İqtisadçı alimin zəngin ömür
yolu
Əli
Nuriyev – 75
Görkəmli
iqtisadçı alim, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, iqtisad elmləri
doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Regional İqtisadi və Sosial
Araşdırmalar İnstitutunun direktoru Əli Xudu oğlu
Nuriyevin anadan olmasının 75, elmi və pedaqoji fəaliyyətinin
50 ili tamam olur.
Əli Nuriyev Azərbaycan iqtisadçı alimlərinin
XX əsrin 60-cı illərində elmi fəaliyyətə
başlamış, respublikamızda iqtisad
elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş
nəslinə mənsubdur. O, ölkənin elmi
ictimaiyyəti arasında çoxcəhətli
yaradıcılığı ilə məhsuldar alim, regionşünaslıq sahəsində
görkəmli mütəxəssis, peşəkar müəllim,
obyektiv mövqeli xeyirxah və zəhmətkeş insan kimi tanınır.
Əli Nuriyev 1939-cu
ildə Füzuli rayonunun
Horadiz kəndində anadan
olmuşdur. O, 1957-ci ildə həmin kənddə
orta məktəbi, 1963-cü ildə BDU-nun iqtisad fakültəsini
fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan
EA-nın müxbir üzvü
Bəhmən Axundov, professorlar
Həsən Dadaşov, Ələsgər
Qasımov, Əhməd Qaravəliyev, dosent
Abbas Nəbiyev kimi nüfuzlu alimlər gənc
iqtisadçının biliyinə yüksək qiymət vermiş, onun elmdə və
təhsildə böyük gələcəyinə
inanmışlar.
Əli Nuriyev 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun
əyani aspiranturasına daxil olmuşdur. O, 1969-cu ildə professor Asəf Nadirovun rəhbərliyi
altında “Aşağı Kür-Araz sənaye
kompleksi və onun gələcək
inkişaf yolları” mövzusunda
dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 1991-ci ildə isə
“Yeni təsərrüfatçılıq
şəraitində Azərbaycan xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi”
adlı elmi iş
üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi
almışdır. İstedadlı iqtisadçının doktorluq dissertasiyası Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı, keçmiş SSRİ məkanında da görkəmli alimlərin diqqətini cəlb
etmiş, yüksək qiymətləndirilmişdir.
Əli Nuriyev hələ orta məktəbdə
oxuyarkən əmək fəliyyətinə
başlamış, universiteti bitirdikdən
sonra Naxçıvan Şəhər
Maliyyə Şöbəsində baş
iqtisadçı vəzifəsində işləmişdir. O, ADU-nun siyasi
iqtisad kafedrasına dəvət olunmuş, sonra AEA İqtisadiyyat İnstitutunda
kiçik elmi işçi, böyük
mühəndis- iqtisadçı və böyük
elmi işçi vəzifələrində
işləmişdir. 1972-ci ildə iqtisadçı alim Azərbaycan EA Rəyasət Heyətinin qərarı
ilə Naxçıvan Elm Mərkəzinin
təşkilatçılarından biri kimi Naxçıvan şəhərinə
göndərilmiş və orada 1980-ci ilədək
iqtisadiyyat şöbəsinin müdiri işləmiş, tarix
şöbəsinə də rəhbərlik etmişdir.
1980-1981-ci
illərdə Ümumittifaq Kooperativ Ticarətinin İqtisadiyyatı Elmi-Tədqiqat
İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor
müavini vəzifəsinə irəli
çəkilən Əli müəllim 1982 – 1989-cu illərdə
Azərbaycan Sənaye İnstitutunun dosenti olmuşdur. 1989-cu
ildən o, yenidən Azərbaycan EA İqtisadiyyat İnstitutuna
qayıtmış, regionların sosial-iqtisadi
inkişaf
problemləri şöbəsində böyük
elmi işçi,
aparıcı elmi işçi,
şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləmişdir.
2002-ci ildən Əli
Nuriyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Geostrateji
Araşdırmalar Mərkəzinin müdiri
olmuş,
2005-ci ildə ona professor
elmi adı verilmişdir.
Alim 2012-ci ildən həmin akademiyada “Regional iqtisadi və sosial araşdırmalar institutu”
nun direktorudur. O, işlədiyi
bütün vəzifələrə
məsuliyyətlə yanaşmış,
hər yerdə böyük hörmət qazanmışdır.
AMEA-nın müxbir üzvü Əli Nuriyevin zəngin elmi yaradıcılıq yolu iqtisad elminin müxtəlif sahələrini
əhatə edir. Onun elmi əsərləri dövrün aktual problemlərinə həsr
olunması ilə seçilmiş, konseptual yanaşma, çeviklik və məqsədyönlülük
xüsusiyyətləri kəsb
etmişdir. Görkəmli alim 240-dan çox elmi və metodiki
əsərin, o cümlədən
16 monoqrafiya və kitabçanın müəllifi,
10 monoqrafiyanın müəlliflərindən
biridir. Alimin bu əsərlərində Azərbaycanda
ilk dəfə olaraq sənaye qovşaqları və ərazi sənaye-istehsal komplekslərinin
iqtisadi mahiyyəti açılmış, onların
səmərəli formalaşması
və inkişafının
nəzəri-metodoloji problemləri
araşdırılmış, məsələnin Gəncə
– Qazax iqtisadi rayonu və aşağı Kür – Araz regionu sənaye
komplekslərinə tətbiqi
ətraflı təhlil
olunmuşdur.
Akademik Asəf
Nadirovun Əli Nuriyevin elmi rəhbəri və doktorluq dissertasiyasının
məsləhətçisi olması və 1964 –
1972-ci illərdə Əhməd
Mahmudovun rəhbərlik
etdiyi İqtisadiyyat İnstitutunda işləməsi,
şübhəsiz ki,
onun elmi uğurlarına önəmli
təsir etmişdir.
Əli Nuriyevin elmi-təşkilati
fəaliyyətində və
yaradıcılığında ötən əsrin 74 –
80-ci illərində Naxçıvan
Elm Mərkəzində işlədiyi
dövr xüsusi yer tutur. O, burada elmi-tədqiqat işini praktika ilə sıx əlaqələndirmiş və
onların əksəriyyətinin
reallaşmasına nail olmuşdur.
Alimin Naxçıvan
MR iqtisadiyyatına aid əsərlərində əmək
ehtiyatlarından istifadənin
məhəlli xüsusiyyətləri
aşkara çıxarılmış,
aqrar- sənaye kompleksi sahələrinin inkişafı, səmərəliliyinin
və məhsulun keyfiyyətinin yüksəldilməsi
məsələləri və
ehtiyatları, şəhərlərin
inkişafı və şəhər əhalisinin
artması, məhsuldar
qüvvələrin yerləşməsinin
təkmilləşməsi yolları
ətraflı təhlil
olunmuş və konseptual xarakterli təkliflər irəli sürülmüşdür. Əli Nuriyev
Naxçıvan Muxtar
Respublikasında məhsuldar
qüvvələrin ərazi
təşkilini təkmilləşdirmək
üçün kəndlərarası
mərkəz ideyasını
irəli sürmüşdür.
O bu məqsədlə
perspektivli kəndləri
müəyyənləşdirmiş, kiçik, orta istehsal və xidmət müəssisələrinin
orada yerləşdirilməsi
ideyasını irəli
sürmüşdür.
1980-cı illərdə
və 90-cı illərin
əvvəllərində Əli
müəllimin tədqiqatları
və əsərlərinin
mövzu dairəsi daha da genişlənmiş,
məhsuldar qüvvələrin
ərazi təşkili,
iqtisadi rayonlaşdırma,
inzibati-ərazi bölgüsü,
sənaye komplekslərinin
inkişafı və ərazi idarəetmə məsələlərini kompleks
halda əhatə etmişdir. “Məhsuldar qüvvələrin
respublika daxilində yerləşməsinin təkmilləşməsinin
sosial-iqtisadi problemləri”
monoqrafiyası Əli
Nuriyevin yaradıcılığında
xüsusi yer tutur. Burada məhsuldar qüvvələrin
70-ci illərdəki inkişafı
və ərazi təmərküzləşməsindən yaranan sosial-iqtisadi problemlər kompleks tədqiq edilmişdir.
1989 – 1991-ci illərdə Əli Nuriyevin elmi-tədqiqat işlərində,
çap olunmuş elmi məqalə və kitablarında inzibati-ərazi bölgüsünün
və respublikadaxili iqtisadi rayonlaşmanın nəzəri-metodoloji məsələləri
keçmiş İttifaqda
ilk dəfə olaraq kompleks şəkildə və qarşılıqlı
əlaqədə elmi-tədqiqat
obyektinə çevrilmişdir.
Bu tədqiqatları ümumiləşdirmək əsasında
çap olunmuş əsərlərində Əli
Nuriyev “İnzibati-ərazi
bölgüsü, iqtisadi
rayonlaşdırma və
yerli özünüidarə
orqanlarının ərazi
təşkilinin qarşılıqlı
əlaqədə sistem
halında təkmilləşməsi”
konsepsiyasını Azərbaycan
şəraitinə tətbiqən
işləyib hazırlamışdır.
O bu elmi araşdırmalar əsasında
respublika üçün
bugün də əhəmiyyətini saxlayan
yeni iqtisadi-coğrafi rayonlar şəbəkəsi
təklif etmişdir.
Onun 1992 – 1999-cu illərdə
çap olunmuş bir sıra əsərlərində
Azərbaycanın ötən
əsrin 80-ci illərinin
axırları və
90-cı illərin əvvəllərində
hərtərəfli böhrana
düşməsinin obyektiv
və subyektiv səbəbləri ətraflı
təhlil olunmuş, böhrandan çıxmağın,
iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf
etdirməyin, özəlləşdirməni
həyata keçirməyin,
iqtisadi inteqrasiyanın,
ərazi idarəetməni
təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın
konseptual əsasları
şərh olunmuşdur.
Qeyd etməyi vacib bilirik ki,
Əli Nuriyevin bu əsərlərdə xalqın ideya-siyasi birliyinə nail olmaq, keçmişimizə hörmətlə
yanaşmaq, təhsili,
elmi, təbliğat sistemini yenidən qurmaq, əmək intizamını möhkəmlətmək
haqqında irəli sürdüyü mülahizələr
müasir dövrdə
də öz aktuallığını itirməmişdir.
1998-2003-cü illərdə
Əli Nuriyev respublikanın tanınmış
alimləri ilə birlikdə Naxçıvan
iqtisadiyyatının inkişafı
ilə bağlı məsələlərin tədqiqinə
yenidən müraciət
etmişdir. Onun “Naxçıvan
iqtisadiyyatı statistika
güzgüsündə” monoqrafiyasında
muxtar respublika iqtisadiyyatının XX əsrdə
keçdiyi inkişaf
mərhələləri, əldə
etdiyi nailiyyətlər,
həll etməli olduğu problemlər, bazar münasibətləri
şəraitində inkişafının
əsas problem məsələləri
və istiqamətləri
öz əksini tapmışdır.
Əli Nuriyevin
müəlliflərindən biri olduğu “Azərbaycan iqtisadiyyatı”
monoqrafiyasında ölkə
iqtisadiyyatının inkişaf
mərhələləri, potensial
imkanları və bazar münasibətləri
şəraitində inkişaf
istiqamətləri haqqında
müfəssəl məlumat
verilmiş, iqtisadiyyatın
inkişaf səviyyəsinin
yüksəlməsini şərtləndirən
əsas amillər (inteqrasiya, struktur dəyişiklikləri aparılması
və sahibkarlığın
inkişafı) təhlil
olunmuşdur.
Alimin
2004-2014-cü illərdəki tədqiqatları da orijinallığı və
aktuallığı ilə
seçilir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə qəbul edilmiş regional inkişaf
proqramlarının, onların
yerinə yetirilməsi
gedişinin, 2004 – 2008-ci illərdə
ölkədə aparılan
regional siyasətin ilk və
sistemli elmi təhlili Əli Nuriyevin monoqrafik tədqiqatlarında və
məqalələrində geniş
əksini tapmışdır.
Onun bu problemlərə həsr olunmuş əsərləri içərisində
“Regional siyasət və
idarəetmə”, “Regional siyasət
və idarəetmənin
əsasları” kitabları
mühüm yer tutur.
Professor Əli Nuriyevin
ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə
ithaf etdiyi “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin
konseptual əsasları”
kitabı onun son 10 ildə xüsusi seçilən yaradıcılıq
uğurudur. Müəllif Azərbaycanda
regional siyasətin strateji
istiqamətlərini, regional idarəetmənin təşkilatı
vasitə və metodlarını şərh
edərkən xalqımızın
ümummilli lideri Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı
proqram xarakterli çıxışlarını, fərmanlarını, qəbul
etdikləri rəsmi dövlət sənədlərini
rəhbər tutmuşdur.
Son illərdə çap olunmuş məqalələrində nüfuzlu
iqtisadçı alim respublika regionlarının
davamlı inkişafının
təşkilati-iqtisadi problemlərinə,
respublikanın investisiya
siyasəti, iqtisadiyyatın
maliyyə resursları,
daxili maliyyə təminatı, xammal təminatı və kommersiya xidmətinin təşkilinin təkmilləşdirilməsi
ilə əlaqədar
məsələlərə də xeyli yer
vermişdir.
Əli Nuriyevin
bir çox monoqrafik əsərləri
Azərbaycan Milli EA-nın illik hesabatında iqtisad elminin nailiyyətləri sırasına daxil edilmişdir.
Hazırda Əli
Nuriyev Dövlət İdarəçilik Akademiyasında
“Dövlət idarəçiliyi:
nəzəriyyə və
təcrübə” jurnalında
redaksiya heyətinin və bu akademiyanın
böyük elmi şurasının üzvüdür.
O, iyirmidən artıq
elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. 2009-cu il də görkəmli
iqtisadçı alim Əli Nuriyevə Azərbaycan Respublikasının
Əməkdar elm xadimi
fəxri adı verilmişdir.
Əli Xudu
oğlu Nuriyev ömrünün müdriklik,
yaradıcılığının yetkinlik dövrünü yaşayır. Biz həmkarları,
dostarı və yetirmələri adından onu
anadan olmasının 75, elmi-pedaqoji
fəaliyyətinin 50 illiyi münasibətilə
səmimi-qəlbdən təbrik edir, alimə
möhkəm cansağlığı və yeni
yaradıcılıq uğurları arzulayırıq.
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Ağasəlim ƏLƏSGƏROV,
AMEA-nın
müxbir üzvü,
İsa
ALIYEV, professor
Xalq
qəzeti.- 2014.- 29 noyabr.- S. 5.