşeron yarımadası üçün
müəyyən mənada təhlükə mənbəyi
sayılan, neftlə çirklənən Böyükşor
gölünün ekoloji
vəziyyətinin yaxşılaşdırılması
qarşıda duran ən mühüm
vəzifələrdən biridir. Hazırda gölün
şərqində inşa olunan
Olimpiya stadionunun
yaxınlığındakı 300 hektaradək ərazi qaydaya salınır. Burada
gölün çirklənməsinin
qarşısını almaq üçün su kollektorunun tikilməsi, sahil
boyunca bulvar yaradılması gələcəkdə
Binəqədinin ekoloji vəziyyətinin daha da
yaxşılaşmasına öz müsbət
təsirini göstərəcək.
Rayonda yaşıllığın genişləndirilməsinə
müsbət təsir göstərən amillərdən biri də Binəqədinin IDEA İctimai
Birliyinin təşəbbüsü ilə “Ümumrespublika
yaşıllaşdırma” marafonu layihəsinə
fəal şəkildə qoşulmasıdır. Layihə
çərçivəsində keçirilən ağacəkmə
aksiyalarında rayon icra
hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə
orqanları və icra strukturlarının
rəhbərləri, məktəblilər və ictimaiyyət
nümayəndələri yaxından iştirak
edirlər.
Vətəndaş məmnunluğu
Binəqədi
Rayon İcra Hakimiyyəti
rəhbərliyi dinamik yüksəliş üçün bütün
zəruri tədbirləri həyata keçirməklə
yanaşı, fəaliyyətinin digər zəruri istiqamətini
vətəndaş müraciətlərinin dinlənilməsi,
öyrənilməsi, araşdırılması və problemlərin
yoluna qoyulmasına yönəldib. Bu baxımdan son illərdə icra hakimiyyətində vətəndaşların
qəbulu və müraciətlərə baxılması işinin operativ formada qurulması, müraciətlərin daha çevik və operativ şəkildə telefonla
çatdırılması üçün
“Sakinlərin Müraciət Xidməti-1646"nın (SMX) yaradılması
vətəndaşlar tərəfindən dərin rəğbətlə
qarşılanıb.
Xatırladaq
ki,
2013-cü il fevral
ayının 6-da icra hakimiyyəti başçısının
müvafiq sərəncamı ilə fəaliyyətə
başlayan sözügedən xidmət
sahəsinin yaradılmasında məqsəd vətəndaş
məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət
səviyyəsini yüksəltmək, dövlət-vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni
müstəvidə inkişafına təsir göstərmək,
bununla da dövlət
orqanı ilə əhali arasında əlaqəni gücləndirməkdir.
“Sakinlərin Müraciət Xidməti-1646"-nın
(SMX) xidmətindən yararlananlar həm məlumat
almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq
dövlət orqanına çatdırmaq imkanı əldə
edirlər. Ümumiyyətlə, icra
hakimiyyətində fəaliyyət göstərən SMX rayonun yerli struktur
orqanlarının məsuliyyət hissini
artırır, həmçinin mübahisələrin həllində,
əhalinin informasiya əldə etməsində
bərabərlik və ədalət hisslərinin
yaradılmasına səbəb olur. Bu, eyni zamanda,
şəffaflığı təmin edir və
korrupsiyaya qarşı mübarizədə
rayon sakinlərinin rolunu
gücləndirir. Yeri gəlmişkən, bu ilin oktyabr ayı ərzində
”Sakinlərin Müraciət Xidməti-1646"-ya
daxil olan zənglərin
sayı 3850, cavablandırılan zənglərin sayı 3388, birbaşa
cavablandırılan zənglərin sayı 2463, yaradılan əks əlaqələrin
sayı 930, tərtib edilən şikayət vərəqələrinin
sayı 925, icraçılıq səviyyəsi 98,5 faiz, xidmət səviyyəsi isə 97,7 faiz olub.
Şikayət
xarakterli müraciətlərin 911-nin və
ya 98,5 faizinin
icrası təmin edilib, o
cümlədən 848-i və ya 93,1 faizi tam həll olunub, 12-si və
ya 1,3 faizi qismən həll
edilib, 51-i və ya
5,6 faizinə müvafiq
izahat verilib, 13-nün
və ya 1,5 faizinin həlli isə icraatdadır.
Son olaraq...
Rayonda görüləsi işlər, həyata
keçiriləsi layihələr hələ çoxdur.
Lakin
yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Binəqədi öz
inkişafının keyfiyyətcə yeni
və məhsuldar dövrünü
yaşayır. Əldə olunmuş bütün uğurların əsasında Prezident İlham
Əliyevin rayona xüsusi
diqqət və qayğısı, onun
reallığa söykənən, düşünülmüş,
rasional sosial-iqtisadi
siyasəti dayanır. Hazırda Binəqədinin
hər bir sakini dövlət
başçısının rəhbərliyi altında
qazanılan uğurları öz həyatında
daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi
kursunu ürəkdən dəstəkləyir.
Vaqif BAYRAMOV
Xalq qəzeti
Yazı
Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.
Xalq
qəzeti.- 2014.- 28 noyabr.- S.6.