Dövlət büdcəsi
vətəndaşların iqtisadi
və sosial hüquqlarının təminatına xidmət
edir
Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir.
Bu
gerçəkliyə nəzərən əminliklə demək
olar ki, müstəqil Azərbaycanın son illər ictimai həyatın
bütün sahələrində əldə etdiyi möhtəşəm
nailiyyətlər də konkret məqsədlərə yönəlmiş
çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.
2003-cü ildən
ölkəyə inamla rəhbərlik edərək onu
davamlı tərəqqi və yüksəliş yoluna
çıxarmış Prezident İlham Əliyev fəaliyyətini
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş möhkəm zəmin üzərində
qurmuşdur. Cənab İlham Əliyev müasir
düşüncəli siyasi lider kimi modernləşməyə
xidmət edən islahatları uğurla həyata
keçirmişdir. Dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini,
tam müstəqil siyasət yürüdərək inkişaf
etmiş ölkələr səviyyəsinə yüksəlməsini
milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
Bu ilin
ötən 9 ayının sosial-iqtisadi yekunları Azərbaycanın
dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.
Ötən müddətdə ölkədə həyata
keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın
davamlı inkişafı üçün zəmin
yaratmış, makroiqtisadi tarazlığı təmin
etmiş, inflyasiyanın birrəqəmli
olmaqla aşağı səviyyədə
saxlanılmasına nail olunmuşdur. Avrozonada
böhranın davam etdiyi bir şəraitdə Azərbaycanda
ÜDM 2,5, qeyri-neft sektoru 6,
qeyri-neft sənayesi 6 faiz artmış, ölkəmizin
maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta
ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ
dolları səviyyəsinədək yüksəlmişdir.
Ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz
artım əldə edilmiş, məcmu valyuta
ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8
dəfədən artıq olmuşdur. Ölkənin xarici
dövlət borcunun ümumi daxili məhsula nisbəti isə
8,5 faiz səviyyəsində qərarlaşmışdır
ki, bu da dünyada ən yaxşı göstəricilərdən
biri hesab olunur.
Qeyri-neft
sektorunun inkişafının mühüm göstəricilərindən
biri də ötən 9 ayda investisiya qoyuluşlarının həcminin
və keyfiyyətinin yüksəlməsidir: ötən
dövrdə ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya
qoyulmuş, bunun 11 milyard manatı daxili investisiyalar
olmuşdur. Bu prosesdə
artıq yerli sərmayədarların üstünlüyü də
qabarıq duyulur. Sərmayələrin təqribən 60
faizinin daxili investisiyalar olması isə ilk növbədə,
dövlətin investisiya siyasətinin uğurlu olduğunu
göstərir. Bu, bütün dünyada maliyyə
resurslarının məhdudlaşdığı,
sahibkarların investisiya qoyuluşlarına son dərəcə
ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət
qədər normal göstərici sayıla bilər. Həmin göstərici, eyni zamanda, regionlarda əlverişli
biznes və investisiya mühitinin formalaşması, iş
adamlarının fəaliyyət imkanlarının genişlənməsi,
bölgələrin istehsal potensialının səmərəli
realizəsi, daxili istehsalın təşviq edilməsi ilə
şərtlənir. Daxili investisiya
qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə
artması, xaricdən maliyyə
asılılığının minimuma endirilməsi,
istehsalla məşğul olan müəssisələrin hərtərəfli
dəstəklənməsi, daxili bazarın qorunması bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bütün
bunların nəticəsidir ki, Azərbaycan Dünya İqtisadi
Forumunun açıqladığı “Qlobal Rəqabət
Qabiliyyəti İndeksi 2014-2015-ci il” hesabatında öz
mövqelərini yaxşılaşdırmışdır.
Hesabatın hazırlanmasında statistik məlumatlardan və
dünyanın 144 ölkəsində fəaliyyət göstərən
iş adamları arasında sorğunun nəticələrindən
istifadə olunmuşdur. Hesabata görə, Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
əsasən tədqiqatın aparıldığı ölkələr
arasında 38-ci yerdə qərarlaşmışdır. Son bir
il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik
indeksini daha da yaxşılaşdıraraq dünya
sıralanmasında bir pillə irəliləmişdir. Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında
liderliyini qorumuş, ilk dəfə olaraq reytinqdə iki
Baltikyanı ölkəni - Latviya və Litvanı
qabaqlamışdır.
Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
“Doing Business 2015" hesabatında isə Azərbaycan 189
ölkə arasında 8 pillə irəliləyərək
80-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl
ölkələr sırasında qərarlaşmışdır.
Biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən yeni hesabatda ölkəmiz ən
çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə
mövqe tutmuşdur.
İqtisadiyyatın
aynası, davamlı inkişafın barometri sayılan büdcənin
real göstəriciləri və artım səviyyəsi istənilən
dövlətdə təkcə vətəndaşların
yaşayış səviyyəsini deyil, ümumən hökumətin
fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını
dəyərləndirməyə
imkan verir. Müstəqil Azərbaycanın son
illər dinamik inkişaf yolunda olması, ilk növbədə,
onun dövlət büdcəsində yer alan makroiqtisadi
göstəricilərində real əksini tapır. İqtisadi
mahiyyətinə görə dövlət maliyyəsi dövlətin
və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının
yaradılması və onların geniş təkrar
istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni
ehtiyaclarının ödənilməsi, ölkənin
müdafiəsinin təmini, cəmiyyətin idarə edilməsi
məqsədilə milli daxili məhsulun və milli sərvətin
bir hissəsinin bölüşdürülməsi və
yenidən bölüşdürülməsi ilə əlaqədar
pul münasibətlərindən ibarətdir. Dövlət
büdcəsi əsas gəlir və xərcləri
özündə ehtiva etməklə yanaşı, dövlətin
hüquqi qüvvəyə malik olan əsas maliyyə
planını təcəssüm etdirir. Büdcə vasitəsilə
dövlət və bələdiyyə orqanları öz
üzərlərinə düşən vəzifə və
funksiyaları yerinə yetirir.
Azərbaycan
Konstitusiyasının 95-ci maddəsini rəhbər tutan Azərbaycan
Respublikasının Milli Məclisi hər il dövlət
büdcəsi layihəsini müzakirəyə
çıxarır. Layihənin müzakirəsi zamanı bir
qayda olaraq Milli Məclisin deputatlarının təklifləri,
Hesablama Palatasının rəyi nəzərə
alınır, bu sahədə şəffaflıq,
hesabatlılıq təmin olunur. “Büdcə sistemi
haqqında” qanuna, habelə respublikanın 2015-2018-ci illəri əhatə
edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq
hazırlanmış dövlət büdcəsi layihəsi də
son illərin dövlət büdcəsinin hüquqi-iqtisadi
varisi qismində çıxış edir.
Son 11 il ərzində
Azərbaycanın dövlət büdcəsi gəlirlərinin
strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə
yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi
olaraq dövlət büdcəsi gəlirlərinin illik
artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən
sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına
görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin
orta illik artımı 20-30 faiz təşkil etmişdir və
bu da regionda ən yüksək göstəricilərdən
sayılır. Hazırda respublikamızın 2014-cü ilin
dövlət büdcəsi Cənubi Qafqazın ümumi
büdcəsinin 76 faizini təşkil edir.
Sosial məsuliyyət
prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət
büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların
mənafeyi baxımından qurmağa və yüksək sosial
rifaha nail olmağa çalışır. Bu
günlərdə Milli Məclisin müzakirəsinə
çıxarılmış “Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsi
haqqında” qanun layihəsi də respublikamızın
qarşıya qoyduğu strateji hədəflərə
doğru inamla irəliləyən ölkə olduğunu bir
daha təsdiqləyir. “Büdcə sistemi
haqqında” qanuna, habelə Nazirlər Kabinetinin “Dövlət
büdcəsinin tərtibi və icrası qaydaları”na
uyğun olaraq hazırlanmış ali maliyyə sənədinin
strateji hədəfləri qeyri-neft sektorunun inkişafı,
makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət
qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması,
regionların davamlı və tarazlı inkişafının təmin
edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin
qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi,
şəffaflığın artırılmasıdır.
Layihə
dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə,
artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə,
dolayısı ilə ölkəmizə və onun
sosial-iqtisadi inkişafına ehtimal olunan mənfi təsirləri
qiymətləndirilməklə büdcədə adekvat həcmdə
ehtiyatlar yaradılaraq tərtib edilmişdir. Bu zaman büdcə layihəsində
sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə
dövlət dəstəyinin ənənəvi olaraq
prioritetliyi saxlanılmış, dövlətimizin müdafiə
qüdrətinin bundan sonra da möhkəmləndirilməsi,
Bakı şəhərində ilk Avropa Oyunlarının
keçirilməsi və icrasına
başlanılmış dövlət proqramlarının davam
etdirilməsi üçün maliyyə təminatının
yaradılmasına üstünlük verilmişdir.
2015-ci
ilin dövlət büdcəsinin layihəsi deməyə əsas
verir ki, qarşıdakı il respublikamızın bütün
sahələr üzrə dinamik inkişafında mühüm
rol oynayacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə
təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə
risklərin qarşısının alınması, onların potensial gəlirlərinin
neft konyunkturasından asılılığının
azaldılması, qeyri-neft sektorundan daxilolmaların
artırılması istiqamətində səmərəli tədbirlərin
görülməsi 2015-ci ildə də qarşıda duran
başlıca vəzifələrdəndir. Dövlət
büdcəsi layihəsinin təhlili göstərir ki, gələn
ilin ali maliyyə sənədində gəlir və xərclərdə
artım tempini qoruyub saxlamaq mümkün olacaq. Dövlət
başçısının müəyyənləşdirdiyi
prioritet istiqamətlərə adekvat olaraq iqtisadi diversifikasiya
və qeyri-neft sektorunun dövlət büdcəsindəki
payının artırılması əsas hədəflərdəndir.
Dövlət büdcəsinin
tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin
ölkə iqtisadiyyatına mümkün təsirləri,
xüsusən də neftin qiymətinin azalması nəzərə
alınmışdır. “Azərbaycan Respublikasının
2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin
1-ci maddəsinə əsasən, dövlət büdcəsinin
gəlirləri 19438 milyon manat məbləğində
proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilin
müvafiq göstəriciləri ilə müqayisədə
1054 milyon manat və ya 5,7 faiz çoxdur. Növbəti il
üçün dövlət büdcəsinin gəlirlərinin
ÜDM-ə nisbətinin 32,5 faiz təşkil edəcəyi
gözlənilir və bu da 2014-cü ilə nisbətən 1,1
faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri
üzrə 2014-cü illə müqayisədə nəzərdə
tutulan əsas artımlar Dövlət Neft Fondundan daxilolmalar
üzrə 1051,1 milyon manat, əlavə dəyər vergisi
üzrə 247 milyon manat, fiziki
şəxslərin gəlir vergisi üzrə 100 milyon manat,
aksiz vergisi üzrə 190,5 milyon manat, ölkədə istehsal
olunan və qiymətləri tənzimlənən
məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili
topdansatış qiyməti arasındakı fərqdən
daxilolmalar üzrə 118 milyon manat, büdcə təşkilatlarının
ödənişli xidmətlərindən daxilolmalar üzrə
100 milyon manat olmaqla proqnozlaşdırılır.
Dövlət Neft Fondundan transfert 10388 milyon manat
proqnozlaşdırılır və bu da 2014-cü ilin
müvafiq göstəricilərindən 1051 milyon manat
çoxdur.
Müsbət
tendensiyalardan biri də dövlət büdcəsinin gəlirlərində
qeyri-neft sektorunun payının ilbəil artmasıdır. Neft-qaz gəlirlərindən
asılılığın azaldılması məqsədilə
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
sistemli tədbirlər həyata keçirən Azərbaycan
hökuməti son illərdə ümumi daxili məhsulun
artımı, qeyri-neft sektorunun inkişafı və biznes
mühitinin liberallaşdırılması sahəsində mühüm
irəliləyişlərə nail olunmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin
fəaliyyətinə geniş imkanların yaradılması
yolu ilə yerli istehsalın stimullaşdırılması,
habelə sənaye potensialının möhkəmləndirilməsi
tədbirləri inkişafın təmayülünü
qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə
qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli
dərəcədə üstələmişdir.
2015-ci ildə dövlət
büdcəsinin qeyri-neft gəlirləri 115804 milyon manat məbləğində
proqnozlaşdırılır və bu da 2014-cü ilin
proqnozuna nisbətən 874,4 milyon manat və ya 8,2 faiz
çoxdur. Bu, son 2 ildə dövlət büdcəsində
qeyri-neft sektorunun təxminən 10 faiz artması deməkdir.
Əgər 2013-cü ildə neft sektorunun büdcədəki
payı 73,1 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəmin
66, 2015-ci ildə isə 65,3 faiz təşkil edəcəyi
proqnozlaşdırılır. “Büdcə zərfi”nin məlumatlarına
əsasən, cari ilin proqnoz göstəricilərinə nisbətən
növbəti ildə dövlət büdcəsinin vergi gəlirlərinin
2,3, qeyri-vergi gəlirlərinin isə 8,2 faiz çox
olması proqnozlaşdırılır.
Qeyri-neft sektorundan
vergi daxilolmalarının artması “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası ilə müəyyən
edilmiş hədəflərin reallaşdırılmasına
xidmət edir. Gəlirlərin strukturunda Vergilər
Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat,
(2014-cü ilin gözlənilən göstəriciləri ilə
müqayisədə 0,1 faizlik artım), Dövlət
Gömrük Komitəsi xətti ilə 1,59 milyard manat (5,3 faiz
artım), dövlət əmlakının icarəsi üzrə
7 milyon manat (40 faiz artım), büdcə təşkilatlarının
büdcədənkənar gəlirləri üzrə 300 milyon
manat, digər gəlirlər üzrə 41 milyon manat təşkil
edəcəyi gözlənilir.
2015-ci ildə dövlət
büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,8 faiz təşkil
edəcəyi gözlənilir. Gələn ilin dövlət
büdcəsində neftin 1 barelinin qiyməti bu ilki qiymətlə
müqayisədə 10 faiz az, yəni, 90 dollar nəzərdə
tutulmuşdur. Gələn il neftin dünya bazarında qiymətinin
hansı səviyyədə olmasından asılı olmayaraq,
büdcənin 53,4 faizi Neft Fondu, 35 faizə yaxını isə
qeyri-neft sektoru hesabına formalaşacaq. Neftin qiymətlərinin
aşağı düşəcəyi təqdirdə belə,
dövlət büdcəsinin cəmi 13 faizə yaxın xərclərinin
formalaşmasında hansısa ciddi problemin yaranması
mümkün deyil. Odur ki, neftin qiymətinin
büdcədə reallığa nəzərən qeyri-adekvat
götürülməsi ilə bağlı səslənən
fikirlər o qədər də ciddi görünmür. Ən
başlıcası, ölkədə təmin edilmiş maliyyə
dayanıqlığı və mənfi meyilli risklərin zərərsizləşdirilməsi
üçün mənbələrin mövcud olması
pessimist proqnozların baş verəcəyi halda bu vəziyyətin
respublika iqtisadiyyatına təsirsizliyini təmin edəcək.
Ekspertlərin fikrincə, neftin qiymətinin ucuzlaşması
müvəqqəti haldır, dünyada nə qədər yeni
neft yataqları tapılsa da, neft resursları azalmağa
doğru gedir. Bununla yanaşı, neft istehsalı ildən-ilə
çətinləşir, maya dəyəri artır. Nəhayət,
əgər 2015-ci ildə dünya bazarında neftin qiymətinin
azalması tendensiyası davam edərsə, büdcənin
müdafiə olunmayan xərcləri azaldıla bilər.
“Büdcə sistemi” haqqında qanuna əsasən, büdcə
gəlirlərinin formalaşmasında çətinlik olarsa,
müdafiə olunan (əməkhaqqı, pensiya xərcləri,
sosial müavinətlər və s.) xərclər istisna olmaqla
digər xərclər azaldıla bilər.
Ümumiyyətlə,
2015-ci ilin dövlət büdcəsini əvvəlki illərin
analoji ali maliyyə sənədlərindən fərqləndirən
əsas cəhətlərdən biri dövlət büdcəsinin
vergi gəlirlərinin mənbələrinin
ünvanlılığının və şəffaflığının
artırılması, yerli gəlirlərin yığım səviyyəsinin
genişləndirilməsidir. 2015-ci ildə ilk dəfə
olaraq yerli gəlir və xərcləri tənzimləmək
üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri
təmin etmədikdə həmin şəhər və
rayonlara, onların xərclərinin 10 faizindən çox
olmayan hissəsi qədər dövlət büdcəsindən
vəsait ayrılması nəzərdə tutulmuşdur.
Gələn ilin
dövlət büdcəsinin sosialyönümlü xarakter
daşıması da təsadüfi deyil. Son illər
ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin,
habelə vətəndaşların yüksək rifah
halının təmini istiqamətində həyata keçirilən
ardıcıl tədbirlər respublikamızın milli
inkişaf modelinin sosialyönümlü səciyyə
daşıdığını tam təsdiqləmişdir.
Qeyri-neft sektorunun və sahibkarlığın
inkişafı, yeni müəssisələrin işə
salınması məqsədilə reallaşdırılan
islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək
qabiliyyətli əhalinin iqtisadi fəallığının
yüksəlməsinə, eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə imkan
vermişdir.
Hökumətin
müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların
sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə
xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin
inkişafına təkan verir. Respublikanın
dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən
çalışmaq və zəhmətdən gəlir əldə
etmək imkanından məhrum olmuş vətəndaşların
problemləri xüsusi diqqət mərkəzində
saxlanılır. Hökumət azad iqtisadi
münasibətlərə, azad rəqabətə, özəl
mülkiyyətçiliyə və sahibkarlığın
inkişafına zəruri kömək göstərməklə
yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə
ehtiyacı olan təbəqəni də nəzərdən
qaçırmır.
Son illər
respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti
üzrə gerçəkləşdirilməsinə imkan verən,
bu sahədəki ənənəvi yanaşma və
metodları daha da təkmilləşdirən mükəmməl
qanunvericilik sisteminin yaradılması, mühüm fərman və
sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq
konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə
malikdir. 2015-ci ildə sosial xərclər üçün
dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait
proqnozlaşdırılır və bu da 2014-cü ilə nisbətən
489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra
göstəricisi ilə müqayisədə 920 milyon manat və
ya 18,8 faiz çoxdur. Sosialyönümlü xərclərə
ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon
manatının əməkhaqlarına, 1 milyard 845 milyon
manatının təqaüd və sosial müavinətlərə,
319,7 milyon manatının ərzaq məhsullarının
alınmasına, 209,3 milyon manatının dərman və
sarğı ləvazimatlarının alınmasına yönəldilməsi
nəzərdə tutulur. Təqaüdlər və sosial
müavinətlərə ayrılan xərclər 2014-cü
ilin proqnozu ilə müqayisədə 24,7 milyon manat, əməkhaqlarına
ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə
müqayisədə 417,7 milyon manat çoxdur.
“2015-ci
il üçün yaşayış minimumu haqqında” və
“2015-ci il üçün ehtiyac meyarının həddi
haqqında” qanun layihələri də dövlətimizin
sosialyönümlü büdcəsini əks etdirir. 2015-ci ildə
yaşayış minimumu ölkə üzrə 131 əmək
qabiliyyətli əhali üçün 140 pensiyaçılar
və uşaqlar üçün 108 manat olacaq. Ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının həddi isə 105 manat məbləğində
nəzərdə tutulmuşdur. Müqayisə
üçün bildirək ki, yaşayış minimumu 2010-cu
ildə 87, 2011-ci ildə 102, 2012-ci ildə 108, 2013-cü ildə
116, 2014-cü ildə isə 125 manat təşkil etmişdir.
Son illər
respublikamızda ehtiyac meyarının həddinin də
davamlı olaraq artımı baş vermişdir. Orta məbləğ
2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü
ildə 93, 2014-cü ildə 100 manata çatmış,
ümumilikdə son 10 ildə 21 dəfə
artmışdır. Qeyd olunan sosial indekslərlə bərabər,
minimum əməkhaqqının məbləğində də
əhəmiyyətli dərəcədə artım baş
vermişdir. On ildə minimum əməkhaqqı 5,5 manatdan 105
manatadək artmış, pensiyaların orta aylıq məbləği
5,7 dəfəyədək yüksəlmişdir.
Hazırda
respublikada həyata keçirilən sosial siyasətin əsas
prioritetlərindən biri də bu sahədə inkişaf
indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə
uyğunlaşdırılması, sosial hüquqların
etibarlı müdafiəsi mexanizminin
formalaşdırılmasıdır. Bu meyarlar dövlət
başçısının sərəncamı ilə təsdiq
olunmuş “2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə
sosial müdafiə tədbirlərinin əhatəsinin
genişləndirilməsi, aztəminatlı ailələrin
maddi imkanlarının yaxşılaşmasına yönəlmiş
sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi
məqsədilə islahatların həyata keçirilməsi,
sosial təminat və pensiya sisteminin daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması ilə bağlı prioritetlər
müəyyənləşdirilmişdir.
2015-ci
ilin dövlət büdcəsində sosial müdafiə və
sosial təminat xərcləri üçün 2 milyard 40,5
milyon manat vəsait proqnozlaşdırılmışdır.
2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə
ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Dövlət
Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək
pensiyalarının maliyyələşdirilməsinə, 548,4
milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi vasitəsilə həyata keçirilən sosial
müavinətlərin, təqaüdlərin və digər
sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi vasitəsilə qaçqın və
məcburi köçkünlərin sosial müdafiəsinin təminatı tədbirlərinin maliyyələşdirilməsinə
yönəldiləcək.
Sosialyönümlü
siyasətin tərkib hissəsi olaraq gələn il sosial
ipoteka kreditinin məbləğinin də 25 faiz artırılaraq
50 milyon manata çatdırılması gözlənilir. Faktiki olaraq vətəndaşlar 2015-ci ilin dövlət
büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən,
İpoteka Fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi
hesabına təxminən 80 milyon manatdan əlavə kreditlərdən,
respublika banklarının 90 milyon manata yaxın kommersiya
ipotekalarından faydalanma imkanlarına malik olacaqlar.
2015-ci ildə ipoteka proqramı çərçivəsində
dövlət büdcəsi və digər mənbələrlə
birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların
mənzil şəraitinin
yaxşılaşdırılması üçün
ayrılması gözlənilir.
Sosialyönümlü
xərclər sırasında təhsilə ayrılan xərclərin
dinamik artımı da Prezident İlham Əliyevin neft gəlirlərinin
insan kapitalına çevrilməsi ilə bağlı irəli
sürdüyü konsepsiyanın mahiyyətindən irəli gəlir.
Təhsilin bütün sahələr üzrə proporsional
inkişafı ciddi investisiya tələb edən məsələ
olduğundan dövlətin son illərdəki maliyyə
imkanları bu sahədə qlobal layihələrə
başlamaq imkanı yaratmışdır. Dövlət
büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil
sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir sıra problemlərin
məhz hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırmış, dövlət
investisiyalarının həcmcə artımını təmin
etmiş, bu sahənin dünya standartları səviyyəsinə
yüksəlməsinə geniş imkanlar
açmışdır. “Azərbaycan
Respublikasının təhsil islahat proqramı” və
“2013-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin
bütün pillələrində maddi-texniki bazasının
gücləndirilməsi, tədris şəraitinin
yaxşılaşdırılması, bu sahədə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi
və digər zəruri tədbirlərin həyata
keçirilməsi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü
ildə 243 milyon manat təşkil edən təhsil xərcləri
2013-cü ildə 1,5 milyard manata yüksəlmişdir.
İnvestisiya xərcləri isə 5 milyon manatdan 420,9 manata
çatmışdır. 2014-cü ilin dövlət büdcəsindən
isə təhsil xərclərinə 1 milyard 653,4 milyon
manat vəsait ayrılmışdır və bu da 2013-cü ilə
nisbətən 123 milyon manat və ya 8 faiz çoxdur.
2015-ci
ilin dövlət büdcəsində isə təhsil
üçün 1711,2 milyon manat olmaqla 2013-cü ilin göstəricisinə
nisbətən 273,5 milyon manat və ya 19 faiz, 2014-cü ilin
dövlət büdcəsinə nisbətən 57,7 milyon manat
və ya 3,5 faiz çox vəsait
proqnozlaşdırılmışdır. Bu xərclərin dövlət büdcəsində
xüsusi çəkisi 8,1 faiz təşkil edəcək.
Təhsil
üçün ayrılan vəsaitlərin ilbəil
artımı həm də inkişafyönümlü dövlət
proqramları, fərman və sərəncamların icrası
zərurəti ilə şərtlənmişdir. Qısa
müddətdə 16 belə inkişafyönümlü proqramın
icrası təmin edilmişdir və ya hazırda icra olunur. Həyata keçirilən tədbirlər
sırasında təhsilin məzmununun yeniləşdirilməsi,
yeni proqram, dərslik və dərs vəsaitlərinin
hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi,
təhsil müəssisələrinin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi, tədrisdə
müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT)
istifadə olunması, beynəlxalq əlaqələrin
genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin
yüksəldilməsi prioritet təşkil edir.
Büdcə zərfində
diqqətçəkən mühüm məqamlardan biri də
investisiya xərclərinin prioritetliyinin qorunub
saxlanılmasıdır. Gələn ilin
dövlət büdcəsi xərclərinin strukturunda ilk yeri ənənəvi
olaraq dövlət əsaslı vəsait qoyuluşları
tutur. 2015-ci ildə dövlət əsaslı kapital
qoyuluşlarının məbləğinin 2014-cü illə
müqayisədə 670 milyon manat çox olacağı
proqnozlaşdırılır. Dövlət əsaslı
vəsait qoyuluşunun strukturunda sosialyönümlü layihələr
üzrə 44,1, infrastruktur layihələri üzrə 0,3 faiz
artım gözlənilir.
Bu təsnifat üzrə
dövlət büdcəsindən ayırmaların yüksək
templə artması, ilk növbədə, hökumətin
ictimai həyatın bütün sahələrində modernləşməyə
nail olmaq istəyindən irəli gəlir. Sovet
dövründən miras qalmış infrastrukturla müasir Azərbaycanın
artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda
davamlı və sabit inkişafa nail olmağın,
sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat
keyfiyyətini yüksəltməyin
qeyri-mümkünlüyü yaxşı məlumdur.
Dövlət investisiyaları hesabına əhəmiyyətli
infrastruktur, kommunal və sosial obyektlərin inşası və
yenidən qurulması da məhz qeyd olunan məqsədlərin
gerçəkləşdirilməsi baxımından vacibdir. Dövlət vəsaitləri hesabına kommunal xidmətlərin
səviyyəsinin yüksəldilməsi, ilk növbədə,
əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli
su ilə təminatı, yolların bərpası və yenidən
çəkilişi, zəruri abadlıq işlərinin
aparılması və s. təmin ediləcək. Eyni zamanda, bu vəsaitin müəyyən hissəsi əvvəlki
illərdən başlanmış və ölkənin
ümumi inkişafı baxımından mühüm əhəmiyyətə
malik layihələrin icrasına yönəldiləcək.
İnfrastruktur layihələrinin reallaşdırılması
həm də çoxlu sayda yeni iş yerlərinin
açılması deməkdir.
Gələn ilin
dövlət büdcəsində müdafiə xərclərinin
də əhəmiyyətli çəkiyə malik olması
ölkənin müharibə şəraitində
yaşaması, ərazisinin 20 faizdən çoxunun hələ
də işğal altında olması ilə şərtlənir.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Ordusunun büdcəsi
2003-cü ildə cəmi 150 milyon ABŞ dolları idisə, gələn
il hərbi xərclərə 1 778,5 milyon manat yönəldilməsi
planlaşdırılır. Bu gün müstəqil Azərbaycanın
NATO standartlarına cavab verən, şəxsi heyətinin
döyüş hazırlığı yüksək olan
peşəkar və modern ordusu var. Bu ordunun dinamik inkişaf
meyillərini şərtləndirən başlıca amillərdən
biri də məhz ölkənin uğurlu daxili və xarici
siyasəti, eyni zamanda dünyada artan nüfuzudur. Müstəqil respublikamızın son illər
sosial-iqtisadi sahədə mühüm uğurlara imza
atması, büdcə vəsaitlərinin ilbəil yüksək
tepmlə çoxalması ölkə rəhbərliyinə
ordu quruculuğu sahəsində daha sistemli və
ardıcıl tədbirlər həyata keçirməyə
imkan vermişdir. Daha dəqiqi, dövlət büdcəsinin
gəlirlərinə adekvat olaraq Azərbaycan Respublikası
Silahlı Qüvvələrinə ayrılan vəsaitlər də
artırılır. Bütün bunlar isə
ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və
qida təminatının əhəmiyyətli dərəcədə
yaxşılaşmasına, eyni zamanda, gənc əsgər və
zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə
imkan yaratmışdır.
Müasir
dövrdə hər bir dövlətin davamlı və sabit
inkişafının ən mühüm göstəricilərindən
biri də onun büdcəsidir. İqtisadiyyatın aynası,
davamlı inkişafın barometri sayılan büdcənin real
göstəriciləri və artım səviyyəsi istənilən
dövlətdə təkcə
vətəndaşların yaşayış səviyyəsini
deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini,
faydalı iş əmsalını dəyərləndirməyə
imkan verir. Bu baxımdan əminliklə demək olar ki, 2015-ci
ildə də hökumət uğurlu fəaliyyətini davam
etdirəcək, qarşıya qoyduğu hədəflərə
doğru inamla irəliləyəcək.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2014.- 28 noyabr.- S.5.