“Difai”
Partiyası: Antiterror
mübarizədən
cümhuriyyətə gedən yol
1905-1906-cı illərdə erməni-müsəlman davası kimi tarixə düşmüş hadisələr zamanı nifaq dərinləşdi və hər yerdə atışma səsləri eşidilməyə, hər yanda qan izləri görünməyə başladı. Ölkənin dinc, silahsız türk-müsəlman əhalisi öldürülür və alçaldılırdı. Çar Rusiyası hakim dairələri isə bu haqsızlığa göz yumur və bir az da irəli gedərək hadisələri qızışdırır, erməniləri silahlandırırdılar. Belə ağır məqamda “Difai” (farsca “müdafiə” mənasını verir) adlı milli-ideoloji təşkilat yaradılır.
“Difai”nin yaranması
Azərbaycan
xalqının böyük oğlu, görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, istər
Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə
də Türkiyə Cümhuriyyətinin qurulmasında müstəsna
xidmətlər göstərmiş, adına və əsərlərinə
70 il qadağa qoyulmuş Əhməd bəy Ağaoğlu
azərbaycanlılarla ermənilər arasında gedən bu qanlı münaqişədən
çıxış yolunu tapmaq üçün
1905-1906-cı illərdə Tiflisə, Qafqaz
canişini İ.İ. Vorontsov-Daşkovun
yanına göndərilən doqquz nəfərlik
nümayəndə heyətinin üzvlərindən biri olmuş və ermənilərlə
danışıqlar zamanı Azərbaycan tərəfin
ittihamçısı qismində çıxış etmişdi. M.S.Ordubadi
yazır: “Bütün
sülhsevər çıxışlarına və təkliflərinə
baxmayaraq Ağaoğlu
ermənilərə və çar məmurlarına
elə oradaca xəbərdarlıq etməkdən
çəkinmir: İndi ki,
belədir, indi ki, bir müsəlləh partiya
on beş ildən bəridir
təşkil olunub və hökumət
adamları bunu bilib də
nəinki əlac etməyir, bəlkə, onlarla
həməqidədirlər, bizim istər hökumətdən, istərsə
də ermənilərdən belə bir
partiyanın aradan götürülməyini
təmənna etməyimiz faydasızdır. Biz
ancaq özümüz
öz əlacımızı etməliyik.
Bizim də gərək mükəmməl
və müsəlləh partiyalarımız olsun.
Bir hökumət ki, bir tərəfdən belə işlərə
dözür, gərək o
biri tərəfdən də dözə...” Qurultay bitdikdən sonra, bəlkə də,
vəziyyətin düzələcəyinə az
da olsa güman
edən ziyalılarımızın ümidi
növbəti dəfə puç oldu. Çünki
1906-cı ilin qış, yaz
və yayında daşnaklar Şuşada və bütün
Qarabağda, Naxçıvan və İrəvanda
azərbaycanlılara qarşı qırğınlara
başladılar. Dinc əhaliyə
növbəti dəfə divan tutuldu. Belə məqamda milli ziyalılarımızın erməni terroruna qarşı antiterror
güc strukturunu
yaratmalarından başqa çarələri
qalmadı. Sonralar AXC-nin
Milli Təhlükəsizlik naziri olmuş
N.Şeyxzamanlı öz xatirələrində
yazır: “Əhməd bəy Ağayev Gəncəyə
gəldi və Cümə məscidində camaatla
görüşdü.
Məscid ağzına qədər dolu idi və mən də orada
idim. Əhməd bəyi ilk
dəfə görürdüm. Ağaoğlu minbərin ikinci
pilləkəninə çıxaraq, xalqa
müraciət etməyə başladı: — Möhtərəm
gəncəlilər, türklərlə ermənilər
arasında baş verən son
hadisə hamımızı pərişan etdi.
Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi
hərəkətə razı ola bilməz”.
O vaxt gizli təşkilatımız
ilhamını bir neçə məşhur
millətpərvərimizdən alırdı. Bunların
başında Ələkbər bəy Rəfıbəyli,
Ələkbər və Ələsgər Xasməmmədli
qardaşları, Nəsib bəy Yusifbəyli, doktor
Həsən Ağaoğlu dururdu.
Çox keçmir ki, gizli təşkilatın adı “Difai” qoyulur və ona möhür
hazırlanır.
Professor Vilayət Quliyev özünün
“Son illərin yazıları” əsərində
Əhməd bəy Ağaoğlu barədə
bəhs edərkən yazır: “1905-ci ilə qədər daha çox “söz adamı” kimi
tanınan Əhməd bəy Ağaoğlu
“zamanın dəyişdiyini”, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı dəstələr
vasitəsilə həyata keçirdiklərini görərək,
adekvat qərar qəbul etdi.
Xalqı təşkil etmək, silahlandırmaq, ona şərəf və namusunu,
evini və yurdunu əldə
silah, qorumağı öyrətmək
lazım idi. Bu işlərin
öhdəsindən yalnız qəzetlərdə məqalələr
yazmaqla gəlmək mümkün
deyildi. Mütləq siyasi
qurumlar yaratmaq,
xalqı onların ətrafında toplamaq,
birliyə nail olmaq tələb
edilirdi”. Beləliklə, Azərbaycan xalqının, sözün həqiqi mənasında, mənəviyyat
sarıdan
alçalmasının, fiziki cəhətdən məhv
olunmasının qarşısını almaq üçün “Difai”
adlı etno-siyasi müdafiə təşkilatı
yaradılaraq, mübarizə proqramı qəbul edildi. “Difai”nin 1912-ci il 16 mart tarixli Bəyannaməsində
yazılır: “...Daşnak partiyası, bir tərəfdən silah
gücünə bütün erməniləri,
digər tərəfdən də Qafqaz
hökumətini özünə tabe edib ən ümdə məqsədinə nail olmağa
çalışır. Onların əsas məqsədləri
Qafqazda yaşayan bütün müsəlmanları
qırdıqdan sonra onların
torpaqlarını işğal etməkdir.
Daşnak partiyası əmin olsun ki, heç
bir vaxt biz öz millətimizin bədbəxtliyi
üzərində erməni millətinin səadət və
xoşbəxtlik qurmasına yol vermərik”. Bəyannamədən də göründüyü kimi,
bu təşkilat erməni terrorunun
qarşısını almaq, düşmən
qarşısında aciz qalmamağı əsas
prinsip hesab edirmiş.
“Difai”nin mənəvi gücü
“Difai”nin mübarizə
meyarlarında əsas diqqəti cəlb edən müddəalardan
biri də bu təşkilatın
Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlikdən yaranan
gücdən düşmən qüvvələrinə
qarşı istifadə etmək cəhdi idi. Həmin dövrdə milli
təəssübkeşliyə əsasən dini
tərəfdən baxıldığı və xalqın dini hissləri mühafizəkar olduğu üçün
niyə də bu mühafizəkarlıqdan
mütəşəkkil istifadə
edilməməliydi? Lakin “Difai” digər xristianlara
qarşı deyil, məhz erməni qəsbkarlığına
və qarətçiliyinə qarşı müsəlmanların
duruş gətirməsini təmin etmək
üçün yaradıldı. Ermənilərin
terror hücumlarına qarşı birləşmək
cəhdlərini “panislamizm” kimi qələmə verənlər kifayət
qədər idi. Bu
cür hədyanlar söyləyən ermənilərə
ən doğru cavabı həmin illərdə
çar Rusiyasının Osmanlı
Türkiyəsindəki konsulu olmuş V.Mayevski vermişdir: “Doğrudan da, fərz edək ki, Qafqazda “panislamizm”
ideyaları güclü inkişaf
etmişdir. Lakin onda hec cür
başa düşmək olmur
ki, nə üçün
tatarların (azərbaycanlıların) bu
ideyaları yalnız və yalnız ermənilərə
qarşı savaş və qarətlərdə
təzahür edir, Qafqazın digər
xalqlarını kənarda qoyur? Belə olan təqdirdə ən çox
əziyyət çəkən rus elementi olmalı idi, “panislamizm” ideyaları ilk
növbədə bu elementə
qarşı mübarizə aparmalıdır. Lakin
həqiqətdə buna oxşar
heç bir şey aşkar etmək
olmamışdır. Nə üçün
tatarlar gürcülərə
toxunmamışlar?... və nə üçün
“panislamizm”in
qurbanları yalnız və yalnız ermənilər olmuşlar?...” Konsul yerli müsəlman əhalinin təşkilatlanmaq
cəhdini “panislamizm” kimi
qələmə verən erməni siyasət alverçilərinə
haqlı olaraq hiddətini və
etirazını bildirir.
“Difai”nin əsas simalarından biri
də şeyxülislam Məhəmməd
Pişnamazzadə idi ki,
bu da din
amilindən faydalanmaq və ermənilərin
terror hücumlarına qarşı yerli müsəlmanların mənəvi birliyini təşkil etmək üçün vacib idi.
Tiflis Quberniya Jandarm İdarəsinin rəisi, podpolkovnik Başinski 31 oktyabr 1909-cu il tarixli məruzəsində Pişnamazzadə
haqqında ətraflı məlumat verir.
“Müsəlman aləmində o, əsas və
görkəmli ictimai xadimlərdən biri hesab edilir.
O, Qafqaz diyarı
hüdudlarında müsəlman üsuli-cədid məktəblərinin,
kitabxana-qiraətxanalarının və müxtəlif xeyriyyə
cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür.
Öz əsərlərində, məqalələrində
və ictimai yerlərdə söylədiyi
nitqlərində o, müsəlmanları
birləşməyə və milli tayfa davalarına son qoymağa
çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi
müsəlman və eyni zamanda,
yüksək dərəcədə dindar,
ciddi adamdır, müsəlman ruhaniləri
arasında və cəmiyyətdə görkəmli
mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq
həyat tərzi keçirir”.
1905-ci ilin
iyun ayından Əhməd bəy Ağayev “Həyat” qəzetini nəşr etdirir. Və o da öz növbəsində
yazılarında xalqı birliyə səslədiyi üçün “panislamizm”də ittiham olunur. Təsadüfi deyil ki, Senzor Komitəsinin
yüksək vəzifəli məmurları qəzeti və onun redaktorunu “panislamist ideyalarının qızğın tərəfdarı”,
“bütün müsəlmanların xəlifəsi
kimi ad
çıxarmış Türkiyə Sultanının nüfuzunu və qüdrətini artırmaq tərəfdarı”
kimi qələmə vermişdilər.
Əslində, bu mübarizənin əsas mahiyyətində milli və dini xətt seçilir və regionun
türk-müsəlman əhalisinin mənəvi həmrəyliyini
canlandırmaqla erməni terror
hücumlarına qarşı mütəşşəkil
mübarizə əsas götürülürdü.
“Difai”nin antiterror fəaliyyəti
“Difai”nin “Daşnaksütyun”un mürtəce fəaliyyətindən fərqi
bu idi ki,
o, ilk növbədə,
hücuma məruz qalan
və hüquqları tapdalanan yerli müsəlman əhalinin birlik-həmrəylik
arzularının ifadəsindən yaranmış, müdafiəni
başlıca şərt kimi qəbul etmiş və erməni-azərbaycanlı münaqişəsini
alovlandıran, bu münaqişədə
birtərəfli mövqe nümayiş
etdirən bir sıra çar
məmurlarını cəzalandırmağı hədəf götürmüşdür. Professor
Eldar Əzizov yazır ki,
Yelizavetpol qubernatoru etiraf etməyə məcbur olmuşdu
ki, partiya
ağıllı, ehtiyatlı, ardıcıl, namuslu
və səmimi insanların əlindədir, onun
Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev rəhbərlik edir.
Yenə də həmin qubernatorun sözlərinə
görə, partiya qısa müddətdə
böyük nüfuz
və şöhrət qazanmışdır, əhali ona etibar edir
və onun üzvlərini hökumətdən
səylə gizlədir. “Difai” tezliklə
xalqının düşmənlərini ehtiyatla
aradan götürməyə
başladı.
Təşkilatın
yarandığı gündən etibarən törətdiyi ən
iri siyasi akt, şübhəsiz ki, general-qubernator Qoloşşapovun
və onun dəftərxana müdiri
Kleşşinskinin öldürülməsi
olmuşdur.
Bu əməliyyatlardan sonra “Difai” bir neçə qəzet
redaksiyasına özünün möhürü ilə proklamasiyalar
göndərmiş və N. Şeyxzamanlının qeyd etdiyi kimi,
bu iki qətl hadisəsi
çar hökumətini
sarsıtmış və “onu daha ağıllı olmağa”
məcbur etmişdir. Sonra
Molla Hadı oğlu
adlı bir şəxsin polisin
xəbərçisi olduğu sübut olunmuş və aradan götürülmüşdü.
Antiterror məqsədli əməliyyatlardan biri də 1906-cı ilin dekabr ayında Naxçıvan qəzasının
keçmiş rəisi, podpolkovnik
Engelin “difai”çilər tərəfindən
öldürülməsidir. 1906-cı ildə
Naxçıvanda erməni-azərbaycanlı münaqişələri
zamanı Engel Azərbaycan kəndlərinin
talan olunmasında şəxsən iştirak etmişdir. Bu barədə
hətta, böyük
yazıçımız Məmməd Səid Ordubadi
də yazır.
1907-ci il
iyulun 11-də Yevlax
stansiyasında jandarm Jukov
öldürülür. Bundan
sonra Şuşa şəhər
sakinləri Muxtar Kərbəlayi Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilir. Onlar ermənilərin
xeyrinə casusluqda ittiham
edilirdi. Məsələ
burasındadır ki, bu
antiterror fəaliyyətindən sonra xalqımıza qarşı regionda qırğın və talanlar
xeyli səngimişdir. Yəni, təşkilat
bir növ
missiyasını başa vurmuşdur.
Nəhayət, cümhuriyyət...
“Difai” üzərində repressiya
başlandı. Əhməd bəy Ağayevin
təsisçisi olduğu qəzetlər
bağlandı, özü isə təqiblərdən canını
güclə qurtararaq Türkiyəyə
mühacirət etdi. Digər
“difai”çilər isə həbs olundular.
Beləliklə, “Difai”nin fəaliyyətinə xitam
verilməsinin dəqiq tarixi barədə
tarixşünaslıqda vahid fikir olmasa da,
M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” Partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov
isə belə hesab edir
ki, partiya öz fəaliyyətini 1909-cu ildə
dayandırmışdır. “Difai”çilərin çoxu sonradan 1911-ci ildə
yaradılmış Müsavat
Partiyasına daxil olmuşdur.
“Açıq söz” qəzetinin
13 oktyabr 1917-ci il tarixli nömrəsində belə bir məlumat verilmişdi ki, Azərbaycan siyasi
partiyalarının Gəncədə keçirilmiş
müşavirəsində “Nicat” və “Difai” partiyalarının üzvləri “Müsavat” sıralarına daxil
olmuşlar, çünki
bu partiyaların proqramları
oxşardır. Deməli, təşkilat hələ
1917-ci ilə qədər fəaliyyət göstərmiş və
proseslərdə iştirak etmişdir. Sonda isə həmin
dövrdə ən böyük siyasi partiya hesab olunan “Müsavat”la birləşmişdir.
“Müsavat”ın və ona rəhbərlik
edən M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən
bəy Ağayev, Mirzə Bala
Məmmədzadə və xalqın digər
sayılıb-seçilən ziyalılarının sərf
etdikləri gərgin əmək nəticəsində 1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması prosesi başa
çatmış və Şərqdə ilk
demokratik respublika qurulmuşdur. Bu isə Azərbaycan
milli dövlətçilik tarixinin ən önəmli səhifələrindən
biri kimi tarixə düşmüşdür.
Anar TURAN,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.
Xalq qəzeti.- 2014.- 28 noyabr.- S.6.