Vladimir Kaliniçenko:
“Eduard Qriqoryanın
həbs edilməsi haqda qətnaməni mən
çıxarmışam”
Etiraf etməliyəm ki, Vladimir Kaliniçenko ilə görüşənə qədər kiminlə ünsiyyətdə olacağımı yaxşı təsəvvür etmirdim. Həmişəki kimi, müsahibəyə ciddi hazırlaşdım, çox böyük həcmdə və ziddiyyətli məlumatları araşdırdım, öz suallarıma cavab axtardım, lakin bir məsələni lap dəqiq anladım - müsahibim prinsipial, ağıllı və peşəkar bir insandır.
Vladimir Kaliniçenko, III dərəcəli dövlət ədliyyə müşaviri, SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq, vəkil. 1995-ci ildən Moskva vilayət Vəkillər Kollegiyasının (MOKA) üzvü, “Rusiya Federasiyasının hüquq mühafizə orqanları işçiləri assosiasiyası” Ümumrusiya ictimai-siyasi təşkilatının vitse-prezidenti.
1987-ci ildə SSRİ Baş Prokuroru Aleksandr Mixayloviç Rekunkovun tapşırığı ilə o, avtomobil nəqliyyatı sistemində sui-istifadə hallarının təhqiq edilməsi üçün Qazaxıstana gedib. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dinməhəmməd Kunayevi şəxsən dindirib. DTK katibliyi rəisinin müavini mayor Afanasyevin qətlini araşdırıb, sonralar bu iş haqda kitab yazıb. 1980-ci ildə SSRİ Baş Prokurorunun sərəncamı ilə Belorusiya KP MK-nın birinci katibi Pyotr Mironoviç Maşerovun ölümü haqda işi və bir sıra başqa işləri təhqiq edib.
Vladimir Kaliniçenko Azərbaycan üçün də xüsusi əhəmiyyətli sima olub. O, Sumqayıt hadisələri ilə bağlı işləri şəxsən təhqiq edib və bütün bu hadisələrin necə baş verməsinin canlı şahididir.
Vladimir Kaliniçenko Sumqayıt hadisələrinin necə baş verməsi, SSRİ-nin dağılmasında Qorbaçovun rolu və Bakıda Heydər Əliyev ilə görüşü haqda məxsusi AzərTAc üçün söhbət edib.
– Vladimir
İvanoviç, bilirəm ki, siz Azərbaycanda olmusunuz,
özü də dəfələrlə. Üstəlik, onu da
bilirəm ki, Sizin Azərbaycana gəlişləriniz
bayağı səfərlər deyil, həmişə ən
yüksək vəzifəli rəislərin
tapşırığına əsasən mühüm
işgüzar ezamiyyətlər olub. Xahiş edirəm söyləyin,
bu səfərlər zamanı nə ilə məşğul
olurdunuz?
– Mənim Ukrayna
hüdudlarından kənara ilk səfər təcrübəm
1979-cu ilə aiddir. Baharda məni SSRİ Prokurorluğuna
çağırdılar (həmin illərdə mən
Ukraynada işləyirdim) və Azərbaycan SSR-in sabiq prokuroru
Qamboy Məmmədovun barəsində cinayət işini təhqiq
etmək üçün bu respublikaya getməyimi təklif
etdilər. Beləcə, may ayında ilk dəfə Bakıya
getdim. Təfsilata varmadan onu demək istəyirəm ki, Azərbaycanda
olduğum ilk günlərdən başa düşdüm:
buranın öz spesifikası var və yerli ənənələrdən
uzaqlaşmaq lazım deyil. Bu günə qədər
müşavir-məsləhətçiyəm və MDB ölkələrində,
o cümlədən Azərbaycanda gurultulu məhkəmə
işləri ilə üzləşirəm.
Bakını mütləq
mənada beynəlmiləl şəhər kimi gördüm.
Orada müxtəlif millətlərdən olan insanlar - azərbaycanlılar,
tatarlar, ləzgilər, ruslar, ukraynalılar, yəhudilər,
ermənilər və başqaları dinc yanaşı
yaşayırdı. Yaxşı yadımdadır,
Bakının iki rayonunda - Nəsimi və Nərimanov
rayonlarında ermənilər lokal şəkildə
yaşayırdılar. Mərkəzi Komitədə, digər
partiya və sovet orqanlarında, o cümlədən
prokurorluqda çoxlu erməni işləyirdi.
Sonradan Ermənistanda
da oldum. Bakıdan fərqli olaraq orada tamam başqa mənzərə
gördüm. İdarəetmə strukturlarında azərbaycanlılarla
rastlaşmadım, məsul vəzifələr tutan ruslar isə
çox cüzi sayda idi. O vaxt Ermənistanda mənə filmlər
göstərirdilər. Həmin filmlərdəki xəritələrdə
Ermənistan ərazisi dənizdən dənizə
uzanırdı. Ermənistanın tarixi abidələri
haqqında kitab bağışladılar. Bu kitabda
yazılmışdı ki, Krımda, Qərbi Ukraynada da qədim
erməni abidələri var. Mən hələ o vaxt onlardan
soruşdum: Qars və Ərzurum vilayətləri, Ararat
dağı Türkiyənin ərazisində yerləşir,
1922-ci ildə Sovet Rusiyasını birinci olaraq türklər
tanıyıb, bu isə o deməkdir ki, o vaxt Sovet Rusiyası
bu “erməni” ərazilərinin Türkiyənin tərkibinə
daxil olması ilə razılaşırdı, bu gün isə
Türkiyə NATO-nun üzvüdür. Əgər indi
Dağlıq Qarabağ problemi qaldırılırsa, onda
avtomatik olaraq Qars və Ərzurum problemi də
qaldırılacaq, bu isə artıq, Türkiyə ilə -
NATO-nun üzvü, 80 milyon əhalisi olan bir ölkə ilə
labüd münaqişə deməkdir. Türklər tarixən
çox güclü millətdir, Dağlıq Qarabağ
problemini qızışdıranda bunu necə nəzərə
almamaq olar? Vaxtilə İstanbul da Tsarqrad adlanıb. Bu gün
isə turistlər Bizans İmperiyası abidələrini ziyarət
edirlər.
Elə həmin illərdə
mən Azərbaycanın bir sıra rayonlarında, öz həmkarlarımın
evlərində olmuşam, çox xeyirxah insanlarla
görüşmüşəm. Sonralar həmin rayonların
işğal edildiyini biləndə fikirləşdim ki, evlərində
olduğum insanlar bununla heç vaxt barışmayacaqlar, yəni
bu közərən odlar gec, ya tez alovlana bilər.
O vaxt mən
Bakıdakı həmkarlarımdan soruşurdum ki,
Dağlıq Qarabağ nə üçün muxtar vilayət
kimi mövcuddur. Mənə cavab verirdilər ki, sovet hakimiyyətinin
ilk illərində azərbaycanlılarla ermənilər
arasında millətlərarası ayrı-seçkilik hədsiz
güclənmişdi, 1923-cü ildə biz Dağlıq
Qarabağ Muxtar Vilayətini yaratmaqla bu ayrı-seçkiliyi ləğv
etməyə çalışırdıq.
Yeri gəlmişkən,
Stepanakertdə məsul vəzifələrdə işləyənlər
əsasən ermənilər idi, cəmi iki azərbaycanlı
vardı. O vaxt mən Stepanakertə xidməti ezamiyyətə
getmişdim, Araz çayını keçəndə mənə
dedilər ki, azərbaycanlılar deyilən millət yoxdur,
türk-azərilər var və onlar türklərin bir qoludur.
O vaxt bu haqda anlayışım yox idi. Elə həmin vaxt
öyrəndim ki, bu çayın o biri sahilində İran təbəəsi
olan 20 milyon azərbaycanlı yaşayır, Sovet Azərbaycanında
isə cəmi 7 milyon.
– O vaxt Bakıda Sizə
necə münasibət bəsləyirdilər?
– Mən həmişə
beynəlmiləlçi olmuşam və Azərbaycanda millətçilik
təzahürlərini əsla görməmişəm. Bu mənim
Azərbaycana birinci səfərim idi. İkinci dəfə
oraya respublika üçün çox kədərli vaxtda
getdim. SSRİ Baş Prokurorluğundan mənə bildirdilər
ki, Sumqayıtda iğtişaşlar var və hadisələri
təhqiq etmək üçün təcili oraya getmək
lazımdır. Sumqayıt hadisələri başlanandan iki
gün sonra mən oraya gəldim və təhqiqata qoşuldum.
Bu, 1988-ci ilin mart ayı idi.
– Siz Sumqayıta gələndə,
ilk növbədə, diqqətinizi cəlb edən nə oldu?
– Mən oraya gələndə
yalnız söndürülmüş yanğınları və
kütləvi iğtişaşların izlərini
gördüm. Bütün əhvalat şəhər partiya
komitəsinin qarşısında dinc mitinqlərdən
başlamışdı. Bu mitinqləri özündən
çox müştəbeh olan yerli partiya rəhbərləri
idarə etmək istəyirdilər. Lakin onlar vəziyyətə
nəzarət edə bilmədilər, kütlə hiss edilmədən
DTK-dan olan təhrikçilərin nəzarətinə
keçdi, onlar isə kütləni talançılığa
sövq etdilər. Desantçılar şəhərin
bütün giriş-çıxış yollarını
bağlamışdılar, adamları Sumqayıta yalnız
xüsusi buraxılış vərəqələri ilə
buraxırdılar. Şəhərdə komendant saatı
qüvvədə idi.
Mən Ermənistandan
olan azərbaycanlı qa çqınlar haqqında ilk dəfə
Sumqayıtda eşitdim. Sumqayıt hadisələrindən bir qədər
əvvəl minlərlə azərbaycanlını Ermənistan
ərazisindən qovmuşdular. Əsasən əkinçiliklə
məşğul olan bu insanlar qış vaxtı,
şaxtalı havada uşaqları ilə birlikdə pay-piyada
Azərbaycana gəlmişdilər. Bu adamlardan neçəsinin
həlak olması barədə sualıma cavab ala bilmədim.
Bakıda onlara yer tapılmamışdı, buna görə
Sumqayıtda bu qədər çox qaçqın vardı. Təbii
ki, yerli sakinlərdən fərqli olaraq bu insanlar qəzəblənmişdi
və vəziyyəti gərginləşdirirdilər.
Bütün bunların nə ilə qurtaracağını hələ
talanlar başlayana qədər güman etmək olardı.
Varlı ermənilər bank hesablarındakı pulları
çıxarmağa və Sumqayıtı tərk etməyə
macal tapdılar. İğtişaşlardan ən çox zərər
çəkən 4-cü mikrorayon idi. Orada mən müstəntiqlərlə
birlikdə hadisə yerlərini müayinə etməyə, təqsirkarları
aşkar etməyə başladım.
– Siz təhqiqata
qoşuldunuz. Nə aydınlaşdıra bildiniz?
– Sumqayıtda bir aydan çox oldum. Demək istəyirəm
ki, elə azərbaycanlıların özlərinə
qarşı istintaq hərəkətləri zamanı istintaq və
əməliyyat əməkdaşlarının heç biri
heç nəyi gizlətmir və istintaq hərəkətlərini
sabotaj etmirdi. Saxlanılan şəxslərə
yazıqları gələrək onları buraxmaq halları
olurdu, lakin bütövlükdə, yerli əməliyyat
işçiləri və müstəntiqlər təhqiqata
vicdanla yanaşırdılar. Təhqiqatın gedişində
mən axtarış aparmağa da getməli olurdum. Orada əsla
gözləmədiyim hallar görürdüm. Şəhərin
ucqar yerlərində insanlar divarları və qapıları tənəkəlrədən
olan qazmalarda yaşayırdılar. Bu, dəhşətli mənzərə
idi. Qaçqınlar nə üçün mənzillərdən
döşəkağı, balışüzü və
köhnə uşaq oyuncaqları götürmələrinin səbəbini
o vaxt başa düşdüm. Qaçqınların varlı
ermənilərə nifrətlərini bildirmələrinin bir
səbəbi də bu idi.
Kütləvi iğtişaşların təhqiqatı
üzrə qərargah şəhər prokurorluğunda yerləşirdi.
Orada Sumqayıtın prokuroru, 1979-cu ildən
dostlaşdığım İsmət Qayıbovla sıx əməkdaşlıq
edirdik. Bir müddət sonra o, Respublika Prokurorluğunun rəhbəri
oldu. 1991-ci ildə İsmət Qayıbov Dağlıq
Qarabağ əhalisi ilə görüşmək və
münaqişəni tənzimləmək üçün bir
qrup yüksəkvəzifəli şəxslə bərabər
Stepanakertə uçdu. Geri qayıdarkən onların
vertolyotu ermənilərin zenit silahlarından açılan atəşlə
vuruldu, hamı həlak oldu. Həmin təyyarədə mənim
yaxşı tanıdığım, o vaxt Azərbaycanın
dövlət katibi vəzifəsini tutan akademik Tofiq
İsmayılov da həlak oldu.
– Bu gün minlərlə insanın həlak olması və
təsvirəgəlməz vəhşiliklər barədə
danışırlar, axı, “uşaqların və dinc sakinlərin
qılıncdan keçirilməsi” barədə yazılanlara
ermənilərin də çoxu inanırdı. Bu informasiya
haradan yaranmışdı? O, nə dərəcədə
düzgündür?
– Mənə məlumdur ki, Sumqayıtda talanlar zamanı
26 nəfər həlak olub. Onlardan 21-i milliyyətcə erməni,
5-i azərbaycanlıdır. Bütün cəsədlər
tapıldı və onların şəxsiyyəti müəyyən
edildi. Yalnız bir öldürülmüş qadının cəsədi
tapılmadı. O vaxt iğtişaş qurbanlarının
sayının qat-qat artıq olması barədə söhbətlər
haradan yaranmışdı? Mən talançılardan birini -
şəhərin müxtəlif hissələrində
iğtişaşlarda fərqlənmiş İsmayılov
soyadlı şəxsi həbs edəndə o öz ifadəsində
göstərmişdi ki, beşinci mərtəbənin pəncərələrindən
uşaqları küçəyə atırdılar. Biz dərhal
onun ifadəsini yerində yoxlamağa getdik. O, həmin cinayətlərin
törədildiyi evi və pəncərələri göstərdi.
Məlum oldu ki, bu evdə nəinki uşaqlar, ümumiyyətlə
heç kəs həlak olmayıb. Pəncərələrdən
atılan balışlar, mebel və digər ev əşyaları
imiş. İsmayılova isə elə gəlib ki, bunlar
uşaqlardır. Bax beləcə çoxsaylı qurbanlar
haqqında şayiələr yayılırdı.
Bir neçə aydan sonra mən və SSRİ hökumətinin
gələcək rəhbəri Pavlov Sütunlu Salonda “Trud” qəzetinin
təşkil etdiyi gecədə çıxış edirdik.
Zalın orta sıralarında 40-50 nəfər erməni
yığcam halda əyləşmişdi. Onlar
qışqırmağa başladılar ki, biz həlak
olanların sayını qəsdən gizlədirik. Bundan bir qədər
əvvəl mənə Yerevanda nəşr edilmiş bir albom
vermişdilər. Orada Sumqayıt hadisələrinin
qurbanlarının sağlığında və
ölümündən sonrakı fotoşəkilləri
toplanmışdı. Şəkillərə aid mətndə
bu insanların sağlığında nəçi olması
və necə həlak olması göstərilirdi. Onda mən
öz opponentlərimə müraciətlə Sumqayıt hadisələri
zamanı itkin düşmüş və ya
öldürülmüş həmvətənlərinin
adlarını və soyadlarını demələrini təklif
etdim. Mən söz vermişdim ki, bu dəlillər diqqətlə
yoxlanacaq və əgər onların dedikləri doğrudursa,
istintaq hökmən etiraf edəcəkdir ki, həlak
olanların sayı xeyli çox olub. Mən, bu və ya digər
tərəfin xoşuna gəlib-gəlməməsindən
asılı olmayaraq, həmişəki kimi, dinləyicilərə
həqiqəti çatdırmağa
çalışırdım. Reaksiya çox heyrətləndirici
oldu. Bu adamlar hamısı ayağa qalxaraq nümayişkaranə
şəkildə zalı tərk etdilər.
Belə çıxırdı ki, nifrət dərəcəsi
bütün hədləri aşmağa başlayırdı və
təəssüf ki, obyektiv mənzərə talanlar zamanı
zərər çəkənlərin qohumlarını,
tanışlarını və həmvətənlərini
maraqlandırmırdı. Dərindən təəssüflənirəm
ki, bu gün də emosiyalar bu yolla qızışdırılır.
– Bədnam Eduard Qriqoryanın rolu barədə Sizin
fikrinizi eşitmək istərdim.
– Sumqayıtda bir aydan bir qədər çox oldum.
Yadımdadır, Mejlumyan bacılarının zorlanması barədə işlə məşğul olurdum.
İstintaqın orbitinə Qriqoryan soyadlı bir gənc
düşmüşdü. Onun həbs edilməsi barədə
qətnaməni mən çıxarmışam. Cinayətkarın
hansı millətdən olmasının istintaq
üçün heç bir fərqi yox idi. Əgər təqsirin
sübut edilibsə, əməlinə görə cavab verməlisən.
Təbii ki, Mejlumyan bacıları onları
zorlayanların hamısını tanıya bilmədilər.
Lakin bu adamlardan biri impotent idi, bu barədə zərərçəkənlərdən
biri əvvəlcədən danışmışdı. Beləliklə,
həmin şəxsin tanınmasında heç bir
şübhə yox idi. Mən bunu nə üçün
xatırlayıram? Üzləşmədən sonra onu
qonşu kabinetə apardılar, oradan onun
qışqırtısını eşitdim. Məlum oldu ki,
yerli, azərbaycanlı əməliyyat işçiləri
onun başqa cinayətlər törətməsini boynuna
qoymağa çalışırdılar (hərçənd,
o özü də azərbaycanlı idi). Təəssüf ki,
mən bu barədə danışanda erməni dostlarım mənə
şübhəli nəzərlərlə baxırlar, sonra da
irad tuturlar ki, düz danışmıram.
Sumqayıt hadisələri gərəksiz emosiyaları
həddən artıq qızışdırmadan onlara
sağlam düşüncə ilə obyektiv qiymət verilməsini
tələb edir. Bu da təəccüblüdür ki, öz
gözümlə gördüyüm və hiss etdiyim hadisələr
haqqında yazanda və danışanda cavabında məzəmmətlər
eşitməli oluram - guya azərbaycanlı dostlarım məni
pul gücünə ələ alıblar. Halbuki düz bir ildən
sonra elə vəziyyət yarandı ki, mən Bakıda bir
iş üzrə və Spitak zəlzələsinin nəticələri
barədə təhqiqat aparmalı oldum. Daim Yerevandan Bakıya
və əks istiqamətdə getməli olurdum. Belə
çıxır ki, eyni qayda ilə Azərbaycan tərəfi
də məni qınaya bilərdi ki, guya ermənilər məni
pul gücünə ələ alıblar.
Bu vəziyyət Moskvada həm azərbaycanlı, həm
də erməni dostlarımı qonaq dəvət edəndə
və ya özümlə gətirəndə daha əyani
şəkildə görünürdü: istər azərbaycanlılar,
istərsə də ermənilər tərəfindən tez-tez
məzəmmətlər eşidirdim ki, mən onların
qarşılıqlı nifrətinin səbəblərini
anlaya bilmirəm.
1986-cı ildən, yəni, Alma-Ata, Sumqayıt, Fərqanə,
Oş və digər yerlərdə baş verən hadisələrdən
sonra mən həmişə demişəm: “Biz tərəflərin
heç birinə güzəşt etmədən, insanlara həqiqəti
və yalnız həqiqəti deməyə borclu idik”. Bunun
cavabında eşidirdim ki, biz millətlərarası
ayrı-seçkiliyin
qızışdırılmasına şərait
yaradırıq, hərçənd bu ayrı-seçkiliyi
yaradan məhz yalan idi.
– Mən elə adamlar tanıyıram ki, onlar öz erməni
dostlarının talanlardan qurtulmasına kömək edirdilər.
Siz belə hallarla üzləşmisinizmi? Sizin həmin
insanlara münasibətiniz necə idi?
– Sumqayıtda bir hadisə çox yaxşı
yadımda qalıb. Bir evin üçüncü mərtəbəsində
Trdatovlar ailəsi yaşayırdı. Onlar düz bir gün
özlərini müdafiə etmişdilər. Hücumdan əvvəl
kişilər öz arvadlarını və
uşaqlarını həmin binanın birinci mərtəbəsində
yaşayan Səməngül adlı azərbaycanlı
qadının mənzilində gizlətmişdilər. Talanlar
zamanı xuliqanlar bir neçə dəfə həmin
qadının mənzilində olmuş və ona divan
tutacaqları ilə hədələyərək
soruşmuşdular ki, burada erməniləri gizlətməyiblər
ki, lakin qadın və onun qohumları hətta ölüm hədəsi
qarşısında da öz erməni qonşularını ələ
vermədilər. İki və ya üç kişi
öldürülmüş, İşxan adlı bir kişi isə
sağ qalmışdı. Yadımdadır, hadisələrin
üçüncü günü onlar
avadanlıqlarını yığaraq Sumqayıtdan
köçəndə erməni qadınlar ağlaya-ağlaya
deyirdilər: “Səməngül, sən müqəddəs
adamsan”. Blokun qapısında isə təxminən 50
yaşlı bir qadın ağlaya-ağlaya deyirdi: “Gedin, Allah
amanında, ömrünüz uzun olsun”.
Bunlara “erməni soyqırımı və Sumqayıt
qırğını” demək olarmı?! Düzdür, qəddarlıq,
zorlama halları olub, bunu heç kəs inkar etmir, lakin
iğtişaşlar olan hər yerdə belə hallar baş
verir. Bütün bunları görəndə “bəsirətsiz”
Mixail Qorbaçovun sovet xalqlarının dost, beynəlmiləl
ailəsində necə böyük bir yanğın törətdiyini
başa düşürdüm.
1979-cu ildə mən respublikanın sabiq prokuroru Qamboy Məmmədovun
işini təhqiq etmək üçün Bakıya gəlmişdim.
Mənə Sabunçu vağzalında bir kabinet
ayırdılar. Mühüm işlər üzrə müstəntiqlər
bölməsi orada yerləşirdi. Müstəntiqlərdən
biri Armen İsaqulov idi. Biz hamımız birgə nahar edir,
axşamlar birlikdə qonaqlıqlarda iştirak edirdik. Mən
bu adamların xoş niyyətli, dostcasına zarafatlarında
onların bir-birinə yalnız xoş münasibətini
görürdüm. 80-ci illərin axırlarında Armen
İsaqulov Dağlıq Qarabağın prokuroru, sonra isə
Dağlıq Qarabağın daxili İşlər naziri təyin
edildi. 1990-cı ildə onunla Yerevanda “Erebuni” mehmanxanasında
rastlaşdıq. Hər ikimiz orada yaşayırdıq. Armen azərbaycanlılara
nifrət hissi ilə alovlanırdı. Mən bunu başa
düşə bilmirdim, axı bundan əvvəl tamam başqa
münasibət görmüşdüm. Onun mənə
bağışladığı qəşəng
alışqanı hələ də saxlayıram.
Alışqanın üstündə nəqqaş xətti ilə
bu sözlər yazılıb: “Vladimir İvanoviçə
1979-cu ildə Bakıda olması haqda Armen İsaqulovdan xatirə”.
Bu sözləri bizim azərbaycanlı həmkarlarımız
həkk etdirmişdi.
– Necə hesab edirsiniz, iki xalqı bir-biri ilə
savaşdırmaq kimin xeyrinə idi, nə üçün belə
oldu?
– Mən hesab edirəm ki, bizim bütün bəlalarımız
Qorbaçovdan başlanıb, talanların arxasında isə
DTK dayanırdı. 1986-cı ildə SSRİ Baş Prokuroru məni
çağırıb Qazaxıstana göndərdi. Orada milli
zəmində ilk kütləvi iğtişaşlar baş
vermişdi, amma bu iki problemi - Qazaxıstan və Azərbaycan
problemlərini qızışdıran Qorbaçov olub. Elə
həmin dövrdə qəzetlərdə oxuyurdum ki,
Dağlıq Qarabağ problemi qaldırılır, yəni, mən
hələ o vaxt başa düşürdüm ki,
Dağlıq Qarabağın müstəqilliyi barədə
danışmağın, ümumiyyətlə mənası
yoxdur. SSRİ Konstitusiyası var, bir də ki, orada
insanların - ermənilərin, azərbaycanlıların,
rusların və yəhudilərin necə
yaşadıqlarını mən özüm
görmüşdüm. Erməniləri dəstəkləyən
Qalina Starovoytovanın bu əhvalatlara nə üçün
qoşulmasını heç vaxt başa düşə bilməmişəm.
Dini və milli məsələ istənilən dövləti
dağıda bilər. Baş katib Qorbaçov bu problemi səsləndirməyə
başlaması və erməni tərəfin dəlillərinin
diqqətəlayiq olmasını deməsi məni hədsiz təəccübləndirirdi.
O, çoxmillətli dövlətin rəhbəri kimi bunu
anlamağa borclu idi ki, hər hansı ərazi məsələsi,
xüsusən milli zəmində ərazi məsələsi
gec-tez münaqişəyə gətirib çıxaracaq və
bu münaqişə tezliklə genişlənərək hərbi
əməliyyatlar dərəcəsinə çatacaq. Hər
şey belə də oldu.
– Hazırda iki versiya var. Birinci versiyaya görə,
Qorbaçov nə etdiyini başa düşmür və
bütün bunların nə ilə qurtara biləcəyini təsəvvür
etmirdi. İkinci versiyaya görə, o, bütün bunları
bilərəkdən edir, bizimlə qarşıdurma və
SSRİ ilə soyuq müharibə vəziyyətində
olanların planını həyata keçirirdi.
– Burada təhlil aparmaq lazımdır. Mixail Qorbaçov
qolçomaq ailəsindəndir, bu fakt çox şeydən xəbər
verir. O, 9-cu sinifdə oxuyanda partiyaya qəbul olunmaq
üçün ərizə verir, onu qəbul etmirlər və
qəflətən qeyri-adi bir hadisə baş verir: ona torpaq
sahəsi və müasir kombayn ayrılır. O, rekord həcmdə
məhsul yetişdirir və dərhal Qırmız Əmək
Bayrağı ordeni almağa təqdim edilir. Sual olunur: bu proses
hansı qüdrətli əl ilə idarə olunur?
– Hansı?
– Siz bilmirsiniz?
– Mən güman edirəm, ancaq Sizin fikrinizi eşitmək
istəyirəm...
– Bütün sovet dövründə istənilən
xidməti və karyera dəyişiklikləri yalnız partiya
orqanları xətti ilə həyata keçirilirdi. Partiya demək
olar ki, bütün qərarlarında öz qabaqcıl dəstəsinə
- dövlət təhlükəsizlik orqanlarına
arxalanırdı. Buna görə mən belə hesab edirəm
ki, DTK və Sov.İKP vəhdətdə idi. Bu xüsusi xidmət
orqanının tövsiyəsi və rəyi olmadan heç
bir ciddi və həlledici qərar qəbul olunmurdu.
Partiya rəhbərləri DTK-nın xəbəri olmadan
Qorbaçovu komsomol və partiya xətti ilə irəli
çəkə bilməzdilər. DTK isə, öz növbəsində,
yol verə bilməzdi ki, onun xəbəri olmadan kimsə
komsomol və ya partiya xətti ilə özünə karyera
yaratsın. Qorbaçov möcüzəli şəkildə
Qırmızı Əmək Bayrağı ordeni alır və
bu, uzaq Privolnoye kəndindən olan gənc üçün
Moskva Dövlət Universitetinin hüquq fakültəsinə
yol açır.
Yeri gəlmişkən, hüquq fakültəsinə
daxil olmaq üçün partiya orqanlarının göndərişi
lazım idi. Qorbaçov MDU-da fəal
komsomol işini davam etdirir və SSRİ Prokurorluğunun mərkəzi
aparatına təyinat almağa ümid bəsləyir. Amma
işin tərsliyindən, təyinat ərəfəsində qərar
çıxır ki, bunun üçün periferiyada iş
stajı olmalıdır. Beləliklə, Qorbaçov Stavropol
diyar prokurorluğuna təyinat alır. Sehrli çubuq öz
işini davam etdirir, diyar partiya komitəsinin şöbə
müdirinin müavini Qorbaçovu qəbul edir və
Qorbaçov ondan komsomol işində istifadə
olunmasını xahiş edir. Diyar prokuroru dərhal onu
buraxmağa razılaşır, elə həmin andan
Qorbaçovun komsomol və partiya karyerası başlanır.
60-cı illərin axırlarında Qorbaçovu Stavropol
diyarı DTK idarəsinin rəisi təyin etməyə
çalışırlar, lakin o vaxt SSRİ DTK-nın sədri
olan Vladimir Semiçastnı buna kəskin etiraz edir.
Qorbaçovun partiya xətti ilə sonrakı inkişafı
yaxşı məlumdur. Qorbaçovun karyera irəliləyişi
barədə bu məlumatlar “Stavropolskaya pravda” qəzetinin
keçmiş redaktoru Boris Kuçmayevin kitabından
götürülüb.
– Yəni, Siz belə hesab edirsiniz ki, o vaxt Qorbaçov
DTK-nın adamı olub?
– Bəs SSRİ DTK-nın sədri, müdrik və
uzaqgörən Andropovun Qorbaçovu qeyri-adi dərəcədə
dəstəkləməsini siz nə ilə izah edərdiniz?
Axı Qorbaçov yalnız bu adamın köməyi və dəstəyi
sayəsində Sov.İKP MK-ya düşmüş və zirvəyə
çatmışdı.
– Qorbaçov
ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən
ələ alına bilərdimi?
– Bu gün onun tərəfdarları ictimai fikri inandırmağa
çalışır ki, Mixail
Sergeyeviç uzaqgörən olmayıb. Qorbaçov barədə yazılanların hamısını təhlil etməyə
çalışın, onda
asanlıqla başa düşərsiniz ki, onun əməllərinə
heç bir səhv ilə haqq qazandırmaq olmaz. Uzun illər
idi ki, soyuq müharibə gedirdi və biz bu müharibədə
məğlub olduq. Bu, Qorbaçovun gördüyü
bütün işləri qiymətləndirəndə
aydın olur. Zənnimcə, SSRİ-nin
birinci və sonuncu
Prezidentindən əməlli-başlı istifadə etdilər,
sonra isə lazım olmadığına görə ondan yaxa
qurtardılar.
Onun amerikalılar və ya ingilislər tərəfindən
ələ alınması, yaxud adi nüfuz agenti olması mənim
üçün qətiyyən əhəmiyyətli deyil. Belə olan halda Vətənə xəyanətin səbəblərinin mahiyyəti
heç bir əhəmiyyət daşımır. KİV-lərdəki yazılara
inansaq, 1990-cı ildən 2010-cu ilə qədər Qorbaçov Stavropol diyarında işlədiyi
dövrdə SSRİ-nin hüdudlarından kənara, əsasən,
kapitalist ölkələrinə 10 dəfədən çox
səfər edib. Kanadaya və
Siciliyaya getdiyi dövrdə o, uzun müddət DTK-nın
rezidenturasının nəzarətindən yayınıb. Bunun nə ilə bağlı
olmasını yalnız təxmin etmək olar.
Özünüz nəticə çıxarın. Lakin ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsinin istefaya
çıxan keçmiş zabitləri təsadüfən mətbuatda
lovğalanmırlar ki, soyuq müharibəyə dair
materiallardan məxfilik qrifi götürüləndə, Birləşmiş
Ştatlar kəşfiyyatının misli görünməmiş
uğurları dünyanı təlatümə gətirəcək.
Son dərəcə şəffaf işarədir və “Vətən
qarşısında xidmətlərə görə” ordeni ilə
təltif edildikdən sonra Qorbaçovun 80 illik yubileyini Rusiyanın əsrlər boyu ən davamlı düşməni
olan İngiltərədə qeyd etməsini qətiyyən təsadüfün
ayağına yazmaq olmaz.
Qorbaçov Müdafiə
Nazirliyinin razılığı olmadan, heç kimlə məsləhətləşmədən peyklərin orbitə
çıxarılması və onlardan istifadə olunması
barədə protokol sazişini amerikalılar ilə
imzalayanda, mən sənədləri
əlimdə tutmuşdum. Həmin sazişə görə
biz milyardlar itirdik. Bu gün isə
məni inandırmaq istəyirlər ki, bu, sadəcə sadəlövhlük
olub.
– Hazırda dünyada geosiyasi vəziyyət elədir
ki, hər hansı fəlakətdə ya Amerika, ya da Rusiya
günahkardır. Sizcə, onda vəziyyət necə idi? Azərbaycanda
baş verənlərdə kim birbaşa maraqlı idi? Amerika,
yoxsa SSRİ DTK-sı?
– 1990-cı ildə SSRİ ərazisində 90-dan
yuxarı ərazi qurumu
mövcud idi. Böyük bir ölkənin bu və ya digər subyekti həmin
qurumlara iddialı idi. Milli
problemlər beynəlmiləlçilik siyasətinin yürüdülməsi
sayəsində aradan qaldırılırdı. Lakin insanlarda, xüsusən ərazi
ilə bağlı milli heysiyyətin tapdanması hisslərini
qızışdırmaq yetərli idi ki, “şüşədən
buraxılan cin”
qarşısıalınmaz nəticələrə gətirib
çıxarsın. Ermənistanın sərhədlərinə bitişik
olmayan Dağlıq Qarabağ belə ağrılı nöqtələrdən
biri idi. Əgər Qorbaçov
bunu başa düşmürdüsə, onun SSRİ Konstitusiyasına and
içməyə, “SSRİ-nin
dövlət suverenliyini, hərbi qüdrətini və ərazi
bütövlüyünü göz bəbəyi kimi
qorumağı öz öhdəsinə
götürməyə” sadəcə haqqı yox idi. Əvəzində
o, DTK-nın əli ilə milli yanğını
alovlandırır, bunu Azərbaycanda, sonra isə başqa regionlarda davam etdirirdi.
O, rəhbərlik etdiyi dövlətin ərazisində
guya vətəndaş müharibəsini dayandırması ilə
lovğalanırdı. Bəs Tbilisidə, Bakıda, Vilnüsdə
insanların həlak olması, Çeçenistanda iki hərbi kampaniya,
qırğızlarla özbəklərin bir-birini
qırması, mənim doğma Ukraynamda qırğın, məgər,
keçmiş SSRİ-nin ərazisində vətəndaş
müharibəsi deyilmi? Başa düşmürəm, görəsən,
o, törətdiklərinə görə azacıq da olsa təəssüf
hissi keçirirmi?
– Starovoytovaya qayıtmaq istəyirəm, Siz onun
adını çəkdiniz...
– Dağlıq Qarabağ haqqında məsələni
qaldıran zaman birbaşa Zori Balayanı, akademik Ambarsumyanı
və erməni
ziyalılarının digər nümayəndələrini dəstəkləyən
bu qadının soyadını
ilk dəfə KİV-lərdən
öyrəndim. Sonrakı illərdə onu müşahidə
etdim və əsla hörmət
edə bilmədim. Yadımdadır, onun Rusiyanın müdafiə
naziri vəzifəsinə iddialı
olduğunu eşidəndə
məni soyuq tər basdı. Starovoytova o qəbil demokratlardan
idi ki, sadəcə Sov.İKP-yə
nifrət etməklə kifayətlənmir, dünyanın
ikinci fövqəldövlətini dağıtmağa və məhv
etməyə çalışırdı. İndi həmin
insanlar nə danışırlarsa danışsınlar,
onların tərəfdarları bu insanların
böyüklüyü barədə nə qədər film
çəkirlərsə çəksinlər, biz
hamımız onların islahatlarının və fəaliyyətlərinin
Rusiya və keçmiş postsovet məkanı
üçün hansı nəticələrə gətirib
çıxardığını aydın görürük.
Qorxuram ki, bizi bundan da acınacaqlı vəziyyət gözləyir və bütün
bunlar Qalina Starovoytovanın və onun tərəfdarlarının
əməlləridir.
– Bildiyimə görə, Bakıda olanda Heydər Əliyev ilə
görüşmüsünüz. Bu barədə
danışarsınızmı?
– 1979-cu ildə vəziyyət elə gətirdi ki,
düzgün informasiyanın təhrif olunmasına yol verməmək
üçün təhqiqatın nəticələrini Azərbaycan
SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci
katibinə şəxsən məruzə etmək lazım gəldi.
Azərbaycan SSR-in daxili işlər naziri Cəfər Vəliyev
və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin
müdiri Qluşşenko ilə
görüşlərdən və söhbətlərdən
sonra onlar dedilər ki, Heydər
Əliyev ilə
görüşəcəyəm. Dəqiq tarixi artıq
xatırlamıram, lakin bu görüş bazar ertəsi
axşamdan keçmiş baş tutdu. Bir neçə gün əvvəl,
cümə axşamı Sov.İKP MK-nın Baş katibi Leonid
Brejnev Heydər Əliyevə birinci Sosialist Əməyi Qəhrəmanı
Ulduzunu təqdim etmişdi.
Görüşə respublika prokuroru Zamanovla birlikdə gəldim.
Saat təqribən 22-də bizi Heydər Əliyevin
yanına dəvət etdilər. Çox da böyük olmayan
kabinet sadəliyi ilə seçilirdi. Yadımdadır,
masanın üstündə və rəflərdə
aralarında əlfəcin olan çoxlu kitab vardı və bu,
anturaj deyildi. Şübhə yox idi ki, bu kitablar ilə daim
işləyirdilər. Heydər Əliyev ağappaq köynək, gözəl biçimli tünd göy rəngli kostyum
geyinmiş, zövqlə seçilmiş qalstuk
bağlamışdı. Onun sol döşündə Qəhrəman
Ulduzu, bir az aşağıda Lenin ordeni parlayırdı. Kabinetin
ortasında əl tutub görüşdük. Biz Azərbaycan
iqtisadiyyatının nailiyyətlərindən
danışdıq, mən Azərbaycanın qonaqpərvərliyi
barədə ürək sözlərimi dedim. Sonra təhqiqat
apardığım işin təfərrüatlarını
müzakirə etməyə başladıq. Heydər Əliyevin
verdiyi bütün suallar işin məğzinə aid idi.
Xudahafizləşib ayrılanda Heydər Əliyev mənə Bakı şəhər partiya konfransının və Azərbaycan SSR Kommunist
Partiyası Mərkəzi Komitəsinin
Plenumunun materialları olan iki kitabça hədiyyə etdi. Hər iki kitabça Heydər Əliyevin
çıxışı ilə açılırdı. Deməliyəm ki, bu qeyri-adi insan ilə görüş məndə çox güclü təəssürat
oyatdı. O çox
ağıllı, iradəli və son dərəcə cazibədar
bir insan idi.
Mən bilirdim ki, o, ailəsinə və oğlu - Azərbaycanın
indiki Prezidenti İlham Əliyevə
çox bağlıdır. Daha
onunla heç vaxt
görüşmədim, lakin
SSRİ dağılandan sonra onun Moskva vilayətindəki bağ evində oldum. Bağ evini
biznesmen neftçilərdən biri icarəyə
götürmüşdü. O
vaxt bağ evində heç bir
təmtərağın olmaması məni heyrətləndirdi.
Evin bütün avadanlığı onun sadəliyini və
adiliyini qabardır və faktiki olaraq
Stalin dövrünün keçmiş yüksək vəzifəli
məmurunun kabinetinə oxşayırdı. Müharibədən əvvəlki
və sonrakı illərin partiya işçiləri barədə
nə danışırlarsa danışsınlar, onların çoxu öz sadəliyi ilə
seçilirdi.
Ötən əsrin 80-ci illərində Özbəkistanda
və Qazaxıstanda irimiqyaslı işləri təhqiq
etdim. Qeyd edim ki, Heydər Əliyev kimi həmin
respublikaların rəhbərləri
- Rəşidov və Kunayev də on illər keçəndən
sonra öz xalqları tərəfindən böyük
hörmətlə anılırlar.
– Bu, sizin Azərbaycana son səfəriniz idi?
– Yox. 1989-cu ildə 2
nömrəli kombinatın
direktoru Nadir Quliyevin işini təhqiq etdim. Mən onun günahsız
olduğunu sübut edib həbsdən
buraxılmasına nail oldum. Elə
həmin vaxtlarda DİN-in binasından Mərkəzi Komitənin
binasına qədər uzanan kütləvi nümayişlər
keçirilirdi. Vəziyyət göz görə-görə gərginləşirdi. Şəhərdə DTK-nın təhrikçiləri
işləyirdi. Çoxsaylı qurbanlara gətirib
çıxaran qoşunların Bakıya yeridilməsindən
bir qədər əvvəl şəhəri tərk etdim. Bu barədə danışmaqda məqsədim
budur ki, mən və mənim
SSRİ DİN və DTK-dan olan həmkarlarım, həmin
qurumların vicdanlı əməkdaşları 1986-cı ildən başlayaraq xidməti
məruzələr hazırlayır
və Sov.İKP MK-nın
Siyasi Bürosuna təqdim edirdik. Mixail Qorbaçov, onun
yaxın əhatəsi və SSRİ DTK-nın ali rəhbərliyi çox ağır nəticələrin
qarşısını almaq məqsədi daşıyan
bütün təkliflərimizə reaksiya vermirdilər.
Özünüz nəticə çıxarın.
Söhbəti
məxsusi olaraq AzərTAc üçün
Səadət
QƏDİROVA apardı
Xalq qəzeti.-
2014.- 2 oktyabr.- S.6.