Dövlətçiliyin
və qanunçuluğun keşiyində
1
Oktyabr Prokurorluq işçilərinin peşə bayramı
günüdür
Azərbaycan
Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə
sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi
və inkişaf etməsi
prosesində fəal iştirak edəcək və Azərbaycanda
qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini
göstərəcəkdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək və müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz və şərəf işimizdir.
Dövlətimizin
həyatında əhəmiyyətli yer tutan prokurorluğun
insan hüquq və azadlıqlarının təmin edilməsində,
demokratik inkişafa maneə yaradan halların aradan
qaldırılmasında, məhkəmə-hüquq
islahatlarının uğurla həyata keçirilməsində,
ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab
verən səviyyədə formalaşmasında və
ictimai-siyasi həyatın bütün sahələrində
müstəqil dövlətimizin hüquqi bazasının
möhkəm təməllər üzərində
qurulmasında böyük rolu vardır. Ulu öndər
Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək
qiymətləndirirdi. Onun söylədiyi: “Azərbaycan
Prokurorluğunun inkişaf etməsində dövlət
qayğısı bu gün də, gələcəkdə də
olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti
kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm
və arxalanıram” kəlamı həmişə və hər
yerdə ruh yüksəkliyi mənbəyimiz olmuşdur.
Tarix dəfələrlə
sübut etmişdir ki, müxtəlif zaman və məkanlarda
yaranan əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual
potensialı, zəngin mədəniyyəti və milli
özünüdərk səviyyəsi ilə
özünün yüksək azadlıq idealına, tarixin yaddaşında
saxlanan milli dövlətçilik,
müstəqillik ənənələrinin bərpasına can
atır. Cərəyan edən ictimai-siyasi proseslərin
axarında xalqın əsrlərdən keçib gələn
intellektual potensialının üzə çıxması və
misli görünməmiş bəşəri dühaların
meydana gəlməsi üçün şərait yaranır. Bununla belə, fitri istedadı və xarizmatik keyfiyyətləri
ilə ürəkləri fəth edərək zamanın
fövqündə dayanmaq, milyonların qəlbində ölməzlik
məşəli yandıraraq onlara müstəqillik,
azadlıq hissini bütün varlığı ilə
yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi
isə çox az liderlərə nəsib olur.
Belə fenomenal liderlər
xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri
dəyərlərlə çulğalaşmış siyasi
dünyagörüşü əsasında özlərinin
mükəmməl dövlətçilik konsepsiyasını
ortaya qoyurlar. Dahi alman mütəfəkkiri Fridrix Nitşe
yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət
tarixi yaradır”. Tanrının bəxş
etdiyi belə seçilmiş şəxsiyyətlər
xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik
təfəkkürü, siyasi dünyagörüşü,
milli dəyərləri əsasında optimal dövlət
modeli və siyasi varislik ənənələri yaradırlar.
Tanrı belə şəxsiyyətlərə həm
də xilaskarlıq missiyası verir - zamanın ən sərt
sınaqlarından fədakarlıqla çıxmış bu
insanlar əsrlər boyu xalqlarının dövlətçilik
idealını gerçəkləşdirməyə, müstəqillik
və azadlıq ideyalarını reallaşdırmağa nail
olurlar. Həmin dahi şəxsiyyətlərin
qurub yaratdıqları, miras qoyduqları dövlətçilik
ənənələri, böyük intibah xalqlarının gələcəyinə
işıq tutmuş, bəlkə də yüz illər
sonrakı tarixini, dünyanın siyasi arenasındakı yerini
müəyyənləşdirmişdir. Məhz qeyd olunan
xidmətlərinə görə belə şəxsiyyətlər
tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini
tutmuşlar.
Böyük yunan
filosofu Platon isə demişdir ki, ədalət, müdriklik və
güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət
xoşbəxtliyə qovuşacaqdır. Müdriklik
və ədalət mücəssəməsi olan,
dünyanın siyasi arenasında sayılıb-seçilən
ulu öndər Heydər Əliyevə tarixdə əbədilik
qazandıran ən başlıca amil də məhz onun öz
ölkəsində bu üç dəyəri bir araya gətirməyi
bacarmasıdır. Fransız mütəfəkkiri
Ş.Mönteskyenin fikridir: “Liderlik lazımi anda cəsarət
nümayiş etdirmək bacarığıdır”. Ulu öndər Heydər Əliyevin də şəxsiyyət
kimi böyüklüyünü təcəssüm etdirən ən
başlıca xüsusiyyətlərdən biri də onun siyasi
fəaliyyətinin bütün mərhələlərində
ümumxalq mənafeyi ilə bağlı məsələlərdə
heç bir riskdən çəkinməməsi, cəsarət
və qətiyyət göstərməsi, ədalət
meyarına sadiqliyidir. Onun dahiyanə siyasəti,
böyük cəsarət və qətiyyətlə
gördüyü bütün işlər həmişə
xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq
aləmdə böyük hörmət, nüfuz,
şan-şöhrət gətirmiş, dünya
xalqlarının məhəbbət və rəğbətini
qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən
biri kimi etimad göstərildiyi bütün vəzifələrdə
özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı
rəhbər kimi göstərmişdir.
Müstəqilliyin ilk
illərində Azərbaycan Respublikası öz tarixinin
mürəkkəb dövrünü yaşamışdır. Həmin illərdə Azərbaycan hakimiyyətində
xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması
dövlət idarəçiliyi mexanizmlərinin
formalaşmasında ciddi maneəyə çevrilməklə
yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin
yaranmasına rəvac vermiş, qanunçuluğun və
hüquq qaydalarının təminatı, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququna, ən nəhayət,
ictimai asayişin qorunmasına əsaslı
problemlər yaratmışdı. Hakimiyyətdə olan
qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti
nəticəsində hüquq-mühafizə
orqanlarının qanuni vəzifələri
həyata keçirə bilməməsi
ictimai həyatın ən müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşdırmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətə səbəb
olmuşdu. Məhz ulu öndərimizin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci
yarısından başlayaraq, respublikamızda cinayətkarlıq
və hüquq pozuntularına qarşı barışmaz
mübarizə elan edildi. Bütün
hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar
təzahürlərə, ilk növbədə, mütəşəkkil
cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizəyə səfərbər olundu və “cəzanın
labüdlüyü” prinsipinin real təmin olunması
üçün müvafiq tədbirlər görüldü.
Bütün
bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə
hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq imkanı
vermişdir. Ümummilli liderimiz Azərbaycanın perspektiv
inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək
sivil Qərb dəyərlərinin
cəmiyyətdə tam mənimsənilməsinə, demokratik
normaların daha möhkəm intişar tapmasına, insan və
vətəndaş hüquq və azadlıqlarının
etibarlı təminatına hər zaman xüsusi diqqət
göstərmişdir. Bu mənada ulu öndərin
1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında” fərmanı ölkədə
konstitusiyalı dövlət quruluşunun mühafizəsinə,
insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən
qorunmasına yönəlmiş və cinayətkarlığa
qarşı mübarizədə əsaslı dönüş
yaratmışdır. Həmin illərdə respublikamızda
separatçılıq meyillərinin və dövlət
çevrilişinə cəhdlərin qarşısının
alınmasında ölkə rəhbəri tərəfindən
prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr
qoyulmuşdu. Prokurorluq orqanlarının əməkdaşları
dövlətimizin suverenliyinə və müstəqilliyinə
qarşı ağır cinayətlər törətmiş
şəxslərin müəyyən olunub məsuliyyətə
cəlb edilməsində tam məsuliyyəti ilə
çalışaraq onlara göstərilən etimadı
doğrultmuşlar.
Dövlət
müstəqilliyimizin qorunub saxlanılmasında və daha da
möhkəmləndirilməsində digər dövlət
orqanları ilə yanaşı, prokurorluğun da xüsusi
rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni
ağır vəziyyətdən çıxarmaq, vətəndaş
müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək,
təhlükəli cinayətlər törədənləri
yaxalamaq və bu kimi digər mühüm vəzifələrin
yerinə yetirilməsində digər hüquq-mühafizə
orqanları kimi, prokurorluğa da arxalanmış, ona
inanmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan
Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini
özündə ehtiva etməklə, zamanın tələbilə
səsləşən məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsinə, habelə
prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə
yeniləşməsinə və demokratikləşməsinə
möhkəm təməl yaratmışdır.
Hüquq-mühafizə
orqanlarının müstəqilliyinin təmin edilməsini
respublikamızda həyata keçirilən hüquqi
islahatların əsas qayəsi və məqsədi kimi önə
çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni
uğurla həyata keçirmək məqsədilə 21 fevral
1996-cı ildə
Hüquq İslahat Komissiyasının yaradılması barədə
sərəncam imzalamışdır. Ulu öndərin
rəhbərliyi ilə həyata keçirilmiş demokratik və
hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı
dəyişikliklərin həyata keçirilməsinə
şərait yaratmış, dünya təcrübəsi nəzərə
alınmaqla bir sıra mühüm qanunlar və məcəllələr
qəbul edilmişdir. 2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan
Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında” Referendum Aktına əsasən prokurorluğa
qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Həyata keçirilən məhkəmə-hüquq
islahatları çərçivəsində beynəlxalq
standartlara və demokratik prinsiplərə, milli dövlətçilik
ənənələrinə uyğun hazırlanmış
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə
haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi
haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və
xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi
emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul
edilməsi, “Prokurorluğa işə qəbul olunmaq
üçün namizədlərə müsabiqə
keçirilməsi qaydaları haqqında” Əsasnamə və
digər normativ sənədlərin dövlət
başçısı tərəfindən təsdiq edilməsi
nəticəsində prokurorluğun fəaliyyətinin
hüquqi tənzimləmə prosesi yeni mərhələyə
yüksəlmişdir.
Ölkəmizdə
fəaliyyət göstərən prokurorluq sisteminin əsası
96 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin
nəzdində prokurorluğun fəaliyyətə
başlaması haqqında Azərbaycan Demokratik Respublikası
Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının
qəbul edilməsi ilə
qoyulmuşdur. Ümummilli lider Heydər
Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər
il oktyabr ayının 1-nin prokurorluq işçilərinin
peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin
bərpa olunması ilə yanaşı, hakimiyyət
orqanları sırasında xüsusi yeri olan prokurorluğa
dövlət qayğısının ifadəsi,
ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin
dövlət səviyyəsində təzahürüdür.
Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider
Heydər Əliyevin şəxsi təşəbbüsü və
rəhbərliyi ilə Azərbaycan Respublikasında prokurorluq
orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli
şəkildə qeyd edilmişdir. Həmin təntənəli
mərasimdə ulu öndər prokurorluq işçilərinin
əməyinə yüksək qiymət verərək
demişdir: “Prokurorluq peşəsi ağır, çətin
peşədir. Amma eyni zamanda çox şərəfli,
hörmətli peşədir. Mən arzu edərdim
ki, siz həmişə bu peşəni şərəflə
daşıyasınız”. Ümummilli liderin bu fikirləri
prokurorluq işçilərində böyük ruh yüksəkliyi
və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə
daha tələbkarlıqla, məsuliyyətlə
yanaşmağa səfərbər edir.
Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət təsisatı və
SSRİ prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli
və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın
milli prokurorluq orqanları yalnız ölkəmiz öz
dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
həyata keçirilən möhtəşəm və hərtərəfli
islahatlar nəticəsində tamamilə yenidən qurulmuş,
normal fəaliyyəti üçün mütərəqqi
normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət
prinsipləri və iş metodları olan sivil təsisata
çevrilmişdir.
Hər
bir prokurorluq əməkdaşında qürur hissi doğuran
haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji
inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident
İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin
dünya standartları səviyyəsində təkmilləşdirilərək,
ən yüksək beynəlxalq tələblərə uyğun
formalaşdırılması prosesi həyata keçirilməklə,
prokurorluq orqanlarına hərtərəfli qayğı və
diqqət göstərilir. Prokurorluq
orqanlarının müasir dövrün tələblərinə
cavab verən dövlət orqanı səviyyəsinə
uyğun təkmilləşdirilməsində Prezident İlham
Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur.
Ölkəmizdə reallaşdırılan
dövlətçilik siyasətinin nəticəsi olaraq, Azərbaycan
Prokurorluğunun yeni məzmunda təşəkkül
tapması və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində görülən işlərə qiymət
verən Dövlət başçısı cənab İlham
Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi
münasibəti ilə prokurorluq əməkdaşları və
veteranlarına ünvanladığı təbrikində dediyi
sözlər: “Son illər prokurorluqda sağlam iş
mühitinin yaradılması üçün ciddi işlər
görülmüş, dövlətçilik, qanunçuluq
prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə
prokurorluğa ictimai etimad artmış və onun nüfuzu
yüksəlmişdir” bizim üçün ən
böyük qiymətdir və ulu öndərimizin tövsiyələrinin
reallaşdırılmasının bariz göstəricisidir. Biz, prokurorluq orqanlarına diqqət,
qayğını və dəstəyi bu gün də görür və
hiss edirik. Buna görə də prokurorluq
işçiləri üzərinə düşən məsuliyyəti,
dövlət başçısının yüksək
etimadını dövlətçilik ideyalarına sədaqətlə,
xidməti vəzifələrinin icrasına daim vicdanlı
münasibət bəsləməklə doğrultmağa
çalışırlar.
Son illər
ictimai həyatın bütün sahələri üzrə
yeniləşən Azərbaycanın möhkəm təməllər
üzərində formalaşmış ictimai-siyasi sabitlik
şəraitində inkişafında, milli dövlətçiliyin
hər cür cinayətkar qəsdlərdən qorunmasında,
kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit
olunmuş insan və vətəndaş hüquq və
azadlıqlarının təminatında hərbi prokurorluq
orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər
zaman sadiq olan hərbi prokurorluq orqanları üzərinə
düşən bütün vəzifələri məsuliyyətlə
yerinə yetirməklə, cinayətkarlığın
bütün forma və təzahürlərinə qarşı
mübarizədə prinsipal mövqe tutur, ordunun qüdrəti
və döyüş qabiliyyətinin
artırılmasına çalışır.
Respublikamız
müstəqillik əldə etdikdən sonra “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
haqqında” Konstitusıya Aktının 4-cü maddəsinə
əsasən, keçmiş SSRİ qanunları Konstitusiya
Aktının respublikanın suverenliyinə və ərazi
bütövlüyünə zidd gəlməyən həddə,
müvafiq qanun qəbul
edilənədək hüquqi qüvvəsini
saxlamışdır. Həmin qanunların tətbiqi müstəqillik
əldə etdikdən sonra yaradılmış Azərbaycan
Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyətində
bir çox çətinliklər yaratmışdır.
“Prokurorluq haqqında” və “Prokurorluqda qulluq keçmə
haqqında” qanunlar qəbul edildikdən sonra Hərbi
Prokurorluğun Azərbaycan Respublikası prokurorluq sistemində
yeri və səlahiyyətləri müəyyən
edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və
dəyişikliklər işimizi indiki şəraitdə
müasir tələblərə uyğun qurmağa şərait
yaratmışdır.
Azərbaycan
Respublikası hərbi prokurorluq orqanlarının fəaliyyətinin
daha da təkmiləşdirilməsi, cinayətkarlıq və
hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində
çevikliyin təmin edilməsi məqsədilə “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” 30 sentyabr 2005-ci il
tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi
Prokurorluğa Silahlı Qüvvələrdə əmlakın
talanması, hərbi xidmət əleyhinə, habelə hərbi
qulluqçular tərəfindən törədilən və
ya hazırlanan digər cinayətlər barədə ərizə,
şikayət, müraciət, əməliyyat-axtarış
subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən
edilmiş digər məlumatlar əsasında yoxlamalar
aparılması və müvafiq qərarların qəbul edilməsi
kimi səlahiyyətlər verilmişdir.
Həmin
qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan
Respublikası baş prokurorunun 20 dekabr 2005-ci il tarixli 22
saylı əmri ilə Respublika Hərbi Prokurorluğunun
strukturunda dəyişikliklər edilmiş, Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə
qanun pozuntuları barədə məlumatların
araşdırılması şöbəsi, eləcə də Ağır cinayətlərə
dair işlər üzrə İstintaq İdarəsinin tərkibində
kriminalistika şöbəsi yaradılmışdır. Bu da
cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə
müsbət təsirini göstərmişdir.
Ulu öndərimizin
siyasi kursunu uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi
və təkmilləşdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Dövlətimizin
başçısı prokurorluq orqanlarının
inkişafını həm də peşəkar prokurorluq əməkdaşlarının
hazırlanmasından asılı olduğunu demişdir: “Hazırda prokurorluq orqanlarının
qarşısında mühüm vəzifələr durur.
Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin
müasirləşdirilməsi və dövlətçiliyə
sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata,
geniş dünyagörüşünə, yüksək nəzəri
biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının
formalaşdırılmasıdır”.
Azərbaycan
Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı
ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər
Dövlət Proqramı”nın təsdiq edilməsindən
sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin
səmərəliliyinin daha da artırılması istiqamətində
aparılmış məqsədyönlü tədbirlər nəticəsində
onun strukturu daha da təkmilləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq 2009-cu ilin
mart ayında Azərbaycan Respublikasının Hərbi
Prokurorluğunda struktur dəyişiklikləri olmuş, kadrlar
şöbəsi və Azərbaycan Respublikası Hərbi
Prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin
rəhbəri ştatı təsis edilmiş, maddi-texniki təminat
xidməti ləğv edilərək, onun əsasında
maddi-texniki təminat şöbəsi təşkil edilmiş,
Zaqatala hərbi prokurorluğu xə xüsusi istintaq
şöbəsi yaradılmışdır.
Son illərdə
hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə
cinayətkarlığa qarşı mübarizə,
qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi,
insan və vətəndaş hüquq və
azadlıqlarının qorunması sahəsində
qarşısına qoyulmuş vəzifələri yerinə
yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi,
cinayət hadisələrinin və digər neqativ halların
qarşısının alınması istiqamətində məqsədyönlü
mübarizə tədbirləri görmüş, ordu
quruculuğuna mənfi təsir edən qanun
pozuntularının və nöqsanların, cinayətkarlığı
doğuran səbəb və şəraitin aradan
qaldırılması üçün zəruri
qabaqlayıcı tədbirlərin görülməsini təmin
etmişdir. Orduda nizam-intizamın bərpa edilməsi
və cinayətkarlığa qarşı yönəlmiş
mübarizə tədbirləri sayəsində əvvəlki
dövrlərlə müqayisədə qeydə
alınmış cinayətlərin, o cümlədən
ağır və xüsusilə ağır cinayətlərin,
habelə hərbi cinayətlərin sayı kəskin surətdə
azalmışdır. Konkret olaraq 1992-1993-cü illərlə
müqayisədə bütövlükdə hərbi xidmət
əleyhinə olan cinayətlərin sayı təqribən
yüz dəfələrlə; hərbi xidmətdən
yayınma cinayətlərinin, o cümlədən fərarilik
cinayətlərinin sayı min dəfələrlə, qəsdən
adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək
azalmış, döyüş şəraitində hərbi
hissəni və ya xidmət yerini özbaşına tərk
etmə cinayətləri isə qeydə
alınmamışdır.
Cinayətlərin
dinamika və strukturunda müsbət dəyişikliklərə
nail olunması hərbi prokurorluq orqanları tərəfindən
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə
tutulmuş başqa silahlı birləşmələrdə
qanunların icrasına nəzarət və hərbi
qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin
qarşısının alınması sahəsində
görülmüş çoxşaxəli tədbirlərin,
eləcə də cinayətkarlığa və hüquq
pozuntularına qarşı mübarizənin kəsərliliyinin
və istintaq olunan cinayət işlərinə, ibtidai
araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi
və işin düzgün təşkili nəticəsində
mümkün olmuşdur.
Müsbət
hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 2014-cü ilin birinci
yarısında qeydə alınmış hərbi xidmət əleyhinə
cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə,
tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarını pozma, maşınları idarəetmə və
istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət
yerini özbaşına tərketmə, hakimiyyətdən
sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə, eləcə də
qəsdən adam öldürmə, özünü
öldürmə həddinə çatdırma cinayətlərinin
sayı əhəmiyyətli dərəcədə
azalmışdır. Hərbi hissəni və ya xidmət
yerini müharibə vaxtı və ya döyüş şəraitində
özbaşına tərketmə faktları, ümumiyyətlə,
qeydə alınmamışdır. Qeydə alınmış
cinayətlərin 99,9 faizi, o cümlədən bütün
ağır və xüsusilə ağır cinayətlərin
açılması təmin olunmuşdur.
Müasir dövr
korrupsiyaya qarşı effektiv mübarizə, yeni metodların
tətbiqini, şəffaflığın təmin edilməsini,
məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini,
səmərəli maarifləndirmə tədbirlərini və
informasiya texnologiyalarından istifadənin genişləndirilməsini
zəruri edir.
Ölkə
Prezidenti korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində
dönməz qətiyyətini və siyasi iradəsini bir daha
nümayiş etdirmiş, nəticədə Azərbaycan
Respublikasında iqtisadiyyatın inkişafında mühüm əngəllərdən
olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha
geniş vüsət almışdır. Dövlət
başçısının siyasi iradəsinin ifadəsi
olaraq qəbul edilmiş, dövlət orqanları ilə
ictimaiyyətin səylərini birləşdirən “Korrupsiyaya
qarşı mübarizə üzrə 2004-2006-cı illər
üçün Dövlət Proqramı”, “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya” və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət
Planı korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi üçün hüquqi zəmin
yaratmışdır. Azərbaycan
Respublikasının Prezidenti 5
sentyabr 2012-ci ildə korrupsiyaya qarşı mübarizənin
davam etdirilməsində qətiyyətini və siyasi iradəsini
bir daha nümayiş etdirərək “Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə
dair sərəncam imzalamışdır.
Əsas
məqsədi korrupsiyaya qarşı mübarizəni vahid
strategiya çərçivəsində qurmaq və bu sahədə
görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən
ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində
şəffaflığın artırılması, ərizə
və şikayətlərə
baxılması işinin, qanunvericilik
bazasının, institusional mexanizmlərin, korrupsiyaya
qarşı mübarizə üzrə ixtisaslaşmış
qurumların fəaliyyətinin təkmilləşdirilməsi,
dövlət müəssisələrində korporativ idarəetmə
prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq
əməkdaşlığın, vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlığın
inkişaf etdirilməsinə yönəldilmişdir.
“Korrupsiyaya
qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5
sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı”nın, eləcə
də 2014-cü il iyulun 10-da dövlətimizin
başçısının sədrliyi ilə keçirilmiş Nazirlər
Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin
icrası ilə əlaqədar hərbi prokurorluq orqanları
mütəşəkkil cinayətkarlığın ən təhlükəli
təzahürlərindən biri olan korrupsiya cinayətlərinə
qarşı mübarizə sahəsində fəaliyyətini
daha da gücləndirmişdir. Bu da
Silahlı Qüvvələrin qüdrətini zəiflədə
biləcək cinayətlərin, o cümlədən mənimsəmə,
israfçılıq, rüşvətxorluq, vəzifədən
sui-istifadə etmə və digər cinayətlərin
vaxtında aşkar olunmasına, cinayət törətmiş
şəxslərin layiqli cəzaya məhkum edilməsinə
şərait yaratmışdır.
Respublika
Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı
surətdə yaxşılaşdırılması, cinayətkarlığa
qarşı mübarizə işinin səmərəliliyini
artırmaq məqsədilə kriminalistika şöbəsinə
müasir standartlara cavab verən xarici ölkə istehsalı
olan bir çox avadanlıqlar alınmışdır ki, bu da baş vermiş qəsdən
adam öldürmə və digər ağır və
xüsusilə ağır cinayətlərin istintaqı
zamanı tətbiqi təmin olunmuşdur. Ərazi hərbi
prokurorluqlarının hər biri baş vermiş cinayət
hadisələri zamanı hadisə yerinin ixtisaslı
baxışını təşkil etmək üçün
zəruri kriminalistik avadanlıqlarla, xüsusi
nəqliyyat vasitələri ilə təchiz olunmuş,
Respublika Hərbi Prokurorluğunun inzibati binasında
kriminalistik laboratoriya və təlim-məşq otağı
yaradılmışdır.
Erməni
təcavüzkarları tərəfindən xalqımıza
qarşı törədilmiş cinayətlərin istintaqı
ilə əlaqədar Respublika Prokurorluğu, Daxili İşlər
və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından
ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən
məqsədyönlü və səmərəli tədbirlərin həyata
keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Xocalı, Qaradağlı, Meşəli,
Bağanis-Ayrım faciələri, terror aktları, əsir
düşmüş şəxslərə işgəncələr
verilməsi və erməni silahlı qüvvələrinin
törətdikləri digər cinayət əməlləri Azərbaycan
Respublikası CM-nin soyqrımına görə məsuliyyət
nəzərdə tutan 103-cü və digər maddələrinə
tövsif edilmiş, iş üzrə 296 təqsirləndirilən
şəxs barəsində məhkəmələr tərəfindən
həbs və axtarış elan edilməsi təmin
olunmuşdur. Erməni millətçilərinin
xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri
kütləvi qırğınların, bəşəriyyət
və sülh əleyhinə cinayətlərin tarixin
yaddaşına həkk oluması, bütovlükdə
Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması, bu sahədə gələcək
nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı
məlumatların verilməsi məqsədi ilə
toplanmış zəngin tarixi sənədlər, faktlar və
istintaq materialları əsasında Azərbaycan Respublikası
Hərbi Prokurorluğunun inzibati binasında Memorial
Soyqırımı Muzeyi yaradılmış və 24
fevral 2014-cü il tarıxdə açılışı
olmuşdur. Respublika Hərbi Prokurorluğunda
yaradılmış bu muzey Azərbaycan xalqının gələcək
nəsillərinin qan yaddaşının qorunmasına və
soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
xidmət edən qanlı tarixi hadisəni reallığı
ilə özündə əks etdirən mərkəzdir.
Hərbi prokurorluq
orqanlarında vətəndaşların müraciətlərinə
baxılması işi daim diqqət mərkəzində
saxlanılır. Bu sahədə şəffaflığın
təmin edilməsi məqsədilə son bir ildə vətəndaşların
müraciətlərinə baxılması üzrə lokal
kompyuter şəbəkəsi yaradılmışdır. Bu şəbəkə Hərbi Prokurorluğa vətəndaşların
ünvanladığı müraciətlərin
baxılması, gedişi və nəticələri barədə
zəruri məlumatları əldə etməyə şərait
yaradır, eləcə də ərizə və şikayətlərə
baxılmasına gündəlik nəzarətin həyata
keçirilməsi üçün böyük imkanlar
verir. Vətəndaşların müraciətlərinə fərdi
qaydada və hər birinə qayğı ilə
yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir.
Hərbi Prokurorluğun əməkdaşları müntəzəm
olaraq şənbə və bazar günləri hərbi hissələrdə
olur, hərbi qulluqçuları və onların ailə
üzvlərinin müraciətlərinin baxılmasına daim
diqqət göstərirlər. Bununla
yanaşı, hərbi hissələrdə Respublika Hərbi
Prokurorluğu tərəfindən 270-dən artıq “Etimad
qutusu” qoyulmuşdur ki, bu da öz növbəsində hərbi
qulluqçuların hər hansı bir qanunsuzluqlara məruz
qaldıqları halda müvafiq orqanlara vaxtında müraciət
etmək hüquqlarından istifadə edə bilmələrini
təmin edir.
Azərbaycan
Respublikası beynəlxalq aləmdə mövqelərinin
möhkəmləndirdiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın
gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq
sahəsində böyük uğurlar əldə edildiyi bir
şəraitdə Azərbaycan Hərbi Prokurorluğunun beynəlxalq
əlaqələrinin daha da genişləndirilməsi bir
çox dövlətlərin hərbi prokurorluq orqanları ilə
əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, səmərəli
əməkdaşlıq münasibətlərinin qurulması
istiqamətində müəyyən işlər
görülmüşdür. 2000-2014-cü illərdə Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Macarıstan
Respublikasının paytaxtı Budapeşt şəhərində
bu ölkənin hərbi ədliyyə korpusunun 300 illiyinə
həsr olunmuş “Hərbi ədliyyənin ənənələri
və gələcəyi” mövzusunda 8-ci beynəlxalq
konfransda, Fransanın Lion şəhərində beynəlxalq
polis təşkilatı - İnterpolun təşəbbüsü
ilə keçirilmiş “müharibə
soyqırımı və insanlıq əleyhinə olan cinayətlər”
üzrə ekspertlərin 1-ci konfransında, Türkiyənin
Ankara şəhərində keçirilmiş Türkiyə
Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi
Məhkəməsinin) yaradılmasının 90 və
100-cü ildönümünə həsr olunmuş simpozium
və digər beynəlxalq tədbirlərdə iştirak
etmişlər.
Prokurorluq işçilərinin
sosial müdafiəsi və maddi təminat məsələləri
dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Pezidentimiz cənab İlham
Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq
orqanlarının sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
müntəzəm addımlar atır. Ötən illər ərzində
hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının
möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının
yaxşılaşdırılması, müasir üslubda
prokurorluq binalarının tikilməsi, digər prokurorluq
binalarının əsaslı təmir edilməsi, əməkdaşlar
üçün lazımi iş şəraitinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm işlər görülmüşdür. Sumqayıt, Gəncə, Lənkəran, Qarabağ, Tərtər
və Füzuli hərbi prokurorluqlarının inzibati
binalarında əsaslı yenidənqurma işləri
aparılmış, Respublika Hərbi, Naxçıvan Muxtar
Respublikası, Qazax və Zaqatala hərbi prokurorluqları
üçün isə yeni inzibati bina tikilib istifadəyə
verilmiş və işçilər üçün
müasir tələblərə cavab verən şərait
yaradılmışdır. Gəncə və Lənkəran hərbi
prokurorluqlarının isə yeni inzibati binalarının
inşasına başlanılmışdır.
Oktyabrın 1-i
prokurorluq orqanları işçilərinin peşə
bayramı günüdür və prokurorluğun
yaradılmasının 96 illiyi tamam olur. Bayram münasibətilə
prokurorluq orqanlarının hər bir işçisini,
veteranları və onların ailə üzvlərini təbrik
edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi
formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla
qeyd edirəm. Diqqət və
qayğısını prokurorluqdan əsirgəmədiyi
üçün möhtərəm Prezidentimiz İlham
Əliyevə dərin minnətdarlığımı bildirir
və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi
Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi
naminə qanunvericilikdə nəzərdə tutulmuş
silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini
daim gücləndirəcək, insan hüquq və
azadlıqlarının pozulmasına, cinayətkarlığa
qarşı barışmaz mövqe tutacaq, insan amili ilə
bağlı hər bir məsələdə həssaslıq
göstərəcək. Hərbi prokurorluq
işçiləri dövlətimizin əbədi
yaşaması, səadəti, rifahı naminə Heydər
Əliyev ideallarına sədaqət nümayiş etdirəcək,
dövlətçiliyimizin daha da möhkəmləndirilməsi,
vətəndaş cəmiyyəti quruculuğu prosesində
qanunla üzərinə düşən bütün vəzifələri
ləyaqətlə yerinə yetirəcəklər.
Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası Baş prokurorunun
müavini
- Azərbaycan
Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı
Xalq qəzeti.- 2014.- 1 oktyabr.- S.5.