“Yeni Ağdaş”dan
reportaj
Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülüb, ağaclar əkilib, qazonlar salınıbdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının PrezidentiAğdaşın çoxdan tikilmiş, nisbətən darısqal, səs-küylü küçələrindən keçib “Yeni şəhər”ə gəlirik. Yenilik, müasirlik, gözəllik bizi ağuşuna alır. Gözümüz də dincəlir, könlümüz də. Özü də söhbət təkcə müxtəlif təyinatlı binaların, küçə və prospektlərin, park və meydanların milli elementlərlə yanaşı, müasir memarlıq nümunələri ilə zənginliyindən, təkrarsız gözəlliyindən getmir. Yüksək zövq və səliqə-sahman da adamı heyran edir.
Əbəs yerə
ağdaşlılar bura “Yeni şəhər” demirlər. Məlum
olduğu kimi, 2012-ci ilin dekabr ayında Ağdaş şəhəri
ərazisinin genişləndirilməsi haqqında xüsusi sənəd
qəbul olunmuşdur. Bu, heç də təsadüfi deyil. Məsələ
burasındadır ki, şəhər, necə dəyərlər,
öz məcrasına sığmırdı. Ona görə də
sakinlər ölkə başçısının bu diqqət
və qayğısını dərin minnətdarlıq hissi
ilə qarşılamışlar.
1 may 2014-cü il. Bu
tarix ağdaşlılar üçün olduqca əlamətdar
və yaddaqalandır. Məhz həmin gün ölkə
Prezidenti İlham Əliyev Ağdaş rayonuna tarixi səfər
etmişdir. Səfər çərçivəsində
dövlət başçısı, ən əvvəl, şəhərin
mərkəzində ümummilli lider Heydər Əliyevin əzəmətli
abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin,
Ağdaş Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının
və Ləki dəmir yolu vağzalının yeni
binalarının, meyvə və Gilan yem emalı
zavodlarının, Ləki-Pirəzə-Xınaxlı avtomobil
yolunun, 220 kilovotluq “Ağdaş” elektrik
yarımstansiyasının açılışında
iştirak etmişdir. Prezident Bayraq meydanında yaradılan
şəraitlə, Heydər Parkında aparılan yenidənqurma
işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin
nümayəndələri ilə
görüşmüşdür.
Budur, “Yeni Ağdaşın”
müasir, abad və yaraşıqlı küçələri
ilə addımlayırıq... Ən əvvəl, diqqətimizi
ulu öndər Heydər Əliyevin adını daşıyan
mərkəz çəkdi. İkimərtəbəli binada
uşaq və gənclərin asudə vaxtının səmərəli
təşkili məqsədilə müxtəlif
yaradıcılıq dərnəkləri və kompyuter
kursları, internet klub və informasiya texnologiyaları
otaqları, rəqs, rəsm və heykəltaraşlıq
studiyası, konfrans və kinosalonlar, sərgi salonu, xalq sənətkarlığı
emalatxanası (xalçaçılıq və toxuculuq),
elektron kitabxana fəaliyyət göstərir.
Ötən ildən
başlayaraq ən müasir memarlıq üslubunda inşa
olunan Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati
binasında idarəetmə metodlarından istifadə etmək
üçün bütün texniki imkanlar
yaradılmışdır. Burada sakinlərə müraciət
xidməti, video konfrans zalı, icra hakimiyyəti
aparatının əməkdaşlarının səmərəli
fəaliyyət göstərməsi və qəbula gələnlərin
rahatlığı üçün hər cür şərait
vardır.
Müstəqilliyimizin
möhkəmləndirilməsində Yeni Azərbaycan
Partiyasının tarixi xidmətləri danılmazdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə təkrar qayıdışından sonra
YAP-ın nüfuzu getdikcə möhkəmlənmiş və
o dünyada tanınan partiyalardan birinə çevrilmişdir.
Bu siyasi qurumun gücünü göstərən amillərdən
biri də onun sıralarının getdikcə möhkəmlənməsidir.
Məsələn, Ağdaş rayon təşkilatının
sıralarında 16 min nəfər həmfikir birləşmişdir.
Partiya qərargahının yeni istifadəyə verilən
binasında üzvlərin fəallığının
artırılması və aparatın səmərəli
işi üçün ən müasir şərait
yaradılmışdır.
2012-ci ildən
başlayaraq rayonda sakinlərin mənalı istirahəti,
ağsaqqalların, gənclərin və kiçik
yaşlı uşaqların asudə vaxtının səmərəli
təşkili üçün 7 hektar ərazini əhatə
edən Heydər parkında ardıcıl olaraq yenidənqurma
və tikinti-quraşdırma işləri aparılmaqdadır.
Ötən dövr ərzində Heydər parkında
aparılan yenidənqurma işləri zamanı milli
memarlıq üslubu ilə müasirlik tam
uzlaşdırılmışdır. Burada 2 süni göl, 11
fəvvarə, müasir işqılandırma sistemi, müxtəlif
attraksionlar, karusellər, ana və uşaqlar üçün
istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom,
kiçik və böyük qatar attraksionları, 30 yerlik
kinosalon, tir atıcılıq mərkəzi
yaradılmış, müasir dizaynda oturacaqlar qoyulmuşdur.
Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə
ağac və dekorativ gül kolları əkilmiş, qazon
salınmış, 2 yeni artezian quyusu
qazılmışdır.
Son dövrdə 20 min
nəfər əhalinin istifadə etdiyi, 11 yaşayış məntəqəsini
birləşdirən 34 kilometr uzunluğunda Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolunun əsaslı təmir olunması və yenidən
qurulması, Ləki dəmir yol vağzalı
üçün yeni binanın tikintisi yol- nəqliyyat layihələrinin
Ağdaşda da vüsət aldığını
nümayiş etdirir.
Hazırda ölkəmizin
elektroenergetika sektoru üzrə təchizatın
dayanıqlığı və təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı dövlət proqramları həyata
keçirilmişdir. Bu istiqamətdə Ağdaş rayonunun və
bütövlükdə, respublikanın elektrik enerjisi ilə təminatında
mühüm rol oynayan yeni stansiyalar fəaliyyətə
başlamışdır. Ağdaş regional elektrik
yarımstansiyasının istifadəyə verilməsi bu
baxımdan vacib strateji əhəmiyyətli layihələrdəndir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə
əlaqədar rayonda Almaniyanın “Siemens” şirkətinin
texnologiyası əsasında qurulan Ağdaş yem emalı
fabrikində il ərzində 150- 200 min ton toyuq və mal yemi
istehsal olunması planlaşdırılmışdır. Layihənin
tam icrası başa çatdıqdan sonra isə burada 100-dən
çox yeni iş yeri yaradılması nəzərdə
tutulmuşdur. Yeni istifadəyə verilən Ağdaş meyvə
emalı zavodu isə ilkin mərhələdə il ərzində
200 tona yaxın quru meyvə emal edilməsinə imkan verəcəkdir.
Layihə tam gücü ilə istifadəyə verildikdən
sonra isə burada 50-yə yaxın yeni iş yeri yaradılacaq.
Hər iki sənaye müəssisəsinin işə
düşməsi rayonda əlavə kənd təsərrüfatı
məhsulunun istehsalının, eləcə də meyvə və
tərəvəzin artımını təmin edəcək, əhalinin
məşğulluğunu artıracaq.
Növbəti yeni
obyekt “Şirvan göl” istirahət mərkəzidir. Rayonda
sahibkarlığa göstərilən dövlət
qayğısı nəticəsində bu istirahət mərkəzinin
tikintisi də başa çatmışdır. Hazırda sahibkarlar
1000 hektara yaxın sahədə biyan istehsalı və onun
emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisində
işləri davam etdirirlər. Digər sosial obyektlərdə
– Tofiqi və Aralbir kəndlərinin hər birində 220
şagird yerlik, Qarağan-Şıxlar və Qülbəndə
kəndlərinin hər birində 180 şagird yerlik və
Ərəbşəki kəndidnə 80 yerlik məktəb
binalarının tikintisində işlər surətlə davam
etdirilir.
Heyvandarlığın
inkişaf etdirilməsi üçün yem bitkilərinin,
xüsusilə yonca, qarğıdalı, arpa əkini sahələrinin
genişləndirilməsi və naxırın cins tərkibinin
yaxşılaşdırılması ön plana çəkilmişdir.
Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili
və onun genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər görülür.
Ağdaş ənənəvi
kənd təsərrüfatı rayonudur. Ona görə sahənin
inkişafı daim diqqət mərkəzində
saxlanılır, bazar iqtisadiyyatının, azad
sahibkarlığın sürətli inkişafı
üçün hər cür şərait yaradılır.
Bu isə təbiidir ki, kənd təsərrüfatı məhsulları
istehsalının ildən-ilə artması ilə nəticələnir.
Məsələn, cari ildə rayon üzrə 10090 hektarda
taxıl, 2457 hektarda bol tərəvəz yetişdirilmiş,
ötən illərlə müqayisədə ümumi məhsul
istehsalı artırılmışdır.
Cari ilin ötən
dövrü ərzində qara malın sayı 1792 baş,
davarın sayı isə 1314 baş artaraq, müvafiq olaraq
79566 və 96214 olmuşdur. Ət istehsalı 172,1 ton, süd
istehsalı 1484,6 ton, yun istehsalı 6,7 ton, yumurta istehsalı
189 min ədəd artmışdır. Bakı şəhərində
təşkil edilmiş kənd təsərrüfatı məhsullarının
satışı yarmarkalarına 108 tondan çox müxtəlif
kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Ümumiyyətlə,
həyata keçirilmiş əsaslı tədbirlər nəticəsində
keçən ilin müvafiq dövrünə nisbətən
ümumi məhsul istehsalı 2,7 faiz və ya 3 milyon 500 min
manat artaraq 134 milyon manat, sənaye məhsulu istehsalı 11 faiz
və ya 406 min manat artaraq 4 milyon 112 min manat,
tikinti-quraşdırma işlərinin həcmi 12,7 faiz və
ya 4 milyon 760 min manat artaraq 39 milyon 133 min manat
çatmışdır. 301-i daimi olmaqla 1381 yeni iş yeri
yaradılmışdır.
Bütün maliyyə
mənbələri hesabına əsas kapitala 41 milyon 89 min
manat həcmində, keçən ilin eyni dövrünə
nisbətən 30,3 faiz çox investisiya qoyulmuşdur. Ölkədə
həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində
büdcə gəlirləri artmışdır. Bu da rayon
büdcəsindən maliyyələşən tədbirlərə
yönəldilmiş vəsaitin çoxalmasına səbəb
olmuşdur. 2014-cü il üçün rayon büdcəsi 21
milyon 671 min manat – əvvəlki ildəkindən 1 milyon 519 min
manat çox təsdiq edilmişdir.
Göründüyü
kimi, son illər Ağdaşda iqtisadi, sosial və mədəni
sahələrin inkişafına kompleks qaydada
yanaşılır, inkişaf və yüksəliş
bütün sahələri əhatə edir, sistemli xarater
daşıyır. Bu isə onu göstərir ki, Ağdaş
Rayon İcra Hakimiyyəti, onun yerli strukturları öz iş
üslub və metodlarını daim təkmilləşdirir,
müasir idarəetmə metodlarını cəsarətlə
tətbiq edir, daha çox elmi münasibət əsas
götürülür. Əlbəttə, rayonda nəzərdə
tutulan bütün tədbirlərin, qarşıya qoyulmuş
vəzifələrin tamamilə həyata keçirildiyini demək
olmaz.
Ölkə Prezidenti
İlham Əliyev Ağdaşa son səfərində
görülüb- başa çatdırılmış
genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə
yüksək qiymət verməklə yanaşı, diqqəti
yeni hədəflərə də cəlb etmiş, məsləhət,
tövsiyyə və göstərişlərini vermişdir.
Hazırda rayonda bütün imkan və səylər həmin
vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş,
bütün sahələrdə intizam və tələbkarlıq
daha da artırılmışdır. Yeri gəlmişkən,
həmin vəzifələrin bəzilərini burada bir daha
xatırlatmaq istəyirik.
Ağdaş şəhəri
ərazisində çoxmənzilli yaşayış
binalarının əsaslı təmir olunması,
küçələrin asfaltlaşdırılmasının
davam etdirilməsi, kəndlərarası yolların
asfaltlaşdırılması, Ağdaş şəhərinin
qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd
yaşayış məntəqələrinin
qazlaşdırılması, elektrik naqillərinin SİP kabellərlə
əvəz olunması, əhalinin içməli suya tələbatının
ödənilməsi məqsədilə qəsəbə və
kəndlərdə artezian quyularının qazılması və
içməli su mənbəyi kimi suvarma arxlarından istifadə
olunan kəndlərdə sutəmizləyici qurğuların
quraşdırılması, Ağdaş şəhərində
aztəminatlı ailələr və əlillər
üçün çoxmənzilli yaşayış
binalarının tikintisi və s.
Bəli, Ağdaş
uğurlu yol üstədir. Rayonda sağlam mənəvi-psixoloji
mühit, yaradıcı və təşəbbüskar ab-hava
mövcuddur. Sakinlər - ağsaqqallar, ziyalılar, gənclər
aparılan genişmiqyaslı tikinti-abadlıq işlərindən
dərin razılıqla danışır, bu bölgənin
daha abad və xoşbəxt gələcəyindən
böyük qürurla söhbət açır, sabaha dərin
inam və ümidlə baxırlar. Bütün sahələrdə
işin ahəngi bir an belə zəifləmir. Şəhər
və kəndlər öz simasını, demək olar ki, hər
gün dəyişir, yeni hədəflər, arzu və təşəbbüslər
meydana çıxır. Ağdaşlılar haqlı olaraq bu
inkişaf və yüksəliş, gündəlik diqqət
üçün, ilk növbədə, Prezident İlham
Əliyevə minnətdarlığını bildirir, bu
böyük qayğıya əməli işlərlə cavab
verəcəklərini bildirirlər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 2 oktyabr.- S.5.